“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə” Pərviz Arifin şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Pərviz ARİF
30 YAŞ
Qəribədir otuz yaşın havası,
Düşünürsən, nə cavansan, nə qoca.
Arzuların ağac kimi kök atır,
Uğurların tumurcuqdan balaca.
Günəş kimi dəyişmişəm yerimi,
Ömrün qürub çağındayam, deyəsən
Bircə ovuc torpaq üçün dəyərmi
Yorğun-arğın hər gün ayaq döyəsən?!
Nəfəs-nəfəs buxarlanan bir ömrün
O başına bu başından baxıram.
Bir də gördün, can atıram ölməyə,
Bir də gördün, başdaşından baxıram.
YAŞIL GÜNLƏR
Sənlə keçən günlərin
rəsmi təsəvvürdədir.
Sənsiz ötən çağların
dərdi təzahürdədir.
Nəfsin inadkarlığı
maneəsiz səfsəfə.
Qəlbin ümid şöləsi
ali təfəkkürdədir.
Eşqə qətiyyətlinin
ahı dələr dağları.
Səs daha yüksəkdisə,
söz daha hündürdədir.
Yolda qürur eyləyən
eşqə qədəm qoymasın.
Təslim ilə asinin
fərqi təkəbbürdədir.
Hətta şikayət gərək
məhrəm ola bir qədər.
Gizli bağışlanmağın
ardı təşəkkürdədir.
GEDƏN AYAQLARA DAŞ DƏYİR...
Gedən ayaqlara daş dəyir, getmə,
Qalan adamlara göz dəyir, qalma,
Sən də burax məni qəm quyusuna,
Bir işıq taparam, narahat olma.
Bir ovuc taparam əzizləməyə,
Aparar ruhumu günəşə sarı,
Bir ovuc xatirən qalıb əlimdə,
Gedəndə özünlə aparma barı.
Burax, qoy yaşayım öz axarımda,
Özüm də puç olum, arzularım da,
Sən də davam elə, dayanma, durma,
Əllərin əlimdən üzülüb daha,
Barı gözlərini məndən ayırma.
Gedən ayaqlara daş dəyir, getmə,
Gedəndə səbəblər bəhanə olur.
NOVELLA
Sən dəlisov nəğməsən,
Mənsə şirin sözlərin.
Sən kədərin batini,
Mən yaşaran gözlərin.
Duyğuların zahiri,
Ağrıların mənəvi,
Səs qədər azadəsən,
Söz qədər əfsanəvi.
Sən təzə addımlayan
Arzuların canisi,
Tarixə ismin yazan
Ayrılığın banisi.
Sən tez ölən xəstənin
Gec tapılan çarəsi,
Saçlarının hər teli
Xatirə salnaməsi.
Gec başa düşdüm səni,
Sevgilərə qarşısan.
Yaxşı, sağollaş, gedim,
Bircə bilim, yaxşısan.
QƏZƏL
Daha əvvəlki qədər təmkinə sahib deyiləm,
O zərif saçlara, ceyran gözə talib deyiləm.
Ömrü paylaşmağa könlündə məkan varsa, gəlim,
İntizar çəkməyə hazırda münasib deyiləm.
Hətta ayrılmalı olsan, günah iş görməzsən,
Müstəhəbdir məni sevmək, hələ vacib deyiləm.
Sən dənizsənsə, odam mən, günəş olsan, gecəyəm,
İşimiz tərsə düşüb, düz mütənasib deyiləm.
Səndəki mərhəmət, insaf mənə cazib görünür,
Mən də qəddarlığı ləğv etsəm, əcaib deyiləm.
Səndə Leyla həvəsi gözləmirəm – bir sözlə,
Çünki Məcnuna əvəzlənməli naib deyiləm.
Bir gülüş naminə yüz dəfə döyüşdüm, zalım,
Qara bəxtim daşa dəysin, yenə qalib deyiləm.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)


