“Yazar oxucusuna güvənməlidir” - Nuray Rəşid Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi təqdim etmək istəyirəm. Nuray Rəşid xanım gənc yazar olmaqla yanaşı, eyni zamanda “Zərif Güc” verilişinin aparıcısıdır. Gənc yazara yeni-yeni yaradıcılıq uğurları arzulayır və müsahibəmizi diqqətinizə təqdim edirəm.

 

1.Salam Nuray xanım. İlk olaraq özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.

 

-Salam, Habil bəy. Mən Nuray Rəşid, 20 noyabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olmuşam. Ali təhsilimi Bakı Slavyan Universitetində bakalavr səviyyəsi üzrə almışam. Daxili dünyamı, düşüncələrimi və hisslərimi ən səmimi şəkildə yazı vasitəsilə ifadə edə bildiyim üçün yaradıcılıqda özümü tapmışam. Müəllifi olduğum əsərlərlə yanaşı, hazırda “Zərif Güc” verilişinin aparıcısı kimi fəaliyyət göstərirəm.

 

2.İlk yazdığınız əsəri xatırlayırsınızmı və o əsər sizin üçün nə ifadə edir?

 

-İlklər həmişə yadda qalan olur və düşünürəm ki, ilklər yaddaşın təməlini təşkil edir. Bu səbəbdən ilk kitabımın mənim üçün yeri tamam fərqlidir. Hətta deyərdim ki, o, mənim üçün sonu olmayan gözəl başlanğıcların əsasını qoyub.

2022-ci ildə qələmə aldığım “Vətən Sahibi” kitabı II Qarabağ müharibəsində şəhid olmuş Daxili Qoşunların xüsusi təyinatlısı, “Əfsanəvi tabor”un döyüşçüsü, baş çavuş Məmmədov Sahib Yaşar oğluna həsr olunmuş xatirələr toplusudur. Üstündən 4 il keçməsinə baxmayaraq, bu gün də həmin kitab haqqında dəyərli rəylər almağa davam edirəm.

Xüsusilə bir məqam mənim üçün çox dəyərlidir: müharibə səbəbindən atasını tanımaq imkanı olmayan övladlardan biri də Məmmədov Sahibin üç qızından ən kiçiyi – Rübabə idi. O, atasını itirəndə cəmi 2 yaşında idi. Bu gün isə artıq məktəblidir və atasına həsr olunmuş kitabı sevə-sevə oxuyur.

Dörd il əvvəl bu günlərin gələcəyinə inanaraq bu yola çıxmışdım. Bu gün isə anlayıram ki, mənim üçün mənəvi dəyəri çox yüksək olan bir məqsədə çatmışam. Kitabın belə gözəl nəticələrə vəsilə olması isə mənim üçün sözlə ifadə olunmayacaq qədər böyük bir dəyərdir.

 

3.Əsərlərinizdə daha çox hansı mövzulara toxunursunuz?

 

-Mən tələbəlik illərindən yazıb-pozan biri olsam da, Tovuz döyüşləri və II Qarabağ müharibəsi yaradıcılıqla daha davamlı məşğul olmağıma ciddi təkan verdi. Qadın olaraq cəbhəyə getmək, silahla düşmən qarşısına çıxıb o yanğını söndürmək mümkün olmadığından o dövrün yaşatdığı hisslər məni daim narahat edirdi. Ürəyimin bir qədər rahatlıq tapması üçün mümkün olan silaha- qələmə sarıldım.

Yazdıqca bu duyğular tam azalmırdı, amma hiss edirdim ki, mənəvi olaraq müəyyən dərəcədə rahatlıq tapıram. Bu istiqamətdə şəhidlər və müharibə ilə bağlı yazılarım, hekayələrim müxtəlif qəzet və saytlarda dərc olunur.

Bununla yanaşı, insan duyğuları və psixoloji məqamlar da yaradıcılığımda xüsusi yer tutur. Bu səbəbdən vətənpərvərlik mövzusu ilə yanaşı, real insan hisslərini əks etdirən mövzulara da tez-tez müraciət edirəm.

Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, bizim üçün canından keçən insanlar haqqında nə qədər yazsaq, yenə də azdır. Amma onları tanıtmaq bizim əlimizdədir. Düşünürəm ki, qələm tutan hər bir yazar yaradıcılığında müharibə mövzusuna yer versə, bu yolda qurban verilən həyatları daha geniş şəkildə insanlara tanıda bilərik.

 

4.Obrazlarınızı real həyatdan götürürsünüz, yoxsa tamamilə uydurursunuz?

 

-Düşünürəm ki, insan yaşamadığı və ya müşahidə etmədiyi heç nəyi tam şəkildə yaza bilməz. Süjeti özüm qursam da, hadisələrin əsasında adətən müşahidə etdiyim məqamlar dayanır.

 

5.Yazı prosesiniz necədir: planlı yoxsa ilhamla yazırsınız?

 

-Yaradıcılıqda ilham çox vacibdir. Məsələn, ağlıma bir mövzu gələndə onu artıq beynimdə yazıb bitirmiş kimi oluram. Bu isə mənə böyük motivasiya verir və məni həyəcanlandırır. Sonda isə sadəcə beynimdə formalaşan hazır mətni sözlərə köçürmək qalır. Mənim üçün ilham yaradıcılığın əsas hərəkətverici qüvvəsidir.

 

6.Əsərlərinizdə oxucuya vermək istədiyiniz əsas mesaj nədir?

 

-Məncə yazar oxucusuna güvənməlidir. Oxucusuna fikrini çatdırmaq üçün fikrini xırdalamamalıdır.

Yazılarımda oxucuya insan duyğularının, yaşantılarının və seçimlərinin nə qədər dərin və təsirli ola biləcəyini göstərməyə çalışıram. Əsas məqsədim isə oxucunun həmin duyğuların içində özünü tapmasıdır.

 

7.Yaradıcılığınıza ən çox təsir edən yazar kimdir?

 

-Yaradıcılığımda mənə xüsusi təsir edən konkret bir yazar yoxdur. Səmimi desəm, mümkün olduqca müxtəlif yazarları oxumağı sevirəm. Yerli yazarlarımızdan oxuya bildiklərimdən isə özüm üçün lazım olan istiqamətləri götürməyə çalışıram. Məsələn, İlyas Əfəndiyev, Varis Yolçuyev, Aqil Abbas, Ayişə Nəbi və digər yazarların əsərləri mənim üçün bu baxımdan maraqlıdır.

 

8.Hal-hazırda üzərində işlədiyiniz yeni layihə varmı?

 

-Bəli. Hal-hazırda üzərində işlədiyim bir roman və müharibə mövzusunda bir kitab var. Bunu da qeyd etmək istərdim ki, "Vətən Sahibi" kitabından sonra Daxili Qoşunların Xüsusi təyinatlısı olmuş, "Əfsanəvi tabor"un döyüşçüsü şəhid baş çavuş Mehdiyev Surxay Zülfi oğlundan bəhs edən "Surxayın İzi" kitabının müəllifiyəm. Hazırda hər iki kitab Türkiyə türkcəsində Türkiyədə çapa hazırlanır.

 

9.Sizcə, müasir ədəbiyyatımızın cəmiyyətə təsir gücü necədir və mütaliə sizi qane edirmi?

 

=Müasir ədəbiyyat insanlara öz dövrünü anlamaq imkanı verir. Cəmiyyətdə baş verən hadisələr (müharibələr, sosial problemlər, ailə münasibətləri və psixoloji böhranlar) bədii dillə uğurlu şəkildə ifadə olunduqda oxucu onları daha dərindən hiss edir və ən əsası, nəticə çıxara bilir. Bu nümunələrin sayı nə qədər çox olarsa, ədəbiyyatın təsir gücü də bir o qədər dərin olar.

Oxuma vərdişinə gəlincə, mən gənc nəslin nümayəndəsi olduğum üçün bugünkü mütaliə səviyyəsini keçmişlə müqayisə etməkdə çətinlik çəkirəm. Amma düşünürəm ki, hazırkı gənclərdə kitaba maraq mövcuddur. Bununla yanaşı, təkcə oxumaq deyil, oxunanı təhlil etmək və nəticə çıxarmaq da çox önəmlidir.

Mən gənc qələm dostlarımın əsərlərini də fürsət düşdükcə oxuyuram və inanıram ki, onların arasında gələcəkdə müasir ədəbiyyatımıza ciddi imza atacaq müəlliflər yetişəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.