İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gədəbəy öz saf təbiəti, dağı-daşı ilə aşıq musiqisinə qol-qanad verib həmişə, ordan çox mahir ustad aşıqlar çıxıbdır. Amma saz şeiri və söz şeiri qoşaymış. Bu ellər sevilən, rəğbət qazanana şairlər oylağıdır həm də. Belə şairlərdən biri də İlyas Tapdıq olub ki. Bu gün onun anım günüdür.
İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb.
Uşaqgəncnəşrdə redaktor (1957–1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962–1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968–1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976–1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru olub.
Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989–1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992–1995) vəzifələrində işləyib.
İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınan nümayəndələrindəndir. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunan əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi, söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var…" şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılıb.
Kitabları:
1. Kəndimizin çobanı. Bakı: Uşaqgəncnəşr, 1955, 16 səh.
2. Bulaq başında. Bakı: Azərnəşr, 1958, 66 səh.
3. Gözlər. Bakı: Uşaqgəncnəşr, 1959, 112 səh.
4. Xumar. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
5. Arxalı dağlar. Bakı: Uşaqgəncnəşr, 1962, 112 səh.
6. Bir eşqin şimşəyi. Bakı: Azərnəşr, 1966, 156 səh.
7. Çimnaz oynayır. Bakı: Gənclik, 1967, 48 səh.
8. Əksim və qəlbim. Bakı: Gənclik, 1968, 216 səh.
Tərcümələri
(rus dilindən)
- İki xoruz (Litva xalq şeri). Bakı: Uşaqgəncnəşr, 1961, 16 səh.
- V. Suteyev. Miyo eləyən kim idi? Bakı: Azərnəşr, 1964, 20 səh.
- M. Zoşşenko. Kələkbazlar və ağıllılar. Bakı: Gənclik, 1968, 24 səh.
- E. Mejelaytis. Dovşan-oğlan. Bakı: Gənclik, 1969, 16 səh.
- Berestov. Səhər laylası. Bakı: Gənclik, 1970, 20 səh.
- İ. Pivovarova. Axşam və səhər. Bakı: Gənclik, 1972, 20 səh.
(türkmən dilindən)
1. K. Tannkuliyev. Kəpənək. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
2. K. Tanrıkuliyev. Tovuz quşu. Bakı: Gənclik, 1977, 12 səh.
(erməni dilindən)
- Q. Qabrielyan. Mən ki, balaca deyiləm. Bakı: Gənclik, 1974, 52 səh.
1974-cü ildə şairin erməni dilindən şeir kitabı tərcümə etməsi Sovet dövrünün reallığıdır, onda sovet bayrağı altında 15 qardaş Respublika birləşmişdi. Halbuki, qarda. Dediyimiz əfi-ilandan bixəbər idik.
Ürəyindən əməliyyat olunmuş şair 25 dekabr 2016-cı ildə axşam saatlarında Bakıda, evində vəfat edib. Şair Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)


