“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Təranə Dəmirin şeirləri təqdim edilir.
***
Döşəməsi gil, divarı şirəli evlər vardı,
Pəncərəsi səmaya baxardı...
Çəpərləri qamışdan,
Doqqazları taxtadan quruluydu,
Qapıları qonaqlı-qaralıydı.
Dörd tərəfi çiçəkli, otluydu,
Qızları həyalı,
Oğlanları ağ atlıydı.
Çörək ətirliydi,
Sevgi çətirliydi.
Tox idi iti, pişiyi,
tavanından asılardı uşaq beşiyi.
Xallı, xalçalıydı,
Mütəkkəli, nalçalıydı.
Gecələr hamı lampa başına yığışardı,
Nənələr nağıl danışardı,
Nəvələr noğullaşardı.
Göz açıb yumunca dəyişdi hər şey,
Sökdülər döşəməsi gil,
Divarı şirəli evləri,
Qonaqlı evləri, qaralı evləri.
Divar-divar sökdülər,
Hasar-hasar sökdülər.
Yerində daş imarətlər ucaldı,
Bacasından tüstü çıxmayan,
Pəncərəsindən günəş baxmayan.
Nənələr, babalar köç etdi,
Atalar, analar qocaldı.
Sonra cığırları kol,
Adamları qaramat basdı.
Sevgilər bölündü, azaldı, kiçildi,
Evlər rəngiylə, adamlar paltarıyla seçildi.
Kişiləri adıyla yox, cibiylə çağırdılar,
Hasarıyla, qapısıyla, bacasıyla,"Cip"iylə çağırdılar.
Sonra nifrət başladı,
Sonra paxıllıq, bəddua, göz yaşı,
Sonra hamı şeytanı daşladı...
Döşəməsi gil, divarı şirəli evlər vardı,
Pəncərəsi səmaya baxardı...
***
Tüstüsü başından çıxır buludun,
Hirsini dağlara, daşlara tökür.
Tökür ağaclara, tökür yollara,
Yuvalara tökür, quşlara tökür,
Mənim bu yağışa yazığım gəlir.
Kimin baharından keçir, görəsən?
Kimin payızına, qışına yağır?
Kimin ocağına, kimin külünə,
Kimin ürəyinin başına yağır?
Mənim bu yağışa yazığım gəlir.
Bulud da sözünü yağışla deyir,
Harayı yağışdı, hayı yağışdı.
Göyündən Yerinə əliboş gəlmir,
Sovqatı yağışdı, payı yağışdı,
Mənim bu yağışa yazığım gəlir.
Pəncərə-pəncərə yağır səhərə,
Pəncərə-pəncərə islanır şəhər.
Yuyunur, daranır yağışın altda,
Yağış paltarında nazlanır şəhər,
Mənim bu yağışa yazığım gəlir.
***
Ağaclar kökündən yapışıb durub,
Külək acığını budaqdan çıxır.
Yayın ortasında, küləyin altda
Ağaclar neçə qat yarpaqdan çıxır.
Döyür gözlərini yenə küçələr,
Edir bir-birinə tənə küçələr,
Təzə paltarında köhnə küçələr
Yenə külək-külək sınaqdan çıxır.
Divarlar küləklə verir səs-səsə,
Hayları, küyləri düşür dənizə,
Bu gün dəli olub küləklər nəsə,
Gah qaradan çıxır, gah ağdan çıxır.
Gah göyə dırmaşır, gah yerdə əsir,
Dənizdə, limanda, sahildə əsir,
Şəhərin üstündə ayrılıq gəzir,
Bir şair hirsini varaqdan çıxır.
***
Burda zaman dayanıb,
Bu nə sükutdu, Allah?
Gün də qaçıb gizlənib,
Hər yan buluddu, Allah.
Sıra-sıra məzarlar
Hərəsi bir biçimdə.
Dayanıb yol gözləyir
Hamı daşın içində.
Burda gəlib gedənlə
Ölülər hesab çəkir.
Hərə öz daşı altda
Görən, nə əzab çəkir?
Hayana boylanırsan
Ayrılıqdı, həsrətdi.
Məzar-məzar qaranlıq,
Şəkil-şəkil sərhəddi.
Hər daş yıxıla-dura
Keşik çəkir qəbrinə.
İlahi, bu daşların
Səbrinə bax, səbrinə.
***
Ay əlləri qabarlı,
Üst-başı bulaşıq qız.
Yanağını gün döyən,
Saçları dolaşıq qız.
Bu şəhərin balaca,
Ac sakini, gün aydın.
Bilirəm ağlamısan,
Gözündəki nəm aydın.
Yıxılma, dizlərini
Daş qanadır, yer əzir.
Sənin ayaqların yox,
Baxışların tələsir.
Deyirlər dilənçisən,
Öz adın nədi bəs, qız?
Sevgisi qəpik-quruş,
Xəyalları şikəst qız.
İnanma bu şəhərin,
İşığına, balaca.
Burda qaranlıq düşür
Adamın arxasınca.
Bu şəhərin gecəsi,
Gündüzü yalançıdı.
Açma ovuclarını,
Göy üzü yalançıdı.
***
Yay gecəsi.
Tənha otaq.
İçimdə fırtına,
Gözümdə qaranlıq,
Qulaqlarımda cırcırama səsi
Asılmışam zamandan.
Yanımda dolaşır ruhumun kölgəsi.
Kirpiklərim yanaqlarımda,
Ürəyim ovcumda çırpınır.
Ciyərim yanır,
Ocaq qoxuyur nəfəsim,
Dodaqlarım susayır göz yaşlarına,
Saçlarıma sığal çəkir barmaqlarım,
Əllərim utanır.
Baxışlarım rəsmini çəkir darıxmağın,
Gecəylə, bürküylə, sükutla
baş-başa verib dadın çıxarırıq ayrılığın.
***
Səhərini günəşlə birgə açırdım,
İşıqlarını bağrıma basırdım hər gecə,
Üzüaşağı, uzüyuxarı ölçürdüm
səni bina-bina, küçə-küçə.
Sokakların udurdu addım səsimi,
bir də kirpiklərimin kölğəsini.
Yağışında islanırdı,
Küləyində sığallanırdı saçlarım,
Dadını çıxarırdım bəxtəvərliyin.
Havası qəhvə qoxulu,
Səması qağayı sevdalı şəhər.
İpək donlu,
Yaşıl yaxalı,
Dili dualı şəhər,
Ürkək qıztək utancaq,
Abırlı-həyalı şəhər.
İstanbul!
Səni dalğa-dalğa, ləpə-ləpə sevirəm,
Dalanlarını, küçələrini,
dağlarını, ormanlarını
gözümə təpə-təpə sevirəm.
Heç nədən yox,
bircə unudulmaqdan qorxan şəhər,
Çiynini qala divarlarına söykəyən,
Tarixin qarşısına alnıaçıq, üzüağ çıxan şəhər.
Bütün dünyanı başına yığan şəhər...
Səni Boğazdan seyr etmək var hələ...
Sularınla pıçıldaşmaq, dalaşmaq,
Dalğalarla gözü doyunca sevişmək,
Dənizlə qucaqlaşmaq...
Bir də hay-küylü Taksimdə yorulunca dolaşmaq,
Dolaşdıqca bütün dünyanı unutmaq,
Unutduqca tanımadığın insanlara ürəkdolusu "Mərhaba" demək eşqi...
Sonra pay-piyada Eminönünə düşmək,
Sərinləmək...
Balıq qoxuyan sahildə dayanıb gedən gəmilərə əl sallamaq həvəsi,
Sonra növbə gözləmək,
Sonra əlindəki smiti martılarla bölüşmək,
Bölüşdükcə yüngülləşmək,
Yüngülləşdikcə uçmaq, uçmaq...
Sonra da...
Sonra da yenə ayrılıq,
Yenə xəyallar,
Yenə təyyarə səsi,
Yenə Xəzərin sahilində səninçün darıxmaq, darıxmaq...
***
İçimdə bahar həvəsi,
Çölümdən ayrılıq keçir.
Alışıram öz odumda,
Külümdən ayrılıq keçir.
Ruhumda küləklər əsir,
Gah yubanır, gah tələsir,
Baxışlarım sevgi gəzir,
Dilimdən ayrılıq keçir.
Gözlərimdə qəm yükü var,
Kirpiyimdə nəm yükü var,
Saçlarımda dən yükü var,
Telimdən ayrılıq keçir.
Yaman yorur xəzan məni,
Nə ağırmış cəzam mənim,
Hara çəkir qəzam məni?
Yolumdan ayrılıq keçir.
Nəyi var gələn payızın?
Üzümə gülən payızın,
Dərdimdən ölən payızın
Könlündən ayrılıq keçir.
***
Bu bahar özüylə sevgi gətirə,
Döyə qapımızı sevgi bu bahar.
Od qoya sopsoyuq ayrılıqlara,
Bir ümid doğula, gözündə vüsal,
Xəyallanasan.
Yadından çıxara ömrün qışını,
Baxtına gün doğa təzədən, Allah.
Tuta əllərindən bahar sevdası,
Gözdə qəm sevinə, saçda dən, Allah,
Nağıllanasan.
Hardansa bir işıq düşə yoluna,
Gözünün içinə səadət baxa.
Sənə unutdura xəyanətləri,
Bütün ağrıların yadından çıxa,
Sığallanasan.
Buludlar sevgiylə yağa üstünə,
İslana saçların yaz yağışında.
Kimsə qulağına eşq pıçıldaya,
İtəsən, batasan naz yağışında,
Xumarlanasan.
Bu bahar bizimçün gələ bu dəfə,
Qova başımızdan həsrəti, nolar.
Çıxara sevgini gün işığına,
Üstündən götürə töhməti, nolar,
Vüsallanasan...
***
Gözlərindən eşq damırdı payıza,
Qızınırdı sevdasında xəzəllər.
Elə gözəl oxşayırdı könlümü
O baxışlar, o sığallar, o əllər –
Oyandım.
Heç bilmədim hara tutum üzümü,
Hara getsəm, həsrət məni izlədi.
Baş götürüb nağıllara yol aldım,
Gedəmmədim axıracan, dözmədim,
Dayandım.
Var-gəl etdim payızla qış arası,
Məni yordu bu "kaş ki"lər, "bəlkə"lər.
Xəyallarım göy üzünə tələsdi,
Bir mən oldum, bir də... bir də kölgələr,
Yubandım.
Tutammadım bir ümidin əlindən,
Çiçək açmaq bu payıza yad imiş.
Burda hər şey aldadırmış adamı,
Burda hər şey ayrılığa ad imiş –
İnandım.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)


