İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"İmamverdi xiridardır, mənəviyyat xiridarıdır, insanlıq xiridarıdır. Onun insan mənəviyyatına o qədər eşqi, şövqü, bağlılığı var ki, bununla məşğul olaraq az qala özünü unudub" – bu kəlmələr Məsud Əlioğluya məxsusdur.
Azər Turan və Etibar Əbilovu – bu iki tanınmış ziyalını əlbət ki, çoxlarınız tanıyırsınız. Bu gün söhbətim onların ataları - ədəbiyyatımızın görkəmli xadimi İmamverdi Əbilov barədədir. Bu gün onun vəfatının 10 illiyidir.
İmamverdi Əbilov 19 dekabr 1927-ci ildə Neftçala rayonunun Züd-Ost Qoltuq kəndində anadan olub. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə balıq vətəgələlərində başlayıb, 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1953-cü ildən Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olub.
Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilib. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olub. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olub, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilib, çıxışlar edib.
1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə yenə də Moskvada Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayındanümayəndə olub. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olub. Moskvada, Tehranda, Təbrizdə, Bağdadda, Tbilisidə keçirilən elmi simpozium və konfranslarda məruzələrlə çıxış edib.
Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olub. 800-dən artıq məqaləsi dərc olunub. Filologiya elmləri doktorudur. "Rəsul Rza" (1960), "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Şəhidlər mehrabı. Rəhmət duası", "Ömrün anları", "Əsrlər… nəsillər… əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013) kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunub.
2000-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülüb. "Qabaqcıl Maarif Xadimi"dir. SSRİ maarif əlaçısı olmuşdur. Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatı laureatı adına layiq görülüb. "S. Vurğun" xatirə diplomunun, "Araz" ali ədəbi mükafatının, "Akademik Mehdi Mehdizadə" Ali pedaqoji mükafatının, "Rəsul Rza" və "Xudu Məmmədov" Beynəlxalq ədəbi mükafatlarının laureatıdır. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvüdür.
Onu daha yaxşı tanımağınız üçün tənqidçi Vaqif Yusiflinin "Köhnə kişilər" silsiləsindən oaln “İşıq kimi bir ömür: İmamverdi Əbilov” məqaləsindən bəzi seçmələr etmişəm, buyurun, tanış olun:
"Ömrün və elmin romantikası" kitabında "Məktublar" adlı bir bölmə var. Orada Azərbaycanın demək olar ki, üzdə olan bütün sənətkarların İmamverdi müəllimə ünvanladığı məktublar təqdim edilir. Sözün yaxşı mənasında dəhşətə gəlirsən-bu qədər məktubları göz bəbəyi kimi qoruyub hifz eləmək hər kişinin işi deyil. Və İmamverdi müəllimə ünvanlanan bütün məktubların başında bu sözləri oxuyursan: "Əzizim" "Hörmətli", "Əziz qardaşım", "Möhtərəm", "Dostum", "Əziz və hörmətli" və s. Bu məktublar tədqiqata cəlb edilərsə, XX əsr Azərbaycan epistolyar janrının inkişafı haqqında geniş təsəvvürə malik olarıq.Amma çox təəssüflənirəm ki, o kitabda mənim İmamverdi Əbilova ünvanladığım iki məktubun heç birinə təsadüf eləmədim. Tərtibçi və redaktor Azər Turan-İmamverdi müəllimin oğlu-dostumdan qətiyyən incimirəm. Amma nə yaxşı ki, İmamverdi müəllimin 2010-ci ildə mənə poçtla göndərdiyi bir məktubunu itirməmişəm. Mən AzTV-nin "Ovqat" proqramında çıxış etmişdim. İmamverdi müəllim o verilişə baxmış və poçtla mənə məktub göndərmişdi.
"Hörmətli Vaqif müəllim! Salam! Sizə uzun, sağlam, axtarışlar eşqi ilə dopdolu uğurlu ömür arzulayıram! Bildiyiniz kimi tale mənə ötən əsrin işıqlı-dahi şəxsiyyətləri ilə dostluq etmək, ünsiyyətdə olmaq səadəti bəxş etmişdir.
Bu ulu insanlar içərisində Azərbaycan şeirinin dağ qartalı olan Rəsul Rza ilə dostluğumuzun da şərəfli tarixi vardır. Səhhətimin bərbad çağında iftixarla düşünürəm ki, böyük şairlə dostluq etdiyim 22 il müddətində şeirimizin sultanlıq səltənətini - Rəsul Rza poeziyasının idrak rayihəsini daşıyanlardan biri olmuşam. Bu həqiqəti ədəbi ictimaiyyət də, sükutla yaşayan tarix də təqdir və təsdiq edir.
Bir zaman eynək mənə gözlərim qədər əziz idi. İndi bu "əzizlənmə də itib. Bu məktubu üç lupa böyüdücü arxasından yazıram. Cismani əzablar gözlərimin nurunun itirilməsi qorxusu, daha nə bilim nələr, nələr... Amandır, səhhətinizi qoruyun... "Ovqat"da dediniz ki, Rəsul Rza haqqında kitabım oxuculara təqdim olunub. Şəksiz, mənimlə şərik olarsınız ki, bu mübarək kitabın ilk nüsxəsi mənim kitabxanamda olmalıdır. Əziz-girami övladım, gözlərimin işığı, ürəyimin taqəti Azərimə də verə bilərsiniz.
Lakin Azərim o qədər ürəyiyumşaq, səxavətlidir ki, o kitabı ondan kim istəsə, dərhal tərəddüdsüz ona bağışlayacaq, "qaytarmaq şərti ilə" ifadəsi isə çoxdan dəbdən düşüb. Mümkünsə, poçtla birbaşa mənə göndərin.
Ədəbi düşüncəmizin flaqmanı - "Azərbaycan" jurnalının əməkdaşlarına-qardaşım oğlu İntiqam müəllimə, Südabə xanıma, Tofiq Mahmudova salamlarımı yetirin.
Süleyman Rüstəm haqqında yazımı verdiniz, sağ olun! Unudulmaz dostum haqqında o yazını gözlərimin yaxşı çağında yazmışam. Sizə sağlam səhhət, ailə fərəhi, yaradıcılıq uğurları arzulayıram. HACI İMAMVERDİ ƏBİLOV".
Bu yazının əvvəlində vurğuladığım "İşıq" kəlməsinə qayıdıram. Məncə, böyük ziyalımız İmamverdi Əbilovun ömrü də başdan-ayağa işıqdan, nurdan yoğrulmuşdu. Qibtə edilməli işıqlı ömür...”
Bir verilişə baxıb da, ondan aldığı zövqü bölüşmək üçün müəllifə məktub yazır. Halbuki, gözləri zəifləyib, üç lupa böyüdücü ilə yazmaq məşəqqətdir. Amma o, yenə də yazır. Çünki ən böyük amalı əlahəzrət “söz”ə xidmət etnəkdir. Heç nəyə baxmayacaq, bunu edəcək. Bax belə bir fədai idi İmamverdi Əbilov.
9 aprel 2016-cı ildə - düz 10 il əqdəm, ömrünün 89-cu ilində bu işıqlı dünyadan axirət dünyasına köçdü. Amma nə qədər ki ədəbiyyatımız var, o daim yaşayacaq.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.04.2026)


