Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Bir az ötən günləri yadımıza salaq. "Mən Qəribə Adamam" şeir kitabının səhifələrindən elə bu soyuq havaları, qış axşamlarını, tənha küçələri xatırladan o şeirləri oxuyaq. Bəzən insan özünü ən çox məhz belə günlərdə tapır, pəncərədən yağışa baxarkən, köhnə xatirələr arasında...
BİLMİR..
Ürəyimdə neçə söz var,
Ancaq dilə gələ bilmir.
Ocaq sönüb, hələ köz var
Yanıb indi sönə bilmir.
Sönüb bu sevginin şamı,
Uçubdur evimin damı.
Yığılıb başıma hamı,
Niyə məni görə bilmir?
Başıma dərd ələyir qış,
Nə bir qar var, nə də yağış.
Xoşbəxtliyə qovuşmamış,
Üzüm hələ gülə bilmir.
Kömək əli uzadan yox,
Uduzan var, qazanan yox.
Qəlbi satsam heç alan yox
O heç kəsi sevə bilmir.
Dözməliyəm hara kimi?
Həsrət yaman yara kimi.
Geriyə tək çara kimi
Ölüm qalsa ölə bilmir.
AYLI GECƏ
Həyat sərxoş şairin,
səbrini çox sınayır.
– Niyə belə olmusan?
baxan deyir, qınayır.
Saralıb gözlərimin,
kökü yaman dərindən.
Özüm də baş açmıram,
dünyanın işlərindən.
Mənzərəsi gözəldir,
bu gün aylı gecənin.
Dadı, duzu da yoxdur,
səndən ayrı gecənin.
Mən ki, güclü adamam,
hardan yara almışam?
Deyəsən, yollarımı,
yenə də səhv salmışam.
Axı niyə özümə?
çox yalan danışıram.
Tükənmir bu savaşlar,
yalan yox, çalışıram.
Bir gün daha silinir,
ömür varaqlarımdan.
Saçlarımı yığıram,
yenə daraqlarımdan.
TUTQUN
Mənimçün dağınıqdır
Elə bu gün hava da.
Tək, tənha fikrim kimi.
Yoruluram istidən
Yoruluram tüstüdən.
Sakitləşə bilmirəm
İçimdəki davadan.
Bir az söz yazacaqdım, qara düşüncələrdən
Bir də bu son zamanlar, içdiyim içkilərdən.
Sərxoş etmir adamı,
Ya da çox yıxılıram.
İçməsəm də sərxoşam,
Özümdən sıxılıram.
Gözümdən düşür günlər
Bir də təqvimdən illər.
Ötürmü pəncərəndən,
Səndə də tez, fəsillər.
Sabah da oyanacam,
Bakının səs-küyünə.
Bir şeir də yazaram,
Özümün təkliyinə.
“Ədəbiyyat və incəsənət”
(08.01.2026)


