İlk müasir Azərbaycan romanı onun qələminə məxsusdur Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Yeni nəsillərin sələflərini tanımaq həm haqqı, həm borcudur. Yazıçını bugünün insanına layiqincə tanıtmaq lazımdır. Ədəbiyyatımıza, dilimizə xidmətdə ömür sürmüş belə insanlar gərək unudulmasın"

Rafael Hüseynov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

 

Müasir Azərbaycan nəsrinin görkəmli təməlçilərindən olan və onun təkamülündə çox fəal iştirak edən ədiblərdən biri də xalq yazıçısı Ələkbərzadə Əbülhəsəndir. Əbülhəsənin təmsil etdiyi nəsil müasir cəmiyyətimizin formalaşmasının bilavasitə şahidi və iştirakçısı olub. 12 mart 1904-cü ildə Azərbaycanın Şamaxı qəzasının Basqal kəndində anadan olub. Bakı darülmüəllimini bitirib.

 Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə "Azərbaycan" jurnalında baş redaktor vəzifələrində işləyib. Döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə "Qırmızı əmək bayrağı" ordeni, fəxri fərmanlar və döyüş medalları ilə təltif edilib. "Yoxuşlar", "Müharibə", "Dostluq qalası", "Tərs adamlar", "Dünya qopur", "Seçilmiş əsərləri" (üç cilddə 1984 və s. kitabların müəllifi olub.

Bir sıra nasirlərimiz kimi Ə. Əbülhəsən də yaradıcılığının ilk illərində şeirlə daha çox məşğul olub. 1925–27-ci illərdə "Maarif yolu" jurnalında onun "Dağlar","Şahbuzdağı", "Bahar yağışları", "Qasımkəndin yaxınlığında", "Etirafdan", "Cortel axşamı" və başqa şeirləri dərc olunub. bu əsərlər lirik xarakterdədir, əsasən təbiət lövhələrindən ibarətdir. Lakin Əbülhəsənin yaradıcılığı üçün ən səciyyəvi janr romanıdır.

İlk müasir Azərbaycan romanı da onun qələminə məxsusdur. Azərbaycan ədəbiyyatında roman janrının tarixi Z. Marağayının "Səyahətnaməmeyi-İbrahimbəy" (1888), N. Nərimanovun "Bahadır və Sona"(1896), S. M. Qənizadənin "Gəlinlər həmayili"(1900) kimi əsərlərilə başlansa da, onun əsil inkişafı 1930-cu ildən sonralara aiddir. Otuzuncu illəri Azərbaycan nəsrinin roman dövrü adlandırmaq mümkündür. Cünki məhz bu illərdə bir-birinin ardınca çox dəyərli romanlar yaranır və onların bəziləri indi də öz şöhrətini saxlayır. M. S. Ordubadinin "Dumanlı Təbriz", S. Rəhimovun "Şamo", Mir Cəlalın "Dirilən adam", Ə. Vəliyevin "Qəhrəman" əsərləri bu illərin ən uğurlu romanlarındandır. Müasir Azərbaycan romanınının ilk nümunəsi isə "Yoxuşlar" idi. "Yoxuşlar" kənddə kollektivləşmə hərəkatına həsr edilib.

1930-cu ildə çap olunan "Yoxuşlar"ın birinci hissəsini müəllif 1933 və 1938-ci illərdə təkmilləşdirib. Yazıçı roman üzərində yaradıcılıq işini davam etdirmiş və 1962-ci ildə əsərin ikinci hissəsini çap etdirib. 1933-cü ildə yazılan "Dünya qopur" romanında Azərbaycan zəhmətkeşlərinin hakimiyyəti ələ alması və inqilabi dövlət yaratması prosesi verilib.

 "Dünya qopur" həm müəllifin, həm də o zamankı bədii nəsrimizin görkəmli nailiyyəti idi. Bu əsərini də Ə. Əbülhəsən bir neçə dəfə təkmilləşdirib. 1980-ci ildə isə "Üç ildən sonra" adı ilə həmin əsərin son versiyasını çap etdirib.

 

Kitabları

- Əbülhəsən. Seçilmiş əsərləri: 3 cilddə

- 1-ci cild. "Dünya qopur" (roman)

- 2-ci cild. Tamaşa qarının nəvələri (povest)

- 3-cü cild. "Utancaq" (povest) "Sədaqət" (roman)

 

Əbülhəsən 20 may 1986-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.