“Biri ikisində” Elçin Səlimlinin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Elçin Səlimlinin şeirləri təqdim edilir.

 

QİSMƏTİMƏ YAZ

Yenə ayrılığı yazma bəxtimə,

Nankor bir adam tək, dəymə xətrimə,

Düşməsin vəs-vəsə incik təxtimə,

Nə qışım bəllidi, nə də gələn yaz

Yaz bu ayrılığı, qismətimə yaz.

 

Nə qəlbim isindi, nə gözüm güldü,

Həsrət qəh-qəh çəkdi, nə dözüm güldü,

Sevgidən həzz alıb, nə üzüm güldü,

Nə payız göründü, nə də gələn yaz

Yaz bu ayrılığı, qismətimə yaz.

 

Həyat çox nisbidir, ömürsə qısa,

Keçdiyim bütün yol batmasın pasa,

Getdiyim bu yoldan dönmərəm əsla

Dadıma yay çatmaz, nə də gələn yaz

Yaz bu ayrılığı, qismətimə yaz.

 

 

XİLAS EDƏR

 

Ürəyimdə hərarət var,

Dizlərimdə hələ təpər.

Savaşmaq çün bu cahanla,

Qollarımın gücü yetər.

 

Türk oğluyam, soyum bəlli,

Qamətim, həm boyum bəlli,

Binəm bəlli, hoyum bəlli,

Ərənlərim məndən betər.

 

Bir-birindən mərd oğullar,

Düşmənlərə dərd oğullar,

Bir qaya tək, sərt oğullar,

Döyüşlərdə yenilməzlər.

 

Bayrağımın yox rəngindən,

Yorulmaram hərb, cəngimdən,

Qılınc qopar qəbzəsindən,

Bu cahanı xilas edər.

 

 

SƏNƏ DÖNƏCƏYƏM

 

Qəlb evim yenə də param-parçadır,

Zülmət gecələrdən hey həsrət yağır,

Ürəyim ah çəkir, könlüm ağlayır,

Qalmasın gözlərin sənin yollarda

Sənə dönəcəyəm qarda, boranda.

 

Kəssə də yolumu min türlü bəla,

Yağsa da yağmurlar, tutulsa hava,

Yığılsa qoşunlar, başlasa dava,

Qorxmadan özümü sərrəm yollara

Sənə dönəcəyəm qarda, boranda.

 

Büsbütün bir ömrü fəda eylədim,

Kimə nə qandırdım, yada neylədim,

Həsrəti düşmənə rəva görmədim,

Fırtına, qasırğa qopsa yollarda

Sənə dönəcəyəm qarda, boranda.

 

 

QƏRİB OCAĞIMI

 

Mən "Günəş" dən isti sandım,

İnan sənin qucağını.

Bu canımdan elə çıxdın,

Gülüm, sən öz acığını.

 

İnan məndən bir də gəlməz,

Bu dünyaya, bu cahana.

Yoxluğumu kimsə bilməz,

Gəzmə, qərib ocağımı.

 

Gəl gəzək biz yenə qoşa,

Arzularla başdan-başa .

Gəl son qoyaq bu savaşa,

Seçib, dünya bucağını.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.