“Azərbaycan bayrağı”nın müəllifi Ramiz Qusarçaylının doğum günüdür Featured

 

Əlibala Məhərrəmzadə, millət vəkili. “Ədəbiyyat və incəsənət” üçün

 

Elə şairlər var ki, onların tale yazısını poetik gəlişmələri, misraları, sətirləri yazır. Onlar poeziya ilə nəfəs alırlar. Bu cür şairlər özlərindən sonra böyük poerik miras qoyurlar. Həm məzmunca, həm ideyaca beyhinlərə hopan bir miras.

Mən dəqiq bilirəm ki, qubalı ustad şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri yüz illər bunddan sonra da oxunacaq, seviləcək, təqdir ediləcək.

 

Bu gün şairin doğum günüdür, anadan olmasının 67-ci ildönümüdür.

Ramiz Qusarçaylı 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olub. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974–1976) alıb.

1977–1979-cu illərdə ordu sıralarında xidmət edib.  Özü də nümunəvi. Xidmət zamanı Piyadanın döyüş maşınında (BMP) atıcı-operator olub, təlimlərdə göstərdiyi şücaətlər barədə Moskvanın "Krasnaya Zvezda", Zaqafqaziya hərbi dairəsinin "Leninskaya Znamya" qəzetlərində oçerk və məqalələr dərc edilib.

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika (1980–1986), Rusiya Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakültələrində təhsil alıb, Bakı Baş Tikinti İdarəsində, "Elm və Həyat" jurnalı redaksiyasında, "Zaman" Beynəlxalq qəzetində, Quba rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.

Taleyində Rusiya və Ukraynada yaşadığı illər də vardır. Tula və Donetsk vilayətlərində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda Azərbaycan Respublikası "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisidir.

2025-ci ildə Azərbaycanda keçirilən bələdiyyə seçkilərində qələbə qazanıb.

İndi isə onun poeziya dünyasından danışaq.

Ramiz Qusarçaylı yaradıcılığa erkən uşaqlıq illərindən başlayıb, "Bağban" adlı ilk mətbu şeiri 1975-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilib.

17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona "Qusarçaylı" təxəllüsünü verib, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləyib.

1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən "Ay işığı" adlı ədəbi məclis yaradıb və hazırda məclisə sədrlik edib. 1994-cü ildə "Ay işığı" adlı ədəbi məclisinin bazasında Azərbaycan Yazıçılar Birliyi Quba bölməsi təsis olunub.

 2002-ci ildən 2015-ci ilə kimi Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri olub, 2022-ci ildən yenidən Quba bölməsinin sədri təyin olunub.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən isə İraq Türkman Yazarlar Birliyinin üzvüdür.

 "Çörəyim daşdan çıxır", "Ömür qapıları", "Bir çiçək axşamı", "Nə ğözəldi yolun, Allah", "Eşşəknamə", "Almalı kitab", "Gedəsən dünyanın axırınacan", "Sevgidi dünyaya qəsdim" və "Vətən" adlı şeir və poemalar, "Göyəm ağacı" adlı tərcümə kitablarının, "Quba" adlı foto-albomun, "Ay işığı" adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir.

 

Kitabları

- "Çörəyim daşdan çıxır", Bakı: Yazıçı, 1989.

- "Ömür qapıları", Bakı: Şirvannəşr, 1999.

- "Quba" (foto-albom), Bakı: 2000.

- "Bir çiçək axşamı", Bakı: Araz, 2005.

- "Eşşəknamə", Bakı: Araz, 2006.

- "Nə gözəldi yolun, Allah", Bakı: Hüquq ədəbiyyatı, 2010.

- "Almalı kitab" Bakı: Müəllim, 2012.

- "Göyəm ağacı" (tərcümə), Bakı: 2013.

- "Gedəsən dünyanın axırınacan" Bakı: 2017.

-“Vətən”, Bakı: 2023. Mücrü nəşriyyatı.

 

Təltifləri

 

- 2009–2010-cu il üçün Prezident təqaüdçüsü olub.

- "Azərbaycan bayrağı" şeirinə görə Şahmar Əkbərzadə adına Beynəlxalq mükafatı

- "Vətən" poemasına görə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi Əhməd Cavad mükafatı

-  "Vətən" poemasına görə Türkiyə Cümhuriyyətinin "Ziya Paşa Büyük Ödülü"

-  "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı olan "Aşıq Ələsgər – 200" yubiley medalı

- Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqının və "Əmir Teymur" Beynəlxalq Xeyriyyə Fondunun "Turan Birliyi" medalı.

-Azərbaycan Mətbuatının 150 illiyi yubiley medalı.

 

Ustad şairi doğum günü münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır, hələ uzun illər doğma diyarımız Qubanı, doğma Azərbaycanımızı vəsf etməsini, por=eziyaya vicdanla xidmət etməsini arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

 

İnci Məmmədzadə

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.