“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Əli ÇAĞLA
(Cənubi Azərbaycan)
16 iyun 2002-ci ildə, Təbriz şəhərində doğulmuşdur. O, WOW Yazarlar Birliyinin Güney Azərbaycan təmsilçisidir. “Ədəbiyyat və incəsənət” portalının da həmçinin.
LAMPADA YANAN QARANLIQ
Buzun üstünə basa-basa rezin dabanlı ayaqqabımı
Evə girirəm...
Silkələyirəm başıma yağan xatirələri,
Qarderobdan asıram “MƏN”-i
Neçə “MƏN”-lərin kənarından...
Otağın lampalarını yandırıram,
Yandırıram qaranlıqları...
Lampaları yandırardım
Gecələr gözlüyünü tapa bilməyəndə anam,
“İşıqlığa çıxasan” deyərdi...
Anam illərcə gözlüyünü
İşıqlıqda tapmışdı
Mən isə işıqlığı gələcəyin
Qaranlıq vadilərində axtarıram hələ də...
Baxın!
Dünyanı gözlüyü ilə işıqlandıranın oğlu,
Otağını bir lampa ilə işıqlandıra bilmir...
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)


