“Biri ikisində” - “Çagdaş Güney Azərbaycan ədəbiyyatı: dünəndən bu günə” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

Çagdaş  Güney  Azərbaycan ədəbiyyatı: dünəndən bu günə.

 

Azərbaycan mədəniyyətinin, tarixinin böyük bir hissəsi Güney Azərbaycanla bağlıdır. Amma Azərbaycanı  iki  əsr  bundan əvvəl  ayırsalar da,  xalq həmişə mənən  bir  olmuşdur.

XIX və XX yüzilliklərdə cərəyan edən siyasi və ictimai hadisələr bütün Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da yeni realist bir ədəbi istiqamətin yaranmasına əhəmiyyətli zəmin yaratmışdı. XX əsrin ictimai-siyasi gedişləri poetik fikrin bütün qollarına təsir etmişdir. Bu dövr şairləri arasında fars dili ilə ortaya qoyulan “yeni şeir” anlayışına Azərbaycan şairlərinin əhəmiyyətli qatqısı olmuşdur.

          Şair və yazarların bir çoxu öz ana dilləri ilə bərabər, fars, eləcə də ərəb dillərində də yazıb-yaratmışlar. Milli Hökumət dövründə gənc yazarlar Poeziya məclisinin qurulmasından faydalanaraq ədəbiyyata yeni ruh gətirmişlər.

Pəhləvi rejiminin əlilə Milli Hökumət  məhv edildikdən sonra göstərilən məclisin  qalan nümayəndələri ilə 40-cı illərdə ədəbiyyata gələn şairlər ədəbi gedişata yön vermiş, onun poetik rəngarəngliyini təmsil etmişlər.

          1960-cı illərdən etibarən Cənubi Azərbaycan ədəbiyyatında Şimala doğru başlayan yaxınlaşma şeirdə də özünü göstərir. Xüsusilə Məhəmmədhüseyn Şəhriyar, Bulud  Qaraçorlu Səhənd, Həmid Nitqi,  Barış, Həbib  Sahir, Həsən  Məcidzadə Savalan, Kərim  Məşrutəçi Sönməz, Haşım Tərlan kimi şairlər şimaldakı qardaşlarına səs verərək qarşılıqlı əlaqə yaradılmasına səy göstərmişlər.

          Pəhləvi rejiminin devrilməsi və İran İslam Respublikasının qurulmasından sonra əldə edilən nisbi azadlıq mühitində (1979 – 1981) Azərbaycan türkcəsində kitab, qəzet və jurnal bumu yaşanmış, ədəbi mühitdə özəl bir canlanma baş vermişdir.

 

Nədənsə çoxları Güney Azərbaycan ədəbiyyatı  deyəndə ancaq “Ayrılıq, həsrət, Araz” mövzusunu, uzaqbaşı Şəhriyarı göz önünə gətirir. Güneyli yazarların göstərilən  qəliblərdə qalmayıb, əksinə, onu çoxdan vurub sındırdırdığını, hətta   deyərdim ki, Quzeydəki yazarlardan sənət baxımından geri qalmayan ədəbi nümunələr yaratdığını görürük.

          Heç kəsə sirr deyil ki, ana dilində rəsmi təhsil almaq problemi ilə üz-üzə qalan güneylilərin ədəbiyyat dünyası mütaliə və oxucu gərginliyi ilə hələ də müşayiət olunmaqdadır. Bu dildə oxuyub düşünmək çoxlarına, təbii ki, çətindir. Bütün bunlara rəğmən, bu gün Azərbaycan ədəbiyyatına maraq artmaqdadır.

 

          Güney Azərbaycanda xalqın dili, ədəbi və mənəvi dəyərləri  son 100 ildə daim gərginlikdə  qalıb basqılı bir həyat yaşayıb. Bu səbəbdən də  yaranan ədəbiyyat  daha çox dirəniş və özünütəsdiq  kimi məzmunlar daşıyıb.

          Milli oyanış, hər şeydən əvvəl ana dilində yazılmış olan ədəbiyyatda özünü göstərib. Burada yaranan  ədəbiyyat ilə milli azadlıq hərəkatı həmişə qoşa olub. Hər inqilabdan, xalq hərəkatlarından sonra mədəni həyatda da irəliləyiş olub.

Rejim Azərbaycan türklərinin tək ədəbiyyat və dil sahəsini deyil, eləcə də teatr, kino, musiqi və incəsənət sferalarını basqı altında saxlamağa çalışıb.

Quzey Azərbaycanın müstəqillik əldə etməsi, onun dünyada söz sahibi olması Güneydə milli özünəqayıdışa böyük təkan verdi. Arazın hər iki tayında  vahid  bədii dünyagörüşün, hətta deyərdik ki, ortaq ədəbi prosesin formalaşma prosesi ortaya çıxdı. Ədəbi  janrların mənzərəsindəki fərqlərə baxmayaraq,  bu gün Güney və Quzey Azərbaycanda poeziyadakı axtarışların məzmun  və sənətkarlıq  tutumu bunu təsdiq edir.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.