“Qətl günü” onu yaşadacaq Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan ədəbiyyatına böyük yazarlar pleadası bəxş etmiş Qazax diyarı haqlı olaraq bir adla da qürurlanır – Azərbaycan nəsrinə “Qətl günü” kimi şedevr roman bəxş etmiş Yusif Səmədoğlu ilə!

 

Bu gün Azərbaycanın xalq şairi Səməd Vurğunun oğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Yusif Səmədoğlunun doğum günüdür. O, Azərbaycan xalq şairi Vaqif Səmədoğlunun qardaşı, yazıçı Mehdixan Vəkilovun qardaşı oğludur. Bir sözlə, məçhur yazarlar nəsil-şəcərəsinin tanınmış üzvüdür.

Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilib.

 "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, "Ulduz jurnalının baş redaktoru, "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində işləyib.

 Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının müəllifi olub. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırıb.

 

Əsərləri:

Qətl günü,

Xəzri,

Yaddan çıxmış sözlər,

Gözlər,

220 №-li otaq,

Güllər,

Saat işləyir,

Simurq quşu,

Qalaktika,

Soyuq daş,

Beşik,

46-cı ilin oyunları,

Foto-fantaziya,

Astana,

Bayatı-Şiraz,

İncə dərəsində yaz çağı.

 

Filmoqrafiya

- Axırıncı maqın sonu

- Azərbaycan SSR

- Böyük tamaşa

- Cəlil Məmmədquluzadə

- Çiçək yağışı

- Dostluq məşəli

- Səməd Vurğun

- Foto "Fantaziya"

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Şöhrət" ordeni

- "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı

 

İctimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi çəkilib. Filmin Rejissoru Namiq Ağayevdir.

Xalq yazıçısı Anar “2=3+4” kitabında dostu olmuş Yusifdən geniş bəhs edib.

Yusif Səmədoğlu 1998-ci il avqustun 16-da vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.