Yeni şeirlər – Sakit İlkin, “Getmə”... Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Yeni şeirlər rubrikasına şair Sakit İlkin   3 yeni şeirini yollayıbdır. Onları diqqətinizə çatdırırıq.

 

Mən niyə bu qədər sevirəm səni?!

             

Məndən bəxtim kimi ayrısan indi,

Sinəmdə bir dağsan... Ağrısan, indi...

Zülümsən, əzabsan, ağrısan indi

Mən niyə bu qədər sevirəm səni?!

               

Bu eşqin yolunda oldu özgə... min,

Sazağın mənimdi, odun özgənin.

Gözüm görə-görə oldun özgənin,

Mən niyə bu qədər sevirəm səni?!

                   

Sinəmə tuşlanan kamansan, oxsan,

Dedim: -öldür məni, gördüm ki, yoxsan...

Anamsan, bacımsan, balamsan yoxsa?

Bəs niyə bu qədər sevirəm səni?!

                     

Sən indi içimdə yanan ocağsan.

Yanırsan.... yanıram.... yandıracaqsan

Bilirəm: -Sən mənim olmayacaqsan,

Bəs niyə bu qədər sevirəm səni?!

 

 

Bəlkə, ona görə sevirəm səni?

        

Gözlərim sən gələn yolları çəkir,

Çoxunnan, azınnan doymuram hələ.

Min gülün nazını bir arı çəkir,

Mən sənin nazınnan doymuram, hələ

Bəlkə, ona görə sevirəm səni?

 

Bəzən aydınlıqda tapmadığımı,

Dumanda tapıram, çəndə tapıram

Bir-bir yada düşür itirdiklərim,

Bir anın içində səndə tapıram,

Bəlkə, ona görə sevirəm səni?

 

Sənin baxışın da ayrı baxışdı.

Sənin gülüşün də ayrı gülüşdü

Yerişin, duruşun ayrı duruşdu.

Gəlib  kövrək vaxtı könlümə düşdün...

Bəlkə, ona görə sevirəm səni?

 

Dilimdə o qədər əzizdir adın,

Adını mənimtək deyən olmayıb.

Nə məni beləcə sevən bir qadın,

Nə səni mənimtək sevən olmayıb...

Bəlkə, ona görə sevirəm səni?

 

Bilmirəm...beləcə nahaqsan, haqsan?!

İçimdə daima yanan ocaqsan

Yanırsan, yanıram.yandıracaqsan.

Bilirəm, sən mənim olmayacaqsan...

Bəlkə, ona görə sevirəm səni???

 

 

Getmə...

      

Əl açıb içimnən sənə əllərim,

Əl uzat bircə yol bu ələ... getmə...

İçimdə atəş var... yanır ciyərim,

Üstümə bir ovuc su ələ... getmə.!..

             

Düşün, bu torpaqdan göy nə istəyir.

Yer nə istəyirsə... göydən istəyir...

Dinlə ürəyimi... gör nə istəyir,

Cavab ver gözümdə suala... getmə!..

              

Doğru cavab olsun, son ahım olsun,

Qoy səni sevməyim günahım olsun.

Danış dərdlərini... Allahın olsun,

Məni döndər suya, su elə... getmə!!!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.