Bakıdan Təbrizəcən - Mədinə Gülgünün anım gününə Featured

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Məni sorğulara tutma sən əbəs, 

Arzumu qəlbimdə, baxışımda gəz. 

Könlümü hər naşı oxuya bilməz, 

Onu dünyagörmüş insanlar bilər.

 

Poeziyası başdan-başa intizar notları ilə pərçimlənmiş, ömrü boyu bir gün bu intizarının bitəcəyi ümidi ilə yaşamış xalq şairi Mədinə Gülgün.

O, 17 yanvar 1926-cı ildə Bakıda əslən Cənubi Azərbaycandan olan dəmiryol işçisinin ailəsində dünyaya gəlib. 1938- ci ildə Mədinə xanım da ailəsi ilə birlikdə Ərdəbilə, daha sonra isə Təbrizə köçüb.

Əmək fəaliyyətinə Təbrizdə toxuculuq karxanasında başlayan Mədinə xanım daha sonra Təbriz dram teatrında və Azərbaycan qəzetinin redaksiyasında işləyib. O, da həmkarları kimi 1945-1946-cı illərdə Cənubi Azərbaycan milli azadlıq hərəkatına qoşulub və hərəkatın ən fəal üzvlərindən birinə çevrilib. Hətta hərəkat və teatrdakı fəaliyyətinə görə o, Azərbaycan qəzetinə xüsusi müxbir kimi dəvət olunub. Şairin ilk şeirləri də məhz bu dövrlərdə çap olunub. Milli Azadlıq hərəkatı qələbə ilə nəticələndiyi zaman hərəkatın fəal iştirakçısı olaraq Mədinə Gülgün də  "21Azər" medalı ilə təltif olunub. 1947-ci ildə milli hökumət devrildikdən sonra Mədinə xanım ailəsindən ayrılaraq bir qrup hərəkat iştirakçısı ilə birlikdə Bakıya gəlib. Burada o, Bakı Dövlət pedaqoji universitetinin dil və ədəbiyyat fakultəsində təhsil alıb. 

 

Qəzəbi şimşəklərdən,

Atəşi ürəklərdən, 

Ətrini çiçəklərdən

Alıbdır şerim mənim  

 

Deyən Mədinə Gülgünün 1945-1949-cu illər ərzində yazdığı şeirlərinin toplandığı "Təbrizin baharı" adlı ilk kitabı 1950-ci ildə Bakıda çap olunub. Sonralar isə şairin müxtəlif illərdə Bakıda və Moskvada  Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin” , “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və s. kimi kitabları işıq üzü görüb, əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub.

Sözlərinə "Sən gəlməz oldun", '"Məhəbbət olmayanda" və başqa dillər əzbəri olan mahnılar bəstələnib. 

 

Biz ki özgə deyilik -

Bölünək bölük-bölük.

Bir obayıq, bir elik -

Bakıdan Təbrizəcən. 

 

Vüsal olsa, nə dərdim,

Quşlarla bəhs edərdim,

Mən piyada gedərdim -

Bakıdan Təbrizəcən... 

 

Vətənə məhəbbət, Təbriz həsrəti Mədinə Gülgün yaradıcılığının əsas leytmotivini təşkil edib.

O, üç dəfə Azərbaycan SSRİ Ali soveti rəyasət heyyətinin fəxri fərmanına, "21Azər" və əmək veteranı medallarna, Şərəf nişanı ordenininə layiq görülüb.

Şair Bakıya gəldikdən sonra Təbrizdəykən tanış olduğu və "21Azər" hərəkatında çiyin-çiyinə mübarizə apardığı, özü kimi Təbriz həsrətli xalq şairi Balaş Azəroglu ilə ailə həyatı qurub.

Bir də Təbrizə getməyi, ailəsi ilə görüşməyi çox istəsə də, şairin bu arzusu heç vaxt baş tutmayıb. O, ömrü boyu Təbrizə və anasına həsrət qalıb. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda dünyasını dəyişib, fəxri xiyabanda dəfn olunub.

Onun yazdığı son şeir 1990-cı il dekabrın 11-də Balaş Azəroğluna xitabən yazdığı "Bir gün" şeiri olub. 

 

Bir gün ağlayacaqsan, 

Yaman ağlayacaqsan, 

Lap körpə uşaq kimi. 

Tökdüyün göz yaşları, 

İnan ki, məzarda da 

Yandıracaq qəlbimi... 

Çalış nə gizlində, 

Nə də aşkarda ağla, 

Faydasızdır göz yaşı. 

Tapa bilməzsən məni, 

Lap axtarsan soraqla, 

Ay ömrümün yoldaşı. 

Sən ağlama, ağlasan 

Daşım, torpağım ağlar. 

Məzarım dönər oda,

Torpaq yatağım ağlar. 

Məzarda da mən gərək 

Özüm ağlayım səni. 

Məndən sonra, bilirəm, 

Qalacaqsan tənha, tək, 

Ey ömrümün yelkəni. 

Sən ağlama, amandır, 

And verirəm mən səni 

Allaha, yerə, göyə. 

Ağlasan, məzarda da 

Mən bataram günaha 

Sən tək qalıbsan deyə....

 

“Ədəbiyyat və incəsənət!

(17.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.