“Biri ikisində” “Güneyli məşhurlardan Mərziyyə Üsküyi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

  

Pərvanə Məmmədli

Mərziyyə Üsküyi (1945-1973) – şair, yazıçı

 

Müəllim kimi çalışan Mərziyyə Əhmədi uşaqları çox sevirdi. Məsləkdaşı və  pedaqoq kimi tanıdığı Səməd Behrənginin təhsil və təlim sahəsindəki düşüncə və axtarışlarını mənimsəyib yola  çıxmışdı.  Həməsrləri onu dövrünün ən kəskin və cəsarətli şeirlərini yazan bir  yazar və  qadın hərəkatının  öncülü kimi dəyərləndirirdi.Mərziyyə ÜsküyiƏhmədi Dalğa özündən  sonra fars və türk dilində zəngin irs qoymuşdur. O,  hər  iki dildə  yazmış, fars dilində yazdığı qələm məhsullarını türk dilinə və əksinə, doğma dilində qələmə aldığı poetik nümunələri fars dilinə tərcümə etmişdir.

Güneydə onu yaxından tanıyanlardan biri, tanınmış güneyli araşdırıcı Məmmədrza Kərimi  “Azərbaycan aydınları “ kitabında  Mərziyyə haqda yazır: “M.Üsküyi şahın  əleyhinə silah və qələmiylə savaşa girdi. İranın və Güney  Azərbaycanın azadlığı və istiqlalı yolunda şəhid oldu. Bütün bunlar onun həm türkcə, həm  də farsca  yazdığı şeirlərdə və hekayələrdə  öz əksini  tapdı. Həqiqətdə xalqın eşqi, dərdi onu mübarizəyə qaldırmışdı. O, müəllim işlədiyi vaxtlarda istibdadla mübarizə aparan insanların sırasına qoşuldu və sonradan ən aktiv inqilabçıya  çevrildi. Ümumiyyətlə, bu işdə  müəllimlər tarixən  xalqın, kütlənin önündə getmişlər. O da kəskin qələmi, şeirləri ilə Azərbaycan dilini, mədəniyyətini sevdiyini bizə çatdırmışdır”.

  Ömrünü Fransada siyasi  mühacirətdə başa  vuran məşhur təbrizli  yazıçı, dramaturq Qulamhüseyn  Saidi  M.  Üsküyi haqda  yazırdı  ki, o, gözəl  şeirləri    dərin  fikri ilə öz  dövrünün ziyalılarından, eləcə də qadın hərəkatının  öncüllərindən  olmuşdur.

Dünya  şöhrətli yazıçı, “İranda yeni  ədəbi  tənqidin babası”  sayılan Kanada  universitetinin professoru, təbrizli Rza Bərahəni  ”Məhkum və təhkim mədəniyyət”əsərində onu dövrünün   ən  kəskin və cəsarətli şeirlərini yazan bir  yazar kimi dəyərləndirmişdi.

  Mərziyyə Üsküyi göstərdikləri hünər və qəhrəmanlığı ilə  tarixdə ad  qoymuş,  qadın  sələflərini öz varlığında yaşadan döyüş, mübarizə və qələm sahibi idi.

 O, milli zülm və ayrıseçkilikdən əzab çəkirdi və şahlıq rejiminin qadınlara olan münasibətindən narazı idi.

 Onun ilk kitabı 1974-cü ildə gizli şəraitdə nəşr edilmişdi. 1994-cü ildə isə Bakıda Mirzə İbrahimovun rəhbərliyi  ilə  hazırlanmış  “Cənubi  Azərbaycan ədəbiyyatı antologiyası” kitabına “Mən    Daməvənd”, “Dalğa”, “Əşrəf Dehqani üçün”, “Ölməz Çerik” şeirləri və “İlk ölüm təcrübəsi” adlı hekayəsi  daxil  edilib.  M.Üsküyü fədai yoldaşlarına bir neçə şeir ithaf etmiş, xatirə yazmışdır. Onun farsca yazdığı “Qaraçılar”, “Əli  Əsgər Herisinin həyatı” və  bir  neçə başqa  nəsr  əsəri hələ  çap  olunmayıb.

“İftixar” bir  adlı  şeirində döyüşkən  ruhlu qadının xarakteri, daxili aləmi canlı və gözəl  boyalarla verilir:  “Mənim bütün varlığım əməklə yoğrulmuşdur. Aclığımın qondarma, lütlüyümün əfsanə olduğunu iddia edənlər nə qədər şərəfsizdir. Mən bir qadınam ki, onun varlığını ifadə edən heç bir məfhum sizin bədnam mədəniyyətinizdə öz əksini tapmamışdır… Mən bir qadınam ki, zəhmət, əmək ona silah tutmaq qabiliyyəti də bəxş edib”.

 Mərziyyə Üsküyi çox zaman həyatın küncə sıxışdırdığı kasıb ailələrin arzularından və  ağrılarından  yazırdı. Sonuncuları  yaradan  səbəbləri  göstərməyi  unutmur,  həmvətənlərini mücadiləyə və xoş,  işıqlı gələcəyə ruhlandırırdı:

 

 İstirəm  ki,vətənimdə

Qanım  rəngli  bir  kilidlə

Azadlığa  yollar  açam.

Mən hamanam,

             Zülmü öz əliylə bogan

İstiqanlı  türkmənəm.

              İstəyirsən  deyim  kiməm?

Mən  oyam ki,  

Öz  xalqımın  qızıl  qanlı harayını

Tüfəngimin  boğazıyla

Vətənimin  zülm  əliylə alovlanan

                       Göylərinə hay  salıram.

 

Üsküyünün Bakıda bir çox toplularda şeir və hekayələri nəşr edilib. Mərziyyə  Üsküyi ilə bağlıMəmmədrza Kərimi, Mehdi Pənahi, Sabir Nəbioğlu, Vüqar Əhməd, Lətifə Mirzəyeva, Pərvanə Məmmədli və başqa tədqiqatçılar məqalələr yazıblar. Lətifə Mirzəyeva “Mərziyyə Əhmədi Üsküyü Dalğa: həyatı, mühiti və yaradıcılığı” adlı monoqrafiyasını, Bəxtiyar Vahabzadə “Mərziyyə”, Sabir Rüstəmxanlı “Hər kəs günəşi sevsə”, Mədinə Gülgün isə “Mərziyyə” adlı şeirini bu azadlıq mucahidinin xatirəsinə həsr edib.

2014-cü ildə fotoqraf Azadə Əxlaqi İran tarixində baş vermiş ölüm hadisələrini öz fotoları ilə yenidən canlandırıb. O, Məhəmmədtağı xan PüsyanƏli Şəriəti və digərləri ilə yanaşı, Üsküyü Mərziyyənin də ölümünü səhnələşdirib.

 Yaxın dostları Behruz Dehqani və Əlirza Nabdil ilə Tehrandakı Behişti-Zəhra qəbiristanlığında dəfn edilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.