İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Duyum səni
Qəlbinin dərinliklərinə dupduru sulara baxdığım kimi baxmaq istərəm. Məndən heç şeyi gizlətmə! Qayğılarla dolaşa-dolaşa, dalaşa-dalaşa, baş-başa qalsan da, bil ki, sevgi çiçəyin təravətli, solmaz, əbədiyaşardır dünyada. Bunları saxla yadında. Gəl, üz-üzə, qəlb-qəlbə dayanaq. Bircə baxışımızla nəğmələrin həzin-həzin sehrinə bələnək. Yorğun ayın solğun işığında əsən mehin nəfəsindən dinməz-söyləməz uçuşan sevgimiz qayııtsın yuvasına.
Hədiyyə etmək istəsən mənə, sevincimi bağışla. Yenə, yenə pay dilərəm səndən. Nədən dinməzsən belə? Bəlkə dupduru baxışlarının aynasında demək istəyirsən deyə bilmədiklərini. Sual dolu baxışlarım elə qəlbinin dərinliklərinə baxmaq, axmaq istər. Qoy sənin də çöhrənə sevinc şeh damcıları tək qonsun! Duyum səni bütün varlığın ilə, tam mənası ilə. Elə belə vurum ömrü başa...
Sənsiz nəfəs almaq istəmirəm mən
Qəlbimdəki arzularım qovrulur, sovrulur. Əlinlə əkdiyin o güllər solur. Yoxluğun ömrümdə çox hiss olunur. Axı sənsiz nəfəs almaq istəmirəm mən...
Qohum-tanış səni sorub ağlayır, ürəyimi dağlayır. Gözlərim gəldiyin yollarda qalır. Sevgimizin zirvəsini qar alır. Sənsiz yaşamaq belə istəmirəm mən...
Gəzib-dolanmıram sənsiz o bağı. Çəkdirmə beləcə sinəmə dağı. Gətirmə ömrümə boran-sazağı. Səni heç vaxt itirmək istəmirəm mən.
Xatirələr bir-birinə qarışır. Fikirlərim sənsiz yaman dolaşır. Bu dərd, bəla sanki mənlə yarışır. Niyə qoydun məni bu günə, gülüm? Sənsiz keçir günüm, ilim, neyləyim? Sənsiz nəfəs almaq istəmirəm mən. Səni itirmək belə istəmirəm mən.
Ömrün baharında solan yarpağam
Taleyimi yazana nə deyim mən?! Ürəyim yarpaqtək titrəyir nədən? Dönmüşəm tufanlı, boranlı qışa, dönmüşəm gözlərdən tökülən yaşa. Yaşıl-yaşıl ümidlərim saralır, sənsiz dünyam yetim qalıb qaralır. Arzuya uzanan yolum daralır. Dönmüşəm qırılmış, ovxarlı daşa.
Səni qınayıram, qəbahətin çox. Korun-korun niyə yandın, alışdın. Sənli günlər bu dünyada daha yox, fəqət, bu kəm qismətinlə barışdın.
Ayrılıq dərdinə dözməkmi olar, sənsiz bağ-bağatı gəzməkmi olar, nəğməli misralar düzməkmi olar, ömrün baharında solan yarpağam.
Ömrün baharında solan yarpağam. İşıqlı günlərə tamarzı qaldım. Həsrətin odunda yanan torpağam. Dərdliyəm, alışan qəlbim qubardı. Gözümü yumuram, yuxuma gəl sən. Xoş bir xəyal kimi qəlbimi dolaş. Ömrümə əkilən dərdimlə savaş, dalaş. Yavaş-yavaş üzümdə sevinc görərsən...
“Ədəbiyyat və incəsənət”
(20.02.2026)


