“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Vətəndən vətənə mühacirət
Xarici ölkələrdə yaşayan cənublu soydaşlarımızın siyasi publisistika ilə yanaşı, bədii ədəbiyyatımızın yazılmasında və tədqiq edilməsində də böyük xidmətləri olmuşdur. Əbdürəhim Talibov Nəccari, Hacı Zeynəlabdin Maragayi, Fəthi Xoşginabi, Qulamhüseyn Saidi (Gövhər Murad), Səkinə Birincyan, Turxan Gənceyi, Qulamrza Səbri Təbrizi, Rza Bərahəni mühacirətdə yaşayıb-yaratmış Azərbaycan yazıçılarıdır.
1946-cı ildə Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra yazıçı və şairlər: Seyid Cəfər Pişəvəri, Söhrab Tahir, Əli Tudə, Məhəmməd Biriya, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Məhəmmədtağı Zehtabi, Məmmədəli Afiyət, Qasım Cahani, Həmid Məmmədzadə, Qulamhüseyn Beqdeli, İsmayıl Cəfərpur, Əbülfəzl Hüseyni, Qafar Kəndli, Firuz Sadıqzadə, Qəhrəman Qəhrəmanzadə və başqaları İran hökumətinin despotizmindən yaxa qurtararaq gəlib Şimali Azərbaycana sığınmışdılar. Quzeydə mühacirət həyatı yaşayan yazarların əsərlərində Cənub həsrəti, bölünmüş millət dərdi motivləri ilə yanaşı, Güney Azərbaycanda demokratik hərəkatın yenidən qələbə çalacağına ümid və inam duyğusu da ifadə edilirdi. Vətənin bir hissəsindən o biri hissəsinə yol alıb pənah gətirən soydaşlarımız ədəbiyyatın inkişafında önəmli rol oynayıb.
Abbas Makulu Pənahi (1900-1971) – tanınmış yazıçı, şair, felyetonçu, tərcüməçi
Abbas Pənahi Makulu Güney Azərbaycanda anadilli tarixi romanın bünövrəsini qoyan və nəsr ənənəsini yaşadan yazıçılardandır. Onun əsərləri xalqın azadlıq uğrunda mübarizəsinin bədii salnaməsidir.
Abbas Hacı Ələkbər oğlu Pənahi ilk və orta təhsılini Xoy şəhərində almışdı. Atası Hacı Ələkbər ticarət işləri ilə məşğül olurdu və sonralar ailəsi ilə birlikdə Tiflis şəhərinə köçür.
1928-ci ildə atası Hacı Ələkbər ağır xəstələndiyi üçün Abbas Pənahi İrana geri qayıdır. Orada siyasətlə məşğul olur və 1935-ci ildə siyası fəaliyyətinə görə həbs olunur. 1936-cı ildə isə Zəncana ömürlük sürgün olunur.
Ölkədə baş verən demokratik dəyişikliklərdən sonra Abbas Pənahi də 1941-ci ilin payızında sürgündən azad olunub Təbriz şəhərinə gedir.
1941-ci ildən etibarən isə yazıçının ədəbi fəaliyyətində yeni mərhələ başlanır. Milli hökumətdə Siyasi İdarənin rəisi olan Abbas bu dövrdə daha çox ictimai-siyasi xadim kimi fəaliyyət göstərir.
1946-cı ildə Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra o, bir çox mücahid ziyalılarla birlikdə mühacirət edir, Bakıda yaşayır və burada həm nasir, həm də ədəbiyyatşünas kimi fəaliyyət göstərir.
Abbas Pənahi yaradıcılığa 1916-cı ildə satirik üslubda yazdığı şeirlə başlayıb. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə özünün “Yeni türk əlifbası” adlı şeirini oxuyur. Məclisin sədri Böyükağa Talıblı tərəfindən Abbas Pənahiyə bu məclisdə “Makulu” təxəllüsü verilir. Yazdığı şeirlər, əsasən, “Yeni fikir” qəzetində yayımlanır. 1926-cı ilə qədər şeirlərini “Makulu” adı ilə çap etdirir.
1925-ci ildə "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə Abbas Pənahi özünü nəsr sahəsində yoxlayır. Yazdığı "Pərişan" povesti "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur. Bundan sonra o, İrandakı ictimai-siyasi prosesləri açıqlayan çoxlu əsərlər yazmağa başlayır.
Makulunun ədəbi irsində xüsusi yer tutan janrlardan biri də felyeton idi.
Onun satirik şeirləri və felyetonları yalnız tənqid vasitəsi olmayıb, həm də xalqı mübarizəyə çağıran ideoloji silah idi. Makulu poeziyada ideya aydınlığı ilə seçilirdi. Onun şeirlərində romantik pafosdan daha çox, ictimai-siyasi mövqe, realist təsvir və xalqın dərd-səri vardı.
Makulu ədəbiyyata şair kimi gəlsə də, sonradan bədii nəsrin – xüsusilə tarixi roman janrının öncüllərindən biri kimi tanındı. Onun yaradıcılığının əsas istiqamətlərini hekayə və povestlər, romanlar, şeirlər və felyetonlar təşkil edirdi.
Makulu Azərbaycan ədəbiyyatında hekayə və povest janrının əsaslı inkişafına böyük töhfələr verib. Onun bu janrlarda yazdıqları bir tərəfdən sosial problemləri açır, digər tərəfdən xalqın milli-azadlıq mübarizəsini bədii dillə ifadə edirdi.
“Təbriz əfsanələri” – Bu silsilə hekayələrdə xalqın tarixi yaddaşı, Təbrizin qəhrəmanlıq salnaməsi folklor elementləri ilə birləşdirilir: “Təbrizin dar küçələrində addım səsi eşidilərdi, bu səs azadlıq sorağını gətirirdi. Qocalar deyərdi: “Bu şəhər əsla yıxılmaz, çünki onun daşında da dirəniş var”.
Bu təsvir Makulunun hekayələrində folklorla realist üslubu birləşdirməsinin nümunəsidir.
Makulunun nəsr irsi – povestləri və tarixi romanları – təkcə sənət baxımından deyil, həm də tarixi-mədəni baxımdan mühüm qaynaq kimi qiymətləndirilməlidir. Onun nəsri xalqın azadlıq mübarizəsinin ədəbi salnaməsidir.
“Sirli çoban”, “Qırmızı aşıqlar”, “Təbriz gecələri”, “İntiqam dəstəsi”, “İki rəqib”, “Məzhəb təəssübü” kimi ilk hekayələri mətbuatda işıq üzü görəndən sonra ədib “Təbriz gecələri” adlı hekayələr kitabını nəşr etdirir.
1950-ci ildə onun müxtəlif illərdə yazdığı “Təbriz gecələri” hekayələr toplusunun Bakıda çapı Makulunun nəsr yaradıcılığında dönüş mərhələsidir.
A.Makulu Güney Azərbaycan türklərinin tarixi qəhrəmanlarını əsas götürərək milli azadlıq ideyasını bədii planda təqdim etmişdir. O, 1964-cü ildə yazdığı “Gizli zindan” romanında azadlıq uğrunda döyüşənləri real hadisələr fonunda təsvir etmişdir. “Gizli zindan” – povest olaraq başlanılıb sonralar roman səviyyəsinə yüksələn bu əsərdə xalqın inqilabi mübarizəsi, azadlıq arzusu və repressiya atmosferi təsvir edilir.
Onun yaradıcılığının əsas istiqaməti milli mübarizə ideyasının bədii söz vasitəsilə ifadəsidir. Makulunun yaradıcılığının zirvəsini “Səttarxan” [1983], “Xiyabani” [1979], “Gizli zindan” [1964] və “Heydər Əmioğlu” [1985] romanları təşkil edir. Bu əsərlərdə o, Cənubi Azərbaycanın milli-azadlıq hərəkatını bədii-tarixi ardıcıllıqla əks etdirmişdir. Bu əsərlərdə həyatını xalqın azadlığına həsr etmiş qəhrəmanların bədii obrazı yaradılıb. Burada cəsarət, vətənpərvərlik, fədakarlıq ideyaları əsas xətdir.
Abbas Pənahi Makulu ilk tarixi roman müəllifi kimi Cənubi Azərbaycan ədəbiyyatında yeni bir mərhələ açdı. Onun romanları bütöv bir dövrün bədii salnaməsi olmaqla yanaşı, həm də milli oyanış ideologiyasının ifadəsi idi.
“Səttarxan” – Milli qəhrəman Səttarxanın mübarizəsi əsasında yazılmışdır.
“Səttarxan” romanı Azərbaycan xalqının mübariz oğlu, böyük tarixi şəxsiyyət, bacarıqlı sərkərdə, təcrübəli diplomat olan Səttarxanın həyat və qəhrəmanlığına həsr olunmuşdur. Romanda Səttarxanın yaxın silahdaşları – Azərbaycan məfkurəsi uğrunda alovlu mübariz olan Bağırxan, Əli Səhlanlı, Hacı Əli Davaçı, Mirzə İbrahim ağa, Mahmud, Qasım, Sabir, Hüseyn xan Bağban Eloğlu kimi obrazlarla ustalıqla təsvir edilmişdir.
Abbas Makulunun “Səttarxan” romanı “Gizli zindan” ın bir növ davamıdır.
Roman həm Güney Azərbaycanın tarixi, həm də xalqın azadlıq arzularının bədii ifadəsi baxımından nadir bir salnamədir.
1979-cu ildə yazdığı “Xiyabani” romanı isə Ş.M.Xiyabaninin Güney Azərbaycanda qaldırdığı milli azadlıq hərəkatının bədii salnaməsidir. Müəllif bu əsərdə hadisələri real tarixi faktlar əsasında quraraq mübarizə ruhunu geniş kütlələrə çatdırmaq məqsədi daşıyır. Romanda Şeyx Məhəmməd Xiyabaninin inqilabi fəaliyyəti və onun faciəli taleyi əsərin əsas xəttini təşkil edir. Roman Xiyabani şəxsiyyətini idealist, fədakar və xalq yolunda qurban getmiş bir lider kimi təqdim edir: “Xiyabaninin gözlərində xalqın ağrısı, ürəyində isə azadlığın alovu vardı”. “Xiyabani” romanı xalq hərəkatının növbəti mərhələsinə – 1920-ci ildə baş verən inqilabi hərəkata həsr olunub.
Romanın mərkəzində duran Şeyx Məhəmməd Xiyabani azadlıq ideyasının simvoluna çevrilir. İrandakı xalq hərəkatları Şərq dünyasını oyandırdı: “İranda azadlıq cəbhəsinin başında hər zaman Azərbaycan dururdu”.
Xiyabani obrazı milli şüurun formalaşmasında mühüm yer tutur. O, gənc nəsli azadlıq ideyalarına səsləyir, insanlara öz hüquqlarını tanımağı və mübarizə aparmağı öyrədir. Makulu roman boyunca göstərir ki, bu ideyalar yalnız bir insanın yox, bütöv bir xalqın gələcək taleyini müəyyən edir. Xiyabani xalqı bu sözlərlə oyadır: “Təbrizlilər! Bütün xalqlar oyanaraq öz hüquqlarını tələb edirlər. Siz də oyanın! Qılıncınızı bərk tutun, qollarınızın gücünə inanın! Sizdə elə qüvvə var ki, istəsəniz, qolunuza vurulan zənciri qıra bilərsiniz!”
Daha sonralar, 1985-ci ildə yazdığı “Heydər Əmioğlu” romanını da bu silsiləyə daxil edir. “Heydər Əmioğlu” romanı yazıçının ideya-estetik inkişafının son mərhələsini təmsil edir və daha çox bioqrafik roman xarakteri daşıyır. Burada xalq qəhrəmanı Heydər Əmioğlunun həyat yolu, mübarizəsi, milli hərəkatdakı rolu təsvir olunur.
Əsərdə həm tarixi gerçəklik, həm də ideoloji aydınlıq dərin psixoloji motivlərlə təqdim edilir.
Bu örnəklərdən görünür ki, Abbas Pənahi Makulu istər şeir, istər hekayə, istərsə də romanlarında xalqın azadlıq mübarizəsini, dil və mədəniyyətin qorunmasını, vətən sevgisini aparıcı xəttə çevirmişdir. Onun qəhrəmanları bədii obraz olmaqdan çox, milli yaddaşın simvollarıdır.
Makulunun yaradıcılığına dair ilk elmi fikirlər İ.Novruzov, L.Klimoviç, A.Məmmədov, G.Məmmədzadə, B.Azəroğlu, S.Alıyev, M.Mehdibəyova və başqalarının məqalə və əsərlərində ifadə olunmuşdur. Süleyman Alıyev ilk dəfə olaraq 2005-ci ildə ədibin həyat və yaradıcılığı ilə bağlı “Abbas Pənahi Makulu” adlı elmi monoqrafiya çap etdirmişdir.
Bu əsərlər milli azadlıq hərəkatının bədii salnaməsi olmaqla yanaşı, həm də Azərbaycan tarixi roman ənənəsinin başlanğıcını qoymuşdur.
Romanlarda təsvir olunan qəhrəmanlar yalnız keçmişin obrazları deyil, həm də gələcək nəsillərə azadlıq və vətənpərvərlik dərsi verən simvollardır.
Elmi yaradıcılıqla uzun illər boyu məşğul olmuş Abbas Pənahi Makulu indi də mütəxəssislərin stolüstü kitabına çevrilmiş “Ədəbi məlumat cədvəli”ni ərsəyə gətirmiş və 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının nəşriyyatında çap etdirmişdir. Məlumat cədvəli 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən Bakıda nəşr olunub. Əsər Azərbaycan, ərəb və fars əlıfbasında yazılan təzkirələrin oxunmasını asanlaşdıran ayrı-ayrı alim, ədib, şair və sənətşünaslar üçun əvəzsiz bir mənbədir.
Pənahi Makulunun roman yaradıcılığı Güney Azərbaycan nəsrində milli şüurun formalaşması, azadlıq ideyalarının bədii ifadəsi və tarixi yaddaşın dirçəldilməsi baxımından mühüm mərhələdir. O, tarixi şəxsiyyətləri və hadisələri yalnız keçmiş kimi deyil, həm də xalqın gələcəyi üçün dərs kimi təqdim edir.
Yaradıcılığının mühüm cəhəti odur ki, Pənahi yalnız tarixi faktların bədii izahı ilə kifayətlənməmiş, onları xalqın yaddaşına çevriləcək ədəbi qəhrəman obrazlarında canlandırmışdır. “Səttarxan”, “Xiyabani”, “Heydər Əmioğlu”, “Gizli zindan” romanları bu baxımdan Cənubi Azərbaycan xalqının milli salnaməsi rolunu oynayır.
“Səttarxan”, “Xiyabani”, “Heydər əmioğlu”, “Xacələr” əsərlərində İranda müxtəlif dövrlərdə baş verən milli-azadlıq hərəkatlarına, saray çəkişmələrinə, xalqın mütləqiyyətə qarşı mübarizəsinə həsr olunan çoxlu zəngin tarixi faktlar vardır.
Abbas Pənahi Makulu 1971-ci il sentyabrın 29-da vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(21.04.2026)


