Yolundan gözümü yığa bilmirəm. Gözdağın mənimdir, gözün özgənin.... Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"

 

Sənin tilsimindən çıxa bilmirəm,

Neyləyim bu eşqi boğa bilmirəm,

Yolundan gözümü yığa bilmirəm,

Gözdağın mənimdir, gözün özgənin.

 

Öz sevdan özünü qarğışa salıb,

Ömrün qara qalıb, yağışa qalıb,

Taleyin tüstünlə baş-başa qalıb,

Tüstün mənimkidir, közün özgənin.

 

Şahmara vəfandan cəfan nurludur,

Baharın şaxtalı, yayın qarlıdır,

Həsrətin özündən etibarlıdır,

Həsrətin mənimdir, özün özgənin.

 

Ötən gün tanınmış şair, publisist, pedaqoq, jurnalist Şahmar Əkbərzadənin doğum günü idi.

Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub.Şuşa Pedaqoji texnikumunu və M.F.Axundov adına Dillər İnstitutunu bitirib.

Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib. Daha sonra Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışıb. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olub.

1990-cı ildə "Mədəniyyət" qəzetini təsis edib və ömrünün sonunadək həmin qəzetin baş redaktoru olub.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişib.

2001-ci ildə Vektor Beynəlxalq Elmlər Akademiyası Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı təsis edib.

2014-cü ildə isə onun adını daşıyan "Şahmar Ədəbi Məclisi" təsis olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.