İstisu yaylaqlarında istirahət edən görkəmli şair özünəməxsus ifası olan bir ozanla tanış olur... Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Məni tanıyanlar yaxşı bilirlər ki, yaradıcılığımda bir Dədə Şəmşir damarı var. Və bu gün fəxr edirəm ki, mən bu gözəl insanı tanımışam, onunla dost olmuşam, bir süfrədə çörək kəsmişəm. Onun əli mənim əlimi sıxıb, kürəyimdə gəzibg Bir də onu vurğulayım ki, bəlkə də Aşıq Şəmşir olmasaydı, - Allah günahımdan keçsin, - mən heç Kəlbəcəri görməzdim. Məni Kəlbəcərə aparan qüvvənin adı Aşıq Şəmşir idi söyləsəm, yanılmaram" – xalq şairi Zəlimxan Yaqubun sözləridir.

 

Elə bunlar da: "Mən Aşıq Şəmşirdə bir şəxsiyyət kimi nəyi gördüm? Birinci növbədə ilahi səviyyədə tərbiyə, əxlaq, ədəb-ərkan, mədəniyyət, ailə tərbiyəsi. Güllü nənəylə aralarında olan səmimi münasibəti görən hər kəs bu insanın böyüklüyünə heyrət etməyə bilməzdi. Təkcə şeirlərinə görə yox, özünün çox yüksək ali davranışına görə də Aşıq Şəmşir yüksəklikdə dayanır".

 

Yəqin ki, böyük şairimiz, unudulmaz söz sərrafı Səməd Vurğunun bu misralarını da çox eşitmisiniz:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə

Kəklikli daşlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə

Saz tutub, söz qoşub, yada sal məni.

 

Aşıq Şəmşir isə Səməd Vurğun barədə belə deyibdir:

Qoşqarla yanaşı duran başın var,

Bizim el tanıyır uca dağ səni.

Yanır yolumuzda sənət çırağın,

Bilirik şeirdə bir mayak səni.

 

Səməd Vurğun:

Hay vurub, qıy vurub, səs sal dağlara,

Gözəllər oylağı göy yaylaqlara,

Mənim bu dərdimi de oylaqlara,

Sinəmdən oxladı bir maral məni.

 

Aşıq Şəmşir:

Əzəldən başında cəm olub kamal,

Səni oğul kimi sevir el, mahal,

Azad ölkəmizdə hər zaman ucal,

İstəyir könlümüz bu sayaq səni.

 

Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu olub. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub.

İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olub və ona məşhur qoşmasını həsr edib. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb.

Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.

Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb.

 

Professorlardan M. Arif, H. Araslı, M. H. Təhmasib, M. Quluzadə, M. Vəkilov, V. Vəliyev, P. Əfəndiyev, Q. Xəlilov, görkəmli şair-yazıçılarımızdan S. Vurğun, O. Sarıvəlli, N. Xəzri, M, Rahim, T. Bayram, Q. İmamverdiyev, M. Aslan kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri Ə. Vəliyev, B. Bayramov, İsa Muğanna kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar.

İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır. Aşıq Şəmşirin "Şerlər" adlı ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şerlər", "Öyüdlər" və s. kitabları işıq üzü görüb.

Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunan "Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir" (Osman Sarıvəlli, 1973), "Saxla izimi, dünya" (Məmməd Aslan, 1989), "Dədə Şəmşir yaddaşlarda" (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır. 10 fevral 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib. Kəlbəcər Ermənistanın işğalına məruz qaldığı dövrdə Ağdabanda yerləşən məzarı dağıdılıb. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, 9 dekabr 1963-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

1973-cü ildə Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunub, 14 mart 1973-cü ildə o, "Şərəf nişanı" ordeni ilə təltif edilib. 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilib. Azərbaycanın müstəlillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Aşıq sənətinə bu gün də dövlət səviyyəsində böyük diqqət yetirilir.

Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir. Heydər Əliyevin fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildən isə "Aşıq Şəmşir" mədəniyyət ocağı fəaliyyətə başlayıb.

 

Kitabları

- Qoşmalar

- Aşıq Şəmşir. Şeirləri

- Seçilmiş əsərləri

- Dağ havası

- Şe’rlər

- Öyüdlər

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.