Unudulmaz sevgi şeirləri - Bəxtiyar Vahabzadə, “Bir salama dəymədi?” Featured

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı dəyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

Bir salama dəymədi?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım; ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan?

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kesmədi?...

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır!

 

 

İnsanın yaşadığı “susqun ayrılıq” ağrısından danışan şeir

 

Bu şeirdə ayrılıq qışqırıqla, dava-dalaşla yox, bir salamın belə əsirgənməsi ilə baş verir. Bu isə ayrılığın ən ağır, ən sarsıdıcı formasıdır.“Beş ildə gözümüzdən axan o qanlı sellər, Bir salama dəymədi?” Burada sevgi birdən-birə bitmir. Yavaş-yavaş, səssizcə öldürülür.

“Salam” - şeirdə bir söz yox, bir ömrün ölçüsüdür. Şeirin əsas gücü ondadır ki, “salam” adi söz olmaqdan çıxır: hörmətin, keçmişin, vicdanın, insanlığın simvoluna çevrilir.

“Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?”

Bu misralar oxucuya belə sual verir: Bu qədər xatirə, bu qədər hiss necə bu qədər ucuz oldu?

Bu şeiri sevirəm, çünki o, insanın öz-özünə verə bilmədiyi sualı səsləndirir. Şeirdə qürurla ağrı yanaşı addımlayır. Lirik qəhrəman yalvarmır. O inciyir, sarsılır, amma qürurunu da qoruyur: “Sən mənə zülm eylədin, mənə zülm yaraşır. Bir salama dəyməyən eşqə ölüm yaraşır!” Bu sətirlərdə həm məğlubiyyət var, həm də mənəvi ucalıq.

Bu şeiri sevirəm, çünki o zəifliyi yox, ləyaqətli ağrını tərənnüm edir. Şeir insanın içində qalan “deyilməmiş sözlər”dir. “Deyilməmiş o salam əlvidamız oldumu?” Bu misra çoxları üçün yaraya çevrilmiş bir cümlədir.

Bəzən, bir salam deyilmədi, bir baxış olmadı, bir izah verilmədi və həyat orada qırıldı.

Bu şeiri sevməyimin digər səbəbi odur ki, o, insanın içində qalan sözü dilə gətirir.

Bu şeir bəzəkli deyil. Süni romantika yoxdur. Hər misra yaşanmış hiss kimi gəlir. Oxuyanda elə bil, şair yox,oxucunun qəlbi danışır.

Bu şeir susaraq ayrılan insanların şeiridir, dəyərsizləşdirilən xatirələrin harayıdır, insanın içində qalan “niyə?” sualının cavabsızlığıdır. Bu şeir oxunmur, hiss olunur. Adətən çox sevmiş, çox susmuş və çox incimiş insanlardır bu şeirdən təsirlənənlər...

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.