Hər açılan səhər sənə yenidən, vurulub sevirəm… - ŞEİRLƏR Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Sumqayıt şəhəri, 26 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi, “Tərəqqi” medallı, istedadlı şair, “Məni qocalmağa qoymur məhəbbət”, “Ağac olmaq istəyirəm” adlı şeirlər kitablarının, “Fonetika”, “Fonetika və leksikologiya” metodik vəsaitlərin müəllifi Səyyarə Valehin (Şükürovanın) şeirlərini təqdim edir.

 

 

İNSAN VƏ DÜNYA

 

Dünya gözəl!

Bulaqları axıb gedir şırıl-şırıl,

Göy üzündə ulduzları parıldayır

pırıl-pırıl.

Sərin mehdən göy yarpaqlar xışıldayır,

Gül-çiçəklər bu dünyaya

Şirin sözlər pıçıldayır.

 

Dünya gözəl!

Zirvələri quşqonmayan uca-uca

Dağları var əzəmətli, qoca-qoca.

Ümmanları masmavidir göylər kimi,

Küləklərin həzin səsi

Min bir nəğmə söylər kimi.

 

Gecələri sehrlidir bu dünyanın,

Uşaqlıqda eşitdiyim nağıllartək.

Gündüzləri günəşlidir, işıqlıdır

Sevir ürək.

 

Yağışları sel-sel olub yağan zaman

Gözəl dünya gözəlləşir bir də yaman.

Bu dünyanın min qoxulu rayihəsi,

Bapbalaca quşcuğazın cıvıltısı,

körpə səsi,

Sevgilinin munis, doğma bir nəfəsi!

 

Buludların aram-aram axışında

özgə heyrət,

Şimşəklərin o qorxulu çaxnaşında

özgə qüdrət.

 

Dünya gözəl bahardakı hüsnü ilə,

Tufan qopub qar ələsə, gözəl yenə!

Bizdən əvvəl dünya belə gözəl olub,

Bizdən sonra dünya yenə möhtəşəmdir.

Dünya üçün nə bugündur,

Nə sabahdır, nə dünəndir.

Əbədilik insan üçün

bir xülyadır.

Dünya yenə əbədidir, dünya yenə o dünyadır.

Hər bir gələn baxıb gedir,

Bu dünyaya aşiq olur,

ondan doymur.

Baxır, baxır,

Nakam-nakam çıxıb gedir.

 

 

 

HƏSRƏT NƏĞMƏSİ

 

Mən sənin ömründən köçüb gedəcəm,

Qərib durnalartək uçub gedəcəm.

Payız axşamının xatirəsitək

Kölgəyə dönəcəm, keçib gedəcəm.

 

Sənin qəlbindəki sevda odunu,

Mənim məhəbbətim alışdırmadı.

Yolumuz ayrıldı, cığırlar itdi,

Yellər saçımızı qarışdırmadı.

 

Çılğın sevdamızın eşq bulağından,

Məhəbbət şərbətin içə bilmədik.

Görünür çətinmiş bu dərs, imtahan,

Onun sınağından keçə bilmədik.

 

Ağrıyan könlümü yığıb ovcuma,

Gedəcəm sərsəri divanələrtək.

Ruhumu gəmirən xatirələri

Sən tez unudarsan əfsanələrtək.

 

Amma kipriklərin nəmlənən zaman,

Hər damla mən olub süzüləcəkdir.

Acılı – şirinli birgə ömrümüz

Sözlərin önünə düzüləcəkdir.

 

Səsinin xəfifcə titrəyişinə,

Dalğın baxışına çevriləcəyəm.

Səni sabahlara əmanət edib,

Özüm keçmişlərə gömüləcəyəm.

 

Gözündə, könlündə hicran qalmasın,

Səni dualara büküb gedəcəm.

Yığıb aparacam qəmi, kədəri,

Ömür karvanını çəkib gedəcəm.

 

Mən sənin ömründən köçüb gedəcəm.

Qərib durnalartək uçub gedəcəm.

 

 

ETİRAF

 

Mən səni çox sevdim,

Canımdan da çox.

İçində olduğum cahandan da çox.

Atamdan, anamdan,

balamdan da çox.

Bu sevda ruhumda, canımda mənim.

Anbaan dolaşır qanımda mənim.

Qəlbimin atışı, aldığım nəfəs,

Məni bu dünyaya bağlayan nəfəs.

Sənə olan sevgim,

Sənin varlığın.

Səndin bu dünyada bəxtiyarlığım.

Bəlkə buna görə Ulu Yaradan

Ayırdı canımı sənin canından.

Bezdi mənim sənə heyranlığımdan.

 

Hər açılan səhər

sənə yenidən

Vurulub sevirəm təzə eşq ilə.

Sevgim tükənməyir.

Təzə sevgimi

Etiraf edirəm şəkillərinə.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.