Maştağanın söz xiridarlarından biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Böyükağanı yaxından tanıyanlar onun nə qədər səmimi, ürəyiaçıq, nikbin, olduqca nəcib və təvazökar bir insan olduğunu yaxşı bilir"

Azərbaycan SSR xalq şairi Süleyman Rüstəm

 

Şair, tərcüməçi Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulub. Atası Məmməd kişi 1903-cü ildə Bakıya köçüb xırdavat dükanı sahibi, sonra adi fəhlə olub. Böyükağa yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində, sonra isə sənaye institutunda təhsil alıb.

Ədəbi yaradıcılığa 30-cu illərdə başlayıb, ilk şerlərini məktəblilərə həsr edib. Onun ilk kitabı – "Murad" poeması 1937-ci ildə çapdan çıxıb. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirib . İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursant, 1941-ci ilin dekabrında Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib işləyib.

Xüsusi tapşırıqla İrana göndərilib, sonra təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər, hərbi klubda rəis vəzifələrində işləyib. Ordudan tərxis ediləndən sonra "Ədəbiyyat qəzeti"ndə incəsənət şöbəsinin müdiri, daha sonra "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri olub. A.S.Puşkin, N.Nekrasov, N.V.Qoqol, T.Şevçenko, İ.Franko, M.Bajan, P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini doğma dilə çevirib.

 Füzulinin "Yeddi cam" əsərini, M.F.Axundovun "Puşkinin ölümünə Şərq poeması"nı farscadan, "Sasunlu David" eposunu ermənicədən tərcümə edib. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri olub. Sonra bütün qüvvə və bacarığını yaradıcılıq işinə verib.

1957-ci il avqustun 29-da 41 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.