Vaqifə Pənah olan Şuşa Featured

Fariz Əhmədov,

Naxçıvan televiziyasının baş redaktoru. “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Şeirlərin ən təsirli misrası, şeirlərin möhürbəndi Şuşam! Vaqifi bədbin ruhdan azad edən, nikbinləşdirən Şuşam! Varlığın varlıqları cana gətirdi! Sənin adınla dirildi bütün cansız canlar! Səndən yenidən doğuldu Vaqiflər, Bülbüllər, Nətavanlar…

 

Ey Vaqif, Şuşamın sənə Pənah olduğu Vaqif! Sənə məktub yazmaq səni ölümsüzləşdirməkdir əslində. Sənə tükənməyən yaşam verməkdir. Hər kəlməmin kökündə sənin nəfəsin, hər misramın zərrəsində sənin qürurun yatır. İndi sənin adınla bütövləşmiş bir şəhər var – sənə Pənah olan Şuşa! O təkcə dağların zirvəsində yerləşən bir şəhər deyil. O, poeziyanın, sənətin və ədəbiyyatın başıucalığıdır. Şuşanın dağları sanki misra-misra yazılıb. Dağlar baş alıb gedir, sənin ölümsüz ruhun kimi! Qayalar bir şeiri qoruyurmuş kimi qalxanlaşıb fəqət susur. Çünki sən danışırsan! Səs salır sənin şeirlərin, qayıdır sənin misralarının sədası! Dalğalanır bu misralarla Azərbaycan bayrağı! Sənin məqbərənin qarşında duranda zaman hökmünü itirir. Tarixlə bu gün arasında sirli bir dialoq başlayır. Şeirlərindən qafiyələr açılır atəş kimi, amma yaralamır sağaldır ədəbiyyatın yaralı qəlbini!

Mən Şuşaya, sənə ilk dəfə gəlmişəm, Vaqif. Xəyalımda sənin bir vaxtlar Saatlı məhəlləsində qurduğun məktəbin yanından keçirəm. O paslı saat yenidən qurulur. Sənin sözlərini eşidirəm, saatın əqrəb səsindən, dağların sinəsindən, küləyin zərif toxunuşundan. Mən indi mənlikdən çıxıb Şuşalaşıram. Şuşayam, Şuşa! Səsin, sözün, Zəfərin şəhəri.

Şuşa dünənin şəhəri deyil, o sabahın və əbədiyyətin şəhəridir. O, İşğal dövründə də sınmayan məğrurlaşdıqca ucalan şəhərdir. Oddan doğulan külə çevrilmək əvəzinə yenidən közərən şəhərdir. Gözləməyi, səbir etməyi seçəndir. Şuşa gözləməyi belə poetikasıyla  bacaran diyardır. O, səssiz-sədasız dayanarkən belə bizə Vaqifin, Natəvanın, Üzeyirin, Xanın səsini çatdıran qanadlarında üç rəngi daşıyan qartaldır! Sən qəlbimizdə çağlayan musiqiyə, gözlərimizdə yaşaran kəlmələrə, dodaqlarda duaya çevrildin.

Şuşa! Poeziya beşiyimiz , musiqi ocağımız indi yenidən doğulub. Bu doğuluş tək fiziki yox, həm də mənəvi bir intibahdır. Vaqif! Sənə indi məktub yazanların sayı yenidən artıb. Çünki sənin sözlərin bizə yad deyil.

Sən bir zamanlar dağıdılmış, tapdalanmış, viran qoyulmuş olsan da,  bu gün  sənə qürurla dirçələn Vaqif məqbərəsindən baxırıq. Bu məqamlarda  poeziya günləri təkcə ədəbi tədbir yox,  xalqın ruhuna oxunan dualara çevrilir. Şuşada hər kəs şeir oxuyur. Dağlar, daşlar, əsən külək, qıy vuran şahin, ucalan bayraq. Sənin məzarındakı güllər şeirlərinə mahnı yazıb öz ruhunu təzələyir, xarıbülbüllər yer dəyişib şeirlərində bitir!

Əziz Vaqif, Zəfərimiz təkcə torpağın azadlığı deyil, sənin sözünə, irsinə, ruhuna qovuşmaqdır. Şuşa təkcə ordumuzun deyil, ədəbiyyatımızı da fəth edən fatehdir. Və bu fatehin dastanlarının hər səhifəsində sənin adın yazılıdır.

Şuşa təkcə daşlardan, küçələrdən, qala divarlarından ibarət deyil. Onun hər qarışı sözlə nəfəs alır, hər baxışı bir şair misrası kimi dərin, titrək və mənalıdır. Keçmişin vərəqləri indi xatırladır bizə 80-ci illəri…

1982-ci ilin yanvarında, soyuğun sinəmizə çəkdiyi nəfəsin içində bir ilıq an vardı. Ulu Öndər Heydər Əliyev Vaqifin məqbərəsinin açılışına gəlmişdi. Lenti kəsmək istəmirdi, deyirdi bu sizin haqqınızdır. Amma oradakılar Mirzə İbrahimov, Süleyman Rüstəm və digərləri bilirdi ki, bu abidənin varlığı Heydər Əliyevin iradəsinin və mədəniyyətə sevgisinin bəhrəsi idi. O illərdə hərkəsə abidə qoymaq olardı amma Vaqifə, Natəvana, Üzeyir və Bülbülə yox.

Vaqifin abidəsinin tarixçəsi özü bir poetik sükutdur. 1936-cı ildən bəri onun heykəli ucalmaq üçün gözləyirdi. O gücünü yığıb birdən yüksələcəkdi. Amma müharibələr, siyasi qarışıqlıqlar onun yolunu kəsirdi. Elə bil taleyinə müharibə yazılmışdı. 1944-cü ildə ucalmalı idi, olmadı. 1967-ci ildə yubileyi qeyd edilməli idi, alınmadı. Vaqif daim bir addım geridə saxlanılırdı. Çünki onun adını daşıyan abidə yalnız daşdan ibarət deyildi. O milli kimliyimizin heykəli idi.

1982-ci ildə nəhayət bu sükut pozuldu. Şuşada bir Günəş doğdu. Vaqifin Günəşi. Fəqət bu günəşin də taleyi uzun olmadı. Yadellilər yenidən o abidənin ruhunu yaraladı. 2002-ci ildə Strasburqda belə, ulu öndər Heydə Əliyev Vaqifin məqbərəsinin taleyini soruşurdu, çünki bu bir abidəni yox bir millətin taleyi idi.

İllər keçdi yollar dolandı. Vaqifin gözləri yollarda qocaldı. Və nəhayət 2020-ci ilin Zəfəri ilə Şuşaya dönüş baş verdi. Şuşa qayıtdı, Vaqif qayıtdı, söz qayıtdı. İndi Vaqifin məqbərsi önündə poeziya yenidən danışır. Söz təkcə sənət deyil müqavimətdir, səbirdir, qalibiyyətin dilidir. Şuşa bu gün Vaqifin şeiri kimi yenidən doğulub.

Əziz Vaqif bu məktubu sənə 30 il susmuş bir şəhərin dilindən yazıram. Sənin bir vaxtlar Saatlı məhəlləsində qurduğun məktəbin yanında o “paslı saat” yenidən işləyərək millətin qəlbində döyünür.

2021-ci ilin avqustunda, məqbərənin qarşısında əyləşənlərin hamısının saatı sanki bir ana tənzmimlənmişdi. Hamı xoşbəxt idi. Amma bir nəfər hamıdan daha çox. Sənin məzarını və adını tapdanmış, dağıdılmış halda gördükdən sonra onu diriltmək bir ata vəsiyyətini yerini yetirmək idi onun amalı.

Bilirəm bu gün Şuşada səninlə birgə Sadıqcan da nəfəs alır. Qasım bəy Zakir öz təmsilini səsləndirir. Mir Möhsün Nəvvab öz miniatürlərində  Şuşanın musiqisini yenidən çəkir. Cabbar Qaryağdıoğlu, Seyid Şuşuiski, Xan hamısı buradadır. Sən bir zamanlar söyləmişdin ki:

Bu şəhərə ki, təşrif-i bəqalər gətiribsən,

Sən xoş gəlibsən və səfa gətiribsən

Sənin Vətənin bir vaxtlar işıqsız, qazsız zülmətdə buz kəsmişdi. Xan Şuşinski deyirdi: “Şuşada axşamlar, yanar ağ şamlar…” O illərdə yalnız şam yanırdı. Amma indi Şuşada bitməyən şamlar, sazlar, sözlər var. Ən əsası sənin sözün kimi parlayan işıqlar var.

Şuşa qalası 1750-ci ildə ucalsa da, onun ruhunu sən ucaltdın, məhəllələri sən saldın, məktəbləri açdın, fikir toxumlarını sən səpdin. 17 məhəllənin hər birində bulaqlar, məscidlər, hamamlar vardı. Bu şəhər sözlə, suyla, sədaqətlə qurulmuşdu. Bu şəhər yalnız daşdan deyil, ədəbdən və ədəbiyyatdan ibarət idi.

Əziz Vaqif! Qürurla yazıram sənə. Cıdır düzü yenə at nalının səsini eşidir, İsa bulağından sözlər içilir, Xarıbülbül başını dik tutub şeirlərinlə çoxalır. Sənin poeziya günlərin, sənə ucaldılan abidə xalqın yaddaşında əbədiləşmiş Zəfər səhifələridir. Və bu Zəfər təkcə silahla yox, sənin sözünlə də yazılıb.

Vaqif bu gün Şuşaya yenə bayraq sancılıb. Bir zamanlar 1920-ci ildə Cümhuriyyət zabiti İsrafil bəy sancmışdı o bayrağı. Bu dəfə 2020-ci ildə şəhid qardaşı 39 yaşlı Yaşar Hüseynov. Bu bayraq Vaqifin, Vətənin, sözün bayrağıdır.

Əziz Vaqif sənin poeziyan xalqın döyünən ürəyi, sənə ucalan məqbərə millətin iradəsidir. Bu gün sənin adını oxuyan hər kəs, sənin heykəlinin qarşısında əyilən hər baş əslində xalqın qalibiyyətinə səcdə edir. Şuşa Azərbaycanın qəlbidir, sən isə onun döyünən şeirisən.

Şuşa poeziyanın, qürurun, Zəfərin və sədaqətin adı, ona gələni qəflət yuxusundan oyadan səsdir!

Şuşa sənindir, bizimdir, əbədidir!

 

“Ədəbiyyat və incəsənət”

(31.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.