“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Narıngül Nadirin şeirləri təqdim edilir.
VƏTƏN
Dağdı, daşdı, çöldü vətən,
Ağac vətən, yarpaq vətən.
Adam ölüb yox olmaz ki,
Adam boyda torpaq, vətən.
Gör necə dindir ki vətən,
Hamı ibadət eyləyir.
Gör necə sevgidir vətən,
Hamı eyni dində sevir.
Gör necə yardır ki vətən,
Rəqibi, əğyarı yoxdur.
Gör necə aşiqdir vətən,
Özgə bir nigarı yoxdu.
Xəritəsi damar-damar,
Gəlib candan, qandan keçir.
Gör necə qan qrupudur,
Səndən, məndən, ondan keçir.
Getdi döyüşə oğullar,
Getdilər vətən olmağa.
Yurdu divdən, əjdahadan,
Təpəgözdən qorumağa.
Məlikməmməd xilas edən
Qırmızı almadır vətən.
Axtarma başqa yerdə sən,
Ürəkdə, candadır vətən.
Qürbətdən baxanda vətən
Baxıb ağlamaq üçündür.
Qürbətdən gələndə vətən
Yara bağlamaq üçündür.
Sən məni vətən kimi sev,
Burdan uzaq düşsə yolun.
Sən məni vətən kimi sev,
Sevgindən arxayın olum.
HAVA LİMANI
Gecənin yarısı. Hava limanı.
Yenə göz yaşımı gizlədəcəyəm.
Yanına gəlməyə gecə yuxumda
Kağızdan təyyarə düzəldəcəyəm.
Alma ilə bitmir hər nağıl sonu,
Yenə göydən yerə ayrılıq düşür.
Ürəyim boş qalan quş yuvasıdır,
Təyyarə quş kimi qəlbimdən uçur.
Hava limanının havası çatmır,
Deyəsən, ölübdür, səsi gəlməyir.
Göydə şimşək çaxır tapança kimi,
Tərs kimi yağış da ara verməyir.
Tərs kimi yağış da ara verməyir,
Bu gecə qəlbimə yağış yağırdı.
Atıb tərəziyə çəkdim gizlicə –
Ayrılıq ölümdən bir az ağırdı.
KEÇMİŞƏ ELEGİYA
Mən keçmişi sevirəm, dost.
Bütün gedişlərin vağzalı mənəm,
Bütün qatarları qarşılayıram.
Keçmişə aparan taksilər,
Görəsən, neçəyə aparar?
Ünvanı bilirəm.
Darıxdığım yerdən keçir
Bütün ayrılıqlar.
Mən keçmişi sevirəm, dost.
Qarşıda yol polisi –
Tənzimləyir meqapolisi.
Ömrümün piyada keçidi hardadır,
Keçmək istəyirəm keçmişə...
Mən keçmişi sevirəm, dost.
“Vasmoy” bazarında köhnə əşya satan
Kişinin ovcuna sıxılıbdır keçmiş.
Hər şey satır kişi.
Bəlkə, xırdan ola?
Almaq istəyirəm keçmişi.
Keçmiş xatırladır:
Bu dünya bir heçdi...
Odur bax:
Yolun kənarında bir yovşan
Ətrini burnuna çəkərək ağlayır:
Burdan bir köç keçdi...
Mən keçmişi sevirəm, dost,
Köklü ağac kimi...
Məktub gözləyirəm
Göylərdən bir yarpaq.
ŞƏHƏR DARIXIR…
Yatıb vitrinində maneken gözəl,
Bir kimsə tapılmır gəlib oyatsın.
Bir gün bu şəhər də çıxıb gedəcək,
Kimsə bu şəhərin başını qatsın.
Səssizlik bürüyüb dar küçələri,
Başını bulayır küçə lampası,
Dəniz də çəkilib özünə sarı;
Dənizin başında balıq sevdası.
Şəhər dərdləşməyə bir adam tapmır,
Bir adam tapılmır qonaq aparsın.
Asın bu şəhəri tənhalığından,
Sonra kimsə gəlib ipini qırsın.
Barı yağış yağsın, ildırım çaxsın,
Küçəsində yatan sərxoş oyansın,
Pişiyi boğuşsun, iti ulaşsın,
Qoymayın bu şəhər belə darıxsın.
Dartın səssizliyi, çəkin əynindən,
Axıb küçəsinə dolsun adamlar,
Tutsun ətəyindən, heç ayrılmasın
Qarışqa adamlar, yosun adamlar.
***
Bakıya yağış yağır –
Göy qəzəbli qarıdır,
Çadrasını bağlayır.
Küçə reklamındakı
Çılpaq gözəl ağlayır –
Bakıya yağış yağır.
Köhnə çəkmə tayını
Sular alıb aparır.
Əyripapaq damların
Örtüyü qaval çalır –
Bakıya yağış yağır.
Bədəni islaq qadın
Canlı bir ikonadır.
Tindəki şorgöz kişi
Boylanır ağır-ağır –
Bakıya yağış yağır.
Ayaqyalın dilənçi
Suları şappıldadır.
Bu dünya ovcundakı
Qara qəpik boydadır –
Bakıya yağış yağır.
Ucuz, isti kafelər
Qazan kimi qaynayır.
İslaq pişik qapıda
Şansını cırmaqlayır –
Bakıya yağış yağır.
Bir qadın suya girən
Uşağını danlayır,
Əvvəl qadın qışqırır,
Sonra uşaq ağlayır –
Bakıya yağış yağır.
Uzunqıç göydələnlər
Hamıdan tez islanır.
Şəhər kirini tökür,
Yuyunur, lovğalanır –
Bakıya yağış yağır.
“Ədəbiyyat və incəsənət”
(14.01.2026)


