“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə İmir Məmmədlinin essesi təqdim edilir.
İmir MƏMMƏDLİ
SAZLI-SÖZLÜ SİBİR
SİMUSİD
Mordova vilayətinin Simusid qəsəbəsinin mərkəzi küçəsi ilə mehmanxanaya sarı gedirdim. Seyrək maşınlı küçəni təzəcə keçmişdim, elə mehmanxanaya çatha-çatda qulağıma həzin saz havası gəldi. Sazın avazı qulağımı əvvəlcə torağay qanadı kimi qıdıqladı, sonra sığalladı və yaladı. Diqqət kəsildim.
Kimsə çox yaxınlıqda “Dilqəmi”ni çalırdı. Səsə tərəf getdim. Sazın səsi məni çəkə-çəkə mehmanxanadan iki ev bu yana gətirdi. Kiçik və köhnə bir evin eyvanında saçı-saqqalı ağarmış bir kişi sazı köksünə basıb arzu dolu gözlərini uzaqlara, bəlkə də, onun nəzərində həsrətini çəkdiyi adam yaşadığı səmtə zilləmişdi. Darvazanın ağzında əyləşib bu qəmli, amma qancoşduran saz havasının iniltisini dinşədim.
Sazın səsi məni elə cəzb eylədi ki, özümdən asılı olmayaraq bir – heeey! – qışqırdım.
Çalan adam sazın səsini xırp kəsdi, cəld aləti qoltuğuna vurub özünü evin qapısına çırpdı. Sonra ürkmüş halda arxaya boylandı. Ancaq məni darvazanın ağzında görüb təəccüblü və gərgin baxışlarını üzümə zillədi:
– Kimi axtarırsan? – əsəbi səslə soruşdu.
– Heç kimi. Yoldan keçirdim, sazın səsi məni çəkdi gətirdi, – dedim.
– Azərbaycanlısanmı? – soruşdu.
– Azərbaycanlıyam. Sən?
– Mən də... – kişi bunu deyib eyvanın üç pilləkənini aşağı düşdü. – Niyə qapıda dayanmısan? Buyur, içəri gəl, qonağımız ol, bir fincan çayımızı iç.
Mordovanın Simusid qəsəbəsinin düz ortasında rastlaşdığım yaşlı azərbaycanlı və onun əlindəki saz məni elə maraqlandırmışdı ki, tərəddüd etmədən alçaq darvazacığı necə açıb içəri keçdiyimi hiss eləmədim. Sanki ayaqlarım qəlbimin səsinə tabe oldu.
Kişi əli əsə-əsə salam verib məni bayaq özü oturduğu eyvana qaldırdı.
Öz kətilini mənə təklif edib içəriyə səsləndi...
– Züleyxa!
Qapı açıldı, oradan rus qızı kimi sarışın bir qız çıxdı.
– Züleyxa, mənə bir kətil gətir. Sonrasa bizə pürrəngi çay dəmlə.
Qız:
– Yest! – deyib evə qayıdanda kişi:
– Bu, mənim sonbeşiyimdir, – dedi, – böyüklər hərəsi bir yana səpələniblər, hələ ki yanımızda qalan bir bu, bir də ki kiçik oğlumdur.
Züleyxa stul gətirdi. Bir azdan samovarda pürrəngi çay da gəldi.
Züleyxanın sarışınlığı və Mordovanın mordovalığı olmasa, elə bilərdim, Azərbaycandayam, səciyyəvi bir azərbaycanlı ailəsindəyəm.
– Qardaş, sirr deyilsə, Mordova hara, bu saz hara? Hardan gəlib bura düşmüsünüz? – deyə soruşdum.
Kişi köksünü ötürüb:
– Uzun məsələdir, – dedi.
– Əslin hardandır? – yenə soruşdum.
– Gədəbəy aşığıyam, – dedi, – amma bəxt məni gətirib Mordovaya çıxartdı. O dağlarımızın həsrətindən burnumun ucu göynəyir. Bayaq sənin bir “heeey” kəlmən o illəri yadıma saldı, elə bildim, Gədəbəy mahalı gəlib qapının ağzında məni haraylayır...
– Axı aşığın yolu qonşu kəndlərdən, uzağı, rayondan o yana düşməz, sənin yolun çox uzun olub, – dedim.
– Çox uzun... – deyib köksünü ötürdü, – kolxozun və bütün Azərbaycanınqabaqcıl aşığı idim. Kommunist partiyasının üzvü olan ilk aşıqlardanam. Lenini, Stalini, Marksı, Engelsi, partiyanı, tarktor-kombaynı tərifləməkdən dilim qabar olmuşdu. Deyirdilər, belə getsə, sazını da partiyaya qəbul edəcəyik... Xülasə, bir gün ilk partiya təşkilatının katibi məni yanına çağırıb dedi:
– Yoldaş aşıq, sazını bərk köklə, səni Moskvaya aparacağıq, yoldaş Stalinin qarşısında oxuyacaqsan!
“Stalinin qarşısında oxuyacaqsan” kəlməsini eşidəndə dilim-dodağım təpidi, dizlərim əsdi. Odur ki, oradaca sazımı köynəyindən çıxarıb “Yanıq Kərəm” havası üstə böyük rəhbərin eşqinə və nəzərdə tutulan görüşümüzün şərəfinə iki beyt oxudum.
Aşıq bu yerdə sazı sinəsinə basdı, aldı görək nə dedi:
Mən gedirəm, qatar yola düzüldü,
Bu səfərə həsrət idim, yüz ildi.
Aşıq gözüm səni gördü, süzüldü,
İstalinim, elə baxma, belə bax!
Sənə görə mən kam aldım dünyadan,
Atamızsan, sən əzizsən atadan.
Marks səmadı, sən günəşsən, Lenin – dan,
İstalinim, aşıq gəldi, belə bax!
Söz tamam oldu, kontordan evə gəldim. Axşam çimib, səhər arvad-uşaqla vidalaşıb Bakıya, Bakıdan da Moskvaya gəldim... Gədəbəydəcə öləydim, heç gələn günüm olmayaydı.
Moskva vağzalında bizi işım-işım işıldayan qara maşınlara oturdub düz Kremlin konsert salonuna gətirdilər. Burada da ətraf par-par parıldayırdı.
Hər kəsə öz yerini, konsert zamanı çalıb-oxuyanın, oxumayıb oynayanın haradan çıxıb işini bitirdikdən sonra hara girəcəyini dönə-dönə göstərdilər, dönə-dönə məşq etdirdilər, dönə-dönə salıb çıxartdılar.
Hər addımımızı özümüzə əzbərlətdirdikdən sonra səhnənin sol yanında gül-çiçək içində itib-batan lojadakı kürsünü göstərib dedilər:
– Yoldaş Stalin bax burada oturacaqdır.
Öz-özümə dedim, yoldaş Stalinin ağa kefi harada istəyər, orada oturar, bunlar kimdir ki rəhbərə yer göstərirlər? Sonra gördüm, hamı susub, nə rus, nə gürcü, nə də tacik artistləri Stalinin naminə cınqırlarını da çıxarmırlar, düşündüm, əşşi, mənim nə işim var, gədəbəylinin əysisi onsuz da tüstülüdür... Bəlkə də, rəhbərin özü o yeri bələdləyib. Soruşanda ki harda oturarsınız? – ellər atası qalın bığlarını eşə-eşə qartal baxışlarını zala gəzdirib, deyib, bax oranı mənim üçün saxlayın, orda oturaram! Bəlkə də, bilib, bu gün burada bir aşıq da çıxış edəcək və bunu sazın xətrinə belə edib. Qafqazlı balası yaxşı bilir ki, sazı bacardıqca yaxından dinləməlisən ki, tellərin sızıltısını hiss edəsən, ürəyinin alt qatlarına axıdasan.
Nə isə... Bizi səhnədən çəkdilər.
Bir də məni sinəmdə saz səhnəyə buraxanda gördüm, Stalin, doğrudan da, gəlib, bax beləcə, sən qarşımda oturduğum kimi, bayaq göstərdikləri yerdə, səhnənin o başında lojada əyləşib.
Əvvəlcə gözlərimə inanmadım. Baxıb gördüm, yox, odur ki, var. Amma rəhbər çox fikirli və qayğılı idi. Dedim, bu dəqiqə səni şənləndirərəm. O aşıq nə aşıqdır ki, qəmi dəmə, cəfanı səfaya çevirməsin... qafqazlı balasını burda mənə qədər oxunan hənə-mənə mahnılar dərin düşüncələrdən ayıra bilməz. Sazı sinəmə basdım, bir "Koroğlu cəngisi" çaldım ki, çaldığım özümü də cuşa gətirdi. Beləcə çala-oynaya irəliyə tərəf süzdüm. Hesabımı elə tutmuşdum ki, rəhbərin lojasına çatan kimi başlayacaqdım. Odur ki, oynaya-oynaya bir neçə dəfə dala-qabağa var-gəl etdikdən sonra lojaya lap yaxınlaşıb üzümü fikirli rəhbərə tutub:
– Ay heeeeey!.. – deyə bir nərə çəkdim. Stalin silkələndi, səksənən sayağı oldu. Sanki yuxudan ayılmışdı, təəccüb və xof dolu gözlərini üzümə zillədi. Onu dərin xəyaldan ayıra bildiyimi görüb daha da fərəhləndim, mahnımı oxuya-oxuya üzü rəhbərə arxaya tərəf süzdüm.
Səhnənin əks tərəfindəki pərdəyə çatanda hiss etdim ki, pərdənin arasından bir əl uzanıb xələtimin kəmərindəki qatlaq yerindən yapışdı və məni ehmalca arxaya dartdı. Neyləməli, mən də beləcə çala-çala, dal-dala pərdənin arxasına getdim. Həmin əl məni pərdənin arxasında da buraxmadı, konsert salonundan çıxanda da buraxmadı, Kremlin həyətində də buraxmadı, Qızıl meydanda da buraxmadı... Beləcə quyruğumdan darta-darta məni Mordovaya, gördüyün bu Simusit qəsəbəsinə (o zaman bura düşərgə idi) gətirib çıxardı. Buranın adı da elə buna görə Simusit imiş. Bu sözün "siyasi musiqiçilər düşərgəsi" mənasını verdiyini sonradan öyrəndim.
Əvvəlcə çox darıxdım. Sonradan burada bir nəfər yerlimizlə tanış oldum, dərdimizi bölüşürük...
– O yerlimizi nəyə görə sürgün etmişdilər? – maraqla soruşdum.
– Yerlimiz deyəndə, gürcüstanlıdır, Kaxeti gürcüsüdür, – dedi.
– O da Stalini səksəndirib? – yenə soruşdum.
– Xeyr, – dedi, – gürcü olsa da, o, Stalinin üzünü belə görməyib.
– Bəs onu niyə siyasi musiqiçilər düşərgəsinə gətiriblər? – üçüncü dəfə soruşdum.
– Polis fıştırığında dövlət himni çalırmış, bu səs gedib Moskvaya çatıb. Mərkəzdəkilər ip kimi çözələnən səsin ucundan tutub onu geriyə tərəf yığa-yığa bir gecə qəflətən himn çalınan qapısını döyüblər. Gecəykən elə himn çaldıra-çaldıra gətirib bura çıxarıblar. Qonşumdu, üç ev o yanda yaşayır. İnanırsanmı, həmin alətdə himn çalmaq qabiliyyəti hələ də qalır. O qanlı-qadalı illərdə də unutmayıbdı. Sağ olsun, o olmasa, qəriblikdə ürəyim partlayardı. Düzdür, get-gedə bizimkilərin sayı artdı. Ona qədər iki qafqazlı axşamlar oturub gözlərimizi üfüqə zilləyərək dərdləşirdik.
Sovet İttifaqı dağılanda qaça-qaça yanıma gəldi, məni xəlvətə, evin dalına
çəkdi, üzümə müəmmalı-müəmmalı baxdı, bir müddət susdu. Mən də susdum. Bildim, nəsə vacib bir şey demək istəyir. Birdən cibindən keçmişin yadigarı olan həmin polis fıştırığını çıxardı, əlləri əsə-əsə dodaqlarının arasına qoyub insanın iliyinə işləyən bir himn çaldı. Elə çalırdı, elə çalırdı, elə bil dağılmış, yerlə yeksan olmuş ölkə bu dəqiqə ayağa duracaqdı.
– Uzun illər ərzində bunu unutmamısanmı? – dedim.
– Gecələr hamı yatanda xəlvətə çəkilib gizlin-gizlin məşq eləyirdim, – dedi.
Bu ara darvazacıq açıldı və içəri ağbirçək rus qarısı keçdi.
– Bu, uşaqların anasıdır, – aşıq bizi tanış etdi.
Qadın əlində iki zənbil (görünür, bazardan gəlirdi) mənə "zdravstvuyte!" deyib evə girdi.
– Adı Nataşadır, – aşıq sözünü davam etdirdi, – sürgünümün ikinci ili idi, Mordva şəhərində siyasi musiqiçi məhbusların festivalı keçirilirdi. Mən sazımla getmişdim, Nataşa isə öz balalaykası ilə çıxış edirdi. Nataşa o zaman gənc, gözəl və şux idi. Onu səhnədə əlibalalaykalı görəndə bir könüldən min könülə vuruldum. An içində Gədəbəy də yadımdan çıxdı, orada gözü yolda qalan arvad-uşağım da. Elan olunmadan, qeyri-ixtiyari sazı döşümə basıb Nataşanın yanına, səhnəyə qalxmağımla çalıb-oxumağım bir oldu.
Bu yerdə aşıq sazı yenə də sinəsinə basıb aldı görək nə dedi:
Başına döndüyüm alagöz urus,
Balalaykanı çal, halımı soruş.
Mən gədəbəyliyəm, adımdı Novruz,
Yandırma Novruzu, amandı, ay qız.
Bu gözlənilməz şən hadisə hamının ürəyincə oldu. Sazımı-sözümü gur alqışlarla qarşıladılar.
Nataşa sözlərimi anlayırmış kimi balalaykanı tər sinəsinə basıb aldı gör nə dedi, tərəfindən ərz eləyim, canımız da sağ olsun:
Polyubila parnya ya,
A paren to, bez oqnya,
Tı kavkazskiy pojar moy,
Pover, umru bez tebya.
Festival iştirakçıları yenə cuşa gəldilər. Hər bənddən sonra "Ura!" qışqırıb, fit çalırdılar.
Sarışın xanımın cavabında telli sazı sinəmə basıb gör nə dedim. – Aşıq Novruz sazı sızladıb o zaman dediyini bir də dedi:
Mən sənə mayılam, ay sarı pəri,
Arvadım olarsan, olaram ərin.
Mən sönməz atəşəm, o əğyar sərin,
Öldürmə Novruzu, amandır, ay qız.
Mənə ünvanlanan alqışlar və fit səsləri səngiyəndən sonra Nataşa balalaykasını sinəsinə basıb gör nə dedi. Tərəfindən bir də ərz eləyim:
Milıy moy, da milıy, ço,
S toboy budet qoryaço,
Tı dlya menya i Mamed,
I Karapet, i Katso.
Yenə sürəkli alqışlar, fit səsləri. Telli sazı bağrıma basıb səhnədə var-gəl edə-edə üzümü Nataşaya tutub bir bənd də dedim.
Aşıq o zaman dediyini indi bir də dedi:
Başına döndüyüm Mordova eli,
Odumu coşdurdu məhəbbət yeli,
Daha dözəmmirəm, olmuşam dəli,
Söndürmə Novruzu, amandır, ay qız.
Uzun sözün qısası, o dedi, mən dedim. Mən dedim, o dedi, amma mətləbimiz ikimizə də aydın idi. Nataşa sözlərimi anlamasa da, istəyimi nər gözləri kimi yanan gözlərimdən yaxşı oxuyurdu, anlayırdı. Razılığını odumun əksi düşən mavi gözləri ilə verirdi.
Həmin gün o sarışın qızı festival səhnəsindən düşürüb birbaşa evə gətirdim. Bu evin yerində o zaman kiçik bir daxma quraşdırmışdım.
İlk gecə Nataşa köz kimi yanan qoynuma girəndə dodaqlarını qulağımın yanına gətirib pıçıldadı:
– Biz sazla balalaykanı evləndirdik, balalarımız da saz-balalyka calağı olacaqlar.
Elə də oldu, altı uşağın üçü qarayanızdır, elə bil indicə Azərbaycandan gəliblər, üçü də anaları kimi sarışındır, xasiyyətləri də, həmçinin, yarıbayarıdır.
Mən eşitdiklərim barədə düşünə-düşünə çayın fincanda qalan qurtumunu da hortlatdım:
– İndi ki qayıtmaq olar, bəs niyə vətənə qayıtmırsız? – soruşdum.
– İndi vətən buradır. Məni ora ilə bağlayan tellər çoxdan çürüyüb töküldü, əvəzində buraya bağlayan tellər yarandı. Mənim orada hər hansı qapıya düşəcək bir açarım yoxdur. Gədəbəydən çıxdığım qapını çoxdan dəyişmiş olarlar. Dəyişmiş olmasalar da, o qapıdan çıxanda üstümdə açar götürməmişəm, elə bilirdim, mahnı oxuyub üç günə geri qayıdacam. Amma yaxşı demişlər, sən saydığını say, gör fələk nə sayır...
Araya çökən ani sükutdan sonra:
– İcazə verin, mən gedim, – deyib ayağa durdum. Aşıq qəmli-qəmli gülümsündü:
– Bir fincan da çayımızı içəydiniz, – dedi.
– Sağ olun, yorğunam... Səhər obaşdan yola çıxmalıyam, – dedim.
Ev sahibinin icazəsini gözləmədən üç pilləkəni düşüb darvazacıqdan çıxdım.
Sazın qəmli səsi mehmanxananın qapısına qədər arxamca süründü.
NƏZƏRDƏ TUTULMAYAN DÖNGƏ
Atamın acı taleyi, yəqin, sənə İmir Məmmədlinin “Simusid”indən tanışdır. Yadındadırsa, həmin novellasında İmir Stalinin konsert zamanı necə səksənməsindən və atamın, yəni aşıq Novruzun böyük rəhbərin səksənməsinin yeganə canlı səbəbi kimi bu Simusid qəsəbəsinə, daha doğrusu, Sibirə sürgün edilməsindən, burada evlənib məskunlaşmasından yazır.
Xatırlayırsınızsa, İmir həmin yazısında əslən Gədəbəydən olan aşıq Novruzun Sibirdəki çoxsaylı külfətindən də bəhs edir. Bax atamın ona dediyi kiçik oğul, yəni yeni yurdda aşığın soy-kökünün davamçısı mənəm.
Nə başını ağrıdım, haqqında oxuduğun həmin o sürgünlər məskəni Simusid qəsəbəsi mən böyüyüb boya-başa çatanda siyasi sürgünlərin və onların törəmələrinin hesabına artıb ətrafa xeyli qol-budaq atmışdı.
Keçmiş şura dövlətində elə millət tapılmazdı ki, onun bu qəsəbədə bir-iki sürgünü, ümumi axardan kənara sapanı yaşamasın. Çoxluğu ruslar, xaxollar, latışlar və gürcülər təşkil edirdi. Beş-üç azərbaycanlı, bir o qədər də erməni ailəsi var idi. İndi onların sayı artıb ona, on beşə çatıb.
Açığını deyim, qəsəbəmizin say-seçmə kişilərindən olan azərbaycanlı Əhmədin qızını məktəbdə ikən gözaltılamışdım. Qız məndən iki sinif aşağı oxuyurdu.
Anamız rus olsa da, Gədəbəy havasından mayalanan atam millət barədə, Azərbaycan haqqında, güllü-çiçəkli, qaynar bulaqlı Gədəbəy dağları barədə o qədər danışmışdı ki, daha nə bilim. Aşığın dilinə dil gəlməz, kişinin sözlərinin, çeşidli xatirələrinin təsiri altında əvvəl başdan, hələ lap uşaq ikən qərarlaşdırdım ki, Sibirdə də olsa, yalnız öz millətimin qızı ilə evlənəcəm. Əhməd kişinin qızını məktəbdə görüb, aşıqlar demişkən, dəli-divanə kimi vurulandan sonra bu qərarım lap qətiləşdi. Əhməd əmi əslən gəncəli idi.
Günlərin bir günü qızla tanış oldum. Mən də azərbaycanlı olduğumu dedim.
Dedi, bilirəm, aşıq Novruzun oğlusan.
Dedim, belə qərara gəlmişəm ki, arvad alanda yalnız azərbaycanlı alım.
Qız qızardı, başını aşağı saldı. Dərsdən sonra evə qayıdırdıq.
Bir azdan sükutu pozub dedi, mən də yalnız azərbaycanlıya getmək fikirindəyəm, papam deyir, qızıldan oğlan olsun, azərbaycanlı olmasa, vermərəm.
Araya yenə sükut çökdü.
Bu dəfə sükutu mən pozdum. Dedim, ver sumkanı, aparım.
Dedi, sağ ol, ağır deyil, çərşənbə axşamları dərslərimiz az olur...
Xülasə, qızla beləcə dostlaşdıq, gah məktəbdə görüşdük, gah da məktəbdən kənarda.
Bir gün gördüm, ətrafımız xeyli xəlvətdi.
Dedim, səni sevirəm.
Dinmədi. Başını aşağı saldı. Yanaqları odəfəki kimi qızardı.
Araya gərgin sükut çökdü. Ayaq səslərimiz apaydın eşidilirdi. Cəsarətimi topladım, sükutu pozub mənə gələrsənmi? – dedim.
– Burada səndən başqa kim var, kimə gedim? – dedi.
Doğrudan da, azərbaycanlı uşaqların içərisində nə onun babı var idi, nə də mənim. Hamısı bizdən yaşca da, boyca da balaca idi. Amma qızın bir növ məcburiyyət qarşısında qalıb mənə gəlməyə razılıq verməyi bəndənizi qane etmədi.
– Azərbaycanda olsaq, mənə gəlməzdinmi? – deyə soruşdum.
– Bəs kimə gedəcəkdim? – qız sualımı sualla qarşıladı.
– Orda azərbaycanlı oğlan azdı? Məməyeyəndən pəpədeyənə hamısı azərbaycanlıdır, – dedim.
– Mən başa düşmürəm, – dedi, – kimi nəzərdə tutursan?
– Məsələn, – dedim, – Polad Bülbüloğluna gedərdin, ya mənə?
Azərbaycanlılardan yalnız Polad Bülbüloğlunun adını eşitmişdim, üzünü (televizorda) görmüşdüm. Odur ki, sevdiyim qızı uşaq qısqanclığı ilə yalnız ona qısqana bilərdim.
Qız çiyinlərini çəkdi:
– O məni tanımır, almazdı, – dedi.
– Yox, sən de görüm, alsaydı, Polad Bülbüloğluna gedərdin, ya mənə gələrdin? – höcətliklə soruşdum.
Qız yenə çiyinlərini çəkdi:
– Polad Bülbüloğlu məndən böyük olar, – dedi.
– Demək, yenə də mənə gələrdin? – sevincək səslə soruşdum.
Gəncəli balası dinmədi, amma razılıq əlaməti olaraq başını tərpətdi.
O gündən əhd-peyman etdik, ölsək, Sibir torpağının, qalsaq, bir-birimizin olacağımızı dedik.
Uzun sözün kəsəsi, orta məktəbi bitirdim, Mordovada instituta girdim. Qız da məktəbi bitirən kimi illərcə ürəyimdə gəzdirdiyim fikrimi açıb atama dedim.
– O kimin qızıdır? – soruşdu.
– Yuxarı məhəllədə yaşayan Əhməd var ha... onun qızıdır, – dedim.
– Ayə, – dedi, – gəncəli Əhmədimi deyirsən?
– Bəli, – dedim.
Kişi bir sevinmək sevindi, bir sevinmək sevindi, daha bilmədi, nə desin.
Neçə vaxtdır telinə barmaq dəyməyən sazın köynəyini soyundurdu, basdı sinəsinə, o gün axşama qədər çalıb-oxudu. Dediklərindən bəziləri yadımda qalıb:
Mən ala bilmədim öz ellimizi,
Rusa doğuzdurdum, ay bala sizi.
Yuxumda çırpınır Xəzər dənizi,
Azəri qızını al, qadan alım.
Bizə lazım deyil nə rus, nə xaxol,
Bala, ermənidən, çalış, uzaq ol.
Gedək, elçi gedək, bizə yaxşı yol,
Azəri qızını al, qadan alım.
Qoy qapı-bacada öz qanım gəzsin,
Mənə plov bişirsin, əriştə kəssin.
Yeddi oğul doğsun, hay-küyə dözsün,
Azəri qızını al, qadan alım.
Beləcə söz tamam olunca gün axşam oldu. Səhər atam Əhmədi gördü. Danışdılar, vədələşdilər ki, qışağzı qıza elçi gedək, Gəncədən də qızın qohumları, nəslin ağsaqqalları gəlsin, el adəti ilə “hə” desinlər. Sonra da toy eyləyək, qızı versinlər, gətirək evimizə.
Həmin qışı elə gözlədim, elə gözlədim, heç bir baharı elə gözləməmişdim.
Söz vaxtına çəkər, o gün də Sibir qışının qarlı-şaxtalı bir günü idi. İtləri qoşduq xizəyə. Xonçaları bağladıq. Geyindik, kecindik, bərtəndik. Başımızda bir neçə qohum-simuzar xəzəklərdə oturub əmrimizi səbirsizliklə gözləyən qoşqu itlərini elçilik niyyəti ilə Əhmədin evi olan istuiqamətə hayladıq.
Sanki xizəklərə qoşulan itlər də qəlbimizdəki şadyanalıqdan, Əhmədgildə gedən hazırlıqdan xəbardar idilər, quyruqlarını qaldırıb hürüşə-hürüşə yola ceyran kimi düşdülər.
Bizim evdən Əhmədgilin qapısınadək cəmi on-onbeş dəqiqəlik yol olsa da, mənim gözlərimdə bu məsafə xeyli uzandı. Arada bir “heey” qışqırıb itləri ruhlandırırdım ki, bir az sürətlə getsinlər. Atam sazı da götürmüşdü ki, qızgildən “hə” cavabını alandan sonra çalıb-çağırsın, məclisi şənləndirsin. O, yol boyu da boş durmurdu, itlərin surətinə uyğun "Cəngi" çalırdı. Yəqin, yel kimi gedən itləri bu saz havası da ruhlandırırdı.
Elçilik səfərimizin belə gözəl getdiyi bir məqamda qəflətən, daha doğrusu, tərs kimi qənşərimizə pişik çıxdı. Adam-adama qarğıyanda gərək desin ki, səni görüm elçi gedəndə qarşına pişik çıxsın...
Bilmirəm, mənə kim qarğımışdı.
İtlər ani olaraq duruxdular, sanki gözlərinə inanmadılar, sonra hürüşə-hürüşə pişiyin dalınca elə götürüldülər, az qala sərxoş dayım Vanya xizəkdən aşmışdı.
Köpəklərin başını nə qədər çəkdik, olmadı. Bir an içində hara getdiyimizi də unutdular, bayaqkı şənliyimizi də.
Pişik hayana, itlər də o yana. Hürüşə-mırıldaşa yoldan döndülər, pişiyin ardınca, necə deyərlər, davanbasma, orada yaxınlıqda yerləşən Karapetin həyətinə ildırım sürəti ilə girdilər.
Tərs kimi, darvaza, yəni “kalitka” həmin an qarğa balasının ağzı kimi tayba-tay açıq idi.
Karapetin qızı mənim sinif yoldaşım olmuşdu. Özü də yuxarı siniflərdə, məni əməllicə gözaltılamışdı. Deyirdi, atamın səndən bərk xoşu gəlir.
Erməni olsa da, bu kişi atamın dostlarından idi.
Pişik qarşıdakı, hasardan aşan kimi elə bil kimsə xizəyin tormozunu basdı, itlər hasara dirənib mırıldaşa-mırıldaşa dayandılar.
Bizi evin pəncərəsindən görən Karapet sevinə-sevinə qənşərimizə çıxdı. Atamın əlindəki telli sazı görüb buraya nə məqsədlə gəldiyimizi lap yəqinlədi:
– Buyurun, buyurun! – təmtəraqlı səslə dedi, – xoş gəlmisiniz, səfa gətirmisiniz! Sizdən əziz kimim gələcək? Gəlin, gəlin, gözüm üstdə yeriniz var!
Əvvəlcə dayılarım xəzəkdən atıldılar. Onların dalınca atam naçar qalıb düşdü.
Mənim düşmədiyimi görən atam üzümə tər-tərs baxıb:
– Düş! – dedi.
Düşdüm.
Karapet əlisazlı, xonçalı qonaqları içəri dəvət etdi. Karapetin arvadı əlhəşirə
düşdü:
– Niyə əvvəlcədən xəbərdarlıq etmədiniz, ay Novruz, – dedi, – biz də bir az hazırlıq görərdik...
– Nə hazırlıq?! Hər şey qaydasındadır... Belə daha yaxşıdır... – atam çar-naçar dilləndi.
– Buyurun, əyləşin, – Karapet sözə qarışdı, – qızım, Haykanuş, gəl bu xonçaları götür!
Keçmiş sinif yoldaşım üzündə azca cilovlanmış sevinc təbəssümü yandakı otaqdan çıxdı. Hamıya baş əydi. Mənə mənalı-mənalı gülümsünüb salam verdi və xonçaları götürüb mətbəxə apardı.
Mən başa düşdüm ki, dayılarım rus olduğundan onlar üçün elə bir fərqi yox idi, Əhmədin qızını alardım, ya Karapetin. Atam isə qəfil fakt qarşısında çarəsiz qalmışdı. Həm də dindar adam olduğundan, bəlkə də, bunu taleyin hökmü kimi qəbul edirdi.
Atam qapının ağzında yazıq-yazıq durduğumu görüb ayağa qalxdı, ev yiyəsindən üzr istəyib məni bayıra çəkdi:
– Bu həyatda heç nə elə-belə olmur, – dedi, – tale idi ki, bizi yolumuzdan
döndərib bura gətirdi. Bu kişilərin yanında məni rüsvay eyləmə... Karapetnən duz- çörək kəsmişik... Fələk ki belə istədi, qoy belə olsun. Haykanuş da pis qız deyil...
– Bəs orda, Əhmədgildə bizi gözləyirlər axı! – təkcə bunu deyə bildim.
– Biz Allahın yazdığı yazını poza bilmərik, – atam sözümü kəsdi, – neynim, ora gedirdim, amma bəxt məni bura gətirib çıxardı. Cınqırın çıxmasın! Düş qabağıma, kirimiş otur! Allahın əmrinə qarşı çıxsan, xeyir tapmazsan. Yaxşı bil ki, o pişiyi ora fələk göndərdi...
Dinib-danışmadan atamın qabağına düşüb girdim otağa. Atama süfrənin başında, mənə ayağında yer göstərdilər. Oturduq. Atam:
– Karapet, – deyə sözə başladı, – sən bilirsən niyə gəlmişik, daha doğrusu, biz gəlməmişik... Allah bizi gətirib... Onsuz da bir qız bir oğlanındı...
– Hər şeyi bilirəm, – Karapeti sevinc üstələdi, atamın sözünü kəsdi, – Haykanuş sənin oğlun barədə mənə dəfələrlə deyib. Bilirəm, yaxşı gəncdir. Qızım da sizə qurban, evim də. Dost idik, nə deyirəm, indi də olaq qohum.
– Demək hə, deyirsən? – atam soruşdu.
– Əşşi, mən bu işə dünəndən hə demişəm. Bir sazını çal bizi şənləndir –Karapet gülümsündü, – sözlə dediyimizi sazla da deyək.
– Allah mübarək eləsin!
– Qoşa qarısınlar!
– Bir yastıqda qocalsınlar! – süfrə arxasındakılar bir növ ardıcıllıqla dedilər.
– Oxu, aşıq Novruz, oxu ömrümdə ən xoşbəxt olan bu günün eşqinə, – Karapet təkrarən dedi.
– Oxu deyirsiniz, oxuyum, – atam bunu deyib telli sazı basdı sinəsinə, aldı görək nə dedi:
– Gəl, a balam, heeeeey!
Başına döndüyüm Karapet qağa,
Bu gün iki ürək dönübdür dağa.
Oğlum qız istədi, getməm uzağa,
Erməni qızını almağa gəldik.
Azərbaycan dilini və mahnısını yaxşı bilən Karapet:
– Ayə, çal, gör mən nə deyirəm, – dedi.
Aldı Karapet:
Novruz, tüpürmərəm saqqala, bığa,
Arvad evə olar dirək, onurğa.
Qızım doğar sizə yeddicə dığa,
Azəri oğluna verirəm qızı.
Karapetin cavabında aldı atam, görək nə dedi:
Nə xaxol istərəm, nə rus, nə gürcü,
Erməni olsun qoy damımın bürcü.
Mənə kifayətdir evin bir küncü,
Erməni qızını almağa gəldik.
Söz bu yerdə tamam oldu. Alışdıq, verişdik. Əhmədin qızı üçün gətirdiyim nişan üzüyünü öz əlimlə Haykanuşun barmağına taxdım. Toy gününü təyin etdik. Xizəyimizə oturub itləri evimizə tərəf hayladıq. Sonra eşitdim, Əhmədgildə elçimizi gözləyiblər... gözləyiblər...
Gəlmədiyimizi görüb paltarlarını soyunmadan yatıblar. Səhər Haykanuşu nişanladığımızı biləndə sevgilimin qəzəblənən əmisi qızı götürüb Gəncəyə aparıb ki, orada əsli-nəcabəti bəlli olan bir azərbaycanlıya ərə versin.
Qoy heç kəs heç kimi mühakimə etməsin. Ya qismət, deyib, yola düşəndə kimin qənşərinə nəyin çıxacağını heç kəs əvvəlcədən bilmir.
Amma, necə deyərlər, ölümdən başqa hər şeyin çarəsi var. Mən də düz yeddi ay, yeddi həftə, yeddi gün, yeddi saat (bu, Haykanuşa nişanlı olduğum müddətdir) düşündüm ki, bu qara pişik nəmənədir, onun məngənəsinə düşüm, məni ömürlük buxovlasın. Odur ki, qara pişiyin qara xətti ilə yazını pozmaq, yəni qara pişiyın ətrafıma çəkdiyi qara cızıqdan çıxmaq fikrinə düşdüm. Düşdüm sözü dilimə gəlmişkən, deyim ki, sübh tezdən yola düşdüm, Simusiddən birbaşa Gəncəyə gəlib Əhmədin qızının izinə düşdüm.
Qız məni görəndə həm sevindi, həm kədərləndi. Kədərləndiyini nədən bildim? Salamımın cavabında verdiyi sualdan:
– Haykanuş hanı? – deyə soruşdu.
– Bir bu boyda yolu o sualı eşitmək üçün qət etməmişəm! – dedim.
– Bəs nə üçün qət etmisən? – dedi.
– Sənin üçün! – dedim.
– Bu gün mənə elçi gələcək, – dedi.
– Elçidən qabaq mən gəlmişəm, – dedim.
Dinmədi. Başını aşağı salıb susdu.
Bir addım irəli atıb əlini əlimə aldım. Yenə dinmədi.
– Gedək! – dedim. Bu dəfə də dinmədi, amma yanıma düşüb gəldi. Yaxınlıqda taksi tutub Gədəbəyə yola düşdük. Yasamal dağlarını aşdıq. Taksi düz Gədəbəyin mərkəzinə sürdü. Orada qənşərimizə çıxan ağsaqqaldan Aşıq Novruzun dədə yurdunu soruşduq. Kişi gözlənilməz suala təəccüblənsə də, bizi düz babalarımın yurduna yönəltdi...
Evliliyimizdən qırx gün, qırx gecə təzəcə keçmişdi ki, bir axşam Əhmədin qızı mavi gözlərini gözlərimin içinə zillədi.
– Səndən bir şey soruşacam, soruşmasam ürəyim partlayar, – dedi.
– İkisini soruş, – dedim.
– Atamgil sənin elçilərini gözlədiyi gün niyə Karapetgilə getdiniz? – deyə soruşdu.
Udqundum. Fikrə getdim. Bilmədim, nə cavab verim.
– Haykanuşdamı sənin elçini gözləyirdi? – cavabsız sualına bir sual da əlavə etdi.
– Yox. – dedim.
– Bəs niyə ora getdiniz? – deyə sualını təkrarladı.
– Biz sizə gəlirdik, – dedim və gərgin pauzadan sonra əlavə etdim, – qarşımıza qara pişik çıxdı, xizəyə qoşduğumuz itlər pişiyin arxasınca cumub yoldan sapdılar, pişik Haykanuşun pişiyi çıxdı...
Əhmədin qızı rahat nəfəs aldı. Ani sükutdan sonra:
– O pişiyi görmüşəm, – dedi.
İndi burdayıq, şükür, nə itdən qorxumuz var, nə də qara pişikdən.
Amma bir daha deyirəm, "Ya Rəbb" deyib yola düşəndə qismətin insanı hara aparıb çıxaracağını heç kəs əvvəlcədən deyə bilməz.
Bu müdrik kəlam atamın da dilindən düşmür.
“Ədəbiyyat və incəsənət”
(19.01.2026)


