“Ulduz”lu dəqiqələr”də sizinlə Nadir Qüdrətoğludur Featured

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz”lu dəqiqələr” rubrikasında sizlərə Nadir Qüdrətoğlunun şeirlərini təqdim edir.

 

 

NADİR QÜDRƏTOĞLU

 

ŞUŞA

 

Gəldim görüşünə müqəddəs torpaq,

Mən Sənin hüsnünə vuruldum, Şuşa.

Gör neçə illərdir qalmışdıq uzaq,

Öpüb, torpağına sarıldım Şuşa.

 

Gözlərimdə qəhər, könlümdə sevinc,

Həsrətin gözünü dəlmişdim, Şuşa.

Sənin torpağında, sənin yurdunda,

Dünyaya yenidən gəlmişdim Şuşa.

 

Dağlar lay-lay deyir, göz oxşayırdı,

Ruhum bədənimdən uçurdu, Şuşa.

İlhamım çağlayır, aşıb-daşırdı,

Xoşbəxtlik arxamca qaçırdı Şuşa.

 

Allah hər nemətdən pay verib sənə

Ən gözəl tərifə layiqsən, Şuşa.

Lalələr yaraşır məğrur sinənə,

Sən zəfər çalmısan, qalibsən, Şuşa.

 

Nadirin pas atmış susqun könlünə,

Sən işıq salmısan əvvəldən, Şuşa.

Darıxma gələcəm nə vaxtsa yenə,

O gözəl qoynuna sənin mən, Şuşa.

 

 

YAD OLMUŞUQ


Biz eyni atadan, eyni anadan,

Hərəmiz doğulub bir ad olmuşuq.

Dərdimiz bir olub, sevincimiz bir,

Bəs niyə indi biz de yad olmuşuq?

 

Hanı o doğmalıq, o ötən illər,

Bir yerdə Allaha açılan əllər,

Heç vaxt qırılmasın daha könüllər,

Axı nə olub ki, de yad olmuşuq?

 

Biz ev yıxmamışıq, göz oymamışıq,

Artıq söz danışıb, söz duymamışıq,

Niyə sabahlara yer qoymamışıq,

Qəmdən asılmışıq, de yad olmuşuq?

 

Görən bu qədərmi çətindir indi?

Ömrümüz zülmətə hakimdir indi!

İlk addımı atan gör kimdir indi,

Niyə bu addımçün, de, yad olmuşuq?

 

Mənəm tək düşünən bu dərdi inan,

Çağırsam səsimi duyar Yaradan?

Mən Səndən istərəm bitsin bu yalan,

Bilmirəm nə üçün biz yad olmuşuq?

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.