Təbriz yadıma düşdü… Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Gül bitər qayada da,

Dürr parlar dəryada da,

Yatanda röyada da

Təbriz yadıma düşdü.

***

Ta qədimdən asimanın ağ şamlarının

Öz nağılı, əfsanəsi, rəvayəti var.

O, xəyaldır... İndi Bakı axşamlarının

Öz aləmi, öz cəlalı, öz şöhrəti var.

***

Ucuz tutmasınlar bu sovqatımı

Hissimi, duyğumu, ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

 

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim!

 

 

Əli Tudənin 3 müxtəlif şeirlərindən bəndlər gətirdim.

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli Tudə 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik edib daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. Əli 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb. 150 saylı orta məktəbdə oxuyub.

Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib.

 1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib. Təhsili yarımçıq qalıb. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirib. O, Miyanə-Zəncan dəmiryolunda fəhləliyə başlayır və bir müddət sonra oradan ayrılır.

Əli Tudə sonradan Astara-Ənzəli şosse çəkilişində iştirak edib. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub. Silahı və qələmi ilə mübarizə aparıb. 1944-cü ildə "Hizbitudeyi-İran" partiyasına daxil olub. Ərdəbil vilayət partiya komitəsində Əliyə partiya bileti təqdim olunarkən ona, "Tudə" ("Xalq" deməkdir) təxəllüsü verilib.

1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub. 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunub.

Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırıb. 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub. 1944–1945-ci illərdə İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı, Milli hökumət yarandıqdan sonra 1945–1946-cı illərdə Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri işləyib.

Məktəbdə tədris üçün nəzərdə tutulmuş "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb. Daha sonra İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradıb, onun ilk və son müdiri olub. Filarmoniyanı təşkil etmək üçün bölgələri gəzərək istedadları bura cəlb edib. 22 yaşında ikən Azərbaycan Milli hökuməti tərəfindən "21 Azər" medalı ilə təltif edilib.

Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra çap ərəfəsində olan şeirlər kitabı, mətbəədə yandırılıb. Şah Əli Tudənin tutulduğu anda məhkəməsiz öldürülməsi haqqında fərman verib. Təbrizi tərk etməyə məcbur qalan şair, 1946-cı il dekabrın 12-də sərhədi keçərkən "Mən nə gətirdim" şeirini yazır. Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi olan bu şeir, sonradan öz doğma torpaqlarını tərk etməyə məcbur olan minlərlə mühacirin manifestinə döndü və dillər əzbərinə çevrildi.

Bakıya mühacirət etdikdən sonra "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləməyə başlayıb. 1947-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olur və 1952-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirdikdən sonra Azərnəşrə redaktor vəzifəsinə təyinat alıb. 1952-ci ildən 1962-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olub.

Bakı Ali Partiya Məktəbində müdavim və 1958-ci ildən Azərbaycan və SSRİ Yazıçılar İttifaqının üzvü olub. Sonra bütün həyatını bədii yaradıcılığa həsr edib. Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. "Cənub nəğmələri" adlı ilk şeirlər kitabını 1950-ci ildə çap etdirib. Bu kitabda o, 1945–1949-cu illərdə yazdığı şeirləri toplayıb.

Ümumittifaq tədbirlərində: Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda iştirak edib. 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb. 1984-cü ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 1960-cı ildən 1996-cı ilə qədər Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü olub.

1986-cı ildə Əmək veteranı, 1987-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb. 50 poemanın 60-dan çox kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qalıb, Sovet İttifaqının pasportunu daşımayıb. Bir çox yüksək titul və mükafatlardan məhrum olub. 1996-cı ilin fevral 26-da Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Kitabları

- Cənub nəğmələri

- Bakının işıqları

- Vətən sevgisi

- Məhbusların son sözü (poema)

- Şimal həsrəti

- Arazın o tayında (poema)

- Şerlər

- Qartal

- Qəzəb

- Şairin düşüncələri

- Yanıqlı tütək

- Buludlar

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.