“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Oxşar taleli, soldüşüncəli yazarlar Səməd, Əlirza və Mərziyyə...
Onlar azacıq zaman fərqləri ilə eyni şəhərdə doğulmuşdu, özlərini də bir məslək, eyni əqidə birləşdirirdi. Səməd, Əlirza və Mərziyyə… Üçü də inqilabi hərəkata qoşulmuşdu və yerli partizan dəstəsinin fəalları idi. Döyüşkən ruhlu bu gənclərə Tanrı tərəfindən bir qabiliyyət – yazıb-yaratmaq da verilmişdi.
O illərdə bütün dünyada tələbə hərəkatı baş qaldırmışdı. Başında üstü ulduzlu qara beret gəzdirən Çe Qevare – Dünya gənclərinin azadlıq simvoluna çevrilmişdi. Kubalı Çe Qevarenin ”Realist olun, mümkün olmayanı tələb edin” çağırışı bütün inqilabi düşüncəli gənclərin şüarı olmuşdu.
Bu cavanlar yaşadıqları ölkədə şah Pəhləvi rejiminə qarşı olan “Siyahkəl silahlı üsyanı” – Gənclər hərəkatına qoşulmuş yoldaşlarının etibarını qazanmışdılar. 1967-ci ildə İran boyu yayılan bu tətilə Təbriz Universiteti tələbələri də qatılmış, onun genişlənib böyüməsinə səbəb olmuşdular.
Üçü də ana dilinin vurgunu və qoruyucusu idi.
Hər üçü Təbrizdə doğulan bu gənclərin ən müqəddəs arzusu pedaqoq olmaq, məktəbdə uşaqlara ana dilini öyrədib sevdirmək, bu dildə əsərlər yazıb yaymaq idi. Onlar xalqın sevimlisi, görən gözü, dərdlərini, ağrılarını danışan dili idilər.
Yaşadıqları ölkədə siyasi səbəblərdən dogma dilləri yasaq olduğundan, onu ancaq evdə-eşikdə danışa bilirdilər. Elə buna görə də əsərlərini iki dildə, həm ana dilində, həm də farsca yazmaq məcburiyyətində idilər.
Bir araya gəlib marksist bir qrup yaratdılar. Peşəkar bir döyüşçü oldular, qələm və silahı birləşdirib o zamanlar xalqa xidmət etmək üçün yeganə çıxış yolu olan gizli inqilabi həyatlarına başladılar.
Günlərin bir günündə Səmədin Araz çayının ən dayaz yerində “boğulub” öldürülməsi dostlarına çox pis təsir etdi.
Taleləri oxşar olan bu gənclərin qədərləri də, təəssüf ki, faciəli və oxşar oldu. Hələ 30 yaşa və kama çatmamış həyatdan ayrıldılar. Amma öz əcəlləri ilə də ölmədilər. İkisi edam olundu, biri isə Araz çayında boğduruldu.
Söhbət Səməd Behrəngidən, Əlirza Nabdil Oxtaydan və Mərziyyə Əhmədi Üsküyi Dalğadan gedir.
Səməd Behrəngi (Behruz Dehqani də daxil) İranda Mərziyyə Üsküyi ilə bərabər uşaq ədəbiyyatını ilk yaradanlardan oldu. Əlirza Nabdil Oxtay isə Güney Azərbaycanda çağdaş poeziyanın əsasını qoydu.
Səməd Behrəngi (1939-1968) –tanınmış yazıçı, folklor toplayıcısı
Nasir, tərcüməçi, nümunəvi müəllim və publisist kimi tanınan Səməd Behrəngi İran və Cənubi Azərbaycan uşaq ədəbiyyatının qurucusu sayılır. Səməd Behrəngi bütün həyatını və yaradıcılığını xalqının milli mədəniyyətinin qorunması və inkişafı yolunda mücadiləyə həsr etmişdir.
Səməd Behrəngi bu yeni milli ruhlu gənclərdən biriydi. Ədəbiyyata şair kimi qədəm qoymuşdu. Lakin o, dostu Behruz Dehqani ilə birgə xalq içindən topladığı nağıllarla, yazdığı hekayələrlə yadda qaldı. Zəngin ənənəsi olmayan bir ölkədə gənc yazarın nəsrə üstünlük verməsi təsadüfi deyildi. O, böyüməkdə olan nəsli yaşlılara rəğmən daha mübariz, haqsızlığa, ədalətsizliyə barışmaz ruhda görməyi arzu edirdi. Ona görə də bütün diqqətini gənc nəslə yönəltmişdi. Azərbaycanın ucqar kənd məktəblərində müəllimlik edən S.Behrəngi həmişə Azərbaycan türkcəsində danışdığı kimi, əsərlərinində hamısını öncə ana dilində yazmışdır. Folklor nümunələri toplamaqla (Behruz Dehqani ilə birlikdə) və ədəbi əsərlərlə yanaşı, təhsilə, pedaqogikaya aid məqalələr, esselər yazmış, tərcümə ilə məşğul olmuşdur. Səməd Behrəngi ilk yazılarında təhsil sisteminin nöqsanlarını tənqid edir, getdikcə cəmiyyətin digər qatlarına baş vururdu. Uşaq ədəbiyyatına həsr olunmuş bir məqaləsində o, cəmiyyətin passiv və faydasız əxlaq qanunlarını tənqid edərək yazırdı:
Uşaq ədəbiyyatını təbliğat və nəsihətçilik ilə məhdudlaşdırmağın vaxtı keçib... Niyə gərək biz uşağı faydasız, şadlıq və xoşbəxtlik ümidilə torda saxlayaq... Firavan yaşayan insanların həyatdan bəhs etməyi, onların məhəbbətindən, əxlaqdan danışmasının bir tikə quru çörəyə möhtac insanlara qətiyyən faydası yoxdur.
Ədib uşaqlara birbaşa xitab etmək üçün əsərlərini nağıl şəklində yazırdı. O, ənənəvi didaktik metodun uğurlu olmayacağını bilirdi. Behrəngi yaşadığı cəmiyyətin problemlərinin gələcəkdə həllini təmin edəcək əsərləri ilə uşaqlara bir növ mesajlar çatdırmağa çalışırdı. O, əsərlərində uşaqlarda milli varlıqlarına, dillərinə məhəbbət yaradır, eləcə də onları gələcək həyata hazırlayırdı.
Folklora, mifologiyaya meyil onu simvolların dili ilə yazıb-yaratmağa yönəltdi. Bu əsərlər azadlıq, kimlik, yoxsulluq, təhsilsizlikdən tutmuş, dövrün sosial-psixoloji dərdlərini də içinə almışdı.
Səmədin qələmə aldığı ilk nağıl “Ulduz və qarğalar” olub. O, “Ulduz və qarğalar” nağılından əvvəl Ulduzun dilindən oxucusuna izahat verir, mətni düzgün dərk eləmək, şəraiti anlamaq üçün onu hazırlayır, ona açar verib mühiti göstərirdi. Oxucuya tam aydın olur ki, hadisələr azərbaycanlı ailəsində cərəyan edir və iştirakçılar da Azərbaycan türküdür.
S.Behrənginin ilk çap əsəri, özü demişkən, onu “talifat sahibi” eləyən “Parə-parə” kitabı olmuşdu. O, bu kitabda nəzərə aldığı və toxunduğu Arazın hər iki sahilindən olan Azərbaycan şairlərinin gözəl və məzmunlu şeirlərini yüzdən çox xalq bayatısı ilə birlikdə yerləşdirmişdi. Bu ilk əsərin buraxılışı Səmədə baha başa gəldi, məhkəməyə çağırıldı. Kitabda “Azərbaycan” şeirinə yer verdiyi üçün töhmətləndi. Beləliklə, kitab yasaq edildi və Pəhləvi rejimində bir daha çap edilməyib aradan götürüldü.
S.Behrəngi xalqın dilində dolaşan nağıl və mifləri toplayıb tərtib etdi, onlara bədii yön verib yenidən yazdı. O, Azərbaycan folkloru ilə yanaşı, İranın təhsil sistemi ilə bağlı məsələlər üzərindədə işləmiş, problemləri çözərək onların həlli yollarını təklif etmişdir.
O zaman Təbrizdə nəşr olunan “Mehdi Azadi” və “Adinə” və dövrünün bir sıra tanınmış “Xoşe”, “'Bamşad”, “Negin”, “Rahnoma-ye ketab” kimi qəzet və jurnallarında məqalələr yazmış, ayrıca bir qəzet də çıxarmağa təşəbbüs göstərmişdi.
Behrəngi 1950-ci illərin sonlarında qısa hekayələr yazmağa və türkcədən fars dilinə tərcümə etməyə başladı.
Məcbur olub onları farscaya çevirməli oldu. Səmədin “Balaca Qara Balıq” adlı hekayəsini ölümündən sonra bütün dünya uşaqları öz dillərində oxuya bildi:
Ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boş-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur!
Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa da bilərəm. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir.
Səmədin əsərləri hətta öz ölkələrinin müstəqillik və xoşbəxt günləri uğrunda mübarizə aparan mübariz insanlarının masaüstü kitabına çevrilmişdi. Bu hal Türkiyədə daha qabanq cizgiləri ilə özünü göstərmişdir. Görkəmli ədəbiyyatşünas, Səməd haqda dəyərli tədqiqat əsərlərinin müəllifi Qulamhüseyn Fərnud yazırdı ki, 1970-ci ildə İstanbulda onun əksər əsərlərinin naşiri olan “Arkadaş” nəşriyyatmda məşhur türk yazıçısı Erzal Öz ilə söhbət edirdik. Elə bu vaxt cavan bir oğlan və qız içəri daxil oldular. Səmədin kitablanndan 50 cild istədilər. Söhbətlərindən aydın oldu ki, toy məclislərində Səmədin kitablarını bir dəstə gül ilə orada iştirak edən cavanlara hədiyyə vermək istəyirlər.
Başqa bir örnək də budur ki, 1970-ci ildə Türkiyədə generallann məşhur qiyamından sonra rejimə qarşı müxalifətə qalxan cavanların əksəriyyətinin evlərindən Səmədin kitabları tapılmış və ölkədə Səmədin əsərlərinin nəşri qadağan edilmişdir.
Səməd Behrənginin adı hələ sağlığında Güney Azərbaycanın ayrı-ayrı bölgələrində dillər əzbərinə çevrilmişdi.
Kəskin süjeti, orijinal personajları, canlılığı, emosionallığı ilə fərqlənən bu nağıllar uşaqları qətiyyətli addımlar atmaga və tamamilə yeni, fərqli bir həyata səsləyirdi.
Nakam ölümündən sonra əsərlərinin nəşri istər Cənubi Azərbaycanda və İranda, istərsə də dünyanın müxtəlif ölkələrində böyük maraq doğurdu. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. Səməd öz yaradıcılığında elə dərin insani münasibətlərdən danışmış və onları elə sadə bir dillə əks etdirmişdi ki, həm kənddə, həm şəhərdə yaşayan xalq kütlələri öz müştərək dərdlərini, səslərini onun yazılarında gördülər və eşitdilər.
Onun əsərləri ən yüksək beynəlxalq ödülə layiq görülmüş və bir çox dillərə çevrilmişdi.
“Ədəbiyyat və incəsənət”
(16.04.2026)


