İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şair Ənvər Əhməd barədə danışaq. Bu gün onun anım günüdür.
Ayaq yalın şeh üstündə gəzərdik,
Ağ çiçəkdən dəstə-dəstə düzərdik.
Qonşu qızın saçlarına düzərdik,
Xalçamızdı, gəbəmizdi göy çəmən,
Günlərimiz ötüşərdi gözəl şən.
Badya-badya içərdik biz koramaz,
Yaz günündə atılama pis olmaz,
Ağuz, sığıb bişirərdik kətəmaz,
Ərik kimi yağ çıxardı tuluqdan,
Qoz altında bişirərdik suluqdan.
(“Tərəkəmə”)
Qumral qoyun boyun görüm,
Qara kürə tayın görüm,
Qış gəlməmiş kürün hörüm...
Əriş-əriş calandım
Arğac-arğac söküldüm
Yumaq-yumaq açıldım
Xurcun-xurcun közəndim
Naxış-naxış saçıldım.
Azərbaycan şair və tərcüməçisi Ənvər Əhməd 1941-ci il avqustun 8-də Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib. "M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə edib.
AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlayıb. "Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunub. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi, sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri, Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti işləyib.
Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru olub. Sonuncu iş yeri Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib. Bədii tərcümə ilə ciddi məşğul olub.
Kitabları
1. Nəslimiz
2. Anamın izləri
3. Sevgi yurdu
4. Sevgi cavan qalır
5. Oğullar və qartallar
6. Sağlıq olsun
7. Kəfənim qandan biçilər
8. M. Ə. Sabir poetikasının bəzi cəhətləri
9. M. Ə. Sabirin poetikası
10. Od qanı.
Şair 17 fevral 2022-ci ildə Ağcabədi rayonunda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.02.2026)


