Mənim məhəbbətim kövrək, nigaran… Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Mənim məhəbbətim kövrək, nigaran,

Alovla bükülmüş bir ürəkdədir.

Sənin həsrətinlə, sənin odunla

Yanıb xısın-xısın əriməkdədir.

                                       Hüseyn Razi

 

Hüseyn Razi 1924-cü il oktyabrın 17-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olub. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra Culfa rayonunun Ərəzin kəndində orta məktəbdə müəllim işləyib.

İkinci Dünya müharibəsində Sovet ordusu sıralarında Oryol, Kursk, Bryansk istiqamətində gedən döyüşlərdə iştirak edib, yaralanmış, sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri məktəbini bitirib, ikinci Pribaltika cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmət edib, ordudan tərxis olunub.

Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, "Şərq qapısı" qəzetində ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan MR üzrə xüsusi müxbiri vəzifəsində çalışıb. "Şərq qapısı" qəzetində Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri olub, sonra təqaüdə çıxıb

 S. M. Kirov adına ADU-nun (indiki BDU)  filologiya fakültəsini bitirib. 1947-ci ildə ilk şeirləri "Şərq qapısı" qəzeti və "İnqilab və mədəniyyət" jurnalında çap olunub, bundan sonra dövri mətbuatda müntəzəm olaraq çıxış edib. O, poetik yaradıcılıqla bərabər tərcümə ilə də məşğul olub. M. İsakovski, L. Martınov, S. Mixalkov, S. Şipaçev, O. Şestinski, R. Həmzatov, R. Babacan, A. Bartonun şeirlərini dilimizə tərcümə edib

Şeirləri türk, tatar, fars, fransız və rus dillərinə tərcümə olunub. Dramaturq kimi onun "Odlu diyar" (1963), "Tarla gözəli" (1964), "Günəş" (1968), "Arxalı dağlar" (1974), "Haray səsi" (1978), "Şirinliyin acısı" (1981) pyesləri teatrlarda tamaşaya qoyulub. "Buludlar arasında", "Həyəcanlı gecə" nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerklərin, teatr resenziyalarının, "İrəvan ədəbi mühiti" adlı irihəcmli tədqiqat işinin müəllifidir.

Çexiya, Macarıstan, Slovakiya, Polşa, İran, İraq və başqa xarici ölkələrə səfər edib. Xidmətlərinə görə bir neçə medalla, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanlarına layiq görülüb. 1998-ci ildə fevral ayının 27-də vəfat edib və doğulduğu Dəstə kəndində dəfn edilib.

 

Əsərləri

1. Kəndimizin səhəri (şeirlər)

2. Buludlar arasında (povest)

3. Ana məhəbbəti (şeirlər

4. Tarla gözəli (bir pərdəli pyes)

5. Ömür yolları (şeirlər)

6. Həyəcanlı gecə (povest)

7. Həmişəbahar (şeirlər)

8. Araz sahilində (şeirlər)

9. Səsləşən dağlar (şeirlər)

10. Canlı tonqal (şeirlər)

11. Ayrılmaram (şeirlər)

12. Sahil həsrəti (şeirlər)

13. Gözün aydın (şeirlər)

 

XX əsrin ikinci yarısında Azərbaycan ədəbi mühitinin seçilən nümayəndələrindən biri də Hüseyn Razi olmuşdur. Onun yaradıcılığı həmişə ictimaiyyətin diqqət mərkəzində olub. Naxçıvanın Səməd Vurğunu hesab edilən istedadlı qələm ustası  Hüseyn Razinin  Azərbaycan poeziyasında xüsusi bir yeri vardır. Azərbaycan ədəbi mühitində sevilən şair, nasir, dramaturq və publisist Hüseyn Razi haqqında Əməkdar elm xadimi, professor Hüseyn Həşimli yazırdı:

 “Hüseyn Razi sözün əsl mənasında böyük şair idi. O, regionda yaşayıb milli ədəbiyyata dəyərli töhfələr verən azsaylı sənət adamlarındandır. Onun şeirləri də, poemaları da, qələmindən çıxmış nəsr, dramaturgiya, ədəbi tənqid və publisistika nümunələri də əsl istedadın, qaynar ilhamın bəhrəsi olmaqla Vətən və xalq qarşısında ziyalı məsuliyyətinin əyani təcəssümüdür”.

Şair Hüseyn Razinin yaradıcılığı mövzu etibarilə də zəngin bir yaradıcılıq olmuşdur. Məhəbbət mövzusu ədəbiyyatımız  üçün hər zaman aktual olduğu kimi, şair H.Razi üçün də başlıca müraciət edilən mövzulardan birini təşkil etmişdir. Sevgi və məhəbbət duyğularının tərənnümü klas­sik ədəbiyyatımızdan gələn bir ənənədir.

Hüseyn Razi yaradıcılığında həm klassik poeziya örnəklərindən,  həm də müasir şeirin ən müxtəlif formalarından istifadə etmişdir. Sevgi  lirikasının əsas mövzusu insan qəlbinin duyğu və həyəcanları, insan gözəlliyini böyük sənətkarlıqla vəsf etməsidir.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı Natavan İbrahimova qeyd edir ki, Hüseyn Razinin gözündə məhəbbət insanın gözəlliyinə pərəstiş, həyat sevgisi, insanpərvərlik, dostluq, düzlük, vəfa və səda­qət deməkdir. Onun  məhəbbət mövzusunda yazdığı şeirləri özünə­məx­susluğu, bənzərsizliyi, səmimiliyi ilə seçilir. Hüseyn Razinin “Cavab” şeiri məhəbbət lirikasının ən gözəl örnəklərindən biridir.

Şair öz duyğularını obrazlı şəkildə dilə gətirir.  Şair məhəbbətini kövrək, nigaran, hətta alova bükülmüş bir ürək adlandırır. Eləcə də aşiq olduğu qızın eşqi  ilə ürəyinin xısın-xısın əridiyini lirik parçalarla ifadə edir:

 

Mənim məhəbbətim kövrək, nigaran,

Alovla bükülmüş bir ürəkdədir.

Sənin həsrətinlə, sənin odunla

Yanıb xısın-xısın əriməkdədir.

 

Şairin məhəbbət şeirləri içərisində həsrət, ayrılıq və bunlardan doğan iztirab motivləri də güclüdür. “Alışdım oduna pərvanə kimi ” – deməklə özünü odda yanan pərvaniyə bənzədərək  bəddi təsvir  vasitələrindən biri olan təşbeh işlətmişdir. Sonda təxəllüsünü işlədir. Şairin lirik qəhrəmanının məhəbbəti  uğursuz məhəbbətdir:

 

Sən məni unutdun əfsanə kimi,

Alışdım oduna pərvanə kimi,

Raziyəm, bu dərdli nişanə kimi,

Bütün dərdlərimin başına yazdım.

Bütün bu deyilənləri ümümiləşdirsək, nəticə etibarı ilə deyə bilərik ki, Hüseyn Razi XX əsr Azərbaycan ədəbiyyatının son illəri  ərzində öz istedadı ilə diqqəti cəlb edən qüvvətli sənətkar olmuş, özündən sonra yaşamaq qüdrətini saxlayan bir çox dəyərli əsəsrlər yaratmışdır. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, şair və publisist Hüseyn Razinin sevgi lirikası mahiyyətcə təmiz, saf, insani hisslərlə yoğrulmuş lirikadır. Şairin məhəbbət şeirləri habelə özünün sadəliliyi, axıcılığı, səmimiliyi və poetik ünsiyyətcilliyi ilə diqqəti cəlb edir.  

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.