İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, KQB arxivlərinə əsaslanaraq yazılmış ilk detektiv roman - "Qara Volqa" əsərinin müəllifi, cinayət aləmi üzvlərinin müstəntiq olaraq bildiyi Cəmşid Əmirovun bu gün anım günüdür.
Cəmşid Əmirov 1918-ci ilin fevral ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində dünyaya göz açıb. Bakıda yeddinci sinfi bitirən Cəmşid sənədlərini N. Nərimanov adına texnikuma verərək kimya fakültəsinə daxil olub. Tələbəlik illərində ədəbi yaradıcılığa maraq göstərən Cəmşid kiçik hekayə və məqalələr yazsa da, onları çap etməyə tələsməyib.
Orta məktəbi bitirdikdən sonra 1934-cü ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna qəbul olub və eyni zamanda respublikanın müxtəlif qəzetləri ilə əməkdaşlıq edib. Təhsilinin sonuncu ilində institutu yarımçıq tərk edib və mühəndis-geoloq ixtisası üzrə fəaliyyət göstərməkdən imtina edib.
Peşə karyerasına “Azərbaycan gəncləri” qəzetində məsul katib (1937–1940) vəzifəsində başlayıb, daha sonra “Gənc işçi” qəzetində şöbə müdiri (1940–1941), “Bolşevik” qəzetində məsul katib (1941) olaraq çalışıb. 1941-ci ildə “Əzizbəyovneft” şirkətində mühəndis-geoloq kimi fəaliyyət göstərib. İkinci Dünya müharibəsi zamanı Sovet Ordusunun zabiti olaraq ön cəbhədə iştirak etmiş, Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çin kimi ölkələrdə döyüşüb. Orduda göstərdiyi nailiyyətlərinə görə bir çox medal və nişanlarala təltif olunub.
Onun ilk çap əsəri “Dəqiqələr, saniyələr...” adlı oçerki “Azərbaycan gəncləri” qəzetinin 28 avqust 1946-cı il tarixli sayında işıq üzü görüb. O, milli mətbuatda cinayət hadisələri və məhkəmə yazıları haqqında yazan ilk jurnalistlərdən biridir. Əsasən “Bəbirov qardaşları” imzasından istifadə edib. Həyatının son dövrlərində “Çətin iş” romanı və “İki mənalı teleqraf” hekayəsi üzərində çalışsa da, bu əsərlərini tamamlamadan 29 dekabr 1982-ci ildə vəfat edib.
Onu ədəbiyyat dünyasında tanıdan əsəri “Sahil əməliyyatı” adlı povestidir. Mirbağırovanın fikrincə, Əmirov bu əsərlə Azərbaycan ədəbiyyatında "casus detektiv" janrının əsasını qoyub, daha sonra isə “polis detektiv” mövzusunda yazdığı “Qara Volqa” və “Brilyant Məsələsi” romanları ilə ən böyük uğurunu əldə edib.
1958-ci ildə çapdan çıxan “Sahil əməliyyatı” povesti Azərbaycanda yazılan ilk casus mövzusunda olan detektiv əsərdir. Romanda Almaniya və ABŞ agentlərinin Azərbaycan Sovetabad şəhərində təşkil etməyə çalışdıqları əməliyyat, yerli milisin peşəkar fəaliyyəti nəticəsində uğursuzluğa düçar olub.
Müəllifin ikinci əsəri olan “Brilyant məsələsi” povesti 1963-cü ildə çap olunub. Bu povest 24 brilyant üzüyün oğurlanması və bu müddətdə baş verən cinayətlərin araşdırılmasını əks etdirib Əmirov, KQB ilə yaxın əlaqələrinə görə əsərlərində real cinayətkarların kimliyini və polis əməliyyatlarını dəqiq təsvir edə bilib. Bu səbəbdən onun əsərləri yüksək dərəcədə realist olub.
Povestin məzmununa görə əsərin baş qəhrəmanı Yədulla polis tərəfindən ifşa olunur, amma o, polisdən yaxasını qurtarıb qaça bilir və bir müddət Ukraynada gizlənir.
Yədulla bir də əsərin sonlarında peyda olur. Bu müddət ərzində isə mənzil oğurluğu baş verir. İttiham olunan şəxs günahsızlığını etiraf edə bilmir. Ev sahibəsi isə polis şöbəsinin əməliyyatçısı kapitan İsayev tərəfindən nəzarətdə saxlanılır. Ev sahibəsinin telefon danışıqları dinlənəndən sonra o həbs olunur.
Yazıçı əsərdə drujinaçı obrazları yaradıb. Bu drujinaçılar təhlükəli cinayətlərin üstünün açılmasında polisə əvəzsiz xidmət göstərirdilər, əksər hallarda isə polisi əvəz edirdilər. Epiloqda Yədullanın həbsini də drujinaçı meşəbəyi təşkil edir. Əsər konsentrik süjet tipinə aiddir. “Konsentrik süjet tipi bütün hadisələrin bir münaqişə ətrafında cərəyan etdiyi, hər şeyin səbəb-nəticə əlaqələrinə tabe olduğu süjet növüdür”.
Əsərin bütün hissələri aydın şəkildə ifadə olunan konfliktlərə əsaslanır. Hər bir hadisə növbətinin səbəbi və əvvəlkinin nəticəsidir.
Əmirovun 1944-cü ildən yazmağa başlayıb, 1966-cı ildə nəşr etdirdiyi “Qara Volqa” romanı isə Azərbaycanda cinayətkar dəstənin məhv edilməsindən bəhs edir. Əslində bu əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı “Brilyant məsələsi” romanının davamıdır.
Doğrudur, kitablarda baş verən hadisələr müxtəlifdir. Əgər birinci romanda söhbət Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə aparılırsa, ikincidə obrazlar dəyişir: burda qəhrəman Pəncəli Aslan və onun cinayətkar dəstəsidir. Ancaq cinayətkar qruplara qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələri, təxminən eyni adamlardır. Bu əsər KQB arxivlərinə əsaslanaraq yazılmış ilk detektiv roman hesab edilir. Romanda “Qara Volqa” oğurluq hadisələrinin rəmzi kimi təqdim olunur.
1982-ci ildə çapdan çıxan “Şəhər yatarkən” adlı roman yazıçının casusluq mövzusunda ikinci əsəridir. Əsər, cinayətlərin araşdırılması proseslərini əks etdirib. Eyni ildə nəşr olunan “Mənim əsl məhəbbətim” əsərinin əsas mövzusu çox kiçik yaşlarında bir-birindən ayrılan, fərqli ölkələrdə və fərqli siyasi mühitlərdə yetişən iki qardaşın illər sonra düşmən cəbhələri təmsil edən iki yad insan olaraq qarşılaşmasıdır.
Almaniyada böyüyən Ervin xarakteri mahiyyətcə nə qədər yaxşı olsa da, nasist Almaniyasında tərbiyə aldığı və onların siyasi maraqları uğrunda fəaliyyət göstərdiyi üçün romanın sonunda SSRİ tərəfindən cəzalandırılıb. Əgər Ervin xarakterinin yerinə onun əkiz qardaşı Elçin Almaniyaya getsəydi, eyni hadisələr onun da başına gələcəkdi.
Elçin xarakteri isə kor-koranə kommunizmə bağlı bir şəxsdir. Buna görə də iki qardaş arasında ideoloji münaqişə qaçılmaz olub. Romanda baş verən hadisələrin əksəriyyəti keçmişdə Xanlar rayonu olaraq tanınan, hazırda isə Göygöl rayonu adlanan yaşayış məntəqəsində cərəyan edib
Cəmşid Əmirov əsərlərindəki hadisə və personajların əksəriyyətini real həyatdan götürüb. “Qara Volqa” əsərindəki Əli Rəsulov və “Brilyant məsələsi”ndəki Əli Rüstəmov, Yədulla, Dilarə Bayramova kimi personajlar real insanlara əsaslanıb. Xüsusilə, Əli Rüstəmov və Əli Rəsulov personajlarının prototipi eyni şəxsdən — daxili işlər orqanlarında çalışan təqaüdçü polkovnik Səfər Əli Rüstəmovdan ilham alıb. Bu iki romanda Əli personajı tez-tez özünəməxsus “eşq olsun” ifadəsini istifadə edir.
Əmirov öz əsərlərində xüsusi üslub yarada bilib və Azərbaycan roman janrına yeni bir nəfəs gətirib. Onun əsərlərinin xarakteristik xüsusiyyətlərini belə ümumiləşdirmək olar:
Dil müxtəlifliyi:
Əsərlərində ədəbi dil, jarqon, arqo, dialekt və bölgə ləhcələrindən istifadə etmişdir. Bütün bu ünsürləri tək bir əsərdə görmək mümkündür.
Yumor elementləri:
Ciddi mövzulara həsr olunan əsərlərdə belə, mizaha və yumora yer verib. Məsələn, “Qara Volqa”da Rebeka Lifşist, “Brilyant məsələsi”ndə isə Həlimə personajlarının davranışlarında komik elementlər mövcuddur.
Aktuallıq və realizm:
Dünya ədəbiyyatı ilə müqayisədə Əmirov öz əsərlərində daha müasir və aktual problemləri realist şəkildə əks etdirib.
Əmirovun əsərlərində cinayətkarlar incə və ustalıqla təşkil edilib, kompleks personajlardır. Onlar hər nə qədər güclü və məğlubedilməz görünsələr də, əsərlərin əsas məqsədi həmişə xeyirin şər üzərində qələbəsini göstərməkdir. Bu, onun əsərlərinə optimist bir məna qatır və oxucunu yaxşılığın həmişə üstün gələcəyinə inandırıb.
Mükafatları
Döyüş xidmətlərinə görə “Vətən müharibəsi” (I dərəcəli), “Qırmızı ulduz” ordenləri, həmçinin “Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”, “Berlinin alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə” və “Yaponiya üzərində qələbəyə görə” medalları ilə təltif olunub
"Brilyant məsələsi"nin diqqət çəkən üzvlərindən Klara ömrünün son günlərində verdiyi müsahibələrin birində deyir: Cəmşid Əmirov yaxşı adam idi. Allah ona rəhmət eləsin. Allah haqqı, mənimlə qızı kimi rəftar edirdi. Ya bir dəfə səsini qaldıra üstümə, ya söyə, vura. Yox! Qətiyyən onda belə şeyləri görmədim. Əksinə o vaxt "Qorotdel"də nə şərait olasıydı ki, hamam yox, saçımı daramağa imkanım yox. Bit-birə də day nə qədər desən. Uzun, qalın hörüklərim vardı. Saçımı bit basıb, əyin-başım pis gündə. Verilən yeməkləri yeyə bilmirdim. Bir sözlə vəziyyətim ağırıydı. Cəmşid Əmirovun iri qara portfeli vardı, gəlib otağa daxil olan kimi qoyurdu stolun üstünə. Evdən gətirdiyi buterbrodları çıxardıb zorla yedirdirdi mənə. Düzü, nə qədər ac olsam da, çəkinirdim, utanırdım. O kişi isə əl çəkmirdi, onların hamısını yedirdib, üstündən də su içəndən sonra başlayırdı söhbətə. Mənim belə gənc yaşımda ölüm hadisəsiylə bağlı ora düşməyim çox ağır gəlirdi ona. Nəslimi, kökümü tanıyırdı, başımıza gələn müsibətlərdən xəbərdar idi. Və bu yola düşməyimin səbəbləri ona aydın idi. Bütün bunlara görə də heyfslənirdi, əzab çəkirdi. Əlindən gələn yaxşılığı edirdi mənimçün..."
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)


