Təranə TuranRəhimli, “Ədəbiyyat və incəsənət”
İtalyalı ədib Elisa Mascianı Azərbaycan dilinə tərcümə etmişəm və “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edirəm.
Elisa Mascia 13 aprel 1956-cı ildə İtaliyanın Santa Croce di Magliano şəhərində anadan olub və hazırda San Giuliano di Puglia şəhərində yaşayır. Məhsuldar yazıçı, radio aparıcısı, italyan və ispan dillərində yazıb yaradan şair və ədəbiyyatşünasdır. O, bir çox poeziya müsabiqələrinin münsiflər heyətinin üzvü, fəal jurnalist və mədəniyyət təbliğatçısıdır. Çoxşaxəli qlobal ədəbi fəaliyyəti ilə özünü dünya ədəbiyyatı və mədəniyyətinin aparıcı simalarından biri kimi təsdiqləyib.
Elisa Mascia "Wiki-Poesia"nın qeydiyyatdan keçmiş üzvü və həmtəsisçisidir, həmçinin "Wikitia"da rəsmi səhifəsi var. O, nüfuzlu Albap Akademiyasının Kommunikasiyalar və Tədbirlər üzrə Direktoru, İtaliya üzrə Koordinatoru, Beynəlxalq Yazıçılar Paytaxtı Fondunun icraçı üzvü, YUNESKO tərəfindən dəstəklənən Panorama Beynəlxalq Ədəbiyyat Festivalının əsas təşkilatçılarındandır. O, 2021-ci ildən 2024-cü ilə qədər Festival Koordinatoru və 2025-ci il nəşrinin direktoru olub, Dünya Ölkələrinin Ən Yaxşı Koordinatoru mükafatını alıb. O, həmçinin Panorama Beynəlxalq İncəsənət Festivalının İncəsənət və Heykəltəraşlıq bölməsinin əsas fiquru və 2023 Beynəlxalq Biennial lideridir. Elisa Mascia bir çox ədəbi nəşrlərin redaktoru və görkəmli mədəniyyət səfiri kimi çoxsaylı mükafatlara layiq görülüb.
O, CİESART-ın rəsmi nümayəndəsi və Mədəniyyət Səfiridir. 2025-ci il üçün Dünya Qadınları Kateqoriyası mükafatı, Patricio Vivanco Williams Həmrəylik Ödülü və Fəxri Dra nominasiyası üzrə mükafata layiq görülüb.
Argentinadakı Pacis Nuntii hərəkatı onu sülh təbliğatçısı kimi Universal Sülh Sertifikatı və Bayrağı ilə təltif edib. 2025-ci ilin Segni di Pace Mükafatçısı, İtaliya Gününə həsr olunmuş İtalyan Mükəmməlliyinin Qlobal Laureatıdır. Şeirlərinin müntəzəm dərc olunduğu "Almanar" mədəniyyət dərgisinin (İraq) redaksiya heyətinə üzv seçilib. O, həmçinin Milli Azlıqlar Təşkilatının qurucularındandır.
İspaniyanın "Azahar", La Luna Sublime kimi məşhur nəşrlərində və Amerikanın "Prodigy" jurnalında əsərləri müntəzəm olaraq dərc olunur. İmzası dövrü mətbuatda ən fəal görünən Elisa Mascianın təkcə "Alessandria Today" jurnalı və saytında 2000 məqaləsi dərc edilib. Onun Magiche Emozioni dell'Anima bloqunda 1800-dən çox məqaləsi yayınlanlb. 2019-cu ildən Nilavro Nill Shoovronun "OPA Arxivi" dərgisinin 65-dən çox sayında şeirləri yer allb. Şeir, roman və səhnə əsərlərinə görə dünyanın lider şairləri sırasına daxil edilib. O, Beynəlxalq Ədəbiyyat üzrə Dr. J. Manuel Equiwa Stella Mükafatını və Aziz Mountasir Sülh Səfiri Mükafatını alıb. 2024-cü ilin dekabrında İspaniyanda Doge Sarayında Qızıl Perqament nüfuzlu təltifinə layiq görülüb. Bu, rəsmi olaraq CIESART arxivində sənədləşdirilib. Pietro La Barbera ilə "La Voce del buio" və "Teatro al buio"da iştirakı 2019-cu ildən yaradıcılıq karyerasına ciddi təsir edib.
2023-cü ilin oktyabrında o, Restream və YouTube platformalarında şair, rəssam, musiqiçi, yazıçı, rəqqasə və heykəltəraşlarla müsahibələri özündə əks etdirən "Alla Riserca della Vera Bellezza" ikidilli İtalyan-İspan proqramını təqdim etməyə başladı. "Humanity Global Magazine" jurnalının birinci buraxılışdan 13-cü nəşrə qədər ən fəal müəllifidir. Maria Elena Ramirezin "Sülh mümkündür" qlobal layihəsinin başlanğıcından bəri müntəzəm mədəni əməkdaşlıq edir. Elisanın şeir topluları onun dərin bədii həssaslığını əks etdirir.
Əsərləri: "Ay rəndəsi", "Vəhşi külək (Asoke Kumar Mitranın kitabının poetik tərcüməsi), "Ruhun sehrli hissləri", "Boyalı xəyallar", "Sevgi melodiyası", "Sonsuzluqla üfüqlər arasında", "Zehni əlaqə", "Böyük ay" (İtalyan və İspan dillərində), "Qırmızı günəş", "Azadlıq qanadları", "Nəfəs", "Ürəklə", "Çınqılların mahnısı" (Asoke Kumar Mitranın eyniadlı kitabının tərcüməsi), "Mükəmməl dairə" (Yanvar 2025), "Ruhun yüksəlişi" (İtalyan və Fransız dillərində, Stefano Chiesa tərəfindən tərcümə), "Sülh üçün müsahibələr" (Stefano Chiesa ilə əməkdaşlıqda yazılmışdır), "Ruhun yüksəlişləri" (İtalyan və İngilis dillərində), "Hər şey musiqidir", "Sənə gülləri kim verir?", "Ürəyin səsləri", "Şeirin ruhu", "Yumşaq barmaqlı şeirlər" (lll cilddə, Kərəm Abdullah ilə birgə yazılmış ədəbi esselər), Pietro La Barbera ilə birgə "Əsl gözəllik axtarışında" poetik antologiyası, "Şərqdən Qərbdən nəfəslər", " Sevgi məktubları", "Roma ilə Bağdad arasında" (ll cilddə, Elisa Mascia - Kərəm Abdullah), BMT Qadınlar Şurası Sədrinin himayəsi ilə, Kərəm Abdullahın "Sevgi qucağında doğulur" şeir toplusunun italyan dilinə tərcüməsi və s.
Pietro La Barbera, Pier Carlo Lava, NilavroNill Shoovro, Writers Edition-ın Quill Compendium, Angela Kosta, Cahangir Namazov, Stefano Chiesa, Taghrid Bou Merhri, Bouan Merlazili Tarifinin onunla ədəbi müsahibələri sənət görüşləri haqqında dolğun təəssürat yaradır. "Letteraria” jurnalının baş redaktoru, professor Qahtan Mohammad Amin, jurnalist Donia Sahib və tanınmış iraqlı jurnalist Dr. Əli Sahn Əbdül Əzizlə yaradıcılıq əlaqəsi, Fədaat Xəbər Agentliyi baş redaktoru Hamed Al-Dhibyani (İraq) tərəfindən "Sada Al-Thaqafa" jurnalının baş redaktoru təyin olunması Elisa Mascianın beynəlxalq aləmdə uğurlarındandır. Çoxsaylı italyan və beynəlxalq qəzetlərində nəşrləri ilə Elisa Mascianın ədəbiyyata, mədəniyyətə və humanitar dəyərlərə bağlılığı qlobal auditoriyanı ruhlandırmaqda davam edir.
Bədii miniatürlər:
SURƏTİNİN ƏKSİNİ GÖRÜRƏM
Suların aynasında ruhunun ləçəklərini dövrəyə alıb başımı əyirəm. Yavaş-yavaş suda yırğalanan lotus çiçəkləri uzaq Şərqdən gələn titrəyişləri izləyir. İşıq parıltıları qaranlığı dəlib keçir. Yağış yağır, ruhum göylərin nuruna bürünür. Orada dərddən islanan ulduzlar yolumuza işıq salmaq üçün saflaşmağa yol axtarırlar. Qayıdırsan? Həsrət uzundur. Sadiq kölə tək barmaqlarım arasında mənə verdiyin təsbeh, əllərim sinəmdə çarpaz bir küncdə dayanıram. Səbr və dözüm məni tərk etməz, barlı-bərəkətli, davamlı cücərən toxumları ilə qəlbimin mübarək torpağına bərəkət gətirəcəklər. Diz çöküb döndüyün səhranın dünyaya açılan genişliyi arasında gəzişərək titrək baxışlarla səni axtarıram... varlığını arayıram. Geri qayıt, həyat nəğməsi tək şirin, sürahi qədəhlərdə əks olunan süsənlərə baxa- baxa sağlıq demək üçün gözlədiyim ziyafətdə böyük bir bayram olacaq.
BÜTÜN ÇƏTİNLİKLƏRİN QALİBİ
Günəş şüası fərziyyənin qaranlığına girib və ondan xəbərsiz doğub, əsassız düşüncələrin hərisliyi ilə əhatə olunub. Və heç vaxt dözməmək, azalmış işıq və aydınlıq sevgisi üçün məzəmmət edir. Narazı günəş şüası al qırmızı ayın qalıqlarına qarışıb, yer üzünü ikiyə bölən fasilənin şırımlarında arxada qalıb. Bir şırımda, nardan və ləçəkləri şehli qızılgüllərdən yeni qırmızı meyvələr çiçəklənəcəyini kim bilir. İstər qısa, istərsə də uzun müddət gözləməkdən asılı olmayaraq, transsendental mənəviyyatı bütün gözləntilərdən kənarda canlandıran qorxudur.
Əsl sevginin güclü silahı həyatın bütün çətinliklərinə qalib gəlir.
SƏS-KÜYLÜ BİR SƏSSİZLİK
Səhranın sürüşkən dalğalarına minmək üçün sükutla gəldilər;
küləkli fırtınaların müsibətlərinə baş əymədilər,
ayrılıq qorxusu ilə üz-üzə qaldılar və sükutla yenidən doğuş sularını qırdılar.
Onlar sağ qalmağı öyrəndilər və yeddi köynəyin təri ilə dünyanın yazı masaları üzərində qurulmuş körpüləri keçdilər.
Sükutla vəziyyət və ehtimallar cədvəlini alt-üst etdilər.
Onlar sui-qəsd nəzəriyyələrinin salnamələrini dağıtdılar.
Onlar əllərini uzadarkən kömək istəməyən uçurumda olan dünyaya səssizcə baxdılar.
Onların ruhlarının qidası sükutla oxuyub yazmaq, ruhlarının dərkində davam etmək, hər gün fərqli olan döyüş meydanında təslim olmadan, kin və bədxah çəngəllərlə mübarizə aparmaq idi.
Onlar bütün kainatı titrəyən təyyarənin gurultusu ilə qarışan küləkdə getdikcə güclənən yüngül küləyin nəfəsindən yenidən yarandılar və indi səninlə doğulublar.
“Ədəbiyyat və incəsənət”
(20.02.2026)


