“Bir şair, bir şeir”də Nail Zeyniyev və “Düşdüm” şeiri Featured

 

Nail Zeyniyev, “Ədəbiyyat və İncəsənət”

 

Ədəbi söhbətlərimə ara verib, qərara gəldim ki, bu gün sizlərin qarşısına “Bir şair, bir şeir” rubrikası ilə çıxım. Xoş mütaliələr.

 

Torpağa qarışan yağışlar kimi,

Süzülüb taleyin bağrına düşdüm.

Mən elə bir vaxtda doğulmuşam ki,

Elə bil dünyanın axırına düşdüm.

 

Boşalıb, dolanda qara buludlar,

Buludlar könlümdən ilham alırlar.

Bir yanım xəzandan sonra bahardı,

Qəlbimin bu qışa ümidi vardı.

Bu qışın yerini kim aldı, Allah?

Hələ ağ dənələr səpələnməmiş,

Bu qışdan başıma qar ələnməmiş

Günəşim bir anda qaraldı, Allah..

 

Baş aça bilmədim bu gethagəldən,

Üzümə gülürdü yol qovaqları.

Qismətim beləymiş demə əzəldən,

Mən ötüb keçmədim qaranlıqları.

 

Yenə bir sabahdan yazıram sənə,

Göy qədər uzaqdan yazıram sənə.

Kağıza töküldü bağrımın qanı,

Hanı gəncliyimin ilk həyəcanı.

 

Məni də almamış əcəl dünyadan,

Qızımın saçına sığal çəkərdim.

Mən çıxıb gedəndə

məzarım üstə

Ağlayan qadının əlini öpərdim.

 

Torpağa qarışdım yağışlar kimi,

Həyatla savaşdım, qırğına düşdüm.

Mən elə bir yerdə doğulmuşam ki,

Dünyanın sonuncu cığırına düşdüm.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.