“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Elvin Paşanın şeirləri təqdim edilir.
HEÇ OLMASA DÜZÜNÜ DE
Yenə hardansa soyuq gəlir.
Bir az bu səs-küylü biganəlik titrədir,
Bir az boynuma sarılan əllər üşüdür.
Danışırıq atıb gedənlərdən…
Sonra susuruq
dünyanın ən qəddar adamlarında…
Sonra hərəmiz bir küncdən qaldırırıq əllərimizi,
Bir az Davudun səsindən
kövrəlirik,
bir az sonumuzu düşünürük,
danışırıq axşam-axşam.
Gələni gözləyirik.
Yenə susuruq dünyanın ən qəddar adamlarında,
hərə bir ad çəkir:
Yezid, Hitler, Səddam…
Bu dəfə hərəmiz eyni küncdən qaldırırıq əllərimizi.
Bəlkə, sən də dəyişərsən?
Düşünürəm ürəyimdə,
nə bilmək olar, dünyanın işidir,
biz nə qədər çox susuruq,
Allah daha çox eşidir.
İkimizə bir mələk var başımızın üstündə,
bizi hər duamızda pusur.
sənin təsəllilərinə,
“Xoşbəxtəm, mən xoşbəxtəm” yalanına
Tanrı özü də susur…
Mənəm də,
məni boş ver.
Heç olmasa düzün de,
hələ də bilmirsənmi
səndən sonra nələr oldu,
neçə ildi alnımdakı qırışları pozuram…
İndən belə,
bəlkə, ölümünə belə ağlamadım…
Mən 14 yaşımda məsciddə
əllərimi göyə qaldırıb
təslim oldum,
indi ölümünə də
ikiəlli hazıram…
***
And olsun köksünü geniş qıldığın kəsə,
birdən içimi ölüm qorxusu bürüyür;
ölüm cazibə qüvvəsidi, adamı yerə çəkir…
Yaşadıqlarım öz oxu ətrafında fırlanır başıma,
bir səs fısıldanır qulağıma küləkdə:
Varam, varam – günahkar olma.
Üzünü gördüyüm bir adam gəlir yaddaşıma,
özümü unuduram,
peşmanlıqdan əyilirəm “vav” kimi,
alnımı torpağa qoyuram.
“Çətindi” “çətindi” zikri
edir dilim.
Özüm öz sözümü kəsirəm,
qulağım bir səs alır müəzzindən:
İnnəma məal usri yusrən…
NİGARAN
Görəsən, nə bişirir?
İndi, görən, nə yeyir?
Kimə baxıb danışır?
Ürəyində nə deyir?
Nə bəhanə gətirir
yeməyi çiy bişəndə?
Düşündüyü mənəmmi
qaşıq yerə düşəndə?
Bəlkə, əlindən düşüb
stola duz dağılır.
Mən yoxam, nə ürəyi
nə stəkan qırılır…
Gecələri diksinib
yuxudan oyanırmı?
"Hər şey yaxşı olacaq" –
hələ də inanırmı?
Necə yatır, oyanır?
Döyürmü gün üzünə?
Neçə yuxu danışıb
bu vaxtacan özünə?
MƏNİ ELƏ SEV Kİ
Məni elə qoru ki,
bu gün də, sabah da
zövq almağa bir bənd şeirin olsun.
Məni elə sev ki,
bir fincan çayı da gətirməyə
bir ömür həvəsin olsun...
Məni elə sev ki,
gözlərim gözlərindən
asılı qalsın,
unutsun ətrafın cazibəsini.
Məni elə sev ki,
dünyanın səsindən, küyündən ayıra bilsin
pas atmış qulağım
incə səsini…
Məni elə sev ki,
ən çətin işimiz küsülü qalmaq,
ən asan işimiz barışmaq olsun.
Məni elə sev ki,
sükutum səs-küylü dalaşmaq olsun.
Məni elə sev ki,
yad ocaqlar soyutsun məni,
başqa qapılar tanış gəlməsin.
Məni elə sev ki,
Məcnun olduğuma inanım hər gün,
özgə Leylilərə gözüm düşməsin.
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)


