“Ədəbiyyat və incəsənət” portal Şahanə Müşfiqin “Həyat Şəminin poeziya dünyası” adlı məqaləsini təqdim edir.
Müasir Azərbaycan poeziyası bu gün yalnız forma və texnika axtarışları ilə deyil, daha çox insanın daxili aləminə yönəlmiş poetik düşüncə ilə səciyyələnir. Zamanın sürətlənməsi, insan münasibətlərinin mexanikləşməsi, sözün gündəlik danışıqda dəyər itirməsi fonunda poeziya getdikcə daha səssiz, daha içə dönük bir mahiyyət qazanır. Sanki bunca xaosun, qaçaqovun içərisində poeziya tənhalaşır, kimsəsizləşir.
Bu kontekstdə tanınmış şair Həyat Şəminin poeziyası xüsusi diqqət çəkir. O, sözün səsini qaldırmır, əksinə, onu sükuta yaxınlaşdırır. Duyğularını hayqırmaq ehtiyacı duymur, onu vərəqlərin qulağına pıçıldayır. Məhz bu sükutun içindəki səssiz pıçıltılarda insanın ən dərin, ən kövrək duyğuları üzə çıxır.
Həyat Şəmi poeziyada iddia ilə deyil, hisslərlə, duyğularla mövcuddur. Onun şeirləri özünü sübut etməyə çalışmır, oxucunu heyrətləndirməyi qarşısına məqsəd qoymur. Bu poeziya oxucuya bir şey anlatmaqdan daha çox, onunla eyni vəziyyətdə dayanmağı, ona özünü, öz iç dünyasını göstərməyi üstün tutur. Şair oxucunun qarşısında müəllim kimi yox, yol yoldaşı, könül sirdaşı kimi görünür. Bu isə müasir oxucu üçün olduqca önəmlidir.
Bu mənada Həyat Şəminin bu yaxınlarda işıq üzü görən “İstanbul saatı ilə” kitabı xüsusi önəm daşıyır. Bu kitab şairin poetik dünyasında yeni mərhələnin başlanğıcı kimi oxunur. Bu kitabda müəllif oxucunu yalnız coğrafi bir məkana deyil, zamanla ölçülən daxili bir yolçuluğa dəvət edir. “İstanbul saatı ilə” fərqli vaxt ölçülərinin, gecikmiş duyğuların, ötüb keçməyən xatirələrin poetik məkanına çevrilir. Burada zaman rəsmi saatlarla deyil, ürəyin ritmi ilə işləyir. Kitab Həyat Şəminin poeziyasında artıq formalaşmış sükut, yalnızlıq və iç monoloq xəttini daha da dərinləşdirərək oxucunu sözlə zaman arasında qurulan incə, kövrək bir dialoqa daxil edir.
“İstanbul saatı ilə” kitabında toplanmış şeirlərin mərkəzində insan və onun varlıqla münasibəti dayanır. Həyat Şəmi insanı yalnız sosial mühitin bir parçası kimi deyil, yaradana, dünyaya və öz daxilinə doğru yol alan bir varlıq kimi təqdim edir. Bu poeziyada insanın mövcudluğu sual altına alınır, həyatın mənası, taleyin ədaləti, zamanın insana münasibəti poetik düşüncənin əsas istiqamətlərindən birinə çevrilir. Şair insanın həm kainat qarşısında kiçikliyini, həm də mənəvi məsuliyyətini eyni anda hiss etdirə bilir.
Bağçamıza qızılgül qələmi əkmişdim
Gecəgözlüdə…
Böyüyüb “ayrılıq” yazdı ömrümə:
Yurdumdan…
Anamdan…
Səndən…
İndi də özümdən ayrılıram.
Ayrılıram ki, Allaha yaxınlaşım.
(“Mənim bir sualım var”)
Kitabdakı şeirlərdə mövcudluq anlayışı təkcə yaşamaq faktı kimi deyil, dərk prosesinin ağrılı və ziddiyyətli mərhələsi kimi təqdim olunur. Müharibə, ayrılıq, ədalətsizlik kimi mövzular burada konkret hadisələr fonunda deyil, insanın daxili sarsıntıları prizmasından ifadə edilir. Həyat Şəmi bu mövzulara publisistik sərtliklə deyil, fəlsəfi-poetik təmkinlə yanaşır.
Eşq və sevgi anlayışları kitabda romantik ideallaşdırma müstəvisindən çıxarılaraq daha çox daxili yolçuluğun tərkib hissəsi kimi təqdim edilir. Sevgi burada insanın özünü tanıma cəhdidir, bəzən kamilliyə aparan yol, bəzən də insanı öz sualları ilə tək buraxan bir haldır. Şair eşqi nəticə kimi yox, proses kimi göstərir və bu prosesdə insanın dəyişməsini, iç dünyasında baş verən təbəddülatları ön plana çəkir.
Ayrılıq məni dağlayar,
Gözlərim yosun bağlayar,
Anam yox, məni ağlaya,
Nə olar, gəl, ağla məni...
Qov, dağılsın qara bulud,
Ağlamağı unut, unut...
Yum gözünü, bir arzu tut,
Tut, bir də buraxma məni...
(“Qoxula məni”)
Kitab boyu müəllifin poetik düşüncəsində mədəni və mənəvi coğrafiya da xüsusi yer tutur. Füzuli–Bakı–İstanbul xətti sadəcə məkan ardıcıllığı deyil, düşüncə və ruh halının mərhələləridir. Füzuli klassik irsə, metafizik düşüncəyə işarə edirsə, Bakı müasir insanın gündəlik reallığını, İstanbul isə zaman, mədəniyyət və yaddaş qatlarının qovuşduğu poetik mərkəzi simvolizə edir. Bu üç məkan Həyat Şəminin poeziyasında bir-birini tamamlayan mənəvi koordinatlara çevrilir.
“İstanbul saatı ilə” toplusu oxucunu yalnız şeirlərlə deyil, hisslərlə qarşılayır. Burada empatiya və həssaslıq poetik mətnin əsas enerjisinə çevrilir. Oxucu bu şeirlərdə təkcə müəllifin duyğularını deyil, öz daxili səssizliyinin, susdurduğu sualların, ifadə edə bilmədiyi hisslərin poetik əksini görür. Bu mənada kitab oxucu ilə şair arasında gizli, amma güclü bir emosional körpü yaradır.
Yaxşılıq- insanın bu dünyada qoyub getdiyi əməli,
həm də özüylə apardığı yeganə xəzinədir...
(“Rəssam”)
Şairin yaradıcılığında diqqəti ilk cəlb edən cəhət səmimiyyətdir. Bu səmimiyyət emosional açılma deyil, daxili dürüstlükdür. Həyat Şəmi şeirdə rol oynamır, maska taxmır. O, olduğu kimi danışır və bu danışıq bəzən yorğun, bəzən kədərli, bəzən də sakit razılaşma halındadır. Onun poeziyasında süni nikbinlik yoxdur, amma ümidsizlik də hökm sürmür. Burada həyat olduğu kimidir.
Həyat Şəmi üçün poeziya hadisələrin təsviri deyil, ruh halının əksidir. Onun şeirlərində konkret süjetlərə nadir hallarda rast gəlinir. Əvəzində hisslərin axını, düşüncələrin parçalanması, daxili monoloqlar əsas yer tutur. Şair üçün bir anın içində baş verən psixoloji dəyişmə bütöv bir roman qədər əhəmiyyətlidir. Bu baxımdan onun poeziyası modern psixoloji lirikanın xüsusiyyətlərini daşıyır.
Zaman anlayışı Həyat Şəminin poeziyasında xətti deyil. Keçmiş, indi və gələcək tez-tez bir-birinə qarışır. Uşaqlıq xatirələri, itirilmiş sevgilər, gələcək qorxuları eyni misrada yanaşı dayana bilir. Zaman burada ölçü vahidi yox, hiss kateqoriyasıdır. Şair üçün keçmiş unudulmuş bir dövr deyil, hələ də davam edən daxili vəziyyətdir.
Bu poeziyada yalnızlıq xüsusi fəlsəfi məna daşıyır. Həyat Şəminin yalnızlığı romantik tənhalıqdan fərqlidir. Bu yalnızlıq insanın özünə qayıtmaq məcburiyyətidir. Şair yalnızlığı cəza kimi yox, dərk mərhələsi kimi təqdim edir. İnsan yalnız qalanda öz səsini eşidir və bəzən bu səs onu qorxudur, bəzən isə sakitləşdirir.
Həyat Şəminin şeirlərində yalnızlıq çox vaxt sükutla müşayiət olunur. Bu sükut boşluq deyil. Əksinə, mənayla doludur. Şair susur, amma bu susqunluq danışmaqdan daha çox şey deyir. Oxucu bu sükutu hiss edir və mətndə öz daxili səsini eşitməyə başlayır.
Hər şey Mənim əlimdə,
Ürəyim,
əfv fərmanım,
imzam,
qollarım...
Açın qollarımı!
Hər şey Sənin əlində,
Sorğu-sual,
Durğu və duyğu işarələri,
Son cümlə,
Nöqtən.
Ürəyimə ölümcül həmlən...
Son dəfə getmək istəyim,
Üzümə bağlı qapıların dəstəyi...
Açın qapıları!
Hər şey Onun əlində,
Qələm,
Yazı,
Olum və ölüm,
Açın gözləriniz!
(“Mən, sən, o)
Qadın duyumu Həyat Şəmi poeziyasının ayrılmaz hissəsidir. Lakin bu duyum şüar xarakteri daşımır, feminist pafosla təqdim edilmir. Bu, gündəlik həyatın içində formalaşmış, yorulmuş, amma sınmamış qadın ruhunun poeziyasıdır. Şair qadın olmağı ideallaşdırmır, onu real vəziyyətdə göstərir.
Həyat Şəminin poeziyasının əsas xarakterik mövzularından biri, heç şübhəsiz, Vətən mövzusudur. Burada vətənpərvərlik hayqırtı və şüar dili ilə deyil, daxildən gələn məsuliyyət və mənəvi bağlılıq hissi ilə ifadə olunur. Onun vətən mövzulu şeirlərində torpaq anlayışı yalnız coğrafi məkan deyil, yaddaş, ağrı və ümidin cəmləndiyi mənəvi varlıq kimi təqdim edilir. O, yurdunun azadlıq eşqini poetik dillə oxucusuna bir daha hiss etdirir.
Səni şəhidlər gətirdi,
anaların örpəyi-
yüz ildir ürəyimdə gəzdirdiyim,
dodaqlarımın and yeri
üçrəngli Bayrağım gətirdi.
Gətirdi
və mən yaxşı ki,
tanıdım səni, Azadlıq!
(“Azadlıq”)
Qarabağ mövzusu şairin poeziyasında tarixi faktların sadalanması ilə yox, insan talelərinin, itkilərin və sarsılmış xatirələrin poetik dili ilə yaşayır. Bu şeirlərdə vətən ağrısı təbliğat xarakteri daşımır, daha çox insanın içində susaraq böyüyən bir hiss kimi təqdim olunur.
Qarabağ-bağrımın qara ləkəsi,
Vətənin ən gözəl, dadlı tikəsi...
Doydur həsrətlini, doydur hər kəsi,
Qoy, Vətən desin ki, sənsən xilaskar,
Salam, əsgər!
(“Salam, əsgər!”)
Şuşa və azadlıq mövzuları Həyat Şəminin şeirlərində xüsusi simvolik məna qazanır. Şuşa onun poeziyasında təkcə azad edilmiş şəhər deyil, milli ruhun, mədəni yaddaşın və mənəvi dirçəlişin rəmzidir. Azadlıq isə burada yalnız siyasi anlayış kimi yox, insanın daxili azadlığı, qorxulardan, susqunluqdan, unutqanlıqdan xilas olma halı kimi təqdim edilir. “Azadlıq”, “Əsgərə məktub”, “Qarabağ şəhidim”, “O fevral”, “Şuşa”, “Xarı bülbül”, “Şuşada vurulan vertolyot”, “Qurbanam”, “Şəhidim”, “Qarabağ” kimi şeirlərində şair bu mövzuları pafosdan uzaq, lakin yüksək emosional gərginliklə təqdim edərək vətənpərvərlik anlayışını insanın öz kökü, yaddaşı və mənəvi məsuliyyəti ilə üz-üzə qoyur.
Kəlimələrə tökəmmirəm
səni...
Sadəcə
gözümdən yaşlar tökülür
misra-misra,
yaşam-yaşam,
Şuşam!
(“Xarı bülbül”)
Şairin “Respublika Xatirə Kitabı”na həsr etdiyi, itkin və əsir düşmüş vətən övladlarındann bəhs etdiyi şeiri neçə-neçə gözü yolda qalan anaların, bacıların ağısı, qəlb yanğısıdır. O, bu şeirdə təkcə şair deyil, millətinə qəlbi yanan bir el qızıdır, anadır, bacıdır, övladdır. Ölkəmizin, millətimizin tarixi keçmişini öz səhifələrində qürurla qoruyub-saxlayan bir kitabın dəyərini Həyat Şəmi özünün poetik dili ilə şeirin batinində, ədəbiyyatın ruhunda hifz edir:
Qırmızı kitab unutmamışdı heç kimi-
qardaş, bacı, nənə, baba, əmi, dayı...
Hələ də yolunu gözləyirlər:
- Qayıt, bala, qayıt!
Hələ də yolunu gözləyirəm,
itkin düşmüş,
əsir, girov götürülmüş
Soydaşım,
yeni ünvanın mübarək!
“Ümid qapısı” kimi açdım kitabı,
açdım və saxladım...
Və...
“Vətən sağ olsun” deyib,
hər şeyi cızıq-cızıq
alın yazısına bağladım.
(“Xatirə kitabı”na)
Sevgi mövzusu Həyat Şəminin poeziyasında xüsusi, lakin klassik çərçivədən kənar şəkildə təqdim olunur. Bu sevgi çox vaxt itirilmişdir, gecikmişdir və ya yarımçıq qalmışdır. Şair üçün sevgi nəticə deyil, prosesdir. Bəzən sevgi xatirəyə çevrilir, bəzən də insanın içində qalan bir boşluq olur. Amma bu boşluq dağıdıcı yox, düşündürücüdür.
Həbs olunmuş bir sevgi var
dördkameralı qəlbimdə.
Hamısında o yatır...
Həyat Şəmi sevginin pafosundan qaçır. Sevgi burada daha çox səssiz razılaşma, taleylə barışma, içdən gələn qəbul halıdır. Bu isə müasir insanın emosional vəziyyətinə daha uyğundur.
Baxır hey arxanca gözüm,
Gözümdə mirvari düzüm,
Doğulmayan körpəmizin
adını sən qoy.
Bu qədərmiş…bitdi oyun,
Boğazımda sevgim düyün.
Ürəyinə öz sevdiyin
Qadını sən qoy.
Adını sən qoy…
(“Adını sən qoy”)
Şairin dili və üslubu onun poeziyasının əsas dayaqlarındandır. Həyat Şəmi sözlə ehtiyatla davranır. O, dili yormur, cümlələri şişirtmir. Metaforalar sadədir, lakin dəqiqdir. Bu sadəlik poeziyanı zəiflətmir, əksinə, gücləndirir. Çünki şair sözün emosional enerjisinə inanır.
Onun poetik dili gündəlik danışıqla ədəbi dil arasında incə tarazlıq yaradır. Bu, oxucunu mətndən uzaqlaşdırmır, əksinə, yaxınlaşdırır. Şeirlər oxucuya “çətin poeziya” hissi vermir, lakin düşüncə baxımından asan da deyil. Bu poeziya səbir tələb edir. Hətta şair gündəlik həyatımızda baş verən mühüm hadisələri, dilimizə yeni daxil olan və sürətlə ümumişlək sözə çevrilən kəlmələri belə öz poeziyasına asanlıqla daxil edə bilir. Bu mənada “İstanbul saatı ilə” kitabının “Pandemiya şeirləri” hissəsi xarakterikdir. Bu hissədə şair bir zamanlar bütün dünyanı, eləcə də Azərbaycanı və Türkiyəni öz ağuşuna almış pandemiya bəlasına incə göndərmələr edir, o günləri bird aha oxucuna xatırladır. “#EvdeQal”, “Karantində qal indi”, “Koronaviruslu Bakım” kimi şeirlərdə həmin dövrdə dilimizə daxil olan sözlər, şüarlar böyük ustalıqla şeir dilinə uyğunlaşdırılıb.
Yenə könlümə düşdün,
Varmı başqa yol indi?
Qəlbimin köşəsində
Karantində qal indi!
(“Karantində qal indi”)
Təbiət obrazları Həyat Şəminin poeziyasında simvolik məna daşıyır. Payız – tükənmişlikdir, gecə – daxili dialoqdur, yağış – təmizlənmə ehtiyacıdır, külək – dəyişiklik qorxusudur. Təbiət burada insanın psixoloji vəziyyətinin davamıdır. Şair təbiəti seyr etmir, onunla birgə yaşayır.
Həyat Şəminin poeziyasında tez-tez rast gəlinən bir xüsusiyyət də yarımçıqlıq effektidir. Şair çox vaxt fikri tamamlamır, misranı açıq qoyur. Bu açıq qalan yerlər oxucu üçün boşluq deyil, iştirak məkanıdır. Oxucu mətni tamamlayır, onu öz həyatına uyğunlaşdırır. Bu isə poeziyanın interaktiv təbiətini gücləndirir.
Bu poeziya sürətli oxu üçün deyil. Həyat Şəminin şeirləri tələsməyi sevmir. Onlar sakit oxunuş, təkrar baxış, daxili dinləmə tələb edir. Bu poeziya oxucunu informasiyaya boğmur, hissə aparır. Xüsusən, kitabın, 3-cü- “Qısa şeirlər” adlı hissəsində yer almış poeziya nümunələrini missal göstərə bilərik.
Bir dəli şeytan deyir,
bəlkə, keçdiyin zamanı
geriyə doğru dərk edəsən...
Çıxasan qaldığın yerdən,
bütün yaşadıqlarını
ikiayaqlı tərk edəsən,
İstanbul!
Nəticə olaraq demək olar ki, Həyat Şəmi müasir Azərbaycan poeziyasında özünəməxsus, səssiz, lakin təsirli poetik məkan yaradan şairlərdəndir. Onun poeziyası zamanla köhnəlmir, çünki konkret dövrün hadisələrinə yox, insanın dəyişməyən daxili vəziyyətinə toxunur.
Həyat Şəminin şeirləri oxucunu dəyişdirməyi qarşısına məqsəd qoymur. O, oxucunu özünə qaytarır. Bu poeziya insana “sən tək deyilsən” hissini yaşadır.
Bəlkə də poeziyanın ən böyük gücü elə insanın içindəki səssizliyi sözə çevirməyi bacarmaqdır. Həyat Şəmi bu səssizliyin şairidir.
“Ədəbiyyat və incəsənət”
(12.02.2026)


