İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Vüsal Oğuz (Vüsal Dünyabir oğlu Əlfiyev) Azərbaycanın şimal-qərb bölgəsinin tanınmış qələm sahiblərindən biri, ədəbiyyatımızın istedadlı təmsilçilərindəndır. O, Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin (Oğuz, Qəbələ və İsmayıllı) sədridir.
Oğuz ədəbi mühitinin sayılıb-seçilən qələm adamlarından olan Vüsal Oğuz 1977-ci ildə rayonun qədim kəndlərindən olan Xaçmazda anadan olmuşdur. Kənddəki bir saylı orta məktəbi bitirmiş, Gəncə Dövlət Universitetində təhsil almışdır. İxtisasca tarixçidir. Hazırda bir zamanlar təhsil aldığı məktəbdə işləyir.
Bədii yaradıcılığa 10-11 yaşlarından başlamışdır. Mətbuatda ilk şeiri 11 yaşında dərc olunmuşdur.
Çoxlu sayda nəsr əsərlərinin və şeirlərin müəllifidir. İlk kitabı 2006-cı ildə çap olunmuş “Qayıdaq ötən günə” adlı şeir kitabıdır. 2018-ci ildə “Sonuncu sovqat” adlı hekayələr kitabı işıq üzü görüb. Hekayələri və şeirləri müxtəlif almanaxlatrda, mətbuat orqanlarında və sosial şəbəkələrdə ardıcıl çap olunur.
Bir neçə almanaxın tərtibçisi, bir çox kitabların redaktorudur. Şeir və hekayələri Rusiyada, Mərkəzi Asiyada və Türkiyədə dərc olunmuşdur. Növbəti kitabları çap ərəfəsindədir.
V.Oğuz 2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O həm də DGTYB və ASKEF-in üzvüdür.
2017-ci ildən də AYB-nin Oğuz bölməsinin (Oğuz, Qəbələ və İsmayıllı) sədridir. Oğuz, Qəbələ və İsmayıllı rayonlarında keçirilən ədəbi-bədii tədbirlərin əsas təşkilatçılarından və aktiv üzvlərindəndir. Respublika miqyaslı təbirlərin də fəal iştirakçılarındandır.
Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüşdür.
Vüsal Oğuz ədəbi yaradıcılığında milli düşüncəyə, milli ənənələrə sadiq qalan yazıçılardandır.
Şeirlərində ətraf aləmə baxışı son dərəcə subyektiv və duyğusaldır. Şeirlərin üslubu şairin qapıldığı duyğu aləminə, təbiətə, hadisəyə baxış tərzinə uyğundur. O, insana məxsus duyğuları, hərəkəti təbiət ünsürlərinin, çiçəklərin, real varlıqların üzərinə köçürməkdə ustadır. Onun şeirlərində əsas diqqət sözlərin hissi çalarına cəlb olunur. K.Koduell deyirdi ki, şeirdə əsas cəhət affektiv (hissi) cəhətdir və bu da sözlərlə assosiasiya olunur. Bunları şairin “Bilməz”, “Ayrılaq”, “Anladıq ki…”, “Bu payız da əvvəlkinin tayıdır”, “Arası”, “Düzəlməz bu dünya, düzəlməz daha” və digər şeirlərində aydın görmək mümkündür. Bu əsərlərdə yazıçı intellekti həyati məsələlərə yeni təfəkkür prizmasından baxmaqla yaddaşı hərəkətə gətirən nəsnə kimi çıxış edir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Vüsal Oğuz həm də hekayələr müəllifidir. O, maraqlı təhkiyə üslubuna malik, fikrin sistemli və obrazlı ifadəsinə önəm verən yazıçıdır. Həyat həqiqətlərini, real dünyamızın problemlərini hekayələrində uğurla əks etdirir, oxucusunu düşündürən hekayələr yazır.
Şair, publisist və ədəbiyyatşünas, “Manera.az” ədəbi-mədəni saytının redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü, AMEA Şəki Regional Elmi Mərkəzinin ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisiTural Adışirin “Vüsal Oğuzun hekayələrinə bir nəzər” məqaləsində yazır: “V.Oğuzun hekayələrində cəmiyyətin obrazı, zamanın adi və qeyri-adi qəhrəmanları, insanların sosial, psixoloji durumu əks olunur, hər bir hekayəsi maraqlı quruluşu, dil-ifadə səlisliyi, ideya məzmunu ilə seçilir. Yazıçı hekayələrində hadisələrə tutarlı münasibət göstərir, ciddi mətləblərə - milli-mənəvi köklərə bağlanan məsələlərə vətəndaş mövqeyindən yanaşır. Mövzu müxtəlifliyi, təhkiyə şirinliyi, humanizm onun hekayələrini oxunaqlı edən əsas şərtlərdəndir...Vüsal Oğuzun hekayələri təkcə mətn hadisəsi kimi dəyər qazanmır, onun gücü milli düşüncəyə, milli kimliyə bağlılığı ilə daha çox seçilir. Bu hekayələr milli yaddaş hadisəsi kimi ərsəyə gələn, millilik konsepsiyasına əsaslanmaqla müasir Azərbaycan prozasını yeni bədii düşüncə arxetipində zənginləşdirən yaradıcılıq nümunələridir”. Bunları yazarın "Bir dəfə Xınalıqda", "Çağrılmamış şaxta baba", "Ovçu və qartal", "Dostluq", "Nisyə", "Ana muğamatı", "Kredit", "Əyalət şairinin bir günü", “Sonuncu sovqat” və başqa hekaylərində aydın hiss etmək və duymaq mümkündür.
Sonda hörmətli yazarımıza yeni yaradıcılıq uğurları arzulayır və onun bir neçə şeirini möhtərəm oxuculara təqdim edirik.
B i z i
Keçdi bu sevginin o bahar çağı,
Axtarır bu eşqin payızı bizi.
Daha məhəbbətin günəşi batıb,
Üşüdür həsrətin ayazı bizi.
Çiçəyin gözündən şehi içərdik,
Görüşdə deməyə sözlər seçərdik.
Bir zaman ümmanlar üzüb keçərdik,
Qorxudur çayların dayazı bizi.
Nə sən o sənsən, nə də mən o mən,
Kəsdi yolumuzu tufan, boran, çən.
Vaxtsız düşüb saçımıza yaman dən,
Tapıbdır rənglərin bəyazı bizi.
Bilməz
Sevənlər Məcnunam, Kərəməm deyir,
Hər sevgi ocağı pir ola bilməz.
Tərlan oylağında sarın nə yeri,
Araz ha kükrəyə Kür ola bilməz.
Dünya yaxşı yaman seçən ələkdir,
Yaltağın tərifi hiylə kələkdir.
Dava meydanında hünər gərəkdir,
Hər oğul sandığın “ər” ola bilməz.
Döz dərdə, nə sızla, nədəki ağla,
Nə bir yamanlıq et, nə sinə dağla.
Dostun da dostu var, yadında saxla,
Xəlvətdə desən də sirr ola bilməz.
Vüsal , zirvələrdən qoy gəlsin səsin,
Sevincin çağlasın, qəmin dinməsin.
Elin hörmətini qazanan kəsin,
Koması başına dar ola bilməz.
Ayrılaq
Ayrılaq çəkməyək bu qədər zülüm,
Ayrılaq elə bil heç sevməmişik.
Biz necə qovuşa bilərik gülüm,
Biz ki doğulandan ayrı düşmüşük.
İnanma yenidən gələm həvəsə,
Dönməmçün bir adı zəng bəs eylər.
Bu eşqin rəsmini çəkmək istəsə.
Rəssama bir qara rəngi bəs eylər.
Gör neçə fəsili vermisəm bada,
Ümüdlə özümü aldatdım hər gün.
İlk görüş yerindən üzr istə, ya da,
Qaçaq o yerlərdən düşək didərgin.
Əzəldən beləydin hissiz . duyğusuz,
Qayıtma, yerini kimsə tutacaq.
Gələndə ömrümə gəldin heç nəsiz,
Gedirsən xatirə apar bir qucaq.
“Ədəbiyyat və incəsənət”
(26.01.2026)


