“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Söhrab Tahir (1926–2016) – tanınmış şair, yazıçı, publisist
Söhrab Əbülfəz oğlu Tahiri özündən sonra bizə zəngin bir irs qoymuşdur. Söhrab Tahir 57 poema, 18 roman, 75-dən çox hekayə və 3 pyesin, eyni zamanda xeyli məqalə, yol qeydləri və xatirələrin müəllifidir.
İranda 14 yaşından inqilabi hərəkata qoşulan S.Tahir o illərdən başlayaraq ədəbiyyata maraq göstərmişdir.
Söhrab Tahirin yaradıcılığında Cənubi Azərbaycan həyatı, xalqın inqilabi və qəhrəmanlıq tarixi, azad gələcək uğrunda mübarizə qırmızı xətlə keçir.
“Qüdrətli qoşun” adlı ilk şeirini 1946-cı ilin aprel ayında Təbrizdə qələmə almışdır. ”Ay işığında” adlı ilk şeirlər toplusu isə 1956-cı ildə Bakıda nəşr olunmuşdur.
Şəxsi ağrılarından doğulan şeirləri ilə oxucu qəlbini riqqətə gətirib kədərləndirən S.Tahir lirikasında dərdli, nisgilli şairin əhvalı duyulurdu.
S.Tahir Cənubi Azərbaycanda milli azadlıq yolunda çarpışan, mübarizə aparan hürriyyət aşiqidir. Lakin bir çox cənublu soydaşlarımız kimi, onun da taleyi dövrün, zamanın haqsızlıqlarına tuş gəlmişdir:
Qırx altıda vuruşmadım,
qoymadılar.
Əlim bağlı, sinəm dağlı...
Dedilər ki, dünya təzə
can qurtarıb vuruşlardan.
Hələ dayan.
Cavab versin tarix mənə:
Azadlığım hanı mənim?
Azadlığın uğrundakı
Şəhidlərin canı mənim,
qanı mənim.
Azadlığa qurban olmuş
azadlığım hanı mənim?
Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də S.Tahir bənzərsizdir.
Onun şeir və poemalarının da əsas xətti Azərbaycan xalqının azadlıq mücadiləsinin təsvirinə yönəlmişdi:
Ortadan açılmış kitab kimidir,
Baxır Astaralar sərhəd tirinə,
Söykənir Culfalar sərhəd tirinə...
Mənim qollarımı iynə-sap edin,
Astaraları tikin biri-birinə.
Çayları, yolları iynə-sap edin,
Tikin Culfaları biri-birinə.
Şahidlərdən biri söyləyirdi ki, S.Tahirin “Azərbaycan” poemasını Bakıda 1988-ci ilin meydan hadisələrində, gecələr tonqal başında oxuyanlar dəhşətə gəlirdilər ki, meydanın tribunasından söylənilən alovlu sətirlər hələ 1976-cı ildə,Sovetlərin qılıncının dalı-qabağı kəsən vaxtlarda onun “Döyüşən lövhələr” kitabında yazılmışdı:
Yüz il də keçərsə bu ayrılıqdan,
Öz birlik haqqını bu xalq alacaq.
Bir gün mənim xalqım birləşən zaman
Dünyada ən zəngin bir xalq olacaq.
S.Tahirin “Daha”, “Azadlıq”, “Zindanda məhbus”, “Xalq”, “Çörək”, “Sərhəd”, “Mən”, “Qayıtmışam səngərimə”, “Təbrizi gəzirəm, “Anam Nəsibə– qızım Nəsibə”, “Bir ovuc torpaq”, “Savalan”, “Öləndə” kimi şeirləri Azərbaycanda milli təfəkkürün dirçəlişinə əhəmiyyətli təsir göstərmişdir.
S.Tahir ilk qələm təcrübəsinə şeirlə başlasa da, daha sonra yaradıcılığını poema və nəsrlə davam etdirmişdr. Şairin “Qardaş torpağında” adlı ilk poeması 1949-cu ildə nəşr olunmuşdur.
O, yaradıcılığında poemaya geniş yer verir.Altmışa yaxın poema müəllifidir. Poemaları İran həyatı, oradakı azərbaycanlıların müstəqillik, dil, təhsil uğrunda apardıqları mübarizə, səngər döyüşləri, inqilablar və s. haqqındadır. Bu əsərləri İranda çox böyük maraqla oxuyurlar.
Onun əsərlərində xalqının azadlıq hərəkatının mili liderləri Səttarxanın, Bağırxanın, Xiyabaninin, Pişəvərinin xatirəsi tez-tez canlanır.
Şair “Azərbaycan ədəbiyyatında ən irihəcmli poetik əsər hesab edilən “Ata” poema-eposunu 1991-cü ildən qələmə almağa başlayıb. Azərbaycanın qədim şeir forması-qoşma şəklində yazılmış bu əsər 15 bölmədən ibarətdir. Əsər eramızdan 9 min əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan, döyüşən varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəlinə qədərki həyat və məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə edir. “Ata” sadə xalq dilində yazıldığı üçün burada, demək olar ki, fars və ərəb sözləri işlənməmişdir.
Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran və ərəb ölkələri, İngiltərə, Almaniya və s. Avropa alimlərinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri əsas götürülmüşdür.
Ədib nəsr yaradıcılığına “Kəniz qızın hekayəsi” ilə başlamışdır. Hekayənin oxucular tərəfindən bəyənilməsindən ruhlanan müəllif sonralar “Ağac”, “Şəlalə və qaya”, “Yol” kimi hekayələr yazmışdır.
“Şeirdən hekayəyə keçən müəllif 70-ci illərdə hekayədən də üz döndərmiş, povest yaradıcılığına qədəm qoymuşdur. Sonralar ədib povestin bədii imkanlarına da sığmayacaq, roman sahəsində qələmini yoxlayacaqdı.
S.Tahirin ilk povesti “İki sevgi, iki güllə” adlanır Bir kitabda cəmləmiş “Əmanət”, “İki müttəhim” ,“Yazda payız söhbəti”, “Sevgi qurbanı”, “Dənizə nişanlı qız”, “Zəri” və “Fədai generalı” adlı yeddi povest eyni taleyi yaşayan müxtəlif insanların həyatını əks etdirir. Bu povestlərdən inqilab ruhunu özündə ən çox əks etdirən “Fədai generalı”dır. 1945-ci ildə 21 Azər hərəkatının aparıcı şəxsiyyətlərindən olan general Qulam Yəhyanın fəaliyyətinə həsr olunmuş “Fədai generalı” povesti müəllifin şəxsən şahidi olduğu hadisələr əsasında qələmə alınmışdır.
Hekayə və povestlərində qaldırdığı azadlıq problemini Söhrab Tahir irihəcmli romanlarında daha da təkmilləşdirərək milli birlik səviyyəsinə qaldırmışdır.
“Qonşu qızın məktubları” romanında cərəyan edən hadisələr bütünlükdə İranda gedən ictimai-siyasi hadisələr fonunda, real tarixi faktlara bədii don geydirilərək təqdim olunmuşdur.
Söhrab Tahirin “Sevgisində itən qız” romanı lirik-psixoloji üslubu xatırlatsa da, əsasən, inqilab və inqilabdan sonrakı həyatın təsvirinə həsr olunmuşdur. Əsərdə Ceyid Cəfər Pişəvərinin maarifçi-demokrat düşüncədən kommunist əqidəyə doğru meyillənməsi, sonralar isə milli düşüncəli demokrat olması inandırıcı tarixi və epik faktlarla təqdim edilir.
“Sonuncu şah” romanında İranın 50 illik tarixi ustalıqla qələmə alınmışdır, amma əsər təkcə tarixi mahiyyət daşımır. Bu əsər həm də İran kimliyi ilə Azərbaycan kimliyinin müqayisəsi cəhətdən də səciyyəvidir. Ədib bütün irihəcmli nəsr əsərlərində həyatın dərin qatlarına baş vurmuşdur. O, bədii əsərlərində insanın mənəvi aləminin incəliklərini açmaq, cərəyan edən ictimai-siyasi hadisələrə ayıq-sayıq münasibət bəsləmək, aydın mövqe nümayiş etdirmək kimi yazıçı-vətəndaş borcunu yerinə yetirmişdir.
Müəllifin “Qonşu qızın məktubları”, “Sevgisində itən qız” (3 kitabdan ibarət roman), “Sonuncu şah” (3 kitabdan ibarət roman), “Naməlum qadının gündəliyi”, “Əlvida, Astara” (avtobioqrafik roman), “Üç tapşırıq”, “Ayrılıq” (avtobioqrafik roman), “Yiyəsiz nişan üzüyü”, “İki dəfə yox olmuş adam” və başqa romanları ayrı-ayrı illərdə çap olunmuş, oxucular tərəfindən yüksək qiymətləndirilmişdir.
Söhrab Tahirin əsərlərinin çoxunun mövzusu Cənub problemi, milli azadlıq, milli birlik, hədəfi isə monarxiya rejiminin tənqidi idi.
Cənubi Azərbaycandan olduğu üçün çox vaxt Sovet senzurası əsərlərinə maneə yaratmırdı ki, öz xalqı üçün yazır (Burada Cənub nəzərdə tutulur). O da bundan məharətlə istifadə edib çox şeylər yazıb çap etdirə bilirdi.
Şair müsahibələrindən birində deyibmiş ki, adı o vaxtlar İranda qara siyahıda idi. Elə bu tayda da şeirlərini deyənlərdən istintaqa çəkilənlər olub.
Qeyd edək ki, Söhrab Tahirin hansısa inqilabi şeirlərindən birini söyləyəni Təbrizdə 2 illik, Zərdab rayonunda toyda bir şeirini əzbər söyləyəni 3 günlük həbs ediblər.
Xalq şairi II Fəxri xiyabanda dəfn olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(24.04.2026)


