“Ədəbiyyat və incəsənət” portalının “Hekayə saatı” rubrikasında bu gün sizlərə AYB Oğuz təşkilatının sədri Vüsal Oğuzun “Əmanət” hekayəsi təqdim edilir.
Hər dəfə küçədə it gəzdirən xanım görəndə həmən o hadisə yadıma düşür. Yadıma düşür deyəndə ki, əslində, neçə il keçsə də unutmamışam. Günü bu gün də o əməlimdən xəcalət çəkirəm.
.. .Bakıda, nəhayət, özümüzə mənzil ala bilmişdik. Onbeş il kredit ödəməliydim. Amma ona sevinirdim ki, ilk övladımızın dünyaya gəlməyinə saylı günlər qaldığı bir vaxtda kirayələrdən çıxıb öz evimizə yerləşə bilmişdik. Təəssüf ki, sevincimin və rahatlığımın ömrü uzun olmadı. Səbəbini indi deyərəm.
İşdən evə gəlmişdim. Yeməyimi yeyib, divana yayxanıb telefonu əlimə almışdım ki, həyat yoldaşım qonaq otağının qapısında göründü:
– Alt mərtəbəyə yeni kirakeş köçüb.
– Kirakeş olduğunu hardan bildin? Bəlkə, öz evidir? Bizim kimi.
– Qonşulardan eşitdim. Ev yiyəsi ayrı adamdı. Evi təhvil verib getdi.
– Tanış olmağa da fürsət tapıbsan... – Yoldaşım səsimdəki ironiyanı havada tutdu və eyni təmkinlə:
– Tək qadındı. Əşyalarını daşımağa qonşular kömək elədilər.
Mənə görə söhbət burda bitmişdi. Yeni qonşunun kim olduğu mənə maraqlı deyildi.
– Əslində, tək yaşayır demək olmaz. İtini də gətirib. Alman ovçarkasıdır. Amma elə bil, illərdir düz-əməlli yemək verməyiblər. Sümükləri çıxıb yazığın.
– Əsl alman ovçarkaları elə olur. – Həyatında alman itləri haqqında bir yazı oxumayan, filmə baxmayan biri kimi bu söhbəti özüm də bilmədim hardan düzüb-qoşdum.
– Nə bilim vallah,qadın da sakit insana oxşayır.
– Neçə yaşı var?
– Bunun söhbətə nə dəxli var?
– Adətən, elə itləri cavan xanımlar saxlayır, bir də rus babulyaları.
– Yox, rus-zad deyil, bizimkidi. O boyda itnən bir otaqlı mənzildə necə yaşayacaq? Evdə də it olar? İy-qoxu...
– Təmizliyini edəcək, bəlkə də, balkonda yer düzəldəcək.Yalan olmasın, bu saat şəhərin yarısı evində it-pişik saxlayır. – Bilirdim ki, yoldaşım hələ bu barədə uzun-uzadı danışmaq istəyir, amma yorulmuşdum, həm də mənə qətiyyən maraqlı deyildi;kim nə saxlayır, harda saxlayır, özü bilər.
Gecənin bir aləmi oyandım. Yoldaşımın yatağı boş idi. Durub mətbəxə keçdim. Ürəyim yerinə gəldi.
– Yenə narahatsan? Təpikləyir?
– Yox, yata bilmirəm.
– Haran ağrayır?
– Heç yanım ağrımır.
– Bəs niyə yatmırsan?
– Bir az gözlə, görəcəksən niyə yatmıram.
Vəziyyətdən heç nə anlamadığım üçün mat-mat üzünə baxırdım. Elə ağzımı açıb demək istəyirdim ki, “Ay qız, dur gəl uzan yerinə, yuxun gələcək” alt mərtəbədən gələn ulartı səsinə diksindim.
– İndi bildin niyə yatmıram?
Vəziyyətdən çıxmaq üçün deməyə nəsə fikirləşirdim ki, bu dəfə bayaqkından da uzun bir ulartı gəldi, ardınca da kəsik-kəsik hürməyə başladı.Yuxudan yarımçıq duranda özümdə olmurdum,indi də itin gecənin bu vaxtı ulaması məni özümdən çıxartdı. İstədim əynimi geyinib düşəm bir mərtəbə aşağı, qapını döyəm, vəziyyəti başa salam. Yoldaşım qoymadı.
Nəhayət, itin səsi kəsildi. Ürəyimdə “şükür, daha yatmaq olar ” – deyib, yerimə gedirdim ki, qapıdan qayıtdım. Evin hansı kübcündə itin uladığını təxmin eləyib,dabanımı döşəməyə vurdum. Ulartı kəsdi.
Yerimizə uzanıb tavana baxırdıq. Yenə ulartı, zingilti başladı. Dişimiz bağırsağımızı kəssə də səbrimizi basıb susurduq. Gözləyirdik görək bunun axırı nə olacaq. Nə vaxt o xanım itini susduracaq. Üstünə acıqlanacaq. Xanımın özü nə vaxt bu ulartıdan, zingiltidən narahat olacaq. İtinin istədiyini verib, sakitləşdirəcək. Səhəri dirigözlü açdım. Yoldaşımı oyatmadan evdən çıxdım.
Bütün günü işdə mürgü döydüm. Key kimi hərləndim. Bir yandan da fikrim evdə qalmışdı. Yenicə ev alıb rahatlığa çıxdığım vaxtda nə işə düşmüşdük?!Onsuz da yolldaşım son günləri çox narahatdı. Canı ağrıyır, hövsələsi tükənib, sinirləri oyaqdı, bir yandan da bu it.
Kompüterdə alman ovçarkaları haqında araşdırdım. Dükanlarda onlar üçün hansı yeməklər satıldığına kimi öyrənib qurtaranda ofisdə tək qalmışdım. Tələm-tələsik yığışdım. Binanın tinindəki marketən çörək, meyvə, çaxır götürdüm. İtlər üçün yeməklərin satıldığı vitrinin qarşısından keçəndə dayandım. Bir-ikisini əlimə götürdüm. Qiymətləri münasib idi. Amma fikirləşdim: tutaq ki, aldım apardım, bunu tanımadığın adama nə deyib verəcəm? Niyəsə, hardansa məndə elə hiss yarandı ki, gecə o it acından ulayırdı. Bir yandan da düşünürdüm ki, evində o boyda it saxlayan adam onun yeməyini alır.
Əla şam yeməyi, çaxırın xumarı əhvalımı yüksəltmişdi. Yeməkdən sonra çay, mütaliə, daha sonra birlikdə izlədiyimiz serial başımızı qatmışdı. Çox gec yatan deyiləm. Çaxırın gətirdiyi yuxunun təsirindən yatağıma girən kimi gözlərim yumuldu.
Gecənin bir aləmi dik atıldım.Yenə ulartı başlamışdı. Səs mətbəxin altındakı hissədən gəlirdi. Əvvəlcə kəsik-kəsik, sonra uzun-uzadı davam edən ulartılar, zingildəmələr.
Binamızdakı mənzillərin çoxu hələ boş idi. Mənim iki qapı qonşum köçməmişdi. Elə alt qonşunun üzbəüz mənzillərində də hələlik təmir gedirdi.
Ulartı bir müddət ara verdi.İçimdə bu “konsertin” bitdiyinə inanmağa başlayırdım ki, yenə başladı. Mənə elə gəlirdi ki, it bu gecə daha bərkdən ulayır. Deyəsən,bir ara döşəməni cırmaqladı da. Başa düşə bilmirdim ki, niyə o xanım itini susdurmur? Yoldaşımla oturub bunu əsəbi-əsəbi müzakirə edirdim. Yenə yoldaşım imkan vermədi gedim qapısını döyüm.
– Gəl yat. Bir az ulayıb dayanacaq.
– Dünən görmədin? Hara dayanır. Ölüb o qız, niyə itin susdurmur, başa düşmürəm? Bəlkə, itə işgəncə verir?
– Heyvandı da, söz qanır?
– Qanmır, aparıb versin həyət evində qalan qohumlarına. Binada tək yaşamır ki, qonşu var. Niyə məni narahat eləməlidir? Almaniyada elə adamları məhkəməyə verirlər. İşdən gəlmişəm, yuxusuzam, yorğunam, bu itin ulartısında mən necə rahat olum? – Bərkdən deyinirdim, səsimi it yiyəsinə eşitdirməyə çalışırdım, guya eşidəcəkdi.
Yatağıma uzansam da beynimdəki fikirlər yuxuya getməyə imkan vermirdi. Gözümün qabağına üzünü görmədiyim itin sahibəsi gəlmişdi.Vəziyyəti anlatmağa çalışırdım; gah səsimin tonunu qaldırır, gah da qadını iti satmağa sövq edirdim.
Hər axşam eyni ulaşma, eyni zingilti... Yoldaşım deyir gündüzlər itin səsi gəlmir. Heç elə bil o evdə it yoxdu.
Şənbə günü yoldaşım qonşunu bizə dəvət eləməyə getdi, dedik, xoşluqla oturaq başa salaq. Həyətdəkilərdən eşidib ki, yeni qonşu itini gəzməyə çıxarıb. Dedim, hər halda, axşama qayıdar. Mən də bəhanəylə eyvanda qalmışdım, onun yolun gözləyirdim, daha doğrusu, güdürdüm. İtli bir qadın bloka girən kimi yoldaşımı göndərəcəkdim. Tanışlığımız baş tutmadı.
Qərara gəlmişdim ki, məsələni sahə müvəkkilinə deyəcəm. Qoy bu işə əncam çəksin. Ürəyimdə alt qonşunun qarasınca düz-əməlli deyinməyə macal tapmamış, gəlib çatdım sahə müvəkkilinin otağının qarşısına. Qapını döyüb keçdim içəri. Sahə müvəkkili məni diqqətlə dinlədi, qarşıma kağız, qələm qoydu, dedi şikayətini yaz.
Küçəyə çıxanda elə bildim üstümdən dağ götürüldü. Mənə görə işin əsas hissəsi həll olundu.
***
Qapı açılanda yoldaşımın üzünə diqqətlə baxmadım.
– Nə xəbər?
Yoldaşım başını buladı.
–Çay verim, yoxsa, yemək yeyirsən?
Yeməyimi necə yediyimi hiss eləmədim. Fikrim qəti idi –yoldaşımı götürüb qonşu ilə danışığa gedəcəm. Heç gərək sahə müvəkkilinə getməyəydim. Özüm yoluna qoymalı idim bu məsələni.
Qapının döyülməsi məni fikirdən ayırdı. Yoldaşım qapıya getdi.
– Salam. Axşamınız xeyir.
– Salam.
– Bağişlayın, narahat edirəm. Keçmək olar?
– Buyurun, əlbəttə.
– Yeni qonşunuzam–altdakı.
– Hə, bilirəm. Tanıdım, keçin içəri.
Otağa 35-40 yaşlarında, orta boylu xanım daxil oldu.Mən qalxdım, qonağa divanda yer təklif elədim, o, stul çəkib əyləşdi.
– Sizə çay gətirim. – yoldaşım mətbəxə keçdi. Mən harda əyləşəcəyimə qərar verə bilmədiyimdən, hələ də ayaq üstə qalmışdım. Düzü, bu xanımın belə rahat gəlməsi, əyləşməsi və deyindiyim vaxtda gəlib sözünün üstə çıxması məni çaşdırmışdı.
– Beş dəqiqəyə çay hazır olacaq.
– Mən itin sahibiyəm. Alt mərtəbədəki qonşunuz, şikayət etdiyiniz...
– Biz şikayət eləməmişik – Yoldaşım məndən əvvəl dilləndi. Hiss elədim ki, pərt oldum, rəngim ağardı.
– Mən şikayət eləmişəm. Bilirsiniz,xanım, o it...
– Bilirəm. Sizi narahat elədiyimizi bilirəm. Sahə müvəkkili çağırmışdı, vəziyyəti mənə izah elədi. Sonra tanıdı məni. Yoldaşımın keçmiş hərbçi dostlarındandı. Yoldaşım şəhid olub.
Otağa sükut şökdü. Əslində, hiss elədim ki, yer yarıldı, yerə girdim.
– Məkanı cənnət olsun.
– ...sərhədçi olub.Onun itidi. Təlim keçmiş, ağıllı itdir.4 il birlikdə gəziblər cəbhə bölgələrini, postları. Elə sonuncu gün də birlikdə olublar. Şuşa döyüşləri başlamamışdan əvvəl...Snayper gülləsindən ağır yaralanmışdı. Meşədə qanaxmadan şəhid oldu. Döyüş yoldaşları 3 gün cəsədini axtarmışdılar, amma bu it tapmışdı.Müharibədən sonra iti mənə verdilər. Məzarını hər dəfə ziyarətə birlikdə gedirik, it bilir ki, yoldaşım orda torpağın altındadı. Onun üçün zingildəyir, ulayır, çağırır. Əslində, onlar əsgər yoldaşı, səngər yoldaşı, nə bilim, müharibə yoldaşı olublar.
– Bilsəydim... inanın ki... – Xəcalətimdən ölüb yerə girmişdim. Hələ də ayaq üstəydim və hiss eləyirdim ki, bu gəlinin qarşısında yumağa dönürəm.
– Mən bura sizdən üzr istəməyə gəlmişəm. Sabahdan sizi narahat eləməyəcək.
– İti başqasına verirsiniz?
– Yox. O, şəhidimin yadigarıdı, əmanətidi. Bir qohumum xaricə köçür. Sabah onu bağ evinə köçürük.
– Bəs, sizə ev verməyiblər?
– Vermişdilər. O evi 3 uşaqlı bir qazıyə bağışladım.O yoldaşımın nəşini meşədən çıxaranda vurmuşdular. İki ayağı da iflicdi. Mənə nə var e, tək adamam...
Bu gəlinin fədakarlığı da bir tərəfdən məni heyran eləmişdim. Bilmirdim onun qarşısında necə dayanım. Hətta boyumdan utanırdım. Şikayətim üçün xeyli üzrxaxlıq elədim. Dil tökdüm. Dedim, sabah birinci işim gedib şikayəti geri götürmək olacaq.
– Yoldaşınızın adını demədiniz.
– Xalid.
– İcazə verin şəhidimizin adını oğlumuza qoyaq.
Qadının gözləri gülmsədi. Bu təbəssüm evimə işıq kimi doldu.
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)


