Elşən Təhməzov, “Ədəbiyyat və incəsənət”
Amma yenə bu millətim
zülmlərdən qorxmadı heç,
dayanmadı, durmadı heç.
Öz kökünə dayandı o,
qeyrətinə sığındı o.
Azərbaycan ədəbiyyatında xalqın tarixi yaddaşını, ağrısını və iradəsini poetik dilin gücü ilə ifadə edən əsərlər xüsusi yer tutur. Bu baxımdan Nəsir Qədirlinin “Qisas” poeması yalnız bir bədii əsər deyil, milli yaddaşın fəryadı, tarixin ittiham aktı və gələcəyə ünvanlanmış çağırış manifestidir. Bu poema həm ədəbi-estetik, həm fəlsəfi, həm də siyasi-ictimai məzmun baxımından çoxqatlı struktura malikdir. O, oxucunu təkcə duyğulandırmır, həm də düşündürür, silkələyir və mövqe tələb edir.
Nəsir Qədirli (Xankişiyev Nəsir Famil oğlu) 1956-cı il 11 yanvar tarixində Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olmuşdur.
"Dünya məni aldadıb", "Həqiqətlər, gümanlar","Qisas", "Məndəki Mən", "Qana bələnmiş torpaq", "Üşüyən fikirlər, kövrək sətirlər" və.s bədii kitablarının müəllifidir. Uzun müddət ADU-da yüksək vəzifələrdə çalışmışdır. Hal-hazırda müəllim kimi fəaliyyət göstərir. Filologiya üzrə elmlər namizədi və dosentdir.
"Qisas" poeması şairin eyniadlı kitabının özəyini təşkil edən əsərlərdən biridir. Sərbəst vəzndə qələmə alınmış əsərin oxunuşu axıcıdır. Forma xüsusiyyətləri oxucunu əsəri oxumağa vadar edir. Ümumi ideya və mövzu xəttinə isə nəzər yetirsək görürük ki, poemanın mərkəzində iki əsrlik əsarət, işğal, qırğın və soyqırımı motivi dayanır. Müəllif “İki yüz il – iki əsr, xalqım olub əsir-yesir” misraları ilə əsərin tarixi miqyasını müəyyənləşdirir. Burada zaman sadəcə xronoloji ölçü deyil, kollektiv ağrının davamlılığının göstəricisidir.
Gah şimaldan,
gah cənubdan,
hücum çəkib
qarı düşman.
Şimaldan və cənubdan gələn hücumlar, “qarı düşmən” obrazı, işğalçıların birinin gedib digərinin gəlməsi – bütün bunlar tarix boyu təkrarlanan faciəvi dövriliyin rəmzidir. Bu təkrarlanma oxucuda yığılan enerjinin partlayışa çevrilməsi təəssüratı yaradır.
Əsərin əsas ideyası isə aydındır: tarixi ədalətsizliyin cavabsız qalmaması, milli ləyaqətin bərpası və qisasın labüdlüyü. Lakin burada “Qisas” anlayışı təkcə emosional intiqam deyil, o, haqqın bərpası, milli kimliyin qorunması və tarixi ədalətin təmin olunması kimi təqdim edilir.
Yenə itim, yenə ölüm,
bu xalq olub bölüm-bölüm.
Qanı axıb bu millətin
haqsız yerə neçə kərə.
Sığmayıbdır bu haqsızlıq
yerə, göyə.
Poemada konkret coğrafi məkanların sadalanması – Şamaxı, Quba, Lənkəran, Bakı, Zəngəzur, Qarabağ və xüsusilə Xocalı nümunənin bədii əsər olmaqla yanaşı, sənədli yaddaş funksiyası daşıdığını da göstərir. Toponimlərin əhəmiyyəti poemanın digər misralarında daha aydın özünü büruzə verir. Tarixin müxtəlif qatlarına varan şair burada Azərbaycan tarixinin gerçəkliklərini oxucuya çatdırır. Poemada təkcə bir dövr yox müxtəlif tarixi hadisələr qabardılır. Bu adlar həm də sadəcə fon deyil, onlar kollektiv travmanın koordinatlarıdır. Müəllif tarixi faktları emosional çalarla təqdim edir, lakin mətnin içində soyqırımı, deportasiya, sürgün, repressiya kimi anlayışların elmi-siyasi alt qatları da sezilir. “Kulak”, “qaçaq” kimi ifadələr sovet repressiyalarına işarədir. “Sibir” motivi isə sürgün və məhv siyasətinin simvoludur. Təkcə işğal və meydanda baş verən proseslər yox, həm də xalqımıza hər mənada göstərilmiş təzyiqdən bəhs olunur. Təkcə poetik emosiyanın məhsulu, həm də tarixi şüurun ədəbi formasını özündə əks etdirir.
Bu qanların cavabı yox,
qisası yox, əvəzi yox,
Bu millətə arxa duran
kimsəsi yox, dayağı yox,
Haqsızlığı ölçmək üçün
bir mizanlı tərəzi yox.
“Qisas” poemasının bədii güclərindən biri də təkrir və hiss-həyəcan üzərində qurulmasıdır. “Qisas deyir, qisas, qisas" ritmik və psixoloji təsir yaradır. Bu təkrarlar oxucunun şüurunda döyünən bir ürək kimi səslənir, həmçinin bədii təsvir və ifadə vasitələrindən yerində istifadə olunmuşdur.
“Qisas yatıb ürəklərdə, damarlarda laxtalanıb” - burada qisas bioloji bir varlıq kimi təqdim edilir. Bu da əsərin müxtəlif aspektlərdən psixoloji, mənəvi, bioloji amil kəsb etdiyinin göstəricisidir.
“Qan muzeyi, can muzeyi” – kütləvi məzarlıqların ironik şəkildə “Muzey” adlandırılması ağrılı bir effekt yaradır.
“Şüşə kimi parça-parça, çilik-çilik çilikləndik” – alliterasiya və fonetik təkrar parçalanma hissini gücləndirir. Səslənmə funksiyasını genişləndirir.
Mətnin dili sərt, birbaşa və emosionaldır. Müəllif estetik bəzəklərdən çox, sözün təsir gücünə arxalanır. Burada poetik gözəllik ağrının içindən doğur. Əsər realist üslubda yazılıb, lakin romantik hisslərə də rast gəlmək mümkündür.
Bir düşmənim
olaydı kaş!
Çəkinməzdim,
ağrınmazdım,
qürur ilə bu düşmənin
ayağına qoyardım baş.
Bir düşmənim
olaydı kaş!
Nəsli-kökü bəlli düşmən,
qırx ayaqlı, əlli düşmən.
Bu misralarda müəyyən kinayə və eyhamı da başa düşmək mümkündür, el arasında ehtiyatsız və güvənilməyən dostdansa, mərd düşmənin üstün tutulması bu əsərdə öz əksini bariz formada tapmışdır.
Ədalət dilemması ilə dolu poemanın fəlsəfi mərkəzi “Qisas” anlayışının mahiyyətindədir. Qisas burada şəxsi intiqam yox, kollektiv ədalət tələbidir.
Müəllif “Silahsıza əl qaldırmaq – bir qəbahət!” deyərək etik sərhədi müəyyənləşdirir. Bu misralar göstərir ki, şair üçün mübarizə namərdliyə qarşıdır, insanlığa qarşı deyil. Deməli, qisas anlayışı humanist çərçivədə təqdim olunur: ədalətə söykənən, amma zəifə qarşı yönəlməyən bir mübarizə. Nəsir Qədirlinin bu poemasında da qisas anlayışı humanist çərçivədə ədalət axtarışıdır. Əsərin digər misralarında bu daha rahat duyulur.
Bir cüt dığa, bir cüt harsın!
Bəs bu qisas necə olsun?
Bu qisası dığalardan,
yersiz, soysuz yağılardan,
kim istəsin, kimlər alsın?
“Göydə Allah, yerdə insan” ifadəsi isə metafizik və dünyəvi ədalətin birləşməsini simvollaşdırır. Burada həm ilahi hökm, həm də insan məsuliyyəti vurğulanır.
Psixoloji dinamikada verilən poema oxucunu sakit müşahidəçi mövqeyində saxlamır. O, çağırır, silkələyir.
“Daha bəsdir” nidaları psixoloji qırılma nöqtəsidir. Uzun illər susmuş, gözləmiş, ləngimiş xalqın səbir kasası dolur. Emosional dinamika mərhələli şəkildə artır:
1. Keçmişin təsviri – ağrı və kədər
2. İndiki vəziyyətin təhlili – qəzəb və etiraz
3. Gələcəyə çağırış – ümid və qərarlılıq
Bu struktur oxucuda silkələnmə yaradır: əvvəl ağrı ilə yüklənir, sonra isə azadlıq və güc hissi ilə yoğrulur.
Əsərin digər hissələrində də şair öz etiraz hissini nəzərə çarpacaq dərəcədə qələmə verir, düşmən millətinin sərt formada xarakterini açır.
Bu millətin tayfası yox,
zatı qırıq bir kimsənə,
qatır kimi mayası yox.
Bu millətin özü budur,
astarı bu, üzü budur,
Tarixin müxtəlif mərhələlərində Azərbaycana qarşı həyata keçirilən soyqırımı və faciələrə müəllif hayqırtı ilə toxunur.
Bu qırğınlar, bu soyğunlar,
qanlar töküb, canlar alıb,
yüzminlərlə Türkün oğlu
qanlarına qəltan olub.
Qırğın olub, soyğun olub,
axan sular qanla dolub:
körpə qanı, uşaq qanı,
bu qırğında qan verməyən
insan hanı?
Əsəri oxuduqca şahidi olduğumuz məqamlar daha da artır, incələməli, yenidən mütaliə eləməli olduğumuz hissələr özünü parlaq formada büruzə verir. Təbii ki, əsərdə Azərbaycanın uğurlarından da bəhs olunur. Belə ki bayrağımızın uca zirvələrdə dalğalanması, siyasi arenalardakı uğurumuz da poemada öz əksini tapır.
Göyün yeddi qatınadək
ucalıbdır bayrağımız,
Böyük-böyük məclislərdən
gəlir bizim sorağımız.
Var içində millətlərin
öz imzamız, öz adımız.
Milli birlik ideyası ilə zəngin poemanın son hissəsində müəllif müasir dövlətçilik ideyasına keçir. “Azərbaycan-Türkiyə” birliyi vurğulanır, “İki dövlət bir millət” konsepsiyası səslənir. Burada Azərbaycan və Türkiyə arasında qardaşlıq ideyası milli gücün dayağı kimi təqdim olunur.
Bütün dünya bilir ki, biz,
iki dövlət, bir millətik.
əməldə bir, işdə birik,
Azərbaycan-Türkiyəyik.
Birlikdədir dayağımız,
enməz bir də bayrağımız.
Həqiqətin haqq yoludur,
məsləkimiz, amalımız.
Günəş kimi parlamada,
açılmada sabahımız.
Sülh hayqırır sənətimiz,
Həm nəğməmiz, həm türkümüz.
Qanad çalır, pərvazlanır,
Kəhkəşanda peyklərimiz.
Halal olsun, bu dövləti
quranlara!
Bu dövlətin təməlini
belə möhkəm qoyanlara!
Rəhmət olsun! Rəhmət olsun!
Ulu Heydər babamıza!
işıq saçmış öz zəkası,
hikmətiylə yolumuza.
Eyni zamanda, “Ulu Heydər babamıza” misrası ilə Heydər Əliyevə istinad edilir. Bu istinad siyasi liderin dövlət quruculuğundakı rolunu vurğulayır və poemaya çağdaş siyasi kontekst əlavə edir.
Beləliklə, qisas ideyası xaotik yox, dövlətçilik çərçivəsində təqdim olunur. Azərbaycan və Türkiyə birliyi yüksək səviyyədə tərənnüm olunur, oxucular üçün poema həm də iki dövlət üçün qardaşlıq rəmzidir.
“Qisas” poeması yaddaşdan gələcəyə uzanan manifestdir.
Nəsir Qədirlinin əsəri emosional bir çağırış olmaqla yanaşı, milli kimliyin poetik manifestidir. O, tarixi faciələri unutmamağa, amma eyni zamanda zəifliyə qapılmamağa səsləyir.
Bu əsər oxucunu həm ağladır, həm qürurlandırır, həm də məsuliyyət hissi aşılayır. Qisas burada nifrətin yox, haqqın bərpasının adıdır.
Poemanın sonunda səslənən “Heç nə görmək istəmirəm… qisas alın, qisas, qisas” misraları artıq fərdi bir istək deyil, kollektiv şüurun hökmünə çevrilir.
Bu qəbildəndir ki, istedadlı şairin arzuları reallaşdı və o qisas alındı. Əsər 44 günlük Vətən müharibəsindən əvvəl yazılmışdır, elə bu nöqteyi-nəzərdən ədəbiyyat nümayəndəsinin hissləri, arzuları, duyğuları, yaşadığı sarsıntılar, buna rəğmən gələcəyə inam, vətənə güvən hissi özünü bərqərar etdi və xalqın qisası alındı. Torpaqların işğaldan azad olunmasında istedadlı şair Nəsir Qədirlinin "Qisas" poemasının danılmaz rolu vardır.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)


