Bir şair, bir şeir – Ramiz Qusarçaylı, “Qarlı sətirlər” Featured

Rubrikanı Könül aparır

 

“Ədəbiyyat və incəsənət” portalının “Bir şair, bir şeir” rubrikasında bu gün sizlərlə Qubada yaşayıb yaradan ustad şair Ramiz Qusarçaylı görüşür. “Qarlı sətirlər” şeiri yurdumuzda cövlan edən qış barədədir. Bildiyiniz kimi, Bakıda qara həsrət olsaq da şimal bölgələrində artıq bir neçə dəfə ağ örpəyə bürünməyə macal tapıbdır. Qar ovqatlı şeirlə tanış olun.

 

 

Qarlı sətirlər

 

Ağ yaza oxşayır qışın gəlişi,

Ağaclar bu səhər ağ yarpaqlayır.

Baxıram,

baxışım qara ilişir,

Dönürəm, gözümü işıq bağlayır...

 

Zirvələr əl çəkir bulud saçına,

Dağılır üzünə naz çiçəkləri.

Şəlalə çevrilir qar ağacına

Asılır qayadan buz çiçəkləri.

 

Açılır göylərin şimşək sapandı,

Ayı hikkəsindən qarı kötəklər.

Qalıb qar altında ...

meşəçi andı, −

Qalıb qar altında qara kötüklər...

 

Göyərməz göy çənə

göyəm kolu da,

Qar dolu hər yuva ağ cama bənzər.

Qırov qırmalayar qırqovulu da,

Çırpar qanadından Günəşi zər-zər...

 

Qovur sahilindən çayın soyuğu,

lilparda lillənən quşun səsini.

Dinləyə bilmirəm qaratoyuğu

Sağsağan qaçırır zənguləsini...

 

Ağ yuxu içində itir bulaqlar,

İndi də sözünü ağ sükut deyir:-

-Çıxdınız dumandan, çəndən, a dağlar,

Qışınız mübarək, qarınız xeyir!..

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.