“Biri ikisində” Süleyman Abdullanın şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Süleyman Abdullanın şeirləri təqdim edilir.

                      

BİR KİTABLIQ ŞEİR

 

Bir rəzəsiz qapı keçdi ömür dediyim yerdən,

Yağış döyən libasımı geydim torpaq rəngində.

Gözlərində od aradım yandırmağa özümü,

Demə, bir ovuc kül idim küləklərin cəngində.

 

Bu dünyada heç nə dəyməz bir udumluq nəfəsə,

Son budaqda son ümidtək çatlayıb bağrı qan nar.

Qəfil məndən çıxıb getdi qaranlığın zil vaxtı

Ürəyimdə daşıdığım doğma, qərib adamlar.

 

Yox, özümlə götürmədim nə bir ünvan, nə bir ad,

Daha niyə köks ötürüm sonda ölüm-itimsə.

Bir atılmış daxma düşün, bir tavan, – yağış daman,

İndi məndə nə ürək var, nə üşüyən bir kimsə.

 

Adamları mümkün deyil qorumaq son ümiddən,

Saatların vərdişidir sabahlara qurulmaq.

Hər adama qismət deyil ölümlərin kralı,

Sevgi kimi gözəl olur ürəyindən vurulmaq.

 

Dan yerinin sazağında qapadıram kitabı,

Kimsə mənə dərs keçməsin nə insafdan, nə dindən.

Məqamıdır, indi gətir üfürməyə külümü,

Bir rəzəsiz qapı keçdi dünyanın gözlərindən.

                                                      

          

ÇƏTİN ŞEİR

 

Nə var ömrü yaşamağa lal, kar, kor,

Hər gün qada yaşamaqdır çətini.

Bir əli yağ, bir əli bal, – asandı,

Zəhər dada yaşamaqdır çətini.

 

Kasıb düşdük əcəllərin zəngində,

Yüyrək keçdik addımların ləngində.

Ömrü-günü timsahların cəngində

Verib bada yaşamaqdır çətini.

 

Nə işin var fələklərin işiylə,

Mərd adamsan, vuruş-barış kişiylə...

Ən yaxşısı dırnağıyla, dişiylə

Çatıb ada yaşamaqdır çətini.

 

Hər boğazdan çətin keçən loxma ol,

Düşməninə qara dərd ol, boğma ol.

Ya özün ol, ya özünlə doğma ol,

Uyub yada yaşamaqdır çətini.

 

Hər ağrıya sinə gərər dağ adam,

Qara günü çətin görsün ağ adam.

O dünyada necə desin sağ adam,

Bu dünyada yaşamaqdır çətini?!   

 

 

SÖZÜN AXŞAM BAZARI

 

Hələ soyuqların zamanı deyil,

Havalar istidir, aralar sərin.

Nə söz vaxtı çəkir, nə də vaxt sözü,

Bazar günü imiş tərəzilərin...

 

Heç vaxt düzgün olmur pulla ölçülən,

Birinin fəhmi var, birinin zəhmi.

Üz-üzə dayanıb halallaşmağa,

Alanın pulqabı, satanın rəhmi.

 

Sözü ucuzluğa getməyək daha,

Qulaqla ölçülməz bu yerdə darı.

Kimə deyəsən ki, bazardır bura,

Olmur bazar günü axşam bazarı.

 

ELƏ VAXT GƏLƏR Kİ...

 

Bu haqsız zamanın dəyişəsi var,

Yetişər çoxunun kiçilən günü.

Bir ömür şaqqanaq çəkəni ağlar,

Hıçqırıq boğanın gələr şən günü.

 

Arazın suları axar aşıqdan,

Topuq isladarıq yenə Kür boyu.

Hərənin ölümlük bir səbəbi var,

Mən sözdən ölmüşəm bir ömür boyu.

 

Vardır çox keçənin ümid hələsi

İçilmiş çox andın amanı gələr.

O qədər dilək var vaxtı gələsi,

Bir də vaxt olar ki, zamanı gələr...

 

Üzü Xeyirəyik qarışanda şər,

İşığa çıxası var daha bir gün.

Bizim də yolumuz zülmətdən keçər,

Çıxar zil gecədən sabaha bir gün.

 

Bizim də haqqımız çatır xoş günə,

Yaraşmaz adama eyləsə giley.

Zamanın təkəri dönər düzünə,

Elə vaxt gələr ki, dəyişər hər şey...

                          

 

ÇATMAZ

 

Deyirlər, bu dünya əvəz-əvəzdir,

Amma əvəz var ki, əvəzi çatmaz.

Haqqı çatanların hesab çəkməyə,

Sonacan saymağa nəfəsi çatmaz.

 

Kim saldı rastına tuşu, demirəm,

İstilər aparar huşu, demirəm.

Başına qonası quşu demirəm,

Bir qərib nəğmənin qəfəsi çatmaz.

 

Sabahı nura ver, axşamı şərə,

Sinəndən bir gözəl varmı gül dərə?

And içib yeməyə çatar min kərə,

Vüsala sonuncu dəfəsi çatmaz.

 

 

ƏSƏN ŞEİR

 

Ömürdü, çoxunu vermişik yelə,

Özümüz bilmədən meh kəsə əsir.

Dilimdi titrəyən bir ad gələndə

Ən həlim küləkdə şeh səsə əsir.

 

Gözümdə süzülən ağ yuxu tülmü,

Eşq adlı verginin butası gülmü...

Nəsə ürəkdimi, qəlbmi, könülmü,

Sinəmin altında, eh, nəsə əsir.

 

Saymaqla tükənməz dünyanın qumu,

Səhranın bətninə əkdim eşq tumu.

Yatırtmaq istədim nalə arzumu,

Oyanıb istəyir ah əsə, əsir.

 

 

ÜZÜ QÜRUBA

 

Batırsansa, nə fərqi var, – dənizdimi, səhramı...

Cəsədinə daraşacaq ağ qarışqa, ağ balıq...

Dərya olsun, ya bir damla boğulmağa, ya da qum,

Su içində kim geyinir ümidindən arxalıq?..

 

Qurtulmağa kömək olmaz xilasedici kəmər,

Ümmanlarda ağ dəvə var, səhralarda ağ gəmi.

Heyrət etmə susuzluqdan pörşələnsə dalğalar,

Ürəyindən keçən nədir, – odda buzlu kilkəmi?

 

Bəlli deyil bu dünyanın üzüləni, üzəni...

Bir damla su, bir dənə qum olduğum.

Tanrı necə yaradıbsa, yaşarıq bu düzəni,

Su üzündə şəkil qalmaz, şəkil altındasa qum.

 

Fırtınalar qopacaqsa çəkinməyə səbəb yox,

Mənim canım torpaqlıqdır, nə suluqdur, nə qumluq.

Səhralardan, dənizlərdən keçməsəm də, sinəmdə

Daşıyıram ürək boyda vətən adlı sorumluq...

 

Gücüm çatsa ümmanlarda üzməyə,

Qanad tapsam ənginlikdə süzməyə...

Dizimdə güc, səhralardan keçməyə...

Canımda tab, özümə yurd seçməyə...

Ürəyimdə sevgi çağlar batmağa,

Səbrim çatsa son arzuya çatmağa.

...Və batmaqsa, qərq olaram özümdə...

 

BİR SƏSDƏN ÖZÜNÜ…

 

Bir səsdən özünü asmışdı qəfəs,

Həsrətdən keçirdi qurbətin yolu.

Gələcək deyilən gəlmədi asan

Seçdik gediləcək ən çətin yolu.

 

Adamı gözündən edir ümidi,

Günü qara idi gözü ağların.

Qan da sağılmışdı kökünə kimi,

Yolu yorğun oldu ən uzaqların.

 

İsti yatağından küsmüşdü yuxu,

Yüzdümü, mindimi?..

İtmişdi haqq-say.

Hıçqırıq kimiydi axar su səsi,

Xəzəl yağışında islanırdı çay.

 

Sıxırdı adamı geniş üfüqlər,

Gecənin başına dardı aləmi.

Küləyin ovcunda saat kimiydi

Budaqla yarpağın ayrılıq dəmi.

 

Gedənin hamısı düz deyil, dostum,

Dizə dayanan yol yaman dik idi.

Buz kimi saxlamaq olmur ürəyi,

Vaxtın ən soyuğu sənsizlik idi.

 

Daha havadan da olmur baş açmaq,

Sanki tükənmişdi almağa nəfəs.

Susub dayanmışdı bir alabaxta,

Bir səsdən özünü asmışdı qəfəs.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.