“Biri ikisində” Babək Abbaszadə Azərbaycan animasiyası barədə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Babək Abbaszadənin Azərbaycan animasiyasına həsr edilmiş məqaləsi təqdim edilir.

                             

MƏSUD PƏNAHİ YARADICILIĞI VƏ AZƏRBAYCAN ANİMASİYASININ İNTİHABI

 

Azərbaycanda rəsmi olaraq tarixi 1931-ci ildən hesablanmış, qeyri-rəsmi araşdırmalara əsasən isə ötən əsrin 20-ci illərinə qədər gedib çıxan animasiya sahəsinin dirçəlişi və davamlı fəaliyyətə başlaması 1960-cı illərin sonuna təsadüf edir. Həmin dövrdə milli animasiyanı yenidən yoxdan var edən sənətkarlar istənilən formada onun mövcudluğuna çalışır, hətta bu tarixi işin həyata keçməsində ən primitiv texniki üsullardan istifadəni də mühüm sayırdılar. İlk mütəşəkkil addımın çətinliyi, kadrların yox dərəcəsində azlığı, sənətin bu növünə əlifba səviyyəsində yanaşma nəticəsində o dövrün animasiya müəlliflərinin ərsəyə gətirdiyi filmlər kəsilərək formalara salınmış müxtəlif fiqurların hərəkətə gətirilməsinə əsaslanırdı. Hərəkətin davamlılıq görüntüsü rəvan olmadığına, mərkəzi animasiya studiyasının əsrarəngiz təəssürat doğuran cizgi filmlərindən geri qaldığına görə azyaşlı tamaşaçıların diqqətini çəkmir, yalnız film-fakt kimi kino tariximizə həkk olunurdu.

“Azərbaycanfilm” kinostudiyasının multiplikasiya sexinə bu cür mühitin hakim kəsilməsi fonunda yeni nəfəsə əsaslı ehtiyac duyulurdu. Zaman göstərdi ki, bu tarixi missiyanın o vaxt hələ 30 yaşı da olmayan gənc Məsud Pənahinin çiyinləri üzərinə düşməsi animasiyamızın gələcək fəaliyyəti yolunda müsbət məcrada inkişafını təmin etdi.

Məsud Pənahi hələ Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirməmiş artıq soyadı “Azərbaycanfilm” kinostudiyasında əks-səda doğurmuşdu. Adlı-sanlı sənət adamları şəxsi tanışlıqlarına əsaslanaraq onun potensialını etiraf edir, təhsilini tamamlayıb vətənə dönməyini gözləyirdilər. Bu faktı görkəmli kino rəssamı Nadir Zeynalovun 1972-ci ildə Moskvada təhsilini başa vurmuş Pənahini 60-cı illər nəslinə aid etməsi və sonralar studiyanın onun kimi yeni yaradıcı gənclərin hesabına zənginləşdiyini vurğulaması açıq-aşkar sübut edir.

Ancaq bəzən zaman və məkan reallığının diktəsi insanı tamamilə fərqli şərtlər altında seçim etməyə vadar edir. Sovet animasiyasının şah əsərlərini yaratmış İvanov-Vano və Fyodr Xitrukun biliklərini əxz edib vətəninə dönən Pənahini “Azərbaycanfilm” kinostudiyasının multiplikasiya sexinin nə yaradıcı mühiti, nə də texniki imkanları qane edir. Belə olan təqdirdə, 6 ay “Soyuzmultfilm” mühitində, necə deyərlər, suda balıq kimi çalışmış gəncin işə başlamaq zərurətində – qarşısında duran çətinlikləri, şəraitsiz mühitdə diplom filmi ərsəyə gətirməyin mümkünsüzlüyünü dərk edərək alternativ studiyalar haqqında düşünməsi təəccüb doğurmur. Lakin perspektivdə ideyasını dəvət olunduğu Qazaxıstanda, yaxud təhsil aldığı Moskvada reallaşdırmaq varkən, o, daha çətin və dolayı yol seçir. Öz vətənində rəsmli animasiya estetikasında çalışmaq, yeni ifadə vasitələri üzərində təcrübə aparmaq arzusu fəaliyyət meydanının məhdudiyyətinə üstün gəlir. Xoşbəxtlikdən Adil İsgəndərovun şəxsində bütün tərəqqipərvər ideyalara açıq olan rəhbərlik də bu işdə ona dayaq və zəmanət funksiyası rolunu oynayır. Dərc olunan elanlar, bu işə maraq göstərən həvəskarların qəbulu, ciddi seçim nəticəsində 40 nəfərlik qrupun müəyyən olunması, yarım il müddətində M.Pənahinin keçdiyi 3 saatlıq mütəmadi dərslər və ilk filmin heyətinə məqsədyönlü şəkildə bir neçə moskvalı animatorun daxil edilməsi bəhrəsini verməyə bilməzdi. Çünki milli animasiyanın yeni, daha müasir əsaslı binasını ucatmaq qarşıya məqsəd qoyulmuşdu.

Davamlı hazırlıq işlərinin ilk nümunəsi kimi 1973-cü ildə ekranlara çıxan “Bulud niyə ağlayır?” filmi məhz həmin yaradıcı bazanın əsasında yaradılmışdı. “Azərbaycanfilm”in istehsalında rəsmlərin hərəkətə gəlməsi nümunəsi ilk olmasa da, artıq unudulmuş təcrübə idi. Bundan əvvəl – 1958-ci ildə, ““Kazbek” qutusu” qısametrajlı filmində bir neçə saniyəlik hərəkətlənməyə müraciət olunmuşdu. 1959-cu ildə isə animasiya ənənələri sıradan çıxmış studiyada kinorejissor Əlisəttar Atakişiyevin birmənalı prinsipial fədakarlığı sayəsində “Bir qalanın sirri” filmində quraşdırılmış çəkilişlərlə yanaşı, peşəkar animasiyadan da istifadə edilmişdi. Ekran əsərinin süjet xətti ilə üzvi şəkildə bağlanan ənənəvi animasiyaya bədii filmdə 2 dəqiqəyə yaxın hissənin ayrılması o zaman Azərbaycan kinosunda “Disney” mədəniyyətinin erkən əks-sədasından xəbər verirdi. 1970-ci ildə rejissor Nazim Məmmədovun çəkdiyi kiçik “Ayı və siçan” cizgi-alleqoriyası 1 dəqiqədən azacıq artıq ekran müddətinə, 2 il sonra “Mozalan” satirik kinojurnalı üçün həmkarı Bəhmən Əliyevlə hazırladığı “Qozbeli qəbir düzəldərmi?” süjeti 2 dəqiqəlik xronometraja malik idi. Məsud Pənahi isə bu ənənəni fraqmentallıqdan azad edib film səviyyəsində səciyyələndirərək yenidən bərpa edib daha uzunömürlü olmasına əsas verdi.

Adi həyati təsadüf nəticəsində yazılmış “Bulud niyə ağlayır?” ssenarisi təbiətin təzadlarına işıq salır. Müəllif öz düşüncəsini ekranın o üzünə ötürmək üçün insan yaradılışından əvvələ istinad edir, tamaşaçını təbiətin öz-özü ilə baş-başa qaldığı zamanlara səyahətə aparır. Burada geniş fantaziya zənginliyi ilə buludların əsrlərdir dolub-boşalmasının səbəblərinə varılır, onların ikinci həyatının məhz göz yaşından başlandığı, özünü köksündəki yanğıya qurban verərək yağıb təbiəti cana gətirdiyi izhar edilir.

Nədənsə bu cür peşəkar işə imza atan və həmin filmlə VII Ümumittifaq kinofestivalda “Soyuzmultfilm”in “Tülkü və dovşan” animasiyası ilə bərabər birinci mükafata layiq görülən rejissor, ardınca kinostudiya rəhbərliyi tərəfindən növbəti ekran əsərini müştərək işləmək barədə məcburiyyətə sürüklənir. Bu günədək fövqəladə məşhurluğunu, cazibə qüvvəsini itirməyən “Pıspısa xanım və Siçan bəy” kultu onun üzərində dominant mövqeyə malik Məsud Pənahinin təyin olunmuş digər rejissorun xeyrinə prosesdən geri çəkilməsi ilə də nəticələnə bilərdi. Lakin xoşbəxtlikdən ortaq məxrəc tapılır və yaradıcı forma baxımından tamamilə fərqli iş üslubuna malik Ağanağı Axundovun filmdə iştirakı yalnız titrlərdə adının quruluşçu rejissorlardan biri kimi qeyd olunması ilə məhdudlaşır. Məsud Pənahi yaşlı həmkarının ziddinə fikir söyləməmək naminə hər zaman əsl ziyalı kimi bu mövzuda danışmaqdan boyun qaçırsa da, filmin ssenari müəlliflərindən biri İntiqam Qasımzadədən əldə olunan informasiyadan bəlli olur ki, rəhbərliyin bu məcburiyyətə yol verməsinin səbəbi o zaman Azərbaycanda animasiya istehsalının məhdudluğu, bu sahədə çalışan həmin rejissorun işsizliyi ilə əlaqəliydi. Güman ki, hazırkı yazıda kino tariximizdə xüsusi toxunulmayan bu mübahisəli məqama ilk dəfə aydınlıq gətirilir.

Məsud Pənahinin ilk filmində minimal kadrarxası mətndən istifadə edilsə də, artıq burada qısa ekran metrajı ərzində dialoqların, mahnıların, rəqslərin estetik növbələşməsinə rast gəlinir. Məqsədi xalq nağılını müasir dövrə uyğun lentə almaq olan rejissor öz tamaşaçısına dostluq və tənhalığın fəlsəfəsi haqqında ibrətamiz nəql təqdim edir. Filmin səslənmə ahənginin həllində modern cazla xalq musiqisinin vəhdətinə müraciət edildiyindən Ramiz Mirişli və Vaqif Mustafazadə polifonik təxəyyülü vahid məzmunda cəmləşdirilir. Baş qəhrəmanın obrazlı yerişinin, qaçışlarının ifadəsində fındıq qabıqlarına istinad edilməsi, onlardan çıxan tıqqıltının incə ştrixlərlə işlənməsi obrazın xarakter və bədii həllinin müəyyənləşməsində rejissorun mühüm tapıntısı hesab oluna bilər. Təsadüfi deyil ki, birmənalı Tıq-tıq surəti üzərində qurulan filmdə “Pıspısa” adı bir dəfə də vurğulanmır, yalnız titrdə qalmaqla, filmin heyətindən bu işə cavabdeh olan bir neçə şəxsin işdən ayrılmasını, studiyada rəhbərlik dəyişikliyi dövründə olan qarışıqlığı simvolizə edir.

Tezliklə zamanın çağırışlarına cavab verməyi bacaran Məsud Pənahinin müasir yanaşmaları, cizgi animasiyasını önə çəkməsi həmkarlarını da bu işi öyrənmək, öz yaradıcılıqlarında tətbiq etmək fikrinə yönəldir. Qurama üsullarından bu istiqamətə keçən rejissorlar Nazim Məmmədovla Bəhmən Əliyev M.Pənahinin fəaliyyət göstərdiyi illərdə onun filmlərilə paralel olaraq, “Cırtdanın yeni sərgüzəşti”, “Şahzadə qara qızıl”, “Şah və xidmətçi”, “Toplan və kölgəsi” (N.Məmmədovun müstəqil rejissor işi), Ağanağı Axundov isə “Cücələrim” filmlərini rəsmli texnika ilə ərsəyə gətirirlər. Bu filmlərin bir çoxu onun yetişdirdiyi yeni kadrların, bəziləri isə özünün rəssam kimi iştirakı ilə hazırlanır. Yeni rejissor nəslindən Hafiz Əkbərovun Əsgər Məmmədovla quruluş verdiyi “Daş” və müstəqil rejissorluq etdiyi “Kirpi balası və alma” filmlərini də bu siyahıya aid etmək olar.

Sonrakı illərdə Məsud Pənahinin yaradıcılığında sərvətin fərdə tabe olmadığını aşılayan “Günlərin bir günündə”, özünüdərk axtarışlarından, rişxənd sahibinin təkliyə məhkumluğundan bəhs edən “Pəncə... Qulaq... Palaz... Tikan...”, fitnə-fəsadın əks təsirlərinə həyəcan təbili çalan “Dınqıl, sazım, dınqıl”, qəhrəmanı həqiqət melodiyası ilə sovet totalitarizminə etiraz çağırışı edən “Xoruz” filmləri meydana gəlir. Onların bəziləri cizgi, bəziləri qurama, bəziləri isə iki texnologiyanın qovşağında yaradılmışdı.

1970-ci illərin sonlarında Qız qalası haqqında məşhur və məlum əfsanənin animasiya ekranlarına gətirilməsi ideyası meydana gələndə artıq kino tariximizdə bir “Qız qalası” filmi, teatr səhnəmizdə isə ifa olunan eyniadlı balet vardı. Qızına aşiq olan və hətta kimliyini dərk edəndən sonra belə ona şəhvət bəsləyən xanın rəzil hekayəti mənşəyi naməlum və zərərli ideologiya kimi Azərbaycan kinosu və baleti tarixinə qara ləkə kimi pərçimlənmişdi. Mövcud situasiyada ekran sənəti daha qəti və amansızdır. Çünki baletin hazırkı səhnə redaksiyasında "ata-qız" xətti (libretto müəllifi Ə. Bədəlbəyli) artıq çıxarılsa da, 100 il əvvəl lent yaddaşına həkk olunmuş ekran əsərinin süjetini (ssenari müəllifi N. Breslav-Lurye, rejissor V. Ballyuzek) dəyişmək tamamilə qeyri-mümkündür. O zaman mövzu kinostudiyanın multiplikasiya sexinə ayaq açanda M.Pənahinin həmin məkanda söz sahibi olması həm xoş təsadüf, həm də taleyin Azərbaycan xalqına hədiyyəsi idi. Onilliklər boyu ekranlarda yaşayacaq nalayiq məzmun neçə nəsil azyaşlının şüuruna həkk olunaraq mənsub olduğu xalq haqqında yanlış təsəvvür yarada bilərdi. İdeoloji baxımdan belə təhlükəli məqamda rejissor tarixi qərar qəbul edib mövzunu ekrana gətirməyi rədd edir. O, quruluşçu rejissor kimi baxış bucağını ortaya qoyaraq mövzunu yenidən işləyib öz alternativini irəli sürür. Nəticədə Məsud Pənahi təqdim olunmuş ssenaridə əvvəlki kimi əxlaqi aşınma cildinə salınmış Qız qalasını namus keşikçisi obrazı səviyyəsinə qaldıra bilir. Rejissor əfsanənin öz təxəyyülündən qaynaqlanan yeni işləməsini peşəkarlıq bəsirəti ilə xalqın sənət tarixinə və milli kimlik yaddaşına bəxş edir.

Əgər 1923-1924-cü illərdə istehsal olunmuş “Qız qalası” bədii filmində baş rolu erməni Papazyan ifa edirdisə, 1940-cı ildə hazırlanmış “Qız qalası” baletinin baletmeysteri erməni Kevorkov idisə, burada M.Pənahi həmin toplumu düşmən obrazında görür. Sənətkarın şəxsi həyat müşahidələrinə əsaslanan öncəgörməsi 10 il qabaqladığı gələcək münaqişə haqqında işarə kimi ekranda təzahürünü tapır. Sahib olduğumuz cənnəti viran qoyacaq düşmən ilk dəfə sənətkar fəhmi ilə “Bulud niyə ağlayır?” filmində üstüörtülü metafora dilində verilsə də, “Qız qalası əfsanəsi” filmində insan simasında təsvir olunaraq daha konkret şəkil alır. Hətta nə qədər subyektiv olsa da, demək olar ki, saqqallı yarasa qiyafəsində təqdim edilən personajın 30 ildən artıq vətənimizdə qan tökən millətə İkinci Qarabağ müharibəsində rəhbərlik edən şəxslə bənzərlik təşkil etməsi ya M.Pənahinin uzaqgörənliyi, ya da tarixin fövqəladə istehzasıdır.

Kadrların bölünməsində və vizual nəql formasında müstəsna mükəmməlliyə nail olunması ekran əsərinin müəyyən mənada bədii film meyarlarında qavranılmasına imkan yaradır. Yeni yaradıcılıq axtarışları, geniş obrazlı təsvir həlli, nağıl dili ilə real təhkiyənin bütövlüyü, kompozisiya bitkinliyi, qəhrəmanların cizgilərində xarici görünüş və geyim həlli orijinallığı peşəkarlıq nöqteyi-nəzərindən “Qız qalası əfsanəsi” filminin uğurunu şərtləndirən amillərdəndir.

Təəssüflər olsun ki, Məsud Pənahinin yaradıcılığının Azərbaycan dövrü elə buradaca – özünün ən yüksək nöqtəsində, zirvəni fəth edərək yarıda qırılır.

Məişət amili istənilən sənət adamı üçün cəhənnəmdir. Lakin o pillədə ailə məfhumunun olması artıq vicdan məsələsidir. Pənahi mənəviyyat adamıdır. Əks halda yüksəliş məqamında olan sənət yolunu ata vəsiyyətinə qurban verməzdi. Həm şəxsi istəyinin, həm də studiya rəhbərliyinin xahişlərinin ziddinə gedərək vətənini tərk edib dilini belə bilmədiyi ölkəyə köçməsi bu gün də mübahisə doğura bilər. Lakin milli animasiya məktəbimizin belə böyük itkiyə məruz qalmasının başqa səbəb olmadan yalnız bir şəxsi qərarın nəticəsindən qaynaqlanması tarixi faktdır.

Onun zaman-zaman gah sıfırdan heyət yığmaq üçün Adil İsgəndərova, gah da öz yetişdirdiyi şagirdləri rejissor pilləsinə təslim etmək üçün yeni direktor Cəmil Əlibəyova müraciət etməsi tədbirliliyi uzun illər milli animasiyaya xidmət edəcək gələcək kadrların istedadının aşkarlanmasına zəmin oldu. Öz yerinə qoyub getdiyi gənclər bir neçə il onun sənət ənənələrini davam etdirsələr də, M.Pənahinin gedişindən sonra Azərbaycan animasiyası yüksəliş dövrünü tamamladı. Son 7 ili əhatə edən bu dövr onun gedişi ilə dayaq nöqtəsini itirdi, bir müddət həmin pillədə qalıb enişə məhkum oldu. Nümunə olaraq qeyd etmək olar ki, sonrakı illərdə ekranlara çıxan “Meşəyə insan gəlir”, “Dəcəl dovşan”, “Sən belə cımbılısan”, “Balaca çoban”, “Humayın yuxusu”, “Lovğa fil balası”, “Çətin məsələ”, “Bahar əyləncələri” animasiyaları həmin yaradıcı yoldan qidalanaraq cizgilənmişdi. Lakin eyni zamanda müxtəlif rejissorlar tərəfindən çəkilən “Taya”, “Sandığın sirri”, “Yatmaq vaxtıdır”, “Əndazədən çıxanda”, “Nar ağacının nağılı”, “Yalançı çoban” kimi filmlərdə artıq hərəkətlənmənin qeyri-estetikliyi, deformativ əksetdirmə, mütənasibliyin pozulması və s. tendensiyalar müşahidə olunurdu.

İllər bir-birini əvəzlədikcə ölkəmizin animasiya sferasında həmin yüksək bədii-texniki yanaşma, nağılvari şərh ustalığı, obrazların incə təqdimatı yerini fərqli mərhələlərə, eksperimental layihələrə verdi. Hətta M.Pənahinin vətəndə yoxluğu dövründə animasiyada millilikdən uzaqlaşmağımız o dərəcəyə gəlib çatdı ki, adı “Azərbaycanfilm” olan studiyada bir rus rejissor tərəfindən sözün birbaşa mənasında yapon animasiyası çəkildi... 1990-cı illərin ortalarında çəkilmiş filmdə isə yerli rejissorlardan biri dolayı yolla animasiya kinosunun təşəkkül tapdığı ilk illərdə konkret bir obraza etdiyi yanaşmanı 25 il sonra yenidən eyni qaydada təkrarlayaraq primitiv ifadə üsullarına qayıtmışdı.

Ürəyinin bir parçasını Bakıda qoyub gedən Məsud Pənahi isə qürbətdə hər şeyi yenidən sıfırdan başlamağa, ikinci dəfə özünütəsdiq meydanına atılmağa məcbur oldu. Əslində, insan yalnız genetik kodlarına, kökünə bağlı şəkildə güclü olub dünyaya sözünü çatdıra bilər. Yazıçı olan atası vaxtilə əsərlərinin birində: “Oğul həmişə atadan ibrət alar”, – fikrini yazmışdı. Həqiqətən də, atası Maku, anası Tiflis azərbaycanlısı olan rejissor, Azərbaycanın tarixi sərhədlərindən yoğrulmuş təfəkkür daşıyıcısı kimi millilik məqamında qəti mövqe sahibidir. Məsud Pənahi öz yaradıcılığında heç bir vəchlə sovet ideologiyasını mədh edib qırmızılardan, qaralardan, yaxud başqalarından söhbət açmadı. Görünür, atasının yaradıcılığından qırmızı xətlə keçən milli azadlıq hərəkatı, xalqın mütləqiyyətə qarşı mübarizəsi ona da sirayət etmişdi. Məsud Pənahinin qəhrəmanları bədiilik sərhədlərindən çıxmadan başları üstündə üçrəngli Cümhuriyyət bayrağı gəzdirəcək qədər milli ideologiya daşıyıcıları oldu. Çünki müəllif özü də bütöv Azərbaycan timsalında milli idi. Onun ekran əsərlərində əcdadlarından qaynaqlanan folklor əlvanlığı – tarixi abidələr, toy adətləri, geyim üzərində buta təsvirləri, xalçalar, mütəkkə, heybə, xonça, qaragül papaq, çarıq, təndir çörəyi, cücə-plov, kəllə qənd, milli musiqi alətləri – saz, tar, nağara, kamança, tütək, “Nəlbəki” və “Yallı” rəqsləri, tonqal üzərindən atılma elementləri bünövrəsini nəsillərin hafizəsindən alan milli koloritə söykənir. Məhz bu səbəbdən Avropada fəaliyyət göstərərkən də şərq motivlərindən qaynaqlanıb silsilə əsərlər yaratdı. Vətənpərvərliyin söz yox, əməl göstəricisi olduğunu nəzərə alsaq, M.Pənahinin istənilən məkan şərtləri altında xalqına sədaqətini – Xocalı haqqında film çəkmək və vətən həqiqətlərinin Avropada təbliğatını aparmaq naminə filmə ayrılmış kiçik büdcə çərçivəsində qonorarsız işləməyə razılıq verməsində də açıq-aşkar müşahidə etmək olar.

Məsud Pənahi uşaqlığımızın görüntü yaddaşıdır. Özü qürbətdə vətən eşqilə yaşasa da, filmləri onu illərlə burada – Azərbaycanda layiqincə təmsil etdi. Neçə nəsil uşaq və yeniyetmələr gözünü açıb onun filmlərilə böyüdülər. Tariximizi, kökümüzü onun yüksək mənəviyyat aşılayan təxəyyülü ilə tanıyıb sevdilər. Yəqin ki, Azərbaycan animasiyası anlayışı dilə gətiriləndə ilk yada düşən filmin, heç şübhəsiz, “Pıspısa xanım və Siçan bəy” olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Filmin aktuallığı bu gün də göz önündədir. Hətta 2020-2021-ci illərdə rejissor Sultan Abbasbəylinin bu qəhrəmanlara müraciət edərək 3D formatında yeni süjet xəttinə malik iki film çəkməsi bunu bir daha sübut edir.

Lakin təəssüf ki, onun xidmətlərini unudanlar, haqsızlığa məruz qoyanlar da az olmadı. Məsələn, rejissor vətəndən köçüb gedən kimi onun ölkədə olmadığından istifadə edərək özünə dost axtaran dozanqurdu qəhrəmanını dost axtaran qarışqa ilə əvəzləyib, süjeti məlum filmə çox bənzəyən “Sən belə cımbılısan” filmi çəkilir. Burada “Pıspısa xanım və Siçan bəy” filmində işlədilən müəyyən ifadələr: “Ondan dost olmaz” – “Səndən mənə nə dost?”; “Qara özünsən, məni saçı saray, donu daray xanımam” – “Mən xortdan deyiləm, dünyanın ən gözəl qarışqasıyam” kimi cüzi dəyişikliklərə məruz qalaraq təkrarlanır. Hətta filmdə suya yıxılan qarışqanı da Siçan bəy kimi boğulmaqdan qədrini bilmədiyi dostu xilas edir. Mövzudan uzaqlaşmamaq üçün bu iki filmin aşkar oxşarlıqlarını uzun-uzadı sadalamağa, çox güman ki, ehtiyac yoxdur.

Şəxsiyyəti layiq görülmədiyi bütün fəxri adların fövqündə dayanan Məsud Pənahi ayrı-ayrı dönəmlərdə “İntiqam” və “Tıq-tıq xanım-2” layihələrinə imtina cavabı aldıqdan sonra, nəhayət, rejissoru olduğu “Narqız” filminin “Pərifilm” studiyasında istehsalata buraxılması, əvvəl eskizlərinin, daha sonra treylerinin ictimaiyyətə təqdim olunması sevindirici haldır. “Narqız” layihəsi rejissorun yaradıcılığının “Bulud niyə ağlayır?” – “Qız qalası əfsanəsi” – “Sükutun pozulması” (“Pozulmuş əmin-amanlıq”) xəttinin məntiqi davamı kimi meydana çıxır. Göründüyü qədərilə, doğma rejissorunun imzasını yenidən vətəndə izləmək istəyən Azərbaycan tamaşaçısının 50 ilə yaxın sürən intizarı başa çatmaq üzrədir.

Animasiya fərqli özünüifadə formasıdır. Məsud Pənahi bu fikrin daşıyıcılarını indi də öz ətrafına toplayıb kurs açmaq, sənətin gizlinlərini, Avropa miqyasında iş prinsiplərini gənclərə tədris etmək niyyətindədir. Bu mənada M.Pənahini müəllifi olduğu “Günlərin bir günündə” filmindəki ulduz obrazına bənzətmək olar. O da qəhrəmanı kimi düşdüyü mühiti hər zaman işıqlandırır, hamı onu öz yanında görmək, işığından pay almaq istəyir. O işığa hələ çox ehtiyacımız var. Qoy o işıq həmin filmin sonluğundakı kimi bütün bəşəriyyəti işıqlandırsın, ekranın o tayından öz tamaşaçılarına sehrlər, möcüzələr saçsın!

 

                                                        

“Ədəbiyyat və incəsənət”

(12.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.