“Biri ikisində” Cəlil Nağıyevin Bosniya ədəbiyyatı barədə tədqiqatı ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şahanə Müşfiqin Zemfira Məhərrəmlinin yaradıcılığına həsr edilmiş essesi təqdim edilir.

 

 

                              

TRİBUNA

 

Cəlil NAĞIYEV

 

BİR BOSNİYA SEVDALİNKASI: “HƏSƏN AĞANIN XANIMI”

(“Həsənaqiniça”nın sirləri)

 

Balkan-slavyan ölkələrinin ədəbiyyatı içərisində Bosniya və Herseqovina müsəlman ədəbiyyatı mühüm yerlərdən birini tutur. Bosniyalıların (boşnakların) böyük bir qismi dini mənsubiyyətinə görə müsəlman olduğundan bir müddət (1956-cı ildən 1992-ci ilə qədər) həm də onların milli mənsubiyyətini də bildirmişdir (1992-ci ildən etibarən müsəlman bosniyalılar “boşnaklar” adlansalar da, bu ifadə hazırda, qeyri-rəsmi də olsa, etnik mənsubiyyət bildirməkdədir – bir vaxtlar azərbaycanlılar da müsəlman adlandırıldıqları kimi). Bir müddət boşnaklar boqomil (X-XV əsrlərdə Avropada geniş yayılmış bir xristian hərəkatıdır, Bosniyada və İtaliyada  onlar patarenlər adlanırdı) təriqətinə mənsub olmuşlar. Bosniya və Herseqovinanın əhalisinin böyük əksəriyyəti XV əsrin ortalarında (Osmanlı hökmranlığı dövründə) islam dinini qəbul etmiş (əsasən təsəvvüf (sufizm) təriqətinə aid olmuşlar) və elə həmin dövrdən etibarən Balkan yarımadasının bu cənubi slavyan bölgəsində Şərq və islam mədəniyyəti (dil, ədəbiyyat, etnoqrafiya, memarlıq, musiqi, tətbiqi sənət, təhsil və s. sahələrində) geniş şəkildə yayılmış və inkişaf etməyə başlamışdır. Burada Şərq (daha çox türk) üslubunda şəhərlər, qəsəbələr (Sarayevo, Mostar, Travnik və s.) salınmış və Balkan ölkələrinin fərqli ərazilərində çox sayda türk memarlıq abidələri – camilər, məscidlər, karvansaralar, qonaq evləri (hanlar), mədrəsələr, təkkələr, türbələr, çeşmələr, hamamlar, qəhvəxanalar, türk evləri, körpülər (məs.: əzəmətli Drina körpüsü – bu abidələrin əksəriyyətinin müəllifi türkiyəli məşhur Memar Sinan (təq. 1490-1588) olmuşdur) inşa edilmişdir. Bu dövrdən (Osmanlı İmperatorluğunun hökmranlığı dövrü – XIV əsrin ortalarandan – XIX əsrin sonlarına qədər) başlayaraq Bosniya və Herseqovinada yerli milli dil (cənubi slavyan dillərindən biri – serb və xorvat dili ilə eyni mənşəli olan boşnak dili) qorunub saxlanılmaqla, demək olar ki, bütün sahələrdə, o cümlədən təhsil müəssisələrində türk, ərəb və fars dilləri də tədris edilmiş və beş əsrə yaxın zaman kəsiyində Avropanın bu ərazisində Şərq-Qərb forma və məzmunlu çox zəngin və özünəməxsus mədəniyyət (təxminən əndəlis ədəbiyyatı tipində bədii və elmi ədəbiyyat), mətbu orqanları (dərgilər, qəzetlər) yaranmışdır. Onu da qeyd etmək lazımdır ki, Osmanlı İmperatorluğu dövründə boşnak dili ilə yanaşı, serb-xorvat, Qaradağ (Monteneqro), bolqar və alban dillərinə həddindən çox ərəb, fars və türk sözləri (türkizmlər) keçmişdir (təsadüfi deyil ki, hələ XİX əsrdə görkəmli serb alimi (lüğətçi), tərcüməçi, poliqlot və redaktor  Corce Popoviç (1829-1914) “Türk sözləri lüğəti” (1884) kitabını çap etdirmişdir. Son illərdə başqa bir lüğətçi Corce Otaşeviç də üç mindən çox sözdən ibarət olan yeni “Türk sözləri lüğəti” kitabını çap etdirmişdir-2009).   

Orta əsrlərdə Bosniya və Herseqovinada (Osmanlı hökmranlığı dövründə) Adni Mahmud-paşa Anceloviç, Dərviş-paşa Bəyazidoviç, Məhəmməd Nerkesiya, Arif Hikmətbəy Rizvanbəyoviç, Molla Mustafa Başəskiya kimi məşhur şairlər öz əsərlərini, əsasən, türk, qismən də ərəb və fars dillərində, Həvayi Üsküfi və Həsən Kaimiya isə həm türk, həm də boşnak dillərində Şərq-Qərb səciyyəli bədii (poetik) əsərlər yazmışlar. Bu dövrdə boşnak dilində yaranan Bosniya və Herseqovina müsəlman ədəbiyyatı daha çox türk-müsəlman (Şərq – orientalist) ədəbi ənənələri əsasında formalaşmışdır. Bu zaman Bosniya və Herseqovinada klassik Şərq poetik ənənələri əsasında yaranan yazılı ədəbiyyatla yanaşı, həm də çox qiymətli, yüksək ədəbi-estetik keyfiyyətlərə malik olan milli şifahi xalq ədəbiyyatı (folklor) da yaranmış və inkişaf etmişdir. Bosniya müsəlmanları özlərinin dini və etnik dünyağörüşlərini ifadə etdikləri və əsasən, Şərq düşüncə tərzini (genetik olaraq türk ruhu ilə bağlı olan) və ədəbi təfəkkür formasını əks etdirən atalar sözləri, lətifələr (xüsusilə, daha çox beynəlxalq səciyyəli (37 xalqa məxsus) Molla (Xoca) Nəsrəddin və Bəhlul Danəndə lətifələri, nağıllar, əfsanələr və rəvayətlər (məs.: Dədə Qorqud motivli hekayələr), eləcə də lirik və epik nəğmələr – sevdalinkalar, balladalar, romanslar və qəhrəmanlıq dastanları) yaratmışlar. Xalq nəğmələri (ballada və romanslar) şarqiya, laxuta (kamança), qusle (saz, sazliya), zurna və s. kimi sırf Şərq çalğı alətlərinin müşayiəti ilə ifa edilmişdir.

Balkan slavyanlarının ən məşhur epik əsəri bir sıra serb qəhrəmanları, o cümlədən də məşhur Marko Kraleviçin sərğüzəştlərindən bəhs olunan “Serb eposu” dastanı (yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Orta əsrlərin bu məşhur slavyan qəhrəmanlıq dastanı ilə “Koroğlu” dastanı arasında xeyli tipoloji və genetik uyğunluq (əlaqə) mövcuddur. Məs.: Koroğlu və Marko Kraleviç obrazlarının zahiri oxşarlığı, qanadlı at – Qırat, Momçila motivləri və s.). Bu serb qəhrəmanlıq dastanı, əsasən, serblərin türklərlə mübarizəsinə həsr olunsa da, burada türk folklorunun (xüsusilə türk eposunun) dərin izlərini görmək mümkümdür. Bir sıra digər Balkan dövlətləri kimi, Serbiyanın da Osmanlı İmperiyasının tərkibində olması nəticəsundə türk mədəniyyətinin, ədəbiyyatının və dünyagörüşünün Balkan yarımadası xalqlarının, o cümlədən də serblərin şifahi və yazılı ədəbiyyatına kifayət qədər dərin təsiri olmuşdur. Slavyan mənşəli Bosniya müsəlmanları da bu dövrdə özlərinin çox dəyərli qəhrəmanlıq dastanını yaratmışdır. Bu dastanın baş qəhrəmanı isə türk kökənli bosniyalı, bir qədər Marko Kraleviçə, daha çox da Koroğluya bənzəyən Cerzelez Əlidir.

Bosniya və Herseqovinanın şifahi xalq ədəbiyyatının nadir incilərindən biri də “Sevdalinkalar”dır. Dünyaca məşhur olan bu müsəlman xalq nəğmələrinin – (bu əsərlərin böyük bir qismi hazırda Bosniya və Herseqovinada musiqi nümunəsi, xalq mahnıları kimi ifa olunmaqdadır) “Sevdalinka”ların Bosniyada, Serbiyada və Xorvatiyada çoxsaylı mükəmməl nəşrləri mövcuddur. Bu araşdırmada belə nəşrlərdən biri olan Sait Orahovaçın tərtib etdiyi (Risto Trifkoviçin, Hüseyn Təhmişçiç və Risto Trifkoviçin redaktorluğu ilə) və Sarayevoda nəşr etdirdiyi topluya müraciət ediləcək.

Sevdalinkalar, (sevda – hüznlü qara sevda – kədərli eşq sözündən götürülüb) əsasən, nakam məhəbbət (Füzuliyanə) lirikası janrında yaranmış balladalardan və romanslardan ibarət mükəmməl bədii poetik əsərlərdir. XV əsrin ikinci yarısından etibarən şifahi şəkildə  yaranmağa (əldə olan ilk əlyazmalar həmin dövrə aiddir) və XVII əsrdə yazıya köçürülməyə başlayan (və nota alınan) həmin əsərlər bu günə qədər Bosniya müsəlmanlarının həm də musuqi yaradıcılığı nümunəsi kimi sevə-sevə ifa edikləri (Bosniya və Herseqovinada sevdalinka ballada və romansları saz musiqi alətinin müşayiəti ilə ifa olunur, demək olar ki, hər il fərqli şəhərlərdə sevdalinka musiqi festivalları keçirilir) nəğmə nümunələridir. Bu çoxsaylı poetik nümunələr dünyanın əksər xalqlarının dillərinə tərçümə olunub və böyük şöhrət qazanıb. “Sevdalinkalar”ın içərisində dünya ədəbiyyatında ilk olaraq “Həsənaginiça” (“Həsən ağanın xanımı”) adlı kədərli bir ballada məlum olmuşdur. Bu xalq yaradıcılığı nümunəsi, deyildiyinə görə, 1646-1649-cu illər arasında Bosniyanın, əsasən, müsəlmanlar yaşayan İmotski əyalətində yaranmışdır. Çoxsaylı elmi mənbələrdən də göründüyü kimi, bu ballada real hadisədən götürülüb, onun bütün personajları – baş qəhrəman Həsən ağanın xanımı Fatimə (Fata) Ərəboviç (qızlıq soyadı Pintoroviç) və onun qardaşı zadəgan Bəy Pintoroviç, Həsən ağa Ərəboviç tarixi şəxsiyyətlərdir. Məşhur italiyalı etnoqraf, səyyah abbat Alberto Fortis Adriatik dənizinin sahilində yerləşən Xorvatiyanın (Bugünkü Xorvatiya Respublikası) ərazisində olan əzəmətli İntibah şəhəri Dalmatsiyaya səyahəti zamanı “Həsəsanaqiniça” balladasını aşkar etmiş, yazıya köçürmüş, onu italyan dilinə çevirərək iki dildə (italyan və boşnak dillərində) çap etdirmişdir (1774). Alberto Fortis bu əsər barədə ətraflı məlumat vermiş, onun qısa məzmununu təqdim və təhlil etmişdir. O bu əsəri bir əxlaqi nəğmə adlandırmışdır. Görkəmli alman maarifçi şairi və mütəfəkkiri İohan Volfhanq Gete A.Fortisin başladığı bu ənənəni davam etdirmiş, 1777-ci ildə həmin əsəri alman dilinə çevirmişdir. Digər alman maarifçisi İohan Qotfrid Herder bu balladanı özünün 1777-ci ildə çap etdirdiyi “Xalq ədəbiyyatı” kitabına daxil etmişir. Bundan sonra görkəmli ingilis romantik yazıçısı Valter Skott (1798) onu ingilis dilinə, Aleksandr Sergeyeviç Puşkin (1835) rus dilinə, Adam Miskeviç (1841) polyak dilinə və dünyanın onlarla digər görkəmli şair və yazıçısı bu balladanı öz dillərinə tərcümə etmişlər. 

Haşiyə. 1774-cü ildə abbatAlberto Fortisin (1741-1778)Həsənaqiniça” balladasının tərcüməsinin və orijinalının ilk nəşrindən sonra bu əsər fasiləsiz olaraq dünyanın bir sıra çox görkəmli şairləri tərəfindən Avropa dillərinə tərcumə olunmuşdur və hazırda əsərin 50-dən artıq tərcüməsi möcuddur. Bu tərcümələrin bir qismi aşağıdakılardır:

 

1774 - Alberto Fortis - italyan dilində (ilk tərcümə və nəşr)

1775 - Yohan Volhanq Gete - alman dilində; (anonim nəşr -1778; 1779)

1789 - Ferens Kazinski - macar dilində (1813)

1798 - Cura Feriç - latın dilində

1798 və 1799 - Valter Skott - ingilis dilində (1924)

1800 - Con Boyd Qrinşilds (şotland) - ingilis dilində

1813 - Şarl Nodye - fransız dilində

 1813 - Samuel Roznay - çex dilində (1818)

1814 - Vuk Stefanoviç Karaciç - serb-xorvat dilində (1846)

 1819 - Kazimir Brodzinski - polyak dilində

 1827 - A.X.Vostokov - rus dilində

1827 - Con Bouninq - ingilis dilində

1827 - Prosper Merime - fransız dilində

1830 - Con Lüdviq Runberq - isveç dilində

1830  Jerar de Nerval - fransız dilində

1832 - Yakob Zupan - sloven dilində

1832 - Klod Forel - fransız dilində

1835 - A.S.Puşkin (1855-ci ildə çap olunub)

1841 - Adam Miskeviç - fransız dilində

1960 - Anna Axmatova rus dilində

 

Valter Skott bu əsəri “Lamentation of the Faithful Wife of Asan Aga” başlığı altında 1798-ci ildə ingilis dilinə çevirərək çap etdirmişdir. V.Skottdan sonra bu balladanı ondan artıq ingilis şairi tərcümə etmişdir. 

Bu ballada sonralar ispan, esperanto, rumın, alban, malayziya, çin, yapon və türk dillərinə də tərcümə olunub.

Bosniya və Herseqovinanın “Sevdalinkalar”ı (yarandığı dilə görə serblər və xorvatlar da bu əsərlərin onlara məxsus olduğunu iddia edirlər) 2024-cü ildə qeyri-maddi mədəniyyət nümunəsi kimi UNESCO-nun siyahısına daxil edilmişdir. 2023-cü ildə  “Sevdalinkalar”ın ən məşur nümunəsi olan “Həsənaqiniça” (“Həsən ağanm xanımı”) balladasının ilk nəşrinin 250 illik yubileyi ilə əlaqədar Beynəlxalq Konfrans keçirilmişdir. Bu baxımdan bu poetik əsəri dünya ədəbiyyatının və folklorunun fenomenal bir nümunəsi hesab etmək olar. Həcmcə elə də böyük olmayan bu liro-epik balladanın fenomenliyi (qeyri-adiliyi) bir də ondadır ki, dünya ədəbiyyatı və folkloru tarixində hələ heç bir əsər bu ballada kimi dünya ədəbiyyatının bu qədər görkəmli korifeyinin diqqətini cəlb etməmiş və bu qədər fərqli dillərə dünya ədəbiyyatını bu qədər korifeyləri tərəfindən tərcumə edilməmişdir. Əlbəttə, dünya ədəbiyyatının böyük əsərləri (şedevrlər), çox güman ki, daha çox dilə çevrilib, amma onların heç biri bu qədər görkəmli (dahi) sənətkar tərəfindən tərcümə olunmayıb.

Bu əsərin digər bir qeyri-adiliyi bir də ondan ibarətdir ki, bəstəkarlar ona musiqilər bəstələmişdir. Onun motivləri əsasında televiziya filmləri və tammetrajlı bədii filmlər çəkilmiş, opera və dram əsərləri yazılmış, səhnələşdirilmiş və  təbliğ edilmişdir. “Həsənaqiniça” balladasnın struktur-semantik quruluşu, demək olar ki, əksər dünya balladalarından fərqli olaraq, klassik ədəbi sistemin üç əsas janrının – lirik, epik və dram ənənələrini özündə ehtiva edir. Başqa sözlə, bu balladada həm liriklik, həm epiklik, həm də dramatiklik elementləri aşkar şəkildə müşahidə olunmaqdadır.

Bu balladanın fabulası daha çox Şərq əxlaqi-psixoloji motivlərinə əsaslanan konflikt (ailə-məişət konflikti)  üzərində qurulmuşdur. Burada Osmanlı dönəmində Bosniyanın əyalətlərindən biri olan, hazırda Xorvatiyanın ərazisində yerləşən İmotski əyalətinin bir igid qəhrəmanı, mülkədar Həsən ağanın xristian basqınçılarla döyüş zamanı ağır yaralanması və bununla bağlı onun ailəsində baş vermiş bir fəciə təsvir olunur. Əsərin qısa məzmunu belədir: Həsən ağa Ərəboviç yaşıl dağda ağ çadırda yaralı halda yatır.

 

“Što se bjeli u gori zelenoj?

Al su sn’jezi al’ su labutovi?

Da su n’jezi već bi okopnuli,

Labutovi već bi poletjeli.

Nego šator age Hasan-age.

On boluje u ranama ljutim”.

 

(O yaşıl dağda ağaran nədir?

O, bəlkə, qardır, bəlkə, qu quşlarıdır?

Yox qar olcaydı, çoxdan əriyərdi,

Qu quşları çoxdan uçub gedərdi.

O, çadırıdır ağa Həsən ağanın,

O, ağır yaradan çəkir əziyyət). 

 

Anası və bacısı onu görməyə gəlir, sevimli xanımı (həyat yoldaşı) utandığına görə onu yoluxmağa gəlmir. Bu, Həsən ağanın qəzəbinə səbəb olur və elə buna görə də o, xanımını (Həsənaqiniçanı) boşamaq qərarına gəlir. Həsən aga xanımına xəbər göndərir və bildirir ki, artıq onu nə evində və də ailəsində gözləməsin, evini və beş uşağını tərk edib getsin. Bu boşanma xəbərini Həsənaqiniçanın qardaşı bəy Pintoroviç gətirir. Həsən ağanın xanımı (Fatimə, bu balladada onun adı çəkilmir) ata evinə (anasının yanına) qayıdır. Həsənaqiniça əsl-nəcabətli, gözəl və gənc bir xanım olduğuna görə ona çoxsaylı elçilik başlayır. Bəy Pintoroviç bacısının yalvarışlarına məhəl qoymur və zorla onu zəngin İmotski qazisinə ərə verir. Həsənaqiniça üçün evindən, ailəsindən və beş uşağından ayrılmaq çox çətindir. Xanım xahiş edir ki, qazi ona bir böyük çarşab göndərsin ki, o, onunla üz-gözünü bağlasın və onun getdiyini uşaqları görməsin. Lakin uşaqları onu tanıyır və deyirlər ki, gəl bizimlə yemək ye. Həsənaqiniça elçilərin başçısından icazə alır ki, uşaqları ilə vidalaşın, onlara hədiyyələr versin. “İgid Həsən ağa” oğlanlarını analarından ayırır və onlara deyir ki, qoy getsin, o, daşürəklidir. Həm uşaqlarının ayrılığına və hən də Həsən ağanın bu sözlərinə dözə bilməyən Həsənaqiniçanın ürəyi dözmür.

Görkəmli serb maarifçisi V.S.Karaciç Bosniya ədəbiyyatının bu şah əsərini (şedevrini) liro-epik janra aid etmişdir. Bu əsərdə, yuxarıda qeyd olunduğu kimi, həm də dramatik ünsürlər var. Təbii ki, fabulası və süjeti zahirən sadə görünən, əslində isə dərin mənaya və mürəkkəb psixoloji qatlara malik olan bu balladanın interpretasiyası və resepsiyasının ciddi koqnitiv izahına ehtiyac var. Bu balladanı doğru-düzgün dərk və şərh etmək üçün ilk növbədə onun psixoloji motivasiyasını, ideya-məzmun səciyyəsini araşdırmaq lazımdır. Bunun üçünsə bu əsərin (ədəbi mətnin) süjetində və əsas motivlərində müşahidə olunan mövzuların ideya-məzmun istiqamətlərini müəyyən etməyə ehtiyac var. Bu balladada nəzəri cəlb edən əsas mövzu – ədəbi material onun yarandığı məkan və zaman (xronotop) kateqoriyaları ilə bağlıdır. Bu əsərin əsas ideya istiqaməti, burada cərəyan edən hadisənin nə vaxt və harada baş verməsi ilə izah olunmalıdır. Bosniya və Herseqovina, Orta əsrlərin patriarxal mühiti, Balkanlarda (Avropa/Qərb) Osmanlı hökmranlığı (Şərq), Avropada, xristianların əhatəsində olan müsəlman cəmiyyətində (ictimai-sosial mühit – bütün bu faktorlar bu əsərin maddi və mənəvi (fiziki və metafiziki) bazasının əsasını təşkil edən, ədəbiyyatda Şərq-Qərb konsepiyasının mövcud olmasından xəbər verir. Məlum olduğu kimi, hələ qədim zamanlarda dünya, əsasən, iki mədəni hissəyə (qütbə) bölünüb. O da danılmaz faktdır ki, bu bölgü Qərb (Avropa) tərəfindən yaradılıb və ilk mərhələdə sırf mədəni səciyyə daşısa da, sonralar siyasiləşib. Sonra, zaman keçdikcə bu bölgü konsepsiyası öz funksional imkanlarını daha da genişləndirmiş və universal səciyyə daşımağa başlamışdır. Belə ki, bu gün Şərq-Qərb konsepsiyası özünün ilkin siyasi orientasiyasını qoruyub saxlamaqla yanaşı, həm də bu paradiqmadan heç də geri qalmayan iqtisadi, sosial, fəlsəfi, ictimai, mədəni və əbəbi istiqamətləri də əhatə etməkdədir. Bütün bu sadalanan faktorlardan çıxış edərək Bosniya və Herseqovinanın Şərq-Qərb siyasi və mədəni regionuna mənsub olduğuna görə deyə bilərik ki, bu ölkənin mədəniyyəti və ədəbiyyatı birmənalı olraq Şərq-Qərb səciyyəli bir ədəbiyyatdır. “Sevdalinkalar”ın mövzu dairəsi, ideya istiqaməti, bu ədəbi mətnlərin ifadə vasitələri, düşuncə tərzi, etnopsixoloji bazası onların Şərq-Qərb səciyyəli əsərlər olmasının bariz göstəricisidir. “Həsənaqiniça” balladasının Qərb oxucusu üçün yeni, gözlənilməz və qeyri-adi forma və məzmun xüsusiyyətləri daha çox Şərq-Qərb səciyyəli olduğuna görə və qeyri-adi süjetə və fabulaya, eləcə də “ekzotik” mövzuya malik olmasına görə avropalılar bu əsərə belə maraq göstərməmişdir.

Bu balladanın alt qatında (mətnaltı) olan, ilk baxışda adi gözlə görünməyən spesifik motivləri açmaq üçün onun bir sıra daxili struktur-semantik  istiqamətlərinə (daxili laylarına) nəzər salaq. İlk öncə balladada təsvir olunan konfliktə səbəb olan hadisəyə baxaq: düşmənlə döyüşdə ağır, hələ bəlkə də, ölümcül yaralanan və evindən uzaqda (ola bilsin ki, döyüş meydanının yaxınlığında) bir yaşıl dağın ətəyində ağ çadırda yatan Həsən ağanın anası və bacısı ona baş çəkməyə gəlir, sevimli xanımı utandığı üçün gəlmir (“oblazi ga mati i sestrica, a ljubovca od stida ne mogla”). Şərq aləmində ailə-məişət psixologiyasına görə, ana və bacının yaralını görməyə gəlməsi normal hal olsa da, xanımının ora gəlməsi qəbul edilmir. Sağalandan və özünə gələndən sonra bunu özü üçün təhqir (alçalma) sayan Həsən ağa qəzəblənir və xanımını boşamaq qərarına gəlir və deyir ki, məni nə ağ sarayımda, nə də şəcərəmdə gözlə (“ – Ne čekay me u bjelom dvoru, // ni u dvoru ni u rodu mome. –”) Beləliklə, bu misralardan da göründüyü kimi, konflikt (ailə) Həsən ağanın ani qəzəbi nəticəsində yaranır.  Həsən ağanın bu davranışını, həmin anda keçirtdiyi psixoloji durumunu necə izah etmək olar? Bosniya tədqiqatçısı Dr.Qordona Muzaferiya bunu belə izah edir: “Həsənaqinicanın iztirabları onun təkcə utancaqlığı ilə və Həsən ağanın qəzəbi (hikkəsi) ilə şərtlənmir, bu ilk növbədə onun mənsub olduğu kasta (zümrə, silk) ilə bağlıdır, belə ki, Həsən ağanın xanımı etika qurbanından daha çox ağalar və bəylər arasında olan münaqişənin qurbanıdır”.  Təbii ki, Dr.Qordona Muzaferiyanın bu izahını birmənalı olaraq qəbul emək olmaz, həm də onu inkar etmək də doğru deyil. Digər Bosniya tədqiqatçılarının da (məs.: Damir Kahrić) göstərdikləri kimi, bu dövrdə bu ərazidə mövcud olan feodal – patriarxal mühitdə formalaşan təbəqələşmə sistemində bəylik dərəcəsi ağalıq dərəcəsindən aşağı olub. Bu təbəqələşmə prinsipindən çıxış edən Dr.Qordona Muzaferiya hesab edir ki,  Həsənaqinicanın öz yaralı ərini görməyə gəlməməsi utanmaq faktorundan “daha çox” təbəqə faktoru ilə bağlıdır.  Əlbəttə, nisbətən aşağı zümrəyə mənsub olan  dəli-dolu bir ağanın təşəxxüsü, təkəbbürü alçalma duyğusu anlaşılandır və o, müəyyən psixoloji əsasa malikdir (guya ki, Həsənaqiniça mənsub olduğu zümrənin nüfuzuna xələl gətirməməsi üçün sevimli yaralı ərini görməyə getməyıb. Mətndə bunu göstərən heç bir işarə yoxdur, bunu, sadəcə olaraq, güman etmək olar. Göründüyü kimi, təsadüfən yaranan bu ailə konfliktinin əsas səbəbkarı, əslində,  Həsənaqiniça  deyil. Həsən ağanın özüdür. Amma psixoloji durumunu nəzərə alsaq, onu qınamaq da düzgün olmaz.

Bununla belə, ailə konflikti üzərində qurulan bu balladanın əsas mövzusu əsərin baş qəhrəmanı Həsənaqiniçanın utanaraq (həya edərək) yaralı ərini görməyə getməməsi ilə bağlıdır. Hətta, nə bəzi serb, xorvat və boşnak tədqiqatçıları belə bir fikir də səsləndirirlər ki, əgər Həsənaqiniça utamasaydı, Həsən ağanın anası və bacısı kimi o da öz sevimli yaralı ərini yoluxmağa gəlsə idi, nə bu ailə konflikti baş verərdi, nə bu ədəbi konflikt yaranardı və nə də “Həsənaqiniça” kimi nadir  bir ballada yaranardı. Əlbəttə, çox söz demək, nələrsə düşünmək, güman etmək olar. Hətta bu süjetin xalis bir ədəbi yaradıcılıq nümunəsi olması fikrini də söyləmək olar. Lakin əsas məsələ bu balladada təsvir olunan, dünya ədəbiyyatı tarixində elə də populyar olmayan, qeyri-adi bir psixoloji fenomenin (utanmaq fenomeni) bədii ifadəsi və onun həyatiliyinin (inandırıcılıq paradiqmasının) nə qədər psixololi cəhətdən əsaslandırılması məsələsidir (necə ki, Odisseyin, Təpəgözün, Beyrəyin, Otellonun, Medeyanın, Don Kixotun, Qarqantuanın və s. ədəbi obrazların bədii əsaslandırılması kimi). 

Məlum olduğu kimi, dünya klassik ədəbiyyatında qısqanclıq (Şekspir “Otello”), qisas (Evripid, “Medeya”) psixoloji motivləri çox geniş yayılmış və bu mövzularda neçə-neçə dahiyanə əsər yazılmışdır. Lakin utanmaq, ismət, abır-həya mövzusu ilə bağlı ayrıca bədii əsər yazılmayıb (hər halda, bu mövzuda məşhur əsər yoxdur). “Həsənaqiniça”dünya ədəbiyyatı tarixində bu mövzuda yazılmış, bəlkə də yeganə nadir bədii əsərdir. Ədəbi materialın (mətnin semantikasının) bu əsərlə bağlı motivizasiyası (Erix Auerbax nəzəriyyəsinə görə) faktı zahiri baxımdan o qədər də inandırıcı görünməyə bilər. Belə ki, Həsən ağanın beş uşaq anası olan öz “sevgili sadiq xanımı” (“vjernoj ljubi svojoj”) Həsənaqiniçanı abır-həya edərək, utanaraq onu yoluxmağa gəlmədiyinə görə boşamaq qərarına gəlməsi nə qədər ağılabatandır, inandırıcıdır? Bəlkə də, məntiqlə düşünəndə bu elə də inandırıcı görünməyə bilər. Lakin bəzi məqamları nəzərə almaq lazımdır. Əvvəla, unutmaq olmaz ki, bu ballada bir bədii əsərdir və bu əsərin fabulası ədəbi kolliziya üzərində qurulub. Adi real həyatda bu faciəli hadisə baş verməyə də bilərdi (elmi ədəbiyyatda bu ballada Şekspirin “Otello” faciəsı ilə müqayisə edlib: Otello sevimli xanımı Dezdemonanı qısqanclığa görə boğub öldürməyə bilərdi (cinayət etməzdi, uzaqbaşı boşayardı, o zaman “Otello” əsəri yaranmazdı). “Həsənaqinica” ilə bağlı araşdırma aparan bir Bosniya (xorvat) tədqiqatçısı hətta belə bir fikir də söyləyib ki, əgər Həsən ağanın xanımı utanmasaydı, ərini görməyə getsəydi, o zaman bu əsər də yaranmazdı. Bu məntiqlə çıxış etsək, belə çıxar ki, əgər Leylini Qeysə ərə versəydilər, onda “Leyli və Məcnun” əsəri də yaranmazdı. Bütün bunlar, əlbəttə ki, sadəcə, bir fərziyyədir. Həyat həqiqətləri isə daha mürəkkəb və rəngarəng psixoloji hadisələrlə zəngindir. Məlum olduğu kimi, bədii ədəbiyyat fərdi (yaxud kollektiv – əsasən, folklorda) yaradıcılıq növlərindən biridir. Təbiidir ki, persaj rəssamı təbiətin bir parçasını kətan üzrində əks edəndə onu olduğu kimi təkrarlamır (fotosunu çəkmir), özünün təxəyyülündə canlandırdığı, yaratdığı səhnəni çəkir. Bəstəkar da musiqi bəstələyəndə məlum sənət səslərini təqlid etmir, fərqli səslərin kombinasiyarı əsasında formalaşdırdığı orijinal sənət əsəri yaradır. Bədii əsər də eynilə belədir. Yazıçı (şair, nasir, dramaturq) yazacağı bədii əsərin materialanı (motivini, məzmununu və s.) əsasən, real həyatdan, bəzən hətta olmuş hadisədən götürür. Hətta bu zaman belə, yazıçı həmin hadisəni tam olduğu kimi deyil, bədii təxəyyülünün süzgəcindən keçirərək qələmə alır (tarixi romanlarda olduğu kimi). Beləliklə, məlum həqiqətdir ki, yazıçı tərəfindən qələmə alınan istənilən bədii əsərin real həyatda hansı formada olmasından asılı olmayaraq, yazıçı onu  özünün yaradıcılıq süzgəcindən keçirərək müəyyən ideya çərçivəsində qələmə alır. “Həsənaqiniça” balladasının ədəbi materialının real tarixi hadisədən götürüldüyü (hətta Həsən ağanın malikanəsinin qalıqlarının, Həsən ağanın xanımı Fatimə Pintoroviçin məzarının bu günə qədər qalması) deyilsə də, bu əsər bir bədii yaradıcılıq (xalq yaradıcılığı) nümunəsidir.

Burada bir məqama xüsusi olaraq diqqət yetirmək lazımdır. Bu balladada təsvir olunan hadisənin (fabulanın, süjetin) real həyatla bağlılığı və onun bədii təcəssümünün inandırıcılığı (E.Auerbax nəzəriyyəsi) məsələsi.  Barəsində bəhs olunan balladada əks olunan hadisə baş verə bilərdi. Sadəcə olaraq, bu hadisə nəticəsində baş vermiş faciə xalqın yaddaşında qalmış (ballada, deyildiyinə görə, həmin hadisə baş verdiyi zamandan başlayaraq təxminən bir əsr müddətində formalaşıb) və yetkin bədii əsər şəklinə düşmüşdür. Bu əsərin yazılmasına səbəb isə psixoloji cəhətdən izahı çətin olan bir motivin (utanmaq motivinin) olmasıdır. Əslinə qalsa, utanmaq (əsasən, qadın psixologiyasının bir ifadə formasıdır) fenomeni elə də qeyri-adi bir psixoloji hal (akt) deyil. Ancaq evinə, ailəsinə,  uşaqlarına, ərinə möhkəm bağlı olan bir qadının (beş uşaq anasının) o dövrun patriarxal müsəlman əxlaqına və etika qaydalarıına uyğun olaraq abır etməsi, utanaraq yaralı ərinə baş çəkməyə getməməsi və buna görə ərinin hirslənib (yəni o, utanmaq faktorunu nəzərə almır və hesab edir ki, ona qarşı guya bir hörmətsizlik olub) onu boşaması, nəticidə ailəsindən ayrılmaq dərdinə dözə bilməyən zavallı qadının ölməsi hadisəsi sözün tam mənasında əsl bədii ədəbiyyat matreialı rolunu oynamışdır.

Bu balladada barəsində bəhs olunan ərli qadının utanması hadisəsinin  bədii ədəbiyyat materialı olması və bu mövzuda dəyərli bir əsərin yaranması heç də təsadüfi hadisə sayıla bilməz. Bu motivi Otello qısqanclığı motivi ilə də müqayisə etmək olar. Qısqanclıq və utancaqlıq aktları tam bərabər çəkili motivlər olmasa da, onları bir-birinə yaxınlaşdıran müəyyən şərtlər var. Damir Kahriç bu kontekstdə Dezdemona və Həsənaqiniça obrazlarını müqayisə edərək yazır: “Dezdemona ərinə xəyanətdə ittiham olunur və Otello onu boğub öldürür, Həsənaqinica isə itaətsizlikdə ittiham olunur və buna görə də uşaqları qalmaqla evini biryolluq tərk etməli olur”. (Burada bəhs olunan “ərinə xəyanət ittiham”ı qısqanclıq,  Həsənaqinicanın “itaətsizliyi” isə onun utancaqlığı ilə bağlıdır). Təbii ki, burada əsas məqam qısqanclıq və utancaqlıq aktları ilə əlaqədardır. Psixoloji aktlar isə tipik olaraq daha çox Şərq insanına xasdır (təsadüfi deyil ki, bu motivlərdə yazılan hər iki əsərin qəhrəmanı – şərqli mavr Otello və bosniyalı müsəlman Həsən ağanın xanımı Şərq aləminin təmsilçiləridir). Bununla belə, Otello “qısqanclığı” ilə Fatimənin (Həsən ağanın xanımı) “utancaqlığı” eyni səciyyəli deyil: qısqanclığa görə Otellonun Dezdemonanı boğub öldürməsi hadisəsinin inandırıcılığı dahi Şekspir tərəfindən kifayət qədər əsaslandırılıb. Hər halda, heç kim bu səhnənin inandırıcılığına şübhə etmir. Həsən ağanın xanımının ölümünün  səbəbi yalnız qısqanclıqla bağlı deyil. Yuxarıda deyildiyi kimi, bu, həm xanımın öz sevimli uşaqlarından ayrıla bilməməsi, həm ailəsinin dağılması, həm də bu ailənin dağılmasında onu günahkar sayması ittihamı onun böyük ədalətsizliyə dözməyib dünyasını dəyişməsinə səbəb olur. Həsən ağanın xanımının ölümü ilə nəticələnən psixoloji durumunu, onun həmin an nələr keçirdiyini təsəvvür etmək çox çətindir. Onun  bu durumu Troya Apollon kahini (orakulu) Laokoonun durumuna daha çox uyğun gəlir. Belə ki, Laokoon əmindir ki, Odisseyin quraşdırdığı taxta at Troyaya bəla gətirəcək, lakin bir tərəfdən troyalılar onu başa düşmür (onlar bu taxta atı Troyanın xilaskarı hesab edirlər), onu xain adlandırırlar, hələ üstəlik də dənizdən çıxan iki nəhəng ilan onun iki uşağını və özünü boğub öldürür. Dahi yunan heykəltəraşı Fidi (e.ə. V əsr – 490-430) özünün “Laokoon və oğulları” adlı məşhur heykəl kompleksində  Laokoonun həmin anını əks etdirmişdir. Bu dahiyanə sənət əsərinin özəlliyi ondadır ki, dahi sənətkar bu heykəl kompleksinin bütün detallarının incəliklərini çox böyük məharətlə yaratsa da,  Laokoonun üzundə heç bir ifadə əks etdirməyıb. Onun fikrincə, bu qarışıq, çoxsaylı duyğuları, həmin anda onun hansı hisslər keçirdiyini bir-bir üzün təsvirində əks etmək qeyri-mümkündür. E.Q.Lessinqin fikrincə, Fidi bunu düşünərək belə edib, daha doğrusu, o, sənət (əlbəttə, həm də ədəbiyyat) əsərinin əhəmiyyətli bir prinsipini – əsərdən son nəticə çıxarılmasını tamaşaçının (oxucunun) ixtiyarına buraxır. Həsən ağanın xanımının duyğuları da Laokoon kimi o qədər mürəkkəbdir ki, onu birmənalı adi sözlərlə təsvir etmək mümkün deyil. Bunu oxucu (dinləyici) özü müəyyən etməlidir.

Dünya şöhrəti qazanmış “Həsənaqiniça” balladasının “möcüzə”lərindən biri də onun ədəbi sənətkarlığı ilə bağlıdır.  Bu balladanın diqqəti cəlb edən bədii xüsusiyyətlərindən biri də burada ənənəvi ədəbiyyat sisteminin (Aristotel nəzəriyyəsinə görə) hər üç növü – epik, lirik və dramatik növün olduğunu görürük. Bir qayda olaraq, ədəbiyyat nəzəriyyəsində ballada, əsasən, epik janrın nümunəsi sayılır. Bu balladada isə epik janrla yanaşı, həm də lirik və dramatik janrların da olması bu əsərin semantik-struktur imkanlarını daha da genişləndirmişdir.  “Həsənaqiniça” hər şeydən qabaq lirik səciyyəli “Sevdalinka” olduğuna görə əsasən, lirik əsərdir. Bu əsərin əsas mövzularından biri məhəbbət (sevda) mövzusudur. Təbii ki, bu balladada baş verən hadisə (faciə) Həsən ağanın xanımının (Həsənaqiniçanın) öz ailəsini, uşaqlarını və ərini böyük məhəbbətlə sevməsi faktoru ilə bağlıdır (əslinə qalsa, Həsən ağanın özü də heç ailəsinin dağılmasına razı deyil). Əsərin sonunda təsvir olunan bir fraqment bunu aşkar şəkildə göstərir:

 

A to gleda junak Hasan-aga,

pak dozivlje do dva sina svoja:

“– Hodte amo, sirotice moje!

kad se neće smilovati na vas

majka  vaša srca kamenoga. –

                                (3, str. 466)

 

(Bunu gördü igid Həsən ağa,

İki oğlunu yanına çağırıb dedi:

“–  Yetimlərim mənim, gəlin bu yana!

Sizə rəhm etməz bu qəddar ana,

Axı daşdandır onun ürəyi”).

 

Bu ballada həm də epik səciyyəlidir. Bu əsərin süjetində dinamik inkişaf edən hadisələr, gərgin psixoloji vəziyyətlərlə müşayiət olunan maraqlı fabula, bütün epik əsərlərə xas olan özünəməxsus proloq, kulminasiya nöqtəsi və nəhayət, epiloq var. Əsər epik motivlərlə zəngindir: İgid Həsən ağanın ağır (ölümcül) yaralanması və yaşıl meşəli dağda çadırda yerləşdirilməsi, anasının və bacısının onu yoluxmağa gəlməsi, xanımının utanaraq gəlməməsi, buna görə Həsən ağanın sevimli arvadını boşaması, bu xanımın qardaşı bəy Pintoroviçin bacısını zəngin İmotski qazisinə (hakiminə) ərə verməsi, bir tərəfdən nahaq yerə ailəsindən (beş uşağından) və ev-eşiyindın ayrılmaq məcburiyyətində qalan, digər tərəfdən əri tərəfindən ittiham olunan zavallı, hüquqsuz qadının bu dərdə dözməyib dünyasını dəyişməsi (əsərdə bu, “yetimlərinin” dərdinə dözməyib ölməsi kimi verilir):

 

“Kad to čula Hasanaginica,

b’jelim licem u zemlju udrila,

uput se je s duşom rastavila,

od jalosti gledajuć sirote» (3, str. 466).

                                           

(Həsənaginiça eşidib bunu,

           acıdı halına yetimlərinin.

ruhu çıxdı canından,

sərildi yerə o, üzüüstə.)

 

Təbii ki, bütün bunlar geniş fabulalı epik əsərin ayrı-ayrı bədii motivləridir. Nəhayət, dramatik element: “Həsənaqiniça” balladası həm xalq nəğməkarları (sevdalinkaçılar), həm müasir sevdalinka estrada qrupları (bu qruplar hazırda Serbiyada, Xorvatiyada və Bosniyada xüsusilə populyardır) tərəfindən geniş şəkildə ifa olunur. Bunlardan başqa, sevdalinka nümunələri içərisində bu ballada həm də görkəmli serb, xorvat və boşnak yazıçılarının (dramaturqlarının) diqqətini özünə cəlb etmişdir. Məşhur boşnak­­-­serb yazıçıları Aleksa Şantiç (1907), Milan Oqrizoviç (1909) Lyubomir Şantiç (1974), Azərbaycan oxucusuna yaxşı tanış olan “Dərviş və ölüm” romanının (tərcümə edən Ələkbər Salahzadə) müəllifi Meşe (Məhəmməd) Səlimoviç (1981), Aliya İsakoviç (1981) “Həsənaqiniça”nın motivləri əsasında dram əsəri yazmışlar və bu əsərlər bu gün də teatrlarda və televiziyada uğurla nümayiş etdirilir.

Yeri gəlmişkən, daha fərqli bir məqama da diqqət edək: çağdaş Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan, mənşə etibarilə bosniyalı olan (Bosniyanın qədim tarixi olan Kulinoviçlər şəcərəsinin nümayəndəsi, Ayşə Kulin (1942) “Sevdalinka” (11) adlı dəyərli bir roman yazmışdır. Mürəkkəb fabulaya malik olan bu roman XX yüzilin ən dəhşətli və ən qəddar bir soyqırımına – serblərin Bosniya müsəlmanlarına qarşı həyata keçirdikləri soyqırıma (bu soyqırım 1992-ci ilin aprel ayında başlayıb 1995-ci ilin dekabr ayına qədər davam edən müddətdə baş verib) və bu zaman iki gəncin (bosniyalı və xorvat) qəmli eşq macərasına həsr olunub. Bu soyqırım zamanı 1600-ü uşaq olmaqla 10600 müsəlman qətlə yetirilmişdir. Bu soyqırım hadisəsi öz miqyasına görə Xocalı soyqırımından daha dəhşətli olmuşdur. 

Göründüyü kimi, “Həsənaqiniça” balladası iki əsrdən artıqdır ki, həm yerli (milli), həm də Qərb (ümumdünya) oxucularının (dinləyicilərinin, tamaşaçılarının)   sevimli əsəri olaraq qalmaqda davam edir. Bu kədərli və dərin məzmunlu ballada qeyri-adi sehri ilə Qərb dünyasının diqqətini özünə cəlb etmişdir. U.Şekspirin “Romeo və Cülyetta” faciəsinin son misralarını tərəddüd etmədən “Həsənaqiniça” balladasına da aid etmək olar:

 

“Romeo, Cülyetta dastanı qədər

Yoxdur bu dünyada yanıqlı datan.

                                             

 

İZAHLAR VƏ İSTİFADƏ OLUNMUŞ ƏDƏDBİYYAT

 

Bosniya və Herseqovinada tarixən milli çoxluq təşkil edən yerli boşnaklarla (müsəlmanlarla) yanaşı, həm də xristian serblər, xorvatlar, yəhudilər də yaşamış və yaşayır. Bütün bu xalqların özünəməxsus ədəbi-bədii yaradıcılığı var. Bu məqalədə boşnakların (Bosniya müsəlmanlarının) şifahi ədəbiyyatında geniş yer tutan sevdalinkalardan və bu bu sevdalinkaların bir məşhur nümunəsindən “Həsənaqiniça”dan  bəhs edilib.

Cerzelez Əli (Gyergi Elez Alija – Aliya Dzerzelez) adındakı “Cerzelez” nisbəsi (türk mənşəli “gürz” sözündən götürülüb (Gürz Əli). Bosniya və Herseqovinanın əfsanəvi müsəlman qəhrəmanıdır. Əfsanəvi pərilər tərəfindəm ona görünməmiş fiziki güc verilib. Cerzelez Əli  qəhrəmanlıq dastanının motivləri əsasında İvo Andriç “Cerzelez Əlinin yolu” adlı yarıyumoristik bir triptix (üç hekayə) yazmışdır. Bu sətirlərin müəllifi həmin əsəri Azərbaycan dilinə tərcümə etmişdir (bax: İvo Andriç. Cerzelez Əlinin yolu, “Xəzər. Dünya ədəbiyyatı dərgisi”, Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 4, 2016).  

Sevdalinke, balade i romanse Bosne i Herceqovine, Prikupio, izbor i redakciju izvršio: Sait Orahovac,  Sarayevo, “Svyetlost” İzdavačko Preduzeče, 1968.

İohan Volhanq Göte bu balladanı 1775-ci ildə tərcümə edib (“Klaggesans von der edilen Frauen des Asan-Aga”) və 1778-ci ildə İ.Q.Herder (“Stimmen der Völker in İiedern” (yaxud “Volkslieder”) toplusunda anonim olaraq çap etdirib. Bu balladanı öz imzası ilə 1789-cu ildə, əsərlərinin səkkizinci nəşrində yayımlayıb.

Alberto Fortis, Xalostna pjesanza plemenite Asan-Aghinize, Viaggio in Dalmazia, Veneziia, 1774; Alberto Fortis Bosniya xalq ədəbiyyatının bu əsərini görkəmli serb mütəfəkkiri, folklor toplayıcısı və tərcüməçisi Vuk Stefanoviç Karaciçin Cənubi Slavyanların “Xalq poeziyası” kitabı işıq üzü görənə qədər aşkar etmişdir.

The Ballad of Hasanaginica, http//www modro org.> history, modrojezero org

“250 Years of Hasanahinica in World Culture” (2023)

Dr. Gordona Muzaferija. İsakovičeva  Hasanaginica, Bošnjačka književnost, http: // knyiga.wordpress.com

Dr. Gordona Muzaferija. İsakovičeva  Hasanaginica, Bošnjačka književnost, http: // knyiga.wordpress.com

Bu barədə ətraflı bax: Damir Kahrić. “The Lamentations of  Fathful Wives: Desdemona and Hasanaginica”, ZNAKOVI VREMENA, SARAJEVO, PROLJEĆE, QODINA XXV, BROJ 91

Ayşe Kulin. Sevdalinka, İstanbul: Remzi Kitabevi, Birinci basım, 1999

Uilyam Şekspir. Seçilmiş əsərləri, İki cilddə,  Birinci cild, Romeo və Cülyetta, Bakı: “Öndər nəşriyyatı, 2004,

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.