İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ömrüm
Özümdən özümə çəkilən yolam,
Qəlbimdən dünyaya uzanan qolam,
Həmişə gözləri yol çəkən yolam,
Yolçu yolda gərək, qalx gedək, ömrüm.
Özüm öz gözümdə azıb gəlirəm,
Sözümü daşlara yazıb gəlirəm,
Durna sözlərimi düzüb gəlirəm,
Bahar ünvanlısan, yağ gedək, ömrüm.
Sabir Abdin 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olub. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışıb.
Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib.
Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir.
Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur. İlk şeiri 1978-ci ildə Yardımlı rayonunda çıxan "Yeni kənd" qəzetində dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Qızıl Qələm" media mükafatı laureatıdır.
Müxtəlif illərdə şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz", "Mütərcim", "Kür-Araz", "Mingəçevir leysanı", "Söz" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Ədəbiyyat naminə", "525-ci qəzet", "Ədalət", "Yeni Azərbaycan", "Kredo", "İnam" və digər qazetlərdə dərc edilib.
"Demə, mənə heç nə demə" ("Bilik" Maarifçilik cəmiyyətinin "Bayatı" nəşriyyatı, 1997-ci il), "Qınamasın bu yurd məni" ("Bilik" Maarifçilik cəmiyyətinin "Bayatı" nəşriyyatı, 1998-ci il), "Mənə dəniz verin" ("Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2002-ci il), "Sənə məktublarım" ("Açıq dünya" nəşriyyatı, 2007-ci il), "Sizsiz, sizinlə…" ("Vektor" beynəlxalq elm mərkəzi, 2010-cu il) kitablarının müəllifidir.
Tanınan bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib. 2001-ci ildə bəstəkar Nadir Əzimov tərəfindən şeirlərinə yazılan nəğmələrdən ibarət "Dünyadan böyük sevgimiz" adlı audio kaset və disk böyük tirajla müsiqisevərlərin ixtiyarına verilib.
Onun sözlərinə yazılan " Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnılar dillər əzbəridir.
Nə xoşbəxtdi əllərim
Nə xoşbəxtdi əllərim...
Saçlarında gizlənib.
Sənsiz gözümdə dünya
Dərələnib, düzlənib.
Gözlərində bülbültək
Yuva qurub gözlərim.
Bu yuvada doğulub,
Sarıdimdik sözlərim.
“Ədəbiyyat və incəsənət”
(16.01.2026)


