Nicat Hunalpın 30 yaşının şeirləri Featured

 

İstedadlı gənc şair Nicat Hunalpın bu gün 30 yaşı tamam olur. Ad günündə şair oxucularımıza ən yeni şeir çələngini təqdim edir.

 

Söykən çomağına, eloğlu

 

Taleyin yazılıb bu çölə, düzə,

Bəxtin dəyənəyə, çomağa düşüb

Hay- haray salmısan köçü Arana,

Gah yolun yaylağa, gah dağa düşüb

 

Söykən çomağına, söykən eloğlu,

Quşgözü seyr elə bu çölü - düzü

Görən kim ağladıb bu buludları,

Göyün ayağını yerdən kim üzüb

 

Səni də sabaha tez çıxaracaq,

Qoyunlu yuxular,yunlu  yuxular

Hələki üyüdür dərdimizidə,

Dəyirman yuxular, unlu yuxular

 

Bu qaşqa təkələr, bu azman qoçlar,

Hələ ac saxlamaz tox saxlar bizi

Birdən göy otlara yuxu satarıq,

Çəpişlər, quzular sorağlar bizi

 

Uzat ayağını bu çöl düzündə,

Birazca ayağın dinc qalsın belə

Çomağ qorxusu var qoynun canında,

Ölmək qorxusu var gözündə hələ

 

Söykən çomağına,söykən eloğlu,

Dərdini qoyuna - quzuya denən

Dişinin dibində sıx - saxla hələ,

Dərdini Tanrılı yazıya denən

 

Ovut kədərini çöllərdə ovut,

Qurut köynəyini buludun üstə

Açıb qollarını göylərə sarı,

Uzan bu Tanrılı göy otun üstə,

Söykən çomağına, söykən eloğlu

Dayan bu qarğıdan boz atın üstə,

Söykən çomağına, söykən eloğlu

 

 

Qara çadır dastanı

 

        Bu qara çadır mənə borc olsun dedi Alp Aruz

              

Gəlmişəm sözümü dinlə ay dədə,

Min ildir ruhumda gör nələr yatır

Oğuzun başına bəla gətirdi ,

O qara qovurma ,o qara çadır

 

Buyruğu beləydi Bayandur xanın,

Üç çadır qurulsun ağ , qızıl, qara

Ağrısı getməyib həmin yurtanın,

O çadır Oğuzun qəlbində yara

 

Küsəndə obadan,eldən Alp Aruz,

Dış Oğuz, İç Oğuz  oldular düşman

Alma tək içindən oyuldu Oğuz,

Axırda Oğuzu tutdu həmin qan

 

Həmin qan Oğuzu yuxuya verdi,

Həmin qan Oğuzu daşa çevirdi

Tanrı qara yazdı bəxtin Oğuzun ,

Tanrı baharını qışa çevirdi

 

İndi haqqı deyim, mən haqqı Dədə,

Tutalım kökümüz lap qurddan gəlir

Bizim başımıza gələn bəlalar,

Elə sən Dədəmiz Qorquddan gəlir

 

Tanrı yazmayırmı taleyi ,bəxti?

Tanrı vermir məgər oğulu- qızı?

Bəs niyə sındırdı bəy qürurunu,

Ulu xan babamız o Alp Aruzun

 

Tutdu gözümüzü o qarğış, o ah,

Babamız etdiyi səhv tutdu bizi

Neçə il ulu xalq, bəy xalq , sultan xalq,

Deyə - deyə babam ovutdun bizi

 

Züryətsiz olmağı günahı deyil,

Tanrının Aruza yazan yazıydı

O vaxtdan bu yurdda bütün sonsuzlar,

Talecə, qismətcə Alp Aruzuydu

 

Olarda qınandı eldə, obada,

Oğulsuz dedilər qızsız dedilər

Toya çağırmayın uğursuzluqdu,

Sən Allah yan elə, sonsuz dedilər

 

İçində göynədi yarası Dədəm,

Kimsə nə çəkirdi Aruz ,bilmədi

Uçmağa vardıda , qəbridə itdi,

Qara çadırdakı Aruz ölmədi

 

Daşıdı içində sonsuzluq dərdin,

Min ildir yerində daşlaşıb qalır

Baybican, Bəybura, Qılbaş , Alp Aruz,

O qara qovurma, o qara çadır

 

 

Bayquş kədəri

 

Həmin yay gecəsi dərd üstəmiydi?

Dərdini danışsın deyə gəlmişdi

İlahi, gilənar budağı üstə,

Oturan, o bayquş nəyə gəlmişdi?

 

Taleyin əlində başı qovğada,

Nə yeri verdilər, nə göyü ona

Xaraba yerlərə yazıldı bəxti,

Tanrıda qıymadı bir öyü ona

 

O gün nə düşmüşdü yadına görən,

Yarasın beləcə nə tərpətmişdi?

Gecənin yarısı dərdin bölməyə,

Qapımı bayquşa kim göstərmişdi?

 

 

Tanrı qonağıydı, Tanrı qonağı,

O bayquş görəsən nəyə gəlmişdi,

Bir kəlmə demədi, heç danışmadı,

Bəlkə də, Tanrıydı hələ kim bilir?

Öldümmü, sağammı?, - deyə gəlmişdi

 

 

Tısbağa çanağı çıxmaz yuxumdan

 

Hələ də yadıma düşəndə hərdən,

Sızlayır vicdanım, göynəyir içim

Bəlkə də , Allahda keçdi suçumdan,

Mən özüm suçumdan nə haqla keçim?

 

Çıxarmı yadımdan o yay axşamı,

Uşaqlıq günahım durar üzümə

İndi də yaddaşım güzgü misalı,

Həmin günahımı vurur üzümə

 

Kəndin tirəsində qalıb xəyalım,

Sızladır qəlbimi o daş,o kəsək

Dolaşır beynimdə düz otuz ildir,

Həmin yay axşamı  qara -basma tək

 

Beynim onda hələ qan çanğıydı,

Qanmırdım dünyanı bilə bilmirdim

Dünyanı qananda xəcalətimdən,

Utanıb ölürdüm, ölə bilmirdim

 

Mənim qırx yaşımdı amma o vaxtı,

O həmin tısbağa , yazıq tısbağa

Daşla çanağını iki böldüyüm,

O bəxtiz tısbağa, tıs- tıs tısbağa

 

Ağrısı - acısı Tanrıya tanıq,

Evinin divarı çatlamış naçar

Gecə yağış yağdı,göy guruldadı,

Çanaqsız binəva haraya qaçar

 

Düşündüm bir anlıq sızladı ruhum,

Görən su sızdımı çanaqdan ,Allah

Çanağı çatlamış tısbağa kimi,

Sanıram özümü o vaxtdan , Allah

 

Məni bu dünyada məhşərə çəkdi,

Əl çəkməz yaxamdan o çanaq, o qan,

Yuxumu qatıram düz otuz ildi,

Tısbağa  çanağı çıxmır yuxumdan,

 

 

Ölüm kədərliydi o axşam çağı

 

Ölüm kədərliydi o axşam çağı,

Ölüm qoxuyurdu evin hər yanı

Atamın saatı,banamın şalı,

Babam tüstülədən son siqarıda,

Nənəm düyünçəyə yığıb aparıb

 

Ölüm kədərliydi o axşam çağı,

Gecənin ən yalqız, ən kürən vaxtı

Nənəm hazırlaşır burdan köçməyə

Xalam gözlərini divara dikmiş,

Anam qayçı gəzir kəfən biçməyə

 

Ölüm kədərliydi o axşam çağı,

Hələ onda  bildim otuz yaşımda,

Adam nənədən də yetim qalarmış

Hələ də gözümün önündən getmir,

Taleyin üzünə çəkdiyi qırış

 

Ölüm kədərliydi o axşam çağı

Sən getdin saçından düşən bircə tel,

Yorğanın üstündə evsiz üşüyür,

Sən getdin bir yolluq pəncərəndə gül,

Otağın darıxıb sənsiz  üşüyür

 

Ölüm kədərliydi o axşam çağı,

Boynuma asdığım kərgədan dişi,

Fikrimdə yas tutub sənə bir şaman,

Diksindim gördüm ki, papaqlı kişi,

Məzarın üstündə oxuyur Quran

 

Ölüm kədərliydi o axşam çağı,

Tənha məzarlığın ən axırında ,

Özümlə danışdım başdaşın üstə

Sənə gətirdiyim nərgizgülünün,

Solan çiçəkləri məzarın üstə

Ruhumu bürüyüb qaranlıq kölgə,

Yorğun addımlarım yol alır öyə

Gecələr ölülər danışır bəlkə,

Şəkillər daşlardan baxırlar göyə.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.