Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Xatırlayırsınız, 2023-cü ilin 6 fevral tarixində Türkiyənin Kahramanmaraş vilayətində baş verən və əsrin ən ağır təbii fəlakətlərindən biri kimi tarixə düşən güclü zəlzələ on minlərlə insanın həyatını alt-üst etdi. Səhər saat 04:17-də Pazarcıq mərkəzli, 7,7 bal gücündə baş verən zəlzələdən cəmi bir neçə saat sonra – günorta 13:24-də Elbistan mərkəzli ikinci, 7,6 bal gücündə sarsıntı bölgəni yenidən yerlə-yeksan etdi. Kahramanmaraş başda olmaqla Hatay, Qaziantep, Adıyaman və daha bir sıra vilayətləri əhatə edən bu faciə minlərlə insanın həlak olması, yüz minlərlə ailənin evsiz qalması ilə nəticələndi və Türkiyə ilə yanaşı bütün regionu dərin sarsıntıya məruz qoydu.
Azərbaycan dəstəyinə gəldikdə isə hər zaman özünü ön sırada göstərdi.
Ədəbiyyat tarix boyu təkcə fərdi təcrübələri deyil, həm də cəmiyyətin yaşadığı böyük faciələri əks etdirən mühüm vasitə olmuşdur. Türkiyədə baş verən zəlzələlər insan psixologiyası, ictimai həmrəylik və mədəni reaksiyaların ötürülməsi baxımından ədəbiyyatda tez-tez işlənən mövzulardandır.
Azərbaycan Mətbuat Şurasında yazıçı-publisist, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin “Nöqtə qədər həyat işığı” adlı hekayəsi 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş vermiş 7,7 bal gücündə zəlzələni mərkəzə alaraq, gənc bir ananın və körpəsinin sağ qalmaq uğrunda apardığı mübarizəni təsvir edir.
Bu tədqiqat sözügedən hekayəni psixoanalitik tənqid, struktur (yapısal) təhlil və izlek (tematik) analiz metodları əsasında araşdıraraq, fərdi travmaların və insan ruhunun fəlakət qarşısındakı dözümünün ədəbiyyat vasitəsilə necə ifadə olunduğunu üzə çıxarmağı məqsəd qoyur. Hekayədə hadisələr xronoloji ardıcıllıqla inkişaf etsə də, zəlzələ anında təqdim olunan şüur axını, detallı təsvirlər və personajların psixoloji dərinliyi dramatik gərginliyi daha da artırır.
Əsas mövzular sırasında ana–övlad bağı, həyatla ölüm arasındakı mübarizə, ümid, inam, ictimai həmrəylik və humanitar yardım xüsusi yer tutur. Hekayənin baş qəhrəmanı Ayşə həm fiziki, həm də mənəvi baxımdan sağ qalmaq mübarizəsi aparır; onun körpəsinə bəslədiyi sevgi və qoruma instinkti nəqlin mərkəzində dayanır. Fəlakətin xaotik mühiti itirilmiş zaman–məkan hissi və xilasetmə qruplarının nümayiş etdirdiyi həmrəylik vasitəsilə ümid müstəvisinə daşınır.
Nəticə etibarilə “Nöqtə qədər həyat işığı” fərdi travma ilə ictimai fəlakətin güclü ədəbi ifadəsidir. Hekayə insan iradəsi, ana sevgisi və həmrəylik ideyalarını bir araya gətirərək, ədəbiyyatın həm estetik, həm də etik bir missiya daşıya bildiyini nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, Kahramanmaraş zəlzələsi ilə bağlı bu hekayə Azərbaycan Mətbuat Şurasının üzvü olan yazıçı-publisist, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin yaradıcılığında xüsusi yer tutur və Azərbaycan ədəbiyyatında qardaş Türkiyənin yaşadığı faciəyə mənəvi dəstəyin bariz nümunəsi kimi dəyərləndirilə bilər.
“Ədəbiyyat və incəsənət”
(07.02.2026)


