Redaksiyanın poştundan - Pərvanə Əliqızının hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Pərvanə Əliqızı “Canlı işıqfor” adlı yeni hekayəsini redaksiyamıza göndərməklə müşayiət məktubunda belə yazıb: “Bu hekayə insan həyatında təkliyə, peşmanlıqlara və yenidən ayaqda qalmaq cəhdinə işıq salan təhkiyədir.”

                 

Əlindəki işıqforlu çubuğu sağa-sola fırladır, maşınlara yol göstərir, hər kəsi gedəcəyi ünvana yönəltdikcə sifətində özündən məmnun ifadə yaranırdı. Dəyişən fəsillərin dərisində qoyduğu izlər tündləşib torpaq rəngi almışdı. Arıq, çəlimsiz bədəninə geyindiyi formanın şux yaxalığı ilə meyvə saplağına bənzəyən boynu arasında ironik ziddiyyət var idi. Sanki yaxalıq o tərəf-bu tərəfə dönən nazik boynunun əyilib sına biləcəyindən ehtiyat edib onu halqaya almışdı. Köynəyin cibləri ağır yük kimi sallaq çiyinlərini bir az da aşağı dartıb paltarı büzüşdürmüşdü. Əlindəki çubuğu nə qədər cəld hərəkət etdirirdisə, eyni cəldliklə şalvarın kəmərini yuxarı dartırdı. Torpağa bənzəyən adamın başındakı papaq gözlərinin üstünü elə örtmüşdü  ki, elə bil kəllə çevrəsi hər gün bir az əriyib hansısa qapağın altına sığişmışdı. Deyəsən, əl hərəkətləri kimi gülüşü də qeyri - şüuru idi. Nə vaxtsa ilişib sifətində qalmışdı. Gedən maşınlara ötəri nəzər salır, siqaretdən tündləşib qəhvəyi rəngə çalan dişlərinin arasından hər kəsə tütün qoxulu təbəssüm göndərirdi. Yay – qış, isti – soyuq demədən hər gün burda dayanan adamın əzmi məndə qəribə maraq oyadırdı. Soyuq havanın içəridən buxarlandırdığı şüşəni silib yola boylandım. Yağışa düşüb islanan paltarıma və üzümə yapışmış saçlarıma görə rəncidə olmuş halda oturub həmin adamı izləyirdim. Yağış əynindəki şnelin üstündən süzülüb köhnə çəkmələrinin yanında gölməçələnirdi. Damcılar yerdəki suların üzərinə düşdükcə sinəsini geniş açmış gölməçə onları ağuşuna alırdı. Yerə dəyib əzilmiş damcılar sonradan gələnlərə qıymırdılar.Onları qorumaq üçün qucaqlarını açırdılar. Çünki  eyni buluddan süzülüb gəlirdilər, yaranışları eyniydi. Təkcə ortada fırlanan bu adam onlara yad idi. Ona ögey kimi baxsalar da məndən fərqli olaraq, o, yağışa qəzəblənməmişdi.

Görəsən, bu adam həftənin 5- 6 gününü burada dayanmaqdan yorulmurmu,  heç xəstələnmir, kefsizləmirmi ? Suallar getdikcə artıb məni hərəkətə gətirdi. Dayanacaqda düşüb bir xeyli geriyə onun durduğu yerə qaçdım.Piyada keçidinə baxmadan yolu keçməyim onu narahat etmişdi. Sifətinə ilişmiş gülüşün yerində təlaş əmələ gəlmişdi. Yaxınlaşıb, salam verdim.  Etinasız şəkildə salamımı alıb üzünü yola çevirdi.  Anladım ki, onun aləmində heç kəs yolun qaydalarını, qanunlarını poza bilməzdi. Yol onunçün müqəddəsdir. Bir az çəkingənlikdən , bir az da etdiyim hərəkətin yersizliyindən irəli gələn tələskənliklə birnəfəsə sual verdim :

— Mən nə vaxt buradan keçirəmsə sizi iş başında görürəm. Adətən sizin yaşınızda olan insanlar günün çox hissəsini istirahət edirlər. Ancaq siz iş vaxtınız bitənədək ayaqüstə dayanırsınız.Yorulmursunuzmu?

Ard-arda verilmiş suallardan duruxdu. Mənə çəpəki nəzər salıb yenidən öz işinə döndü. Sifətindəki dəyişiklik gözümdən qaçmadı.  Üzü  illərlə toz basmış gündəliyin varaqları kimi rəngdən- rəngə düşdü.

Gözünü qıyıb boğazını irəli uzadaraq:

— Bəzən insanlar yıxılmaqdan qorxduqlarına görə ayaqüstə qalmaçün dirənirlər - dedi.  Sözləri özünə yoxsa, başqalarına şamil etdiyini anlaya bilmədim. Cavab qeyri - müəyyən idi. Lakin hərəkətləri üz ifadələri :”İsrar etmə! Danışmaq istəmirəm“deyirdi. Uğursuz cəhdimin pərtliyi ilə geri dönüb metroya tərəf getməyə başladım.

Qəfil qoluma toxunan ələ tərəf dönəndə köhnə iş yoldaşımı gördüm. Azər üzündə gəzən coxbilmiş təbəssümlə ;

—Deyəsən, canlı svetafor olmaq fikrinə düşmüsən?Bayaqdan yolayrıcında dayanmağını izləyirəm.  

Onun zarafatını cavabsız qoymadım.

Elə bilirsən   sənin kimi “ Canlı svetafor “ olmağıma inanmayanlara yol göstərə bilmərəm!? İkimizdə gülərək, yanaşı addımlamağa davam etdik.

Yolda mənə həmin adamla eyni qəsəbədə yaşadıqlarını dedi. Lakin insanlardan qaçdığı, heç kəsə yovuşmadığı üçün onun haqqında kimsənin bir şey bilmədiyini danışdı. Aldığım laqeyid cavabdan və “hər kəsdən qaçır “sözündən sonra üzündən təbəssüm əskik olmayan insana qarşı marağım daha da artdı. Aradan xeyli vaxt keçmişdi. Azər zəng vurub adamın saqqızını oğurladığını dedi. Necə olmuşdusa,  razılığını almışdı və evinə gedib  söhbət edə bilərdik.  Qəsəbənin lap ucqar hissəsindəki çökəklik bir yerdə yaşayırdı. Çox güman ki, sututar yerin başqalarının diqqətini çəkməyəcəyini bildiyi üçün burada yurd salmışdı. Kiçik taxta darvazanı döydük. Gələnin kim olduğunu soruşmadan qapını açdı.

Həə sizsiniz? – deyib qapının ağzından kənara çəkilərək bizi içəri dəvət etdi .

Üzümə ötəri baxmasına rəğmən yaddan çıxarmamışdı məni. Bu dəfə verdiyim sualların cavabını ala biləcəyimə əmin olmaq üçün gözlərinə baxdım. Orada mənim verəcəyimdən çox suallar gördüm. Başımı aşağı salıb həyətə keçdim. Hər tərəfi ot basmışdı. Yalnız evə gedən dar cığır daim ayaqlanmaqdan bərkiyib döyənəyə çevrilmişdi. Alçaq talvarlı eyvanda köhnə taxta masa və stul qoyulmuşdu. Ortadan çökmüş dam örtüyünün yağışlı havada dammağı labüd idi . Tək stulu görəndə qeyri ixtiyari qapının kandarındakı çəkmələrə baxdım, ondan başqa ayaqqabı gözə dəymirdi.

 Çirkli pəncərənin arxasından görünən köhnə tül pərdə, əsir düşmüş sahibəsinin əynində köhnəlmiş gəlinliyi xatırladırdı. Külək vurduqca açıq qapıdan gələn nəmişlik iyi tənhalığın qorxusuyla qarışırdı .

 Niyə mənə elə gəlirdi bu insan yalqızdı ? Bəlkə ailə üzvləri harasa qonaq gedib? O, da əşyalar tozlanmasın deyə onları ortalıqdan toplayıb tək adamlıq stul saxlayıb . İş yoldaşım fikirli olduğumu görüb;

—Yaxşı ki, səninlə gəldim, qəribə adamdır, heç nə danışana oxşamır, - dedi. Ardından sükutu pozmaq üçün ev sahibinə səsləndi:

 —Uşaqlar, nəvələr gözə dəymir.  

Əlində iki stul gətirən yaşlı adam:

—Kimsə yoxdur, tək yaşayıram,dedi.

 Zənnim məni yanıltmamışdı. Aldığım qoxu həqiqətən kimsəsizliyin qoxusu imiş. Deyəsən, bizə qanı qaynamışdı. Qarşımızda oturub bir az nigaran, bir az qəmli görkəmlə danışmağa başladı.

Valideynlərimdən sonra qohumların mən adlı adamı tamamilə  unutduğunu görüb  köhnə evi satıb bu evi aldım.  Həyat hekayəsi küskünlüklərlə dolu idi.

Tək övlad  olmuşdu. Atası dülgərliklə ailəsini ortabab dolandırmışdı. Yeganə oğlunu sənət sahibi etmək üçün texnikuma daxil olmasına kömək etmişdi. Bütün valideynlər kim nəvə, toy- mağar arzusuna düşmüşdü.Ancaq bu məsələdə aralarında  konflikt yaranmışdı. Oğlunun sevdiyi qızın ailəsi  onlardan qat – qat imkanlı idi. Atasının vəzifəli şəxs olduğunu eşidəndə :

— Bizi dövlətlilərə yamaq etmə, —demişdi. Mən ailəmə  bab olmayan qızın qapısına elçi gedə bilmərəm. Anası oğlunun arzusuna əməl etməyə çalışsa da faydası olmamışdı. Atanın qüruru tanımadıqları insanlarla arasında uçrum yaratmışdı.  Həmin uçurumdan ən dərinə yuvarlanan isə yeganə oğlu olmuşdi.Cəsarəti qırılan gənc təkidlərin qarşısında boyun əymişdi. Yaranan vəziyyətdən istifadə edən qohum əqraba  uyğun bildikləri ailəylə qohum olmaq qərarına gəlmişdilər .

Müsahibim  dərin kədərlə danışmağa başladı.

Həyətdə mağar qurulmuşdu,toy çalınırdı. Hamı sevinir, oynayırdı. Təkcə mən yad adam kimi kənardan izləyirdim. Çıxış yolunu evi tərk etməkdə gördüm. O vaxt mənim atdığım addım yalnış addım idi. Həm öz ailəmi, həm də o, qızın ailəsini çıxılmaz vəziyyətdə qoymuşdum. Atam tənələrə dözmədi. Onun gedişindən sonra ömrünün son günlərinə qədər anamın qulluğunda durmağı özümə borc bildim. Düşündüm belə olasa, atamın ruhu məni bağışlayar.

O, danışırdı ;—günahkarlıq hissindən doğan peşmanlıqla büzüşüb kiçilirdi.Gözümün qarşısındakı mənzərə ağlımda başqa suallar yaradırdı. Özün günahkar sayan tənha insanın suçu nə idi? Sevməkmi, yoxsa hər kəsi məmnun edə bilməməkmi? Bəs onu qınayanlar sonra hara yox olmuşdular ?

Gözlərini yerə dikib torpağın dərinliyindən ya itirilmiş gəncliyini, ya da onu tərk edib gedənləri axtarırdı. Arada başını qaldırıb qapıya boylandı. Yolçəkən gözləri gedənləri geri qaytarmaq gücündə deyildi.

Onu xatirələrin əlindən almaqdan ötrü işindən sual verdim.

İşinizi çox sevirsiniz. Necə həvəslə işlədiyiniz müşahidə etmişəm.

Həyatda öz yolumu tapa bilmədim. Lakin peşəmlə, insanlara kömək etməklə rahatlıq tapdım. Yəqin, mənə baxıb düşünürsünüz özü yolunu-izini itirmiş adam özgələrə necə yol göstərə bilər ; - ağır, xışıltılı nəfəs dərib davam etdi. Hərdən mənə elə gəlir ki, insanlara deyil sadəcə maşınlara yol göstərirəm. Onların arasındakı sözsüz rabitə həmişə mənə maraqlı gəlib . Sadəcə işıqlarını yandırıb söndürməklə biri – birini anlayırlar.

Yenə sifətində  təbəssüm yarandı.Cizgilərinə yaxından diqqət edərkən nəhayət həmin gülüşün adını tapdım. Bu öz talehinə istehza edən insanın təbəssümü idi.

Onun kövrəldiyini görüb iş prosesində rast gəldiyi məzəli hadisələrdən danışmasını istədik . Həvəslə danışır, bizə qoşulub gülürdü.

Söhbətimizi bitirib ayağa qalxdıq.  Qulaq asdıqlarından təsirlənmiş dostum təkrar darvazanın cırıtısın eşidəndə dilləndi:

—Gələndə ev sahibini məzəmmət edirdim. Niyə görə bu qapı-baca baxımsızdı? Darvazanın səsi aləmi bürüyür, —deyirdim. İndi anladım ; o, bilərəkdən insan səsinə həsrət qalmış həyəti canlandırmaq üçün cırıltını susdurmur. Geri qanrıldım- dirsəyini masaya söykəyib siqaret çəkirdi. Barmaqlarının arasından qalxan tüstü başının ətrafında halələnirdi.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.