“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Balaş Azəroğlu (1921-2011) – tanınmış şair, ədəbiyyatşünas və tərcüməçi
Balaş Azəroğlu o taylı-bu taylı Azərbaycanın birliyi uğrunda daim mücadilə aparan aydınlardan olmuş, novator şair kimi ədəbiyyatımıza yeniliklər gətirmişdir.
Balaş Allahbaxış oğlu Abizadənin valideynləri Cənubi Azərbaycanın Ərdəbil şəhərinin olan Səlim qışlağı kəndindən idilər. Onlar Cənubda olan işsizlik, səfalətdən qurtulmaq üçün Bakıya üz tutmuşdular.
30-cu illərdə ölkəni bürümüş repressiya bu ailədən də yan keçməmişdi. Onlar İran təbəəsi olduqlarından 1938-ci ildə Cənubi Azərbaycana sürgün edildilər. Ailə Ərdəbildə məskunlaşandan sonra Balaş ibtidai məktəbdə təhsil alır, fars dilini və əlifbasını öyrənirdi.
Gənc Balaş şahlıq üsuli-idarəsinin əleyhinə təşkil edilən mitinqlərdə fəal iştirak edirdi. Meydanlarda nitq söyləyir, milləti azadlığa çağıran şeirlər yazırdı. "Azəroğlu" imzasını da elə o vaxtdan götürmüşdü.
Əsərləri ədəbi ictimaiyyətin sevgi və rəğbətini qazanan 20 yaşlı Balaş Ərdəbil Şairlər Məclisinin sədri seçilir. 1941-1946-cı illərdə Təbrizdəki “Azərbaycan Şairlər və Hünərvərlər Məclisi”nin rəyasət heyətinin üzvü olur.
Milli Hökümətin süqutundan sonra Balaş Azəroğlu da digər yeni ədəbi nəslin nümayəndələri kimi Bakıya mühacirət etdi. Burada ali təhsil aldı, sonralar öz bədii, elmi yaradıcılığını davam etdirdi.
Balaş Azəroğlunun ilk mətbu şeiri “Dnepr” 1936-cı ildə Bakıda “Pioner”qəzetində nəşr olunmuşdu.
Tədqiqatlar göstərir ki, 1940-cı illərə qədər olan dövr Balaş Azəroğlunun yaradıcılığının erkən dövrü, 1941-46-cı illərdəki fəaliyyəti yaradıcılığının formalaşması dövrüdür. B. Azəroğlu yaradıcılığının ən məhsuldar dövrü 1952-1995-ci illərə təsadüf edir.
Azəroğlu 1938-1947-ci illərdə Güney Azərbaycanda – Ərdəbil və Təbriz şəhərlərində yaşamış, 1941-1946-cı illərin inqilabi hərəkatında fəal iştirak etmişdi. Ömrünün on ilini Güney Azərbaycanda yaşayıb-yaradan mübariz şairin ölkədəki istiqlal hərəkatını və fədailərin mübarizə ruhunu ifadə edən gözəl şeirləri və poemaları vardır.
Cənubda ilk şeirini – "İnqilab şairiyəm" adı ilə “Vətən yolunda” qəzetində çap etdirmişdi. Özünü “ellərin oğlu” adlandırıb – Azəroğlu təxəllüsü ilə ifadə etməsi bir vətəndaş şairin meydana çıxmasının bariz göstəricisi idi:
...Nə peymana, nə saqi, nə sərab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Balaş Azəroğlunun ilk şeir kitabları Ərdəbildə və Təbrizdə nəşr olunmuşdur.
Ö dövrdə qələmə aldığı “Xəzər, ay Xəzər”, “Güc millətindir ”, “Qardaşım”, “Səttar xan”, “Saqi”, “Ərani”, “Gəlin, dostlar, gəlin” və b. şeirləri 1941-46-cı illərdə Cənubi Azərbaycan xalqının əhval-ruhiyyəsi, mübarizə əzmi, qələbə sevinci haqda konkret təsəvvür yaradır. Milli Demokratik Hökumət cəmi bir il yaşayıb süquta uğradıldı. Lakin siyasi cəhətdən yıxılıb susdurulsa da, Güney mövzusu, ayrılıq dərdi ədəbiyyatda yaşadı. “Araz", “Təbriz” adlı həsrət, ayrılıq, yanğı, acı bu xalqın ruhuna hopdu. Onun uğrunda vuruşanların qəlbində, qələmində ömrü davam etdi. Acılı-şirinli bu haqq səsini, həsrəti unutmağa qoymayıb bədii salnaməsini əsərlərində tərənnüm edənlərin ön sırasında Balaş Azəroğlu gəlirdi.
“Dünənki səngərimdir, bugünkü yazı masam” – deyən şair "Kədərli, sevincli illər" şeirində ömür yaşantılarını qələmə alırdı:
Yarısı səngərdə,
Yarısı xitabət kürsüsündə
keçən ömrümün
qocalığı yox,
gəncliyi yox...
Balaş Azəroğlunun qırxdan çox kitabı nəşr olunmuşdur.
“Şeirlər” (1948), “Savalan” (1949), “Mübarizə yollarında” (1950), “Gənclik dostlarım” (1950), “Mənim nəğmələrim” (1952), “Səhər şəfəqləri” (1953), “Sənətin qüdrəti” (1955), “Seçilmiş əsərləri” (1956), “Hafizin qəbri üstündə” (1959), “Elə oğul istəyir vətən” (1961), “İki dost” (1965), “Məcnun söyüd” (1966), “Savalan əfsanəsi” (1967), “Dünənim, bu günüm, sabahım” (1970), “İllərdən illərə” (1971), “Yarpaqlar töküləndə” (1976), “Seçilmiş əsərləri / iki cilddə” (1982–1983), “Bir kürsü istəyirəm” (1989), “Seçilmiş əsərləri / iki cilddə” (1991), “Seçilmiş əsərləri” (2004) və başqa kitabları nəşr edilib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
Əsərlərinin əsas mövzusu–xalqımızın qəhrəman keçmişi, bugünkü firavan həyatı, böyük gələcəyidir. Zəngin həyat müşahidəsi, insana, torpağa sevgisi, tarixə, mənəvi dəyərlərə bağlılığı onun yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdir.
Balaş Azəroğlu uşaqları yaddan çıxarmamış, onlar üçün də əsərlər yazmışdır.
Vətən məhəbbəti Balaş Azəroğlu yaradıcılığının ana xəttini təşkil edir. Onun elə bir əsəri yoxdur ki, orada Şimallı-Cənublu Azərbaycanın dərd-sərindən, yurd sevgisindən, əsrarəngiz təbiətindən danışmasın.
Azəroğlunun yaradıcılığında ayrılıq, həsrət motivli şeirlər əhəmiyyətli yer tutur.
O, “Fədailər marşı", "Təbrizin baharı", "Azərbaycan", "Aşıq Hüseynə cavab" və s. bu kimi şeirləri də ayrılıq mövzusunda olub özünəməxsusluğu ilə fərqlənir:
Balaş Azəroğlu Cənubu bütün acıları, dərdləri və fəlakətləri ilə ədəbiyyata gətirməklə yanaşı, vətənin hər qarışını müqəddəs bilmişdir.
Azəroğlunun poeziyasında təbiət lövhələri, uğurlu peyzajlar çoxdur. Həmin lövhələr lirik qəhrəmanın əhval-ruhiyyəsilə bədii vəhdət təşkil edir və poemalarında dramatik hadisələrin inkişafını sürətləndirir.
B.Azəroğlunun sevgi şeirləri də diqqəti çox çəkir. Onun “Sən gəlməsən”, “Hicran ömrü”, “Sənin xətrinə”, “Məhəbbətlə qayıt gəl”, “Tacir və Məcnun” və s. şeirləri məhəbbətin tərənnümünə həsr olunub. Bu mövzuda olan şeirlər həm hiss-həyəcanına görə, həm də sənətkarlıq cəhətdən diqqəti cəlb edir.
Bu şeirlərdə ömrünün ağrı-acısına şərik olan, çətin məqamlar yaşayan, fədakar bir qadının – şairin həyat yoldaşının da obrazını görürük. Onun məsləkdaşı, qələmdaşı, iki oğlu – Araz və Etibarın anası Mədinə Gülgünə həsr etdiyi şeirləri əsl məhəbbətin aynasıdır. “Payızdı, əzizim”, “Sevgilim”, “Qələm yoldaşım”, “Nəğmə”, “O şeiri kim yazacaq” və Mədinə xanımın ölümünə həsr etdiyi onlarca şeiri səmimiliyi və poetikliyi ilə seçilirdi:
Sevgilim, sən dünən cəbhə dostum,
Qələm yoldaşım idin.
Bu gün həyat yoldaşım olmusan artıq...
Sən tüfəngi atıb bir yana, keşik başından
Beşik başına keçib, layla çalırsan oğluma!
Azəroğlu otuz iki poema yazmışdır. Həmin əsərlərdə Cənub mövzusu başlıca istiqamət kimi götürülür.
Azadlıq mövzusunda yazdığı “Tarix boyu” poeması ideya məzmun baxımından onun poema janrında ilk qələm təcrübəsi idi. Bakının yeni həyatını əks etdirən “Bakı səfəri” poeması 1946-cı ildə “Şairlər məclisi” toplusunda çap olunmuşdur. Onun ilk poemalarından biri də “Ərdəbildə bir meydan var” adlanır. Ərdəbildə yaşayarkən Azəroğlu xalq içində yayılmış rəvayətləri, əfsanələri öyrənmiş və ictimai hadisələrin fonunda onları qələmə alaraq əbədiləşdirmişdir.
C.Xəndan, B.Nəbiyev, M.Hüseyn, A.Abdullazadə və başqa ədəbiyyatşünaslar şairin yaradıcılıq imkanları haqqında öz fikir və mülahizələrini söyləmişlər.
Sabir Nəbioğlu Balaş Azəroğlu haqda monoqrafiya, Əliqulu Heydərzadə, Bahar Bərdəli isə şairin həyat və yaradıcılığını geniş təhlilə cəlb edib dissertasiya yazmışlar.
B.Azəroğlunun müxtəlif illərdə qələmə aldığı poemalar içərisində Cənub mövzusu qırmızı xətlə keçir.
Məhəbbət mövzusunda onun “Nizami Gəncəvi” və ya “Qəsri-Şirin”, “Dəmirçi Zaman”, “İtmiş qız haqqında dastan”, “Polyak qızı Səlmi” kimi poemaları böyük süjet xəttinə malik əsərlərdir. Bu əsərlərdə ülvi məhəbbət Vətən sevgisi ilə qarışmış, çuğlaşmış şəkildə tərənnüm olunur.
Azəroğlunun “Ağca”, “Savalan əfsanəsi”, “Hökmdar ayı”, “Hümmət və Qüdrət” kimi poema-nağılları uşaqlara bir töhfədir. “Hümmət və Qüdrət” poeması da uşaq əməyinin istismarından, sənətkar həyatından bəhs edir.
“İnqilab” poemasının sujet xətti 1979-cu ildə Tehranda baş verən İran İslam inqilabından götürmüşdür.
Azadlıq ideyaları, doğma yurda bağlılıq, səmimi sevgi guyğuları B.Azəroğlunun poeziyasının mayasını təşkil edir və bu şeirlərin əksəriyyətinin sonluğunda gələcəyə yönələn nikbin ruh hökm sürür.
Müəllifin poemalarının hamısının mövzusu onun mənsub olduğu xalqın həyat və mübarizəsindən alınmışdır. Bu əsərlərin başlıca qəhrəmanları azadlıq hərəkatının qoynunda yetişmiş mərd insanlar, hadisələr isə şairin yaşayıb-yaratdığı illərdə baş vermiş əhvalatlardır.
Onun bir alim, tədqiqatçı kimi də fəaliyyəti əvəzsizdir. Balaş Azəroğlu klassik Azərbaycan poeziyasının iki görkəmli nümayəndəsi – Məhəmməd Əmani və Saib Təbrizi haqqında qiymətli monoqrafiyaların müəllifidir. Azəroğlunun həm də kamil tərcüməçi kimi farscadan dilimizə çevirdiyi Nizaminin “Yeddi gözəl” poeması, Füzulinin qəzəlləri, Şəhriyardan tərcümələri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.
Balaş Azəroğlunun tək bir nəsr əsəri vardır – “Xatirələrim” və ya “Ömürdən ötən illər...” adlandırdığı bir avtobioqrafik əsər.
B.Azəroğlunun poeziyası torpağa, xalqına sevginin göstəricisi, Azərbaycan xalqının çəkdiklərinin, yaşadıqlarının tarixidir.
“Seçilmiş əsərləri” 1996-cı ildə, Azərbaycan dilində əski əlifba ilə Tehranda işıq üzü görüb.
Balaş Azəroğlu 2011-ci il aprelin 24-də Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.
“Ədəbiyyat və incəsənət”
(22.04.2026)


