“Biri ikisində” - Sara Selcanın özüylə söhbəti və şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Sara Selcanın özüylə söhbəti və şeirləri təqdim edilir.

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

 

 

SARA SELCAN

 

ÖZÜYLƏ SÖHBƏTİ...

 

Sözdü, Çöldü bir də Mən...

Çöl min illərin çölüdür, yovşan qoxulu. Baxdıqca üfüqündə itirsən.

Söz də min illərin sözüdür.

Uzaqlardan gəlir,

bir topa yovşana açılan sinə” sözün olur.

Mən kiməm?

Susqunluğunda danışan, hamı kimi özünə gün ağlamayıb

Sözünə gün salan biri.

Sözlə özünü Öz sayan, quş çırpıntısına, külək səsinə qoşulub Özü olan.

Hardan ürcah oldum Sözə?

Nə vaxt?

Necə?

Kimsə, hansısa şair deyəndə ki “...ədəbiyyata təsadüfən gəlmişəm,..” təəccüb və təəssüf edirəm. Axı bu, ədəbiyyatdır. Ədəbiyyata təsadüfən necə gəlmək olar?

– Mən necə gəldim?

Özümü dərk eləyəndən tanıdım sözü. Hamının görmədiyini görmək, nigaranlıq, ruhsallıq, hansısa bir hadisədən təsirlənib günlərlə özünə qapananda bunun adının şeir olduğunu bilmirdim. Otağıma çəkilib ürəyimdən keçənləri vərəqə köçürəndə, yazdıqlarımı oxumağa bircə nəfər də tapmayıb hamıdan gizlədəndə bildim ki, çətin və “incə” yolda nisgilli qəlblərin tənhası məndədir.

Ədəbiyyat özü süd verib sinəsindən, özü böyüdüb məni. Böyüdüb deyirəm, amma indi bir sinif uşağın arasında baxıram ki, böyüməmişəm. Gözündən biclik, dilindən hiylə tökülən adamları görəndə bilirəm ki, böyüməmişəm. Heç böyüməmişəm. Ədəbiyyat məni yox, məndə Sözü böyüdüb.

Necə böyüdüb?

Evimizin dalından keçən qatar yolu, o qatarın içindəki yarıyuxulu adamların apardığı susqunluqla başladı ədəbiyyatım, böyüməyim. Yovşan qoxulu çöllərimdə üzü küləyə qaçmağım, isti aranımda bir parça sərinlik nisgiliylə böyüməyidi ədəbiyyatım.

Nənəmin üstü cadar-cadar, torpağa bənzəyən əlləri ilk ədəbiyyat kitabım olub. Nənəm o əllərlə bizə tək yemək, su vermədi ki... Ədəb yedirtdi, söz əkdi fikir tarlamıza. İlk bədiyyatım. Sonra... sonra gördüm ki, Söz doğmaların doğmasıdır mənə. Günəş də söz gətirirdi, külək də.Yağışdan sonra qoxuyan torpaq ətri də, uzaqdan görünən boz Haramı dağları da... Hər şey, hər yer şeir idi. Şeir, ağappaq şeir.

Söz hər şeyim oldu. Adamların üzünü, çöllərin mürgüsünü  şeir dilində oxuyub misra biçimində tanıyırdım. Bu sizə heç də asan gəlməsin. Söz adamı olmaq çətin yolçuluqdur, ürəyində dünyanın əzabını daşımaq, hamının yerinə dərd çəkməkdir. Sözün izinə düşüb bir də gördüm ki, evimizdəki bütün kitabları oxuyub qurtarmışam. Keçdim kənddəki yarıuçuq, alaqaranlıq kitabxanamıza. Onu  da qurtarıb keçdim rayon kitabxanasına. Sonra öz kitabxanam oldu. Artıq əlimə nə gəldi oxumurdum, seçirdim.

Kənddəki boz, yeknəsəq günlərimi hər həftənin cümə axşamı saat 10-30-da Azərbaycan radiosunda səslənən “Duyğu yarpaqları” gözəlləşdirirdi. Bir həftə boyunca həftədə bir dəfə, səhv etmirəmsə, cümə günləri, yenə radioda efirə gedən 5-10 dəqiqəlik “Poeziya dəqiqələri”nin intizarı ilə yaşayırdım. Zövqümcə olmayan şair olanda vay halıma. Hə, bir də işıqlar sönəndə. İşıqlar sönəndə hamı elektriksiz qalmağın dərdini çəkirdi, mənim dünyam qaralırdı, radionu dinləyə bilməyəcəyəm deyə. Və o qaranlıqda lampa işığına oxuduğum kitabların sehrindən günlərcə çıxmırdım.

“Qərib axşamlar”ın qədim musiqisi Günel Natiqin, Eldost Bayramın səsiylə ən gözəl cazibəm idi. Rafael Hüseynovun “Axşam görüşləri” kənd gecələrimin ulduzlu göyüydü. Qulu Ağsəsin radiodan gələn səsi dua kimiydi Söz dünyamda. Sizə çox qədimdən danışıram, eləmi?

          İşıqlar sönəndə dedim.

Axı mən həm də işıqsız-qazsız keçid dövrünün uşağı olmuşam. İşığı bir sutkada bir neçə saat görərdik. Lampa işığında oxuduğum kitabların ruhani həzzi, uşaq təxəyyülümdə canlanan obrazların diri nəfəsi bu gün də canımdadır.

İşıqsız-qazsız keçid dövrü dedim. Bu keçid həm də qorxulu çətinliklər və acı məğlubiyyətlər dövrü idi. Həssas və duyğulu, Sözlə böyüyən birinin Vətən acılarını bu yaşda dadması nə deməkdir, Allah bilir. O balaca canımda Vətənin yepyekə dərdini sözlə ovudurdum, dilə gətirə bilmədiyim sözlə. Yaşıdım xocalılı qızı qucağında vertolyota mindirən Çingizin hönkürtüsünə hıçqırırdım anamdan gizli.

Bu hıçqırıqlar sonradan misralara çevrilib dərc olunanda  Vətən dərdli nəğmələrimi oxuyan tanımadığım oxucu “Siz qaçqınsız?” sualını ünvanlamışdı mənə.

Zəfər qazanana qədər canımda Xocalı soyuğu vardı, yayın istisində də titrədirdi. Şəhid bolluğu vardı, işğal günlərini şagirdlərimə əzbərlətmək əzabı vardı.

 

Çox çətin idi, çox...

Nə yaxşı ki, bitdi.

 

İşğal günlərini öz adı kimi əzbər bilən şagirdlər yetişdirdik. Mən, tək mən yox, Azərbaycan müəllimi yetişdirdi düşməni 44 günə qovan bu şagirdləri –  “balaca kişiləri”. Və o balaca kişilər – şagirdlər Xocalının eybəcər şəklini tarixin divarından çıxarmağı bacardılar.

Bir vaxtlar divarları əhəngli sinif otağında işğal tarixini əzbərləməyə çətinlik çəkən şagirdim Səbuhi də qələbəyə saatlar qalmış şəhid oldu. Cəmi 19 yaşında.

İndi H.Əliyev Fondu tərəfindən tikilmiş üçmərtəbəli geniş, işıqlı sinif otağında şagirdlərimə Səbuhinin cəsurluğunu anladıram, Zəfər tariximizi əzbərlədirəm qəhərimlə qələbənin fonunda.

Minlərlə zabitin, əsgərin cəsurluğunu anladıram müharibə adını telefondakı oyun hesab edən balalara.

Azərbaycan müəllimi öz missiyasını bu gün də şərəflə davam etdirir.

Qalib Azərbaycanın müəllimi yenə də vətənpərvər şagirdlər yetişdirir.

Sözdü, Çöldü, bir də Mən.

Qarışqa yuvasında Allah izzəti, ovuclarımda çöllər nəfəsi ruhumun keçmişində min il əvvəlki qədim şərqiləri oxuyuram.

Sözdü, Çöldü, bir də Mən.

Kaş yovşanı ot bilərdim, çölləri toz-torpaq.

Ədəbiyyat mənə dünyanı başqa cür tanıtdırmışdı, rastlaşdırdıqlarım başqa cür anlatdı. Ədəbiyyata aldanıb nələri itirdim, ondan da danışım. Danışımmı?

Yox, yaxşısı budur, mən susum, Sözlər danışsın.

 

 

...VƏ ŞEİRLƏRİ

 

***

 

Dünəni səhv düymələmişəm,

Bu gün əynimə dardı.

Gecələri yurd biləndən

Gözlərimdən oxunur keçmiş,

"Nə gözəl çoxdanım vardı".

Qələmimin ucunda nə yazmaq istəsəm,

mürəkkəbim

Qəm çəkir...

İslaq ümidlərin ucqarında

Ürəyim nəm çəkir.

Başıma dönsün

Burnu ovulmuş qəhər,

Məndən nə ala bildi ki...

Müqəddəs kitablardan oxuyuram həyatımı,

Sevincimi qırdığınız səslə susuram öz nəğməmi şeir dilində,

Tanrı danışır:

– Bütün günahkarlar səfil.

 

 

***

 

Adəmlə Həvvanın "balacalarıyıq",

fərqi yox

günah kişidədi, qadındadı,

alnında soyuq torpaq, ovuclarında nur,

Tanrı ovuda bilmədiklərinin yanındadır.

Tənhaların soyuq hənirtisi bir yarpaq da titrətməz,

And olsun kədərimi böyüdən günahlarına,

hamısı "O"nun yadındadır.

 

Dimdiyində daşıdığın çöplərdən

Özünə yuva qurmadın, sərçə adam.

Neçəsinə ev oldun, neçəsinə divar,

Axırda sərgərdan,

küçə adam.

Gecə-gündüz işlədin,

Qarışqa adam,

Niyə hamıya oxşamadın,

Ay başqa adam.

Ürəyinə yatsın deyə,

hamıya çatsın deyə,

Havanı da doyunca udmadın,

Balanı yedirtmədin,

Rahatlığı dadmadın

Gəncliyində, qoca adam.

Naxış vurdun yüz ömrə,

Əyri ömrə, düz ömrə,

Mən də çıxdım Söz

ömrə,

Pinəçi adam.

Əlləri daş qabarlı,

Ürəyi yaş qubarlı,

Dərmədin,

Əkəydin barı,

Meyvəçi adam.

Ululardı ulu yurdda,

Halal böyüdün duru yurdda,

Niyə qaldın quru yurdda,

Quruca adam.

Ömründən nə küləklər keçdi,

Tülkülər keçdi,

kələklər keçdi,

Quyuya sallanan kəndirlər keçdi,

Kəsdilər ipini "Yandım" bağıranda

Məlikməmməd adam, Div adam.

Hanı varın, qazancın,

Doğman yox bir salamçün,

Mən yaşadım balamçün,

Sən nəyçün,

Heç nəçi adam?

Eşqini al qanla yazdın,

Dinlə, imanla yazdın,

Mənə ağ yalanla yazdın,

Yalançı Adam.

  

 

***

Küləklərin Ana dediyi çöllər

Özünü gizlədib yovşan qoxusunda.

Atlar nəfəsinə toxunan sular

Bir axşam çin olar körpə yuxusunda.

Düzənlik azadlığı bitdiyi yerdə,

Qoca dağların hökmü ucadır.

Lal çayların düşdüyü dərdə

Gurlayıb axanlar iki hecadır.

Düzənlik yolsuzdu,

hər yer yoldu,

Hayana getsən, özün olursan,

Bir topa yovşana açılan sinə,

Şairsənsə, sözün olursan!

 

 

***

 

Söz kəsdirir üstümü,

Havasına düşürəm.

Başa düşməyənlərin

Davasına düşürəm.

 

Hərdən özümə dolur,

Gah özümdən qopuram.

Şeir məni çağırır,

Mən də şeirə hopuram.

 

Sözlər axır ruhumdan

Ürəyimin ovcuna.

Nəğmə olmaq öyrədir

Neçə sevda acına.

 

Misralanır əlimdə

Hər gecə hərf-hərf.

Sözlə məlhəm tapar

Neçə yaralı qərib.

 

Yazıldıqca böyüyər

İçimdə nur topası.

Kiməsə həyan olar

Son şerimin nidası!

 

 

***

 

Qadın tarlasını şumlayır kişilər,

Bu şumda adam becərir:

Əlləri-qolları Tanrı

Qadını kişidən, kişini torpaqdan

Hazırlayıb

Nəfəsindən üfləyib nəfəsinə

Can verir, ruh verir,

Dilinə söz, gözünə nur verir

Bacarıqlı Tanrı yaratdıqlarının.

Oddan yaratdığı mələk

Çox vaxt felinə salır palçıq bədənliləri.

Hər şeyi itirib alma dadına,

Adəmi azdıran həmin qadınla

Başlayır Yer üzünə tullanış tarixi

Bütün bəndələrin.

Cənnətdən qovuluş cəzalı,

Susur, 

susur dərdli Tanrı...

Günahkar bəndələr

Heç nə olmamış kimi qayıdırlar

Tövbə ətəyinə yıxılı,

Səcdə edirlər

Hər şey istəyib.

Tövbə qapısı açıqdır həmişə,

Susub bağışlayır yaratdıqlarının hər günahını

Təkcə şeytana acıqlı Tanrı.

 

 

***

FormunAltıYazıb əlvida sözün

Ağ kağıza, ağlayıb.

Yağışlar da özünü –

Elə payıza saxlayıb.

 

Gəlməyincə o payız

Dəli olub küləklər.

O küləyin önündə

Söz tapmayıb mələklər.

 

Saralıbdı o kağız,

Solub əlvida sözü.

Payızın öz rənginə

Dolub əlvida sözü.

 

 

***

 

Uzaqlardan gələr sular

Gələr, gələr...

Bir döngədə küləklərə

Əl yellər,

Bir yoxuşda cığırlara

Nəğmə söylər.

Suyun yaddaşı

Oddan güclüdür.

Hər səhər bir Ana

Durub Suya danışar,

Müharibə yuxusun,

Mina qorxusun

Tikə-tikə yox edər Sular.

Ucaboylu, təptəzə, Bulaq balası,

Gənc, körpə,

Gözünə çıraq balası,

Anaya təsəlli olar.

Hərdən susub lal,

Hərdən titrək qırılar Ana,

Su səsində balasına

Sarılar Ana.

Açıb qollarını

Doldurar ovuclarını.

Su dilində pıçıldar sular:

– Ehey, Bulaq Anası!

Mənəm sənin balan.

 

 

***

 

Yaş üstünə yaş gəlir,

Neynim, bəsdisi olmur.

Allah belə istəyir,

Bəndə istəsə, olmur.

 

Yoxuşunu yorduğum,

Payızında solduğum,

Gözlərinə dolduğum

Min yol “yağ”desə, olmur.

 

 

Hardann gəldi bu yazı,

Olanından narazı,

Saçlarımın bəyazı

Bəxtə “” desə, olmur.

 

***

 

Sinəmdəki dağlardan

Qoymadı düşəm Tanrı.

Gözlərindən yağmaqdı

Mənim ki peşəm, Tanrı.

 

Göz yaşının suyunda

Yosunlara çatmadım.

Uzaqlara naməyəm,

Kimə çatdım, açmadı.

 

Bir salavat çevirdim

Bütün olub-keçənə.

Təzə səhifə açıldı

Mənim şeir küçəmə.

  

 

***


Uzaqların adamıyam,

Mürgümdə çöllər yuxusu,

Alnımda şehlər dən-dən,

Ruhumda yovşan qoxusu.

Sözdü, çöldü, bir də mən,

Min ağrıya bir bədən.

Tanrının yaratdığı

Qadın adlı nəğmədən

Yoxluqlar

Kəlmə-kəlmə

Axmada, axmada...

Atlar ruhlu küləyin dırnağında

çapmada

Bu ömür.

Kimindir bilmirəm bu əl,

Bu səs, bu nəfəs.

Zamanın harasıdır?

Əvvəlimi, sonrasımı?

Qəfəsi qırmağa

Ölüm adlı dörd hərf bəs.

Min illərdir

Uzaqların adamı.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.