İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Çingiz Abdullayev!
Çağdaş Azərbaycanımızda “yazıçı”, “kitab” kimi ibarələr işlənincə, mütləq yada bu ad düşür. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınması ilk olaraq onun adıyla bağlıdır.
Bu gün ünlü yazıçının doğum günüdür, ömrünün 67-ci baharına qədəm qoyur.
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olub.
Çingiz Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb.
1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib. Hüquq elmləri namizədi alimlik dərəcəsi alıb (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) seçilib
Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan PEN klubunun prezidentidir.
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazıb-yaradıb.
İngilis və italyan dillərində danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılıb, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 200-dən çox kitabın müəllifidir. Kitabları dünyanın 32 dilinə tərcümə olunaraq nəşr olunub. Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunub.
Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olub. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir. 31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.
Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazıb. Ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən "Vals" (1981) və "Bir tikə çörək" (1981–1982) ilə başlayıb. Yazıçının ilk böyük əsəri — "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı" nəşr olunub. Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.
2000-ci ildə İsveçin "Tresselit" ("Tresselit") nəşriyyatı Abdullayevin "Qaranlıq simfoniyası" romanını nəşr etdirib. 2004-cü ildə Rumıniyada "Paidea" nəşriyyatı tərəfindən 5000 nüsxə tirajla "Dronqo"romanı, 2009-cu ildə isə "Günəş altında qaranlıq" romanı nəşr olunub. Tərcüməçi professor Dumitru Balandır. Çingiz Abdullayevin Estoniyada dörd kitabı nəşr olunub — Mənim gözəl alibim (2008), Kabuslar tuneli (2008), Demək olar ki, inanılmaz qətl (2010), Öz dünyanı yarat.
Çingiz Abdullayevin üç romanı – "İdeal hədəf", "Bütlərin yükü" və "Öldürməyə öyrədilmiş" romanları Fransanın "L’Aube" ("L’aube"; "Sübh") nəşriyyatında çap olunub. "İdeal Hədəf" romanı daha əvvəl fransız dilində nəşr olunub. 2015-ci ildən Latviyanın "Juvetas" nəşriyyatı Çingiz Abdullayevin bir sıra romanlarını nəşr edib – "Bütlərin yükü" (2015), "Tənha ürəklərin evi" (2015), "Tərsinə çevrilmiş reallıq" (2016), "Qurban sindromu" (2016), "Alliqator xətti " (2017), "Həvəskarların arzusu".
2003-cü ildə "AVE" nəşriyyatı müəllifin daha iki kitabını latış dilində nəşr edib — "Minillikdə bir dəfə " və "İcazə verilən səhv".
"Avropanın ələhidarları" romanı. 2015-ci ildə Bosniya və Herseqovinada nəşr olunub. Xaricdə nəşr olunan digər romanlar arasında İngilis Bulvarı (Serbiya, 2019), Transilvaniyaya Səyahət (Polşa, 2016), Oliqarxın Varisi (Albaniya, 2006), Əfsanə hüququ (Ukrayna, 2010)
Bolqarıstanda 1996-cı ildə "Herodun kölgəsi", 2005-ci ildə "Adında şər" və "Adında xəyanət" romanları çap olunub. Yazıçının əsərləri toplu və jurnallarda rumın, belarus, macar və alman dillərində çap olunub.
Filmoqrafiya
Əsər müəllifi kimi
- Dronqo (serial, 2002) (bədii serial) (Rusiya)
- Məhkumlar (film, 2006) (tammetrajlı bədii film)
Ssenari müəllifi kimi
- Dronqo (serial, 2002) (bədii serial) (Rusiya)
- Məhkumlar (film, 2006) (tammetrajlı bədii film)
- Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film)
- Xeyirlə şərin rəqsi (film, 2015) (tammetrajlı bədii film)
Məsləhətçi kimi
- 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film)
Prodüser kimi
- Adın sirri və tale. Qurban Səid (film, 2010)
Təltifləri
- Azərbaycan Respublikasının xalq yazıçısı
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şöhrət" ordeni
- Xarici İşlər Nazirliyinin medalı (Azərbaycan)
- Yusif Məmədəliyev adına qızıl medal (Azərbaycan)
- Belarus Yazıçılar İttifaqının medalı
- "Şərəf" ordeni
- "Dostluq" ordeni (Rusiya) — 19 may 2020
- "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Dünyaşöhrətli yazıçının mediaya müsahibələrində onun sənətə və həyata baxışları əks olunub.
-Sizin dedektiv janrında yazmağınıza atanızın prokurorluq sistemində işləməsi təsir etməyib?
-Mənim ulu babam, babam hüquqşünas olub. Qrdaşlarım, əmilərim də… Uşaqlarım da hüquqşünasdır. Uşaqlıqdan bilirdim ki, mən də hüquqşünas olacam. Yəni bizdə beş nəsil hamısı hüquqşünasdır. Sovet vaxtı uşaq baxçasında soruşanda, hamı kosmonavt olmaq istəyirdi, amma mən hüquqşünas. 10-cu sinifi qurtaran kimi hüquq fakültəsinə qəbul oldum.
Ona görə də bu peşənin yaradıcılığıma təsirini istisna etmirəm. Təbii ki, mən əgər həkim olsaydım, onda gərək həkimlərdən yazardım. Mən bu peşəni bilirəm, özümü hüquqşünas hesab edirəm. Belə deyək- hobbisi yazıçı olan hüquqşünas... Hüquq isə həyat reallıqlarını əks etdirir.
Mərhum rejissor Rasim Ocaqov mənə deyirdi ki, sən insanları aldadırsan. O deyirdi ki, sən dedektiv yazdığını desən də, əslində həyatı yazıb onu dedektiv şəklində insanlara təqdim edirsən. Əsərlərimə çəkilən filmlərimə baxan jurnalistlər deyirdilər ki, bizi niyə aldadırsınız? Axı bu dedektiv deyil, əslində faciəvi bir məhəbbət hadisədir.
Mən əsərlərimin hamısına dedektiv adı qoyuram. Çünki bunu hamı qəbul edir. Nə edəsən, dedektiv belədir də… Ciddi ədəbiyyat deyil, amma onu oxuyurlar. Dedektiv əsərlərini ən çox cavanlar oxuyur. Gənclər kitab çox oxuyanda bu məni sevindirir. Mən istəyirəm ki, cavanlar daha çox oxusunlar.
-139 adda, 27 dildə 25 milyon nüsxə kitab. Belə baxanda balaca Azərbaycanda yaşayan bir yazıçının bu qədər tirajda kitabının çap edilməsi adama birtəhər gəlir. Niyə sizi oxuyurlar?
-Bunu çox adam soruşur. Tanınmış yazıçı Con Mark demişdi ki, müsəlman olan yazıçı ümumiyyətlə dedektiv yaza bilməz. Ona görə ki, onların dini irrosional dindi. Xristianların dini rasionaldı. Şəkil çəkib konkret göstərirlər ki, bax bu İsa peyğəmbərdi, bu isə iblisdir. Bizdə bu bu belə deyil. Bizdə Allah ürəyimizdədir. Biz ya inanırıq, ya inanmırıq. Bilirsiniz, mən oxunmağımı təkcə dedektivlə əlaqələndirməzdim.
Görünür kitablarımda nəyəsə toxuna bilirəm, nəsə alınır. Dedektiv yazıçıları çoxdur. Görünür ki, mən oxucularıma nəsə verə bilirəm. Kitablarımı İsveç və Norveçdə 32 yevroya satırlar. Görəndə ki, insanlar bu kitabları həvəslə alır, az qala istəyirəm onlara deyim ki, ay balam, almayın bu qiymətə. Mən o qədər də ağıllı deyiləm. Türkiyədə xeyli kitabım çıxıb, Amerikada, Fransada, Bolqarıstanda, Ruminyada və Ukraynada kitabımlarım nəşr olunub.
Sizə deyim ki, mən heç vaxt sifarişlə yazmamışam. Amma Ukrayna dilindəki bir kitabı sifarişlə yazmışam. Bu prezident Yanikoviçlə bağlı kitabıdır. Bu bizim üçün də bir fəxrdir. 60 milyonluq Ukraynada yazıçı tapmadılar mənim yanıma gəldilər. Görünür mən insanlarda nəyə isə toxuna bilmişəm ki, insanlar oxuyur.
Mənə deyirlər ki, sən insanları başa düşə bilir, onları bizə çatdıra bilirsən. Çindəki səfirimiz Yaşar Əliyev kitablarımı Monqolustanda və Vyetnamda görüb. Həmişə çalışıram kitablarımda yalnız həqiqəti yazım. Mənə deyirlər ki, sən elə acı həqiqətləri yazırsan ki, bu bizə təsir edir.
-Sizin sevdiyiniz dedektiv yazıçı varmı?
-Jorj Slinoru, Aqata Kristi, Konan Doylu, Con Makleri sevirəm. Amerikanın bu günkü yazıçılardan Pattersonu sevirəm. Onun kitabları xoşuma gəlir.
Xaqani Səfəroğlu və Vüqar Ağamalıoğlunun müsahibəsindən istifadə edilib
“Ədəbiyyat və incəsənət”
(07.04.2026)


